• çərşənbə axşamı, 19 mart, 11:55
  • Baku Bakı 8°C

Avropa ordu yaratmaqla, NATO-nu parçalayır?

18.11.17 10:00 3904
Avropa ordu yaratmaqla, NATO-nu parçalayır?
Avropa İttifaqına daxil olan 28 ölkədən 23-ün xarici işlər və müdafiə nazirləri Brüsseldə post-Brexit dövründə əməkdaşlığın gücləndirilməsi və Rusiyanın təzyiqlərinin qarşısının alınması məqsədi ilə müdafiə sahəsində razılıq imzalayıb. Sənədin Avropa İttifaqının qanunvericiliyinin bir hissəsi olması üçün qurumun liderləri dekabr ayına qədər onu təsdiqləməlidirlər. Eyni zamanda, bu məqsədlə yaradılmış Avropa müdafiə fondu üçün 6,4 milyard dollar həcmində vəsait ayrılıb.Onu da qeyd edək ki, Avropa İttifaqının ordu yaratması təşəbbüsü uzun zamandır Britaniya tərəfindən rədd edilib. Bu təşəbbüs Avropa İttifaqı tərəfdarı olan Emmanuel Makronun prezident seçilməsindən sonra Fransa və 2016-cı ilin iyun ayında britaniyalıların Avropa İttifaqından çıxmağa səs verməsindən sonra Almaniya tərəfindən bərpa edilib.Ola bilsin ki, bir müddət əvvəl ABŞ prezidenti Donald Trampın avropalı müttəfiqlərinin öz təhlükəsizliklərinə görə daha artıq vəsait xərcləmələri haqda səsləndirdiyi fikirlər, ordunun yaradılması ilə bağlı məsələlərin sürətləndirilməsinə təkan verib.Heç şübhəsiz ki, bu ordu NATO-ya alternativ olacaq və bunu Avropa İttifaqı etiraf etməyəcək. Lakin tarixə nəzər salsaq, görərik ki, NATO vaxtı ilə məhz sovetlər birliyindən qorunmaq üçün yaradılmışdı və Avropa İttifaqına daxil olan bir çox ölkələr bu alyansda təmsil olunurdu. Amma Avropa İttifaqının belə bir qərar verməsi onu deməyə əsas verir ki, onlar ya NATO-ya güvənmir, ya da ki, alyansdan çıxmaq niyyətindədirlər.

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında politoloq Fikrət Sadıxov bildirdi ki, ordu yaratmaq Avropa İttifaqının çoxdankı arzusudur: "Bu məsələdə əlbəttə ki, ziddiyyətli məqamlar var. Həmin məqamların biri ondan ibarətdir ki, bir çox Avropa dövlətləri NATO üzvüdür və belə olan halda, yeni ordunun yaradılması kimə lazımdır? Bu ordunun yaradılması xeyli maliyyə tələb edir. Digər tərəfdən, Avropa İttifaqı yekdil bir qurum deyil. Çünki Böyük Britaniya artıq Avropa İttifaqından çıxır. Onu nəzərə almaq lazımdır ki, Böyük Britaniya çox güclü Avropa dövlətidir. Həmçinin bu ittifaqda Şərqi Avropa ölkələri də təmsil olunur, misal üçün, Macarıstan. Bu ölkənin özünün mövqeyi var və bir çox hallarda Brüsselin siyasi addımları ilə razılaşmır. Bundan başqa, hesab edirəm ki, silahlı qüvvələrin yaranması müəyyən dərəcədə simvolik xarakter daşıyacaq. Çünki NATO-da təmsil olunan Avropa ölkələrinin bir çoxunun nə alyansa, nə də yaradılacaq orduya üzvlük haqqı ödəməyə maddi baxımdan gücü çatmayacaq. Bu baxımdan belə bir ordunun yaradılması reallaşmayacaq məsələyə çevrilə bilər. Amma eyni zamanda belə bir silahlı qüvvələr yaradılsa da, heç də NATO kimi güclü olmayacaq. Avropanın yaradacağı ordu müəyyən münaqişələrdə iştirak edə bilər, koalisiyalarda təmsil olunar, Avropanın sərhədlərinin mühafizəsi üçün hansısa addımları reallaşdırmaq mümkün ola bilər. Eyni zamanda, terror təhlükəsi yarandıqda, məhz bu silahlı qüvvələrdən istifadə edərək Avropanın sərhədləri daxilində təhlükəsizliyi təmin edə bilərlər”.

F.Sadıxov Avropa İttifaqı tərəfindən atılan bu addımın NATO-nun parçalanmasına gətirib çıxaracağını düşünmür: "Amma əslində iki qurum arasında müəyyən ziddiyyətlər əmələ gələ bilər. Çünki NATO-nun müəyyən strateji planları var və yeni yaradılacaq ordu ilə həmin planlar üst-üstə düşməsə, bu, ziddiyyətli məqam kimi qiymətləndiriləcək. Ona görə də Avropa ordusunun yaradılması çox mürəkkəb məsələdir. Belə bir silahlı qüvvələr yaradılırsa, onda NATO ilə koordinasiya olunmuş şəkildə addımlar atılmalıdır. Onu deyə bilərəm ki, bu məsələdə cavabsız suallar var və gələcəkdə bir çox məsələlərə aydınlıq gətirmək lazım olacaq”.
Politoloq Arzu Nağıyev bildirdi ki, Avropanın öz sərhədlərini tam şəkildə bərpa etməsi və öz ordusunu yaratması ilk dəfə səslənmir: "Son vaxtlar Avropa İttifaqı və Amerika Birləşmiş Ştatları arasında yaranan bəzi xoşagəlməz məqamlardan istifadə edərə,k bu məsələni dəfələrlə gündəmə gətiriblər. Məlum məsələdir ki, Avropa İttifaqına daxil olan ölkələrin bir çoxu NATO-da təmsil olunur. Bu ölkələrdə qoşunların maliyyələşməsi, hərbi bazalarının tikintisi, silah və sursatla təmin olunması NATO tərəfindən həyata keçirilir. İnandırıcı görünmür ki, Avropa bu gün özünün silahlı qüvvələrini yaradacaq, çünki buna Avropanın aparıcı dövlətləri dəstək verməlidir. Bu aparıcı dövlətlərdən biri Böyük Britaniya "Brexit” hadisəsi ilə Avropa İttifaqından çıxdı. İttifaqda yer alan digər aparıcı dövlətləri isə Almaniya və Fransadır. Düşünmürəm ki, bunlar da ordunun yaranması ilə bağlı addımlar atsınlar”.

ABŞ prezidentinin Avropa ölkələri ilə bağlı səsləndirdiyi xoşagəlməz fikirlərin bu məsələnin gündəmə gəlməsinə nə dərəcədə təsir edib-etməməsinə toxunan A.Nağıyev qeyd etdi ki, Donald Tramp heç də ABŞ demək deyil: "Onun seçki platformasında öz partnyorları ilə əlaqələrin yaradılması məsələləri yer almışdı. Bu heç də əsas deyil. Belə ölkələrarası məsələlərdə əsas məqam kimi Senatın, Konqresin mövqeyi nəzərə alınır. Yəni, heç də ABŞ Tramp tərəfindən və onun verdiyi bəyanatlar üzərindən idarə olunmur və burada ümumi qərar olmalıdır. Ümumi təhlükəsizlik konsepsiyası da Trampın verdiyi qərar deyil”.

Bəxtiyar MƏMMƏDLİ

banner

Oxşar Xəbərlər