AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

AQTA süni uşaq qidaları ilə bağlı vəziyyəti dəyərləndirib

AQTA süni uşaq qidaları ilə bağlı vəziyyəti dəyərləndirib

İqtisadiyyat
18 Fevral 2020, 11:36 1365
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi süni uşaq qidalarının ölkədə istehsalı və ölkəyə idxalı ilə bağlı vəziyyəti dəyərləndirib.
Agentlikdən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, ölkədə istehsal olunan və ölkəyə idxal olunan qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirləri həyata keçirilir.
Məhsullar gömrük ərazisinə daxil olunduqdan sonra daşıdığı risk səviyyəsinə uyğun olaraq ekspertizadan keçirilir. Uşaq qidaları yüksək risk qurupuna aid olduğu üçün ölkəmizə idxal edilən hər bir məhsul partiyasından Agentliyin müfəttişləri tərəfindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinə edilir. Laborator analizlər məhsulun mikrobioloji və fiziki-kimyəvi göstəriciləri əsasında həyata keçirilir. Əgər nümunələr qüvvədə olan texniki-normativ sənədlərin tələblərinə cavab vermirsə məhsulun satışına icazə verilmir:
"Bu zaman idxal olunmuş uşaq qidalarının ixracatçı ölkəyə geri qaytarılması, zərərsizləşdirilməsi və ya utilizasiyası üzrə Agentlik tərəfindən zəruri tədbirlər görülür. Ekspertizanın nəticələri uyğun olduğu təqdirdə məhsullara qida təhlükəsizliyi sertifikatı verilir Həmin sertifikatla sahibkarlar məhsulları yerli bazarda sərbəst ticarət dövriyyəsinə daxil edirlər.
Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirir. Bununla yanaşı, konkret faktlara əsaslanan müraciətlər daxil olduğu təqdirdə, Agentlik tərəfindən plandankənar (növbədənkənar) yoxlamalar aparılır və adıçəkilən məhsul laborator müayinələrə cəlb olunur. Əgər vətəndaşların uşaq qidalarının tərkibi, keyfiyyəti və təhlükəsizliyi ilə bağlı hər hansı narahatlığı olarsa, bu barədə Agentliyin 1003 "Çağrı Mərkəzi”nə zəng edib məlumat verə bilərlər".