• çərşənbə axşamı, 19 mart, 13:26
  • Baku Bakı 8°C

Avropa Azərbaycan qazının intizarında

23.02.18 10:00 656
Avropa Azərbaycan qazının intizarında
"Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan TANAP layihəsi reallaşmaq üzrədir”. "Cənub Qaz dəhlizi” Məsləhət Şurasının Bakıda keçirilən tədbirində bunu bəyan edən prezident İlham Əliyev əlavə edib ki, layihənin reallaşması Azərbaycanın beynəlxalq aləmdə rolunun daha da güclənməsinə gətirib çıxaracaq. Rusiyanın "Rosbalt” nəşri yazır ki, forumda 14-ə yaxın dövlət, yeddi beynəlxalq maliyyə-kredit institutu, Avropa İttifaqının iri neft və şirkətləri, o cümlədən ABŞ Dövlət Departamenti və digər qurumlardan təmsilçilər iştirak ediblər. "Forumda hətta Türkmənistandan nümayəndələr qatılıblar. Halbuki, əvvəllər belə hal olmayıb. Forumun gedişində "Cənub Qaz Dəhlizi”nin genişləndirilməsi imkanları da müzakirə edilib. Avropa və amerikalıların da üzündən görünürdü ki, Azərbaycanın, Rusiya "siyasi qazına” rəqabət yarada biləcəyinə şaddırlar”, - deyə məqalədə vurğulanır. Daha sonra xatırladılır ki, "Cənub Qaz Dəhlizi” ilə artıq Azərbaycan qazı Gürcüstan ərazisi ilə Cənub-Qafqaz boru xətti vasitəsilə Türkiyəyə çatdırılır. Bu kəmər TANAP layihəsinin ehtiyaclarını ödəmək məqsədilə genişləndirilir. Bundan əlavə TAP Transadriatik qaz kəməri layihəsi də reallaşdırılır. Bu layihə Yunanıstan, Albaniya və İtaliyanı əhatə edəcək. "İl ərzində 6 milyard kub metr həcmində Azərbaycan qazının TANAP vasitəsilə Türkiyəyə nəqlinə bu il başlanılacaq. Sırf Avropanın ehtiyaclarını ödəyəcək TAP isə 2020-ci ildə fəaliyyətə başlayacaq. Onunla isə il ərzində 10 milyard kub metr həcmində qaz daşınması nəzərdə tutulub”, - deyə məqalədə qeyd edilir.
Müəllif yazır ki, "Cənub Qaz Dəhlizi” layihəsi 42 milyard dollar həcmində dəyərləndirilib. Bakıdan İtaliyaya kimi uzanacaq layihənin uzunluğu 3,5 min km-dir. "ABŞ Dövlət Departamenti beynəlxalq enerji məsələləri üzrə koordinatoru və xüsusi nümayəndəsi səlahiyyətlərini icra edən Syü Saarinio Bakıda keçirdiyi mətbuat konfransında bildirib ki, Birləşmiş Ştatlar "Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılması istiqamətindəki işlərin gedişindən razıdır. Əlavə edib ki, onlar hər zaman Avropanın enerji təhlükəsizliyinin təmin olunması istiqamətindəki səylərini dəstəkləyiblər: "Enerji təminatı mənbələrinin diversifikasiyası güclü Avropanın mövcudluğu üçün mühüm rol oynayır. Məhz belə bir Avropa Birləşmiş Ştatlara dünyadakı çağırışlarla mübarizədə yaxşı tərəfdaşdır. Sözsüz ki, TANAP və TAP layihələrinin reallaşması Avropanın təhlükəsizliyini gücləndirə bilər”. Avropa Komissiyasının Enerji İttifaqı üzrə vitse-prezidenti Maroş Şefçoviç isə ümumiyyətlə hesab edir ki, Azərbaycan qazı hesabına Avropa indiyə qədər olmayan güc əldə edəcək. Lakin bu zaman amerikalıların kefinə soğan doğrayan bir bəyanat səsləndirib. Söhbət, İranın "Cənub Qaz Dəhlizi”nə qoşulmasından gedir. Bundan əlavə Şefçoviçin sözlərindən də bəlli olub ki, Avropa İttifaqı İranın bu dəhlizə qoşulması üçün bir neçə dəfə Tehranla müzakirələr aparıb. İran qazına maraq bəllidir – birincisi, Avropa şirkətləri İrana sanksiyalar tətbiq olunduğu vaxtlarda belə onun qaz yataqlarına maraq göstərirdilər. İkincisi, qazın diversifikasiyasının tam şəkildə reallaşması üçün tək Azərbaycan qazı kifayət etmir. Bu səbəbdən də Aİ İran marşrutunu da nəzərdən keçirir, eləcə də Türkmənistanın da bu xəttə qoşulmasına çalışır. M.Şefçoviçin sözlərinə görə, Aİ bir neçə il bundan əvvəl Aşqabadla bu məsələ ilə bağlı danışıqlar aparmaq üçün "mandat alıb”. "Lakin qeyd edək ki, Türkmənistan buna sadəcə, "maraq” göstərməklə kifayətlənir və işlər bundan irəli getmir. Ola bilsin, problem Xəzər dənizinin dibi ilə boru xəttinin inşasındadır. Bunun əleyhinə isə İran və Rusiya çıxış edir. Lakin ötən ilin sonunda Xəzəryanı dövlətlər statusla bağlı razılığa gəlməyə müvəffəq oldular və Rusiya XİN-in də bəyan etdiyi kimi, yekun konvensiya praktiki hazırdır. Onun, bu ilin sonunda Astanada imzalanması nəzərdə tutulub. Detallar hələ ki, açıqlanmır, lakin bəlli olan odur ki, su hövzəsi sektorlara bölünəcək. Bu variantın Transxəzər boru xəttinin reallaşmasına kömək edib-etməyəcəyi hələ ki, aydın deyil. Çox böyük ehtimalla Moskva və Tehran əvvəlki mövqelərində qalacaqlar. Bakının isə hansı mövqe tutacağı bəlli deyil – bir tərəfdən boru xəttinin dolması üçün ona Aşqabadın dəstəyi gərəkdir. Digər tərəfdən türkmənlər ciddi qaz yataqları ilə rəqibdir”, - deyə məqalədə bildirilib.
Bakıda forum keçirildiyi vaxt Avropa İttifaqı Rusiya qazının Avropa İttifaqı ölkələrinə nəqlində əvvəlki mövqedə qaldıqlarını bildirdilər. Məsələn, Almaniya kansleri Angela Merkel bəyan edib ki, ölkəsi "Şimal axını-2” layihəsini tərk etmək niyyətində deyil. Polşanın baş naziri ilə keçirdiyi görüşdən sonra kansler bildirib ki, "tranzitin Ukrayna ərazisindən keçməsinə əvvəlki tək maraqlıdırlar. Lakin hesab etmirik ki, "Şimal axını-2” layihəsi enerji daşınmalarında diversifikasiyaya təhlükə törədir”, - qəzet kanslerin fikirlərini paylaşıb. "Maraqlıdır ki, "Şimal axını-2” layihəsinə qarşı çıxan Polşa bu dəfə etirazını bildirməyib. Bu isə o qənaətə gəlməyə əsas verir ki, layihənin Avropada tərəfdarları artır. Bu məsələdə Bolqarıstan bir qədər fərqli duruma, yəni oyundan kənar duruma düşüb. Bakıda keçirilən forumda bu ölkənin enerji naziri Temenujka Petkova da iştirak edib və bildirib ki, Bolqarıstan və Azərbaycan Xəzər və Qara dənizləri arasında coğrafi körpü, qazın Xəzər regionundan Cənub-Şərqi və Mərkəzi Avropaya çatdırılmasında təbii marşrutdur. Bolqarıstanın Azərbaycanla il ərzində bir milyard qaz nəqli ilə bağlı razılaşması var və bu daşınma 2020-ci ildə reallaşmalıdır. Bu həcmdə qaz bolqarların qaza olan tələbatının 25-30 faizini ödəməyə imkan verəcək”, - deyə məqalədə vurğulanıb. "Bundan əlavə Azərbaycan qazının Bolqarıstandan digər Cənubi-Şərqi Avropa ölkələri bazarlarına nəqli imkanları da nəzərdən keçirilir. Azərbaycan qazına Monteneqro da maraq göstərir. Bu ölkə IAP və TAP boru xətlərinə qoşulmağı planlaşdırır. Lakin Azərbaycan qazı heç də hamıya bəs etməyəcək, Xəzər qazı azdır, Amerikanın sıxılmış qazı bahadır, Norveç qazı da kifayət etmir və çox bahadır. Bu səbəbdən də Rusiya qazı "aktuallığını” qoruyub saxlayır.
Məqalədə sonda qeyd edilir ki, Azərbaycanın Avropaya təbii qazın nəqlində rolu yüksək olaraq qalır.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər