• cümə, 26 Aprel, 10:22
  • Baku Bakı 12°C

Avropa Parlamentinin üzvlərinin birgə bəyanatı Ermənistana ciddi xəbərdarlıqdır

13.06.20 20:00 745
Avropa Parlamentinin üzvlərinin birgə bəyanatı Ermənistana ciddi xəbərdarlıqdır
Avropa İttifaqının Cənubi Qafqaz regionu üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Marina Kalyurand, Avropa Parlamentinin Azərbaycan üzrə məruzəçisi Jelena Zavko və Ermənistan üzrə məruzəçisi Trayan Baseskunun birgə bəyanatı Ermənistana ciddi xəbərdarlıqdır. Böyük əhəmiyyət kəsb edən bu bəyanatı Ermənistanı kritik vəziyyətdən xilas edəcək bir "çarə” kimi də dəyərləndirmək olar.
Bu fikirləriAZƏRTAC-a açıqlamasında politoloq Tofiq Abbasov söyləyib.
Politoloq bildirib ki, hazırda Ermənistanda vəziyyət çox kritikdir və ölkə getdikcə uçuruma yuvarlanır. İşğalçı ölkədə tənəzzül prosesinin yaşanması heç də təsadüfi deyil. Bunun əsas səbəbi ölkədə hökm sürən daxili böhrandır. Təbii ki, bu böhran dünən, bu gün yaranmayıb və onun uzun bir tarixçəsi var. Ermənistan müstəqilliyini qazandıqdan, daha doğrusu, aldıqdan sonra orada müxtəlif siyasi dairələrin, partiyaların mübarizəsi göstərdi ki, təcavüzkar ölkənin düşünən beyinlərinin əsas istəyi heç də firavan həyat qurmaq, öz xalqının mənafeyini düşünmək deyil. Onların niyyəti ərazi iddiaları irəli sürmək və qəsbkarlıq etməkdir. Haylar ömürboyu başqalarının torpaqlarına göz dikiblər, tarixboyu qonşu ölkələrə qarşı ərazi iddialarında olublar. Bu həqiqət ondan xəbər verir ki, ermənilər qonşuluq kimi məfkurəyə, düşüncəyə malik deyillər və olmaq da istəmirlər. Bu yanaşmanın ən böyük fəsadını isə erməni xalqı yaşayır.
T.Abbasov qeyd edib ki, Azərbaycan həm ərazisinə, həm də əhalisinin sayına görə Ermənistanı üstələyir. Amma Azərbaycanda COVID-19 virusuna yoluxanların sayı Ermənistanla müqayisədə kifayət qədər azdır. Bu da onu göstərir ki, təcavüzkar ölkənin hakimiyyət qüvvələrinin idarəçilik qabiliyyəti yoxdur və onlar hər şeyi başlı-başına buraxıblar. Təbii ki, bu amillər region üçün böyük təhlükədir. İşğalçı ölkədə lider dövlətlərin marağı da var və bu, obyektiv reallıqdır. Erməni xalqı çətin vəziyyətdən nicat yolu tapmaq istəyirsə, onları uçuruma aparan qüvvələrin ardınca getməməlidir. Ermənistanın baş naziri Nikol Paşinyan sələfləri kimi səriştəsiz və qətiyyətsiz rəhbərdir. Onun işi yalnız şoudan və cəfəng bəyanatlar verməkdən ibarətdir.
"Ermənistanda kritik vəziyyətin yaranmasının səbəblərindən biri də siyasi böhranın dərinləşməsidir. Paşinyan və hakimiyyətinin taleyi tükdən asılıdır. Bunu ölkədə bir-birinin ardınca verilən istefalar da sübut edir. Əgər o, vaxtında Azərbaycana qarşı bir addım atsaydı, hər şey başqa cür ola bilərdi. Amma o, bunu bacarmadı. Ya özü istəmədi, ya da buna ölkədəki qaragüruhçu, türkofob qüvvələr imkan vermədilər. Çünki bu qüvvələr Azərbaycanla kompromisə getmək təklifi verilən anda qışqır-bağır salır, etiraz edir, asayişi pozurlar. Biz Ermənistan parlamentində dəfələrlə belə hadisələrin şahidi olmuşuq. Ermənistanda terrorçuluq meyilləri çox güclüdür və bu, çox təhlükəli tendensiyadır.
Ermənistan qəsbkar dövlətdir, öz işğalçılıq siyasətindən əl çəkmir və qonşu ölkələr üçün də təhdid yaradır. Avropa təsisatlarının Ermənistanın yol xəritəsinə münasibət bildirməsi və bununla bağlı bəyanat qəbul etməsi onu göstərir ki, artıq Avropada da təcavüzkar ölkənin bölgədəki siyasətinin yolverilməz olduğu qəbul edilir və qınanır. Başqasının torpağında beynəlxalq hüquq və normalara zidd olaraq infrastruktur yaratmaq, yol çəkmək heç bir məntiqə sığmır”, - deyə Tofiq Abbasov vurğulayıb.
O bildirib ki, ermənilər işğal olunmuş Azərbaycan torpaqlarına nə qədər sərmayə qoysalar da, nə qədər yol çəksələr də, xeyri yoxdur. Azərbaycan öz əzəli torpaqlarını işğaldan azad edəcək.
Həyatın iflic vəziyyətdə olduğu Ermənistanın hazırda Rusiya ilə münasibətlərində də böhran yaşanır. Avropaya meyl etsələr də, bunun da xeyri yoxdur. Lakin bununla belə, onlar bəd ssenarilərindən əl çəkmək istəmirlər. Bütün dünyada pandemiya ilə əlaqədar müəyyən boşluqlar yaranıb. Amma postpandemiya dövründə bu boşluqların aradan qaldırılması məsələsi gəldikdə, adekvat siyasət yürüdən ölkələrlə müqayisədə Ermənistanın dərin problemlə üz-üzə qalacağı gün kimi aydındır.
"Davos Dünya İqtisadi Forumu, Dünya Bankı, eləcə də Avropa İttifaqının müvafiq qurumları da bilirlər ki, Ermənistanın gələcəyə heç bir ehtiyatı və təminatı yoxdur. Münaqişənin hərb yolu ilə həll ediləcəyi təqdirdə, işğalçı ölkənin vəziyyəti daha da ağır olacaq”, - deyə politoloq fikirlərini tamamlayıb.
banner

Oxşar Xəbərlər