• cümə, 29 Mart, 03:46
  • Baku Bakı 7°C

Aşura mədəniyyətində qanvermə aksiyası

10.09.19 20:32 734
Aşura mədəniyyətində qanvermə aksiyası
İslam aləmində hər il Məhərrəmlik ayında Kərbəla faciəsi, yaxud Aşura günü xüsusi olaraq qeyd olunur. Azərbaycan da bu ölkələrdən biridir. Əvvəllər məscidlərdə və digər yerlərdə dinin mahiyyətinə varmadan, özlərinin, azyaşlı uşaqlarının başını yaran, qanını tökənlər vardı. Amma sevindirici haldır ki, son illər ərzində müsbətə doğru böyük dəyişiklik var. Belə ki, artıq insanlar baş yarmaq, zəncir vurmaq, qan çıxarmaq əvəzinə qanvermə aksiyasında iştirak edirlər. Artıq bu ənənənə digər İslam dövlətlərinə də yayılmaqdadır. Bu mənada Azərbaycan İslam aləminə gözəl bir nümunə hesab edilə bilər.
Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəylibizimlə söhbətində bildirdi ki, Azərbaycan İslam aləminə gözəl örnəkdir: "Baş yarmaq, qan tökmək, sinə döymək ənənələri artıq geridə qalıb. Azərbaycan xalqı hər zaman Aşura mədəniyyətinə mənəvi bağlı olub. Bu mədəniyyəti qoruyaraq İslam dünyasına müsbət nümunə olub. Təəssüflər olsun ki, əvvəllər cəhalət və xurafata dayanan hadisələrin şahidi olurduq. Sevindirici haldır ki, artıq ölkəmizdə bu hallar geridə qalıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qafqaz Müsəlmanları İdarəsi ilə birgə keçirdiyi maarifləndirmə tədbirləri, proqramlar artıq öz bəhrəsini verir. Biz özümüz də Aşura günündə canlı efirdə olduq və bu mövzu ətrafında söhbətləşdik. Düşünürəm ki, bu kampaniya, görülən işlərin və silsilə tədbirlərin nəticəsi kimi qiymətləndirilməlidir. Bir neçə ildir ki, zəncir vurmaq ənənəsi demək olar ki, tamamilə aradan qaldırılıb. Bu, çox müsbət haldır. Digər tərəfdən, qanvermə aksiyası bütün dünyada aktualdır. Azərbaycan bütün müsəlman dünyası üçün vəhdətin, birlik və bərabərliyin simvoluna çevrilir. Aidiyyəti qurumların rəhbərlərinin, millət vəkillərinin, müxtəlif din adamlarının bu aksiyada iştirak etmələri Azərbaycanda tolerantlığın, mərhəmətin və xoş görünün açıq nümunəsini ortaya qoydu. Düşünürəm ki, İslam qaydaları çərçivəsində dünyəvi ölkə olan Azərbaycan bütün müsəlman aləmində müsbət nümunəyə çevrilib. Bu aksiya təkcə müsəlman dünyasında deyil, eləcə də digər ölkələrdə çox böyük addım kimi qiymətləndirilir. Azərbaycan bununla öz mənəvi və dini dəyərlərinə sahib çıxır və təəssübkeşlik göstərir. Artıq biz digər ölkələrə nümunə oluruq. Aşura günündə keçirilən qanvermə aksiyasının digər ölkələrdə də yayılması İslam aləminin Azərbaycanı özünə örnək götürməsi deməkdir. Bu ənənənin yayılması və inkişaf etdirilməsi Azərbaycanın uğurudur”.
Qan Donorları Assosiasiyasının rəhbəri Fuad Əsgərovbildirdi ki, əksər İslam ölkələrində Aşura günü qan çıxarmaqla yadda qalır: "Belə etməklə, onlar Aşura mədəniyyətinə dəstək olduqlarını düşünürlər. Bildiyiniz kimi son illər Azərbaycanda aşura mədəniyyətinə dəstək olmaq üçün qanvermə aksiyası həyata keçirilir. İnsanlar kütləvi olaraq qanvermə aksiyasında iştirak edirlər. Əlbəttə, bu, gözəl addımdır. Bu kampaniyada iştirak edən hər kəsə təşəkkür etmək istəyirəm. Amma məsələ burasındadır ki, il ərzində Qan Bankında qan olmayan günlər olur. Əksər xəstələr böyük çətinliklərlə qarşılaşırlar. Aşura günündə bu qədər qanın topalanması qeyd etdiyim kimi, müsbət haldır. Amma bildiyimiz kimi qan uzun müddət saxlanıla bilməz. Qısa müddət ərzində bu qədər qanın lazımi orqanlara çatdırılması mümkün deyil. Düşünürəm ki, Aşura günü münasibəti ilə verilən qanvermə aksiyası ən azı bir ay müddətində davam etməlidir. Məhərrəmlik ayı 40 gün davam edir. 40 gün ərzində qan toplanarsa, daha yaxşı olar. Təkcə Aşura günündə insanlara yardım etməməli, bu xoş niyyətimizi hər zaman göstərməliyik. Qanvermə mənəvi məsələdir. Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi müəyyən təkliflər irəli sürülüb. 40 gün ərzində məscidlərdə hansısa proqram üzrə qan toplamaq olar. Bəzi məscidlərdə qan vermək üçün uyğun şərait yoxdur. Bu da narahatedici məqamlardan biridir. Qan Bankının mobil qrupu peşəkar şəkildə fəaliyyət göstərir. Amma bəzi məsələlər öz həllini tapmalıdır. Bir gün ərzində toplanılan qan uzun müddət saxlanıla və yaxud lazımi ünvanlara çatdırıla bilməz. Qan Bankına il ərzində qan lazım olur. Ağır xəstəliklərdən əziyyət çəkənlərin il ərzində qana ehtiyacı var. Biz onları düşünməliyik. Düşünürəm ki, bu məsələnin həlli üçün Səhiyyə Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi birgə iş aparmalıdırlar. Bu məsələdə müəyyən razılığa gəlmək, proqram tərtib etmək olar. Belə təcrübələrdən zaman-zaman istifadə edilib. Bir sıra şirkətlərin nümayəndələri il ərzində qanvermə aksiyasında iştirak ediblər. Məncə, bu təcrübələrdən faydalanmalıyıq. Aidiyyəti qurumlar bu məsələdə maraqlı olmalıdır”.
Sosioloq Lalə Mehralı vurğuladı ki, qanvermə aksiyasına marağın artması həm də insanda yeni ümidlər yaradır. Deməli, artıq cəhaləti geridə qoyub, dini düzgün şəkildə qavraya bilirik: "Əvvəllər kor-koranə, hər kəs baş yarıb qan çıxarırdı. Hətta azyaşlı uşaqların qanını axıtmaqdan çəkinməyənlər də var idi. Artıq həmin insanlar bunun əvəzinə qan verir və xeyriyyə ilə məşğul olurlar. Bu ənənənin formalaşması çox müsbət haldır. Dövlət idarələri, özəl müəssisələr, millət vəkilləri də bu kampaniyaya könüllü şəkildə qoşulurlar. Əsas məqsəd bu kampaniyaya daha çox insanı dəvət etmək və onların maariflənməsinə dəstək olmaqdır. Bu mənada qanvermə aksiyası gözəl təşəbbüs kimi qiymətləndirilməlidir. Bu insanlar minlərlə insanın həyatını xilas etmiş olurlar. Təkcə bu özü cəmiyyətin mahiyyətini ortaya qoyur. Düşünürəm ki, bu kampaniyanın təbliğatı daha da gücləndirilməlidir. Sözügedən məsələdə mətbuatın da rolunu qeyd etmək istərdim. Həqiqətən də yerli media nümayəndələri bunun üçün böyük canfəşanlıq göstərdilər. Əvvəllər Aşura günündə baş verən hadisələri onlar çəkib mətbuata yayımlayırdılar. Bu haqda onlarla məqalələr yazıldı, süjetlər, fotoreportajlar hazırlandı. Ona görə də xüsusi təşəkkür jurnalistlərə düşür. Həqiqətən də media cəmiyyətin maariflənməsində böyük rol oynayır. Biz bunun bir daha şahidi olduq. Qanvermə aksiyasını gündəmə gətirənlər və onun yayılmasına dəstək olanlar da jurnalistlər idi”.

Şəbnəm Mehdizadə


banner

Oxşar Xəbərlər