• şənbə, 27 Aprel, 02:51
  • Baku Bakı 14°C

Avro-3 nəyi dəyişdirəcək?

22.11.13 11:52 3389
Avro-3 nəyi dəyişdirəcək?
Gələn il yanvarın 1-dən etibarən ölkədə Avro-3 standartı tətbiq ediləcək. Bunu jurnalistlərə açıqlamasında Standartlaşdırma, Meteorologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) sədri Ramiz Həsənov bildirib. Komitə sədrinin sözlərinə görə, standarta keçidlə əlaqədar müvafiq qurumlar hazırlıqlarını başa çatdırıblar: “Biz Avro-3 standartına yanvarın 1-dən keçməyi planlaşdırırıq. Bu standarta keçid qiymətlərə cüzi təsirini göstərə bilər. Ancaq ekologiya və sağlamlıq hər şeydən vacibdir. Bu gün Bakının özündə böyük tıxaclar var. Bu, ondan irəli gəlir ki, maşınların sayı xeyli çoxalıb. Ona görə, bu standarta keçid bizə vacibdir”.
Sədr vurğulayıb ki, Avro-4, Avro-5 standartları da hazırdır, sadəcə, bunların həyata keçirilməsi üçün vaxt lazımdır”.
Bəs, Avro-3 standartına keçid hansı dəyişiklikləri vəd edir? Bu standartın tətbiqi Azərbaycan bazarına necə təsir göstərəcək?
Avro-3 standartı nədir?

Avro ekoloji standartları (Avro 0-6) avtomobillərin atmosferə atdığı işlənmiş qazların (karbohidrogenlər, karbon monooksid, azot oksidi və s.) normasını müəyyən edir. İlk dəfə bu standartların tətbiqinə 1991-ci ildən Avropada başlanılıb. Avro-0 adlanan ilk standart 1992-ci ildə Avro-1 standartı ilə əvəz olunub. Əgər Avro-0 standartı atmosferə 10 q/saat normasından artıq işlənmiş qaz atmağı qadağan etmişdisə, Avro-1 ekoloji standartı bundan təqribən iki dəfə az - 4,9 q/saat normasından artıq işlənmiş qaz atmağı qadağan edirdi. 1995-ci ildə isə atmosferə 2,5 q/saat normasından artıq işlənmiş qaz atmağı qadağan edən Avro-2 ekoloji standartı qəbul olunur. Elə həmin ildən başlayaraq Avropa, ABŞ və Yaponiya Avro-2 standartına keçib. 2000-ci ildən başlayaraq 1,5 q/saat normanı müəyyən edən Avro-3 standartı, 2005-ci ildən 0,8 q/saat normanı müəyyən edən Avro- 4 standartı və 2009-cu ilin sentyabr ayından etibarən isə 0,6 q/saat normanı müəyyən edən Avro-5 standartı qüvvəyə mindi. Avro-5 standartı 2014-cü ilə qədər davam edəcək və öz yerini Avro-6 standartına verəcək.
“Standarta keçid 1 milyard dollara başa gəlir”

İqtisadçı ekspert Pərviz Heydərov qəzetimizə açıqlamasında Avro-3 standartı haqqında məlumat verdi və bildirdi ki, bu standart avtomobillərə və eyni zamanda ölkə ərazisində istehsal olunan yanacağa şamil edilir: “Ölkəmizdə Avro-3 standartının gələn ildən tətbiqi üçün mexanizm çoxdan hazırlanıb Nazirlər Kabinetinə təqdim edilmişdi. Sonrakı illərdə isə Avro-4, Avro-5 standartlarını tətbiq etmək nəzərdə tutulur. Avro standartı təkcə ekologiya və ətraf mühiti deyil, avtonəqliyyat vasitələrinin təhlükəsizliyi, yanacağın keyfiyyəti məsələlərini də əhatə edir. Hər bir standartdan digərinə keçid zamanı isə atmosferə atılan zərərli maddələr üzrə norma orta hesabla təqribən, yarım dəfə sərtləşdirilir. Məsələn, Avro-4-də Avro-1 ilə müqayisədə bu tələb 25% sayılır”. Bu standartın ölkə bazarında hansı dəyişikliklər yaradacağı məsələsinə gəldikdə isə, ekspert vurğuladı ki, standarta keçdikdən sonra benzinin qiymətində artım olması normal haldır: “2009-cu il iyulun 1-dən ölkəmizdə Avro-2 standartının tətbiqi zamanı benzinin bahalaşacağı deyildisə də, bu, baş vermədi. Ancaq bir həqiqət var ki, Avro standartının birindən digərinə keçid 1 milyard ABŞ dollarına başa gəlir. Odur ki, ölkədə avtomobil yanacağına tələbat getdikcə artdığı halda, üstəlik, daha keyfiyyətli məhsul istehsal etmək və Avropa standartlarına çatmaq istəyiriksə, benzinin də qiyməti istər-istəməz artmalıdır”.
Atmosfer təmizlənəcək

Sosial-Strateji Tədqiqatlar və Analitik Araşdırmalar Mərkəzinin rəhbəri İlqar Hüseynli bizimlə söhbətində bildirdi ki, bu standartın tətbiqi ekoloji cəhətdən atmosferin saflaşdırılmasına çox ciddi təsir edəcək. Onun sözlərinə görə, Avro-3 standartının ölkəmizdə avtomobil parkının yenilənməsində, cavanlaşmasında çox böyük rolu olacaq: “Rəsmi statistik rəqəmlərə görə, Bakıda atmosfer çirklənməsinin 70 faizə qədəri avtomobil tullantılarının payına düşür. Bir sıra ekspertlər hesab edirlər ki, hökumət təmizləyici katalizatoru avtomobillərin hamısına tətbiq etməsə, ekoloji vəziyyəti dəyişdirmək çətin olacaq. Bu addım sırf atmosferə atılan zərərli tullantıları azaltmaq üçündür. Hazırda Avro-2 standartı ilə benzin istehsal olunur. Bəzi məhsullar isə artıq Avro-3 standartına uyğun buraxılır. Bunun ölkə üçün hansı xeyri ola bilər? Əvvəla, yeni avtomobillər həm ekologiyanı daha az çirkləndirir, həm də daha qənaətlidir. Məsələn, 90-cı illərdə istehsal olunan avtomaşınlar, son illərdə istehsal olunanlardan eyni məsafəyə 2 dəfə artıq benzin işlədir”. Ekspert vurğuladı ki, bu standartın tətbiqi ölkəmizdə gələcəkdə ekoloji fəlakətlərin qarşısının alınmasında əhəmiyyətli rol oynayacaq: “Benzinin keyfiyyətinin yaxşılaşdırılması, gələcəkdə Avro-3-dən Avro-4-ə, Avro-4-dən də Avro-6-ya qədər keyfiyyətin həcminin artırılması və eyni zamanda, atmosferə atılan qazın miqdarının azaldılmasına xidmət edən bu hadisə bütövlükdə dünyada qlobal tendensiyanın, eyni zamanda Azərbaycanda ekoloji fəlakətlərin azaldılmasında əhəmiyyətli bir hadisə olar. Eyni zamanda, vətəndaşlarımız üçün də bu, çox faydalı bir tendensiyadır. Bu, standartın tətbiqi bütövlükdə bizim ölkəmiz üçün çox faydalıdır”.
Qeyd edək ki, hazırda Avropa Birliyinə daxil olan ölkələr daha mütərəqqi “Avro-5” standartını tətbiq edirlər. Avro standartları həm yanacağın tərkibi, həm də avtomobillərin texniki vəziyyəti ilə bağlı yüksək tələb qoyur.
Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər