“Avropa Şurası ənənəvi nöqsanlarından qurtularaq yeni inkişaf yoluna başlamalıdır”

“Avropa Şurası ənənəvi nöqsanlarından qurtularaq yeni inkişaf yoluna başlamalıdır”

Cəmiyyət
28 Yanvar 2020, 13:30 920
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının ilk günü qurumun prezidentinin və vitse-prezidentlərinin seçilməsi ilə başlayıb. Sessiyada ənənəvi olaraq Büro və Daimi Komitənin payız sessiyasından sonra görülmüş işlərə dair hesabat məruzəsi, eləcə də müşahidə missiyasının Belarusdakı növbədənkənar parlament seçkiləri ilə bağlı hesabatı dinlənilib.
 
AZƏRTAC xəbər verir ki, hesabat məruzələri dinlənildikdən sonra müzakirələr başlayıb. Azərbaycan tərəfi müzakirələrə qoşularaq bir sıra prinsipial məsələləri qeyd ediblər. Bildirilib ki, artıq 70 yaşlı nüfuzlu beynəlxalq təşkilat kimi Avropa Şurası tamamilə yeni mərhələyə qədəm qoyub. Bu mərhələnin nə qədər davam edəcəyi naməlumdur. Bir sıra ənənəvi qüsurlardan xilas olmaq hazırda qurumun başlıca vəzifəsidir. Əgər Avropa Şurası uğurlu, qitənin və dünyanın demokratik inkişafına yardım edəcək bir qurum olaraq yaşamaqda davam etmək istəyirsə, bir çox iş üsullarını və idarəçilik prinsiplərini əsaslı şəkildə dəyişməlidir. Bir çox zərərli vərdişlərdən, özünü işləyən kimi göstərməkdən, ikili, üçlü standartlardan, ölkələrə bəzi xüsusiyyətlərinə görə fərqli yanaşmalardan əl çəkilsə, təşkilat yaşamaqda və inkişafda davam edəcək. Bir üzv dövlətin digər üzv dövlətə qarşı işğalına göz yumulmasa, ona dərhal qiymət verilsə, könüllü olaraq təşkilat bəzi güclərə tabe edilməsə, ən sərt həqiqətləri demokratiya, ədalət, obyektivlik naminə dilə gətirməkdən çəkinməsə yaşayacaq və tərəqqi edəcək.
 
Qeyd edilib ki, qəbul edilən qətnamələrin, sadəcə, kağız üzərində qalması ilə kifayətlənilməsə, hər yeni sessiyanın əvvəlindəki inkişaf hesabatında üstünlük özünütənqidə verilsə, arxada qalan bir neçə ayda inkişafa mane olan addımlar göstərilsə, sözlə əməl ziddiyyət təşkil etməsə, təşkilat yaşayacaq və irəliləyəcəyik. Vurğulanıb ki, Avropa Şurasının vahid ailə olması əməllərlə sübuta yetirilsə, assambleyadakı qərəzli, pis niyyətlə təşkil edilmiş məruzə və sənədlərə, məqsədli şəkildə yönləndirilən fitnəkar çıxışlara son qoyulsa, bütün ölkələrə eyni meyarlarla yanaşılsa, bəzi ölkələrə qarşı işləyən natəmiz məqsədli qruplaşmalar aradan götürülsə, təşkilat keçmişdəkindən də güclü olacaq. Bu prinsiplər hamıya münasibətdə eyni şəkildə tətbiq edilərsə, hər bir üzv dövlət özü qüsurlarından qurtulmağa, Avropa Şurası ailəsinə layiq olmağa səy göstərəcək.
 
Söhbət tamamilə başqa ölkədən getdiyi halda Ermənistan deputatı yenə ölkəmizə qarşı təxribata başlayıb və yersiz çıxış edib. Erməni deputatın bu çıxışı da cavabsız qalmayıb. Onun diqqətinə çatdırılıb ki, başqa ölkənin ərazilərini işğal etmiş, Xocalı soyqırımını törətmiş, qadınları və uşaqları amansızcasına qətlə yetirmiş ölkənin nümayəndəsinin bu cür danışmağa haqqı yoxdur. Eyni zamanda, təşkilatın 8 nümayəndə heyətinin səlahiyyətlərinin tanınmamasının onun böhranda olmasının bariz nümunəsi olduğu qeyd edilib. Vurğulanıb ki, bu böhranın əsas səbəblərindən biri məhz üzv dövlətlər arasında qarşılıqlı hörmət və anlaşmanın olmamasıdır. Ümumiyyətlə, parlamentarilərin hər bir ölkəyə hörmətlə yanaşmasının vacibliyi vurğulanıb. Qərəzli mövqelər tənqid olunub. Tənqidin qəbul edilən, təhqirin isə qəbuledilməz olduğu bir daha diqqətə çatdırılıb. Qurumun böhrana düşməsinin əsas səbəblərindən birinin bəzi deputatların təhqiramiz çıxışlarının nəticəsi olduğu söylənilib.
 
Azərbaycan tərəfi AŞPA-nın yeni seçilən prezidentini təbrik edərək, ona təşkilatın gələcəyi naminə fəaliyyətində uğurlar diləyib. Eyni zamanda Türkiyəyə və dəhşətli zəlzələdə həyatını itirənlərin ailə üzvlərinə başsağlığı verərək yaralıların tezliklə sağalmasını arzulayıb.
 
Yanvarın 28-də AŞPA-nın qış sessiyasında Avropa İnsan Hüquqları Məhkəməsinə hakimlər seçiləcək, Polşada demokratik institutların funksiyasına dair hesabat dinləniləcək və müzakirə olunacaq. Sessiyada Gürcüstanın Prezidenti Salome Zurabişvili çıxış edəcək. Günün sonunda "Avropada media azadlığı və jurnalistlərin təhlükəsizliyinə təhdidlər” hesabatı dinləniləcək.