• cümə, 26 Aprel, 09:30
  • Baku Bakı 12°C

AMB: 2017-ci ildə yeni makroiqtisadi sabitlik çərçivəsi formalaşdırılıb

03.02.18 14:30 742
AMB: 2017-ci ildə yeni makroiqtisadi sabitlik çərçivəsi formalaşdırılıb
Mərkəzi Bankın(AMB) İdarə Heyətinin 2017-ci ilin yekunlarına həsr olunmuş geniş iclası keçirilib.
AMB-dən "APA-Economics”ə verilən məlumata görə, Mərkəzi Bankın struktur bölmələrinin və regional ərazi idarələrinin rəhbərlərinin iştirak etdiyi iclasda sədrElman Rüstəmovgiriş nitqi ilə çıxış edib.
Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan prezidenti İlham Əliyevin ölkənin makroiqitisadi vəziyyəti və sosial-iqtisadi inkişafına dair qaldırdığı məsələləri çıxışında önə çəkən E.Rüstəmov bildirib ki, yeni qlobal iqtisadi reallıqlara uyğun olaraq son illərdə həyata keçirilən davamlı stabilləşdirmə tədbirləri nəticəsində ölkədə makroiqtisadi sabitlik və dayanıqlığın əsasları yaradılıb. Tədiyə balansı tarazlaşıb, valyuta ehtiyatlarına təzyiq azalıb, milli valyutanın xarici dəyəri sabitləşib və inflyasiya gözləntiləri nisbətən səngiyib. Bu müsbət nəticələr dərin makroiqtisadi manevr və çevik koordinasiya olunmuş makroiqtisadi siyasət çərçivəsinin tətbiqi sayəsində mümkün olub.
E.Rüstəmov qeyd edib ki, prezidentİlham Əliyevölkədə makroiqtisadi vəziyyətin sabitləşdiyini, inflyasiyanın səviyyəsinin aşağı olmasını, eləcə də manatın məzənnəsinin sabit olduğunu vurğulayıb və ölkənin hərtərəfli inkişafı ilə bağlı bir sıra mühüm göstərişlər verib. Bununla əlaqədar, Mərkəzi Bankın 2017-ci ilin yekunlarına həsr olunmuş toplantısının əsas məqsədinin həm ötən ilin yekunlarını qiymətləndirmək, həm də son müşavirədə cənab Prezidentin tapşırığından irəli gələn vəzifələri müəyyənləşdirmək olduğunu bildirib. Vurğulanıb ki, 2017-ci ildə Mərkəzi Bank yeni pul siyasəti rejimi çərçivəsində makroiqtisadi dayanıqlığa yönəldilmiş siyasət həyata keçirib, siyasət faiz dərəcəsi və pul təklifi mənbələri makroiqtisadi sabitlik və milli iqtisadiyyatın inkişafının təmin edilməsi hədəflərinə uyğun şəkildə tənzimlənib.
Onun sözlərinə görə, 2017-ci ildə makroiqtisadi sabitlik meyillərinin yaranması qeyri-neft sektorunda iqtisadi artımın bərpasına şərait yaradıb. Belə ki, ötən il qeyri-neft sektorunda ümumi daxili məhsul real olaraq 2,7% artıb. Xarici tələblə yanaşı daxili tələb iqtisadi artımda mühüm rol oynayıb, dövlət büdcəsi xərcləri daxili tələbə təsir edən mühüm amillərdən biri olub.
"2017-ci ildə inflyasiya gözləntiləri stabilləşib.Dövlət Statistika Komitəsinin məlumatına görə valyuta bazarının sabitləşməsi, hətta manatın məzənnəsinin möhkəmləndiyi şəraitdə inzibati qiymətlərin və dünya ərzaq qiymətlərinin artması, bir sıra əmtəə qrupları üzrə tələb-təklif nisbətinin dəyişimi inflyasiyanın səviyyəsinə təsir edən başlıca amillər olub”, -deyə E.Rüstəmov vurğulayıb.
Qeyd edilib ki, xarici şoklara adekvat olaraq həyata keçirilmiş siyasət tədbirləri nəticəsində 2017-ci ildə yeni makroiqtisadi sabitlik çərçivəsi formalaşdırılıb, ölkənin xarici və daxili balansı yaxşılaşmağa başlayıb. E.Rüstəmovun sözlərinə görə, bu prosesdə Maliyyə Sabitliyi Şurası makroiqtisadi koordinasiya üçün effektiv platforma rolunu oynayıb.
Bildirilib ki, pul siyasəti alətləri inflyasiya, inflyasiya gözləntiləri, pul təklifi üzrə hədəflər, maliyyə bazarlarında proseslər, habelə pul siyasətinin transmissiyasının xüsusiyyətləri nəzərə alınmaqla tətbiq edilib: "Mərkəzi Bank il ərzində faiz dəhlizinin parametrlərini bir neçə dəfə müzakirə etmiş və uçot dərəcəsini dəyişməz saxlayıb. Pula tələbin təmin edilməsi və likvidliyin effektiv idarə olunması məqsədilə Mərkəzi Bank müxtəlif müddətli çərçivə və açıq bazar əməliyyatlarını aktiv saxlayıb. İl ərzində pul siyasəti əməliyyatları üzrə təminat kimi qəbul edilən qiymətli kağızların yeni siyahısı təsdiq edilib, çərçivə və açıq bazar əməliyyatlarının siyahısı genişləndirilib. 2017-ci ildə iqtisadi gözləntilərin effektiv idarə olunması üçün Mərkəzi Bank pul siyasətinin kommunikasiyası alətlərindən aktiv istifadə edib”.
E.Rüstəmov vurğulayıb ki, Mərkəzi Bank öz fəaliyyətinin qanunvericiliklə müəyyən edilmiş digər funksional istiqamətlərində də vəzifələrin yerinə yetirilməsini təmin etməklə ölkəmizin hərtərəfli inkişafına zəruri dəstək verib.
İclasda daha sonra Mərkəzi Bankın ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə məruzələr dinlənilib, geniş müzakirələr aparılıb, qarşıda duran vəzifələr müəyyənləşdirilib. Müzakirələrdə qeyd edilib ki, Mərkəzi Bankın fəaliyyətinin bütün istiqamətlərinin müasirləşdirilməsi üzrə intensiv iş aparılıb, pul proqramı üzrə əməliyyat hədəflərinin reallaşması təmin edilib, Mərkəzi Bankın mandat və funksiyalarına uyğun istiqamətlər üzrə tədqiqatlar aparılıb, monetar idarəetmə, onun statistik bazası daha da təkmilləşdirilib, institusional inkişaf prosesi sürətlənib, müasir elektron infrastruktura əsaslanan, fasiləsizlik prinsipi ilə işləyən və daim təkmilləşən ödəniş sistemləri fəaliyyət göstərib, iqtisadiyyatın nağd pula tələbatı tam təmin edilib və onun idarə olunması daha da təkmilləşib, insan resurslarının inkişafına diqqət artırılıb, funksional və biznes proseslərinin səmərəli yerinə yetirilməsi üçün layihələr həyata keçirilib.
banner

Oxşar Xəbərlər