Avropa İttifaqının maliyyələşdirdiyi layihənin təqdimatı keçiriləcək
Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi
"Telişli ekomiqrant icmasında bazar rəqabətli gəlir mənbələrinin
formalaşması üçün kənd təsərrüfat təşəbbüsləri” layihəsinin nəticələri Aİ-nin
Azərbaycandakı Nümayəndəliyi və Rüzgar Ekoloji İctimai Birliyi tərəfindən 29
yanvar saat 11:00-da onlayn formatda media nümayəndələrinə təqdim ediləcək.
Layihə evləri və təsərrüfatları 2010-cu ildə Kür
çayında baş vermiş daşqınlar nəticəsində yararsız hala düşmüş İmişli rayonunun
Telişli ekomiqrant qəsəbəsinin sakinləri üçün yeni gəlir mənbələrinin
formalaşdırılmasına və yerli icmanın rolunun artmasına yardım göstərib. Aİ
layihəyə 500 min manatdan artıq maliyyə dəstəyi verib.
2018-2020-ci
illərdə bu layihəni həyata keçirən Rüzgar Ekoloji Birliyinin sədri İslam
Mustafayev vurğulayıb: "Layihə çərçivəsində suvarma sisteminin təkmilləşdirilməsi,
tərəkəmə xalça istehsalı sexinin qurulması, yolüstü servis kooperativinin
yaradılması, hələb keçi fermasının tikilməsi və balıqçılığın inkişafı üçün göl
təsərrüfatının yaradılması işləri həyata keçirilib”.
Avropa
İttifaqının Azərbaycan Nümayəndəliyinin rəhbəri səfir Kəstutis Yankauskas dedi:
"Layihənin uğurlu nəticələri islahatlar proqramının həyata keçirilməsində,
eyni zamanda insanların rifahı naminə onların hüquq və imkanlarının genişləndirilməsində vətəndaş cəmiyyəti təşkilatlarının nə qədər
vacib rol oynadığını bir daha sübut edir".
Avropa İttifaqı 2014-cü ildən Azərbaycanda vətəndaş
cəmiyyətinə dəstək üçün 40 milyon manat vəsait ayırıb. Regional və kənd təsərrüfatının
inkişafı Aİ ilə Azərbaycan arasında əməkdaşlığın prioritetlərindən biridir.
Hazırda Avropa İttifaqı regionların
inkişafı üçün 15 qrant layihəni maliyyələşdirir. Bu layihələr eyni zamanda peşə
təhsilinin inkişafı, kiçik ailə təsərrüfatlarına yardım, mikrosahibkarlığın
inkişafı, məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması, aqroturizm, gənc
sahibkarların dəstəklənməsi, inklüziv təhsil və s. kimi sahələrdə həyata keçirilməkdədir.