• çərşənbə axşamı, 23 aprel, 10:49
  • Baku Bakı 20°C

ABŞ-Türkiyə münasibətlərində “İncirlik” faktoru

16.12.19 17:32 947
ABŞ-Türkiyə münasibətlərində “İncirlik” faktoru
Politoloqların fikrincə, təzyiqlər davam edərsə, rəsmi Ankara da alternativ vasitələrə əl ata bilər

ABŞ Senatında qondarma "erməni soyqırımı” ilə bağlı qəbul edilən qətnamə Vaşinqtonun Türkiyə ilə münasibətlərinin gərginləşməsinə gətirib çıxarıb. Məsələyə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən də münasibət bildirilib. O qeyd edib ki, əgər rəsmi Vaşinqton Ankaraya qarşı sanksiyalar tətbiq etsə, Türkiyə İncirlik hərbi bazasını Birləşmiş Ştatlar üçün bağlaya bilər.
Daha əvvəl isə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da bildirib ki, ABŞ Türkiyəyə qarşı ehtimal olunan sanksiyaları tətbiq edərsə, İncirlikdəki, Kürəcikdəki hərbi bazalar bağlana bilər: "Hər şey olar. Hipotezlər üzərində danışmaq istəməzdim. Bizim üçün bu məsələdə Konqresin qəbul edəcəyi qərar deyil, hakimiyyətin addımı əhəmiyyətlidir. Ən pis ssenariləri dəyərləndirib qərar verəcəyik. "F-35” və "S-400” arasında hüquqi və siyasi bir bağlılıq yoxdur. ABŞ təkliflərimizə "xeyr” deyir. Rəsmi Vaşinqton məsələyə müsbət yanaşarsa, biz də eyni qarşılığı verərik. "S-400” hücum deyil, müdafiə sistemidir. "F-35” almasaq, alternativlərə baxacağıq. Bu, Rusiya bazarı, başqa bazarlar da ola bilər”.
Bəs görəsən Türkiyə İncirlik hərbi bazasını ABŞ-ın üzünə bağlayacaqmı və əgər bu baş verərsə, hadisələr hansı istiqamətdə davam edəcək?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirdi ki, Türkiyə-ABŞ münasibətləri özünün ən mürəkkəb dövrünü yaşayır: "1947-ci ildən bəri bu iki ölkə arasında həm siyasi, həm də hərbi əməldaşlığın əsası qoyulub. Xüsusilə, 1952-ci ildən sonra Türkiyənin NATO-ya üzv olması iki dövlətin münasibətlərini strateji müttəfiqlik səviyyəsinə qaldırdı. Lakin son dövrlər münasibətlərdə çox ciddi soyuqluğun olduğu diqqətdən yayınmır. Xüsusilə də, Türkiyənin Suriyanın şimal-şərqində PKK-nın YPG deyilən terrorçu qanadına qarşı mübarizə aparması, bu istiqamətdə çox ciddi hərbi addımlar atması, eyni zamanda S-400 zenit-raket komplekslərini alması və Rusiya ilə bu sahədə əməkdaşlıq rəsmi Vaşinqtonu xeyli narahat edib. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, oktyabr ayının 29-da ABŞ Konqresinin Nümayəndələr Palatasının Türkiyəyə qarşı qondarma "erməni soyqırımı”nı tanıması və həmçinin sanksiyaları işə salması əsasən bu məsələlərdən qaynaqlanır. Bunun ardınca bu günlərdə ABŞ Senatının da qondarma "erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qətnamə də Türkiyə əleyhinədir. Prezident Donald Tramp bu anti-türk qətnaməsini prezident imzalayarsa, ABŞ rəsmən qondarma "erməni soyqırımı”nı tanımış olacaq. Onu da qeyd edim ki, Nümayəndələr Palatasında "erməni soyqırımı” ilə bağlı qətnamənin müəllifi ermənipərəst konqresmen Adam Şifdir. Bu şəxs eyni zamanda Nümayəndələr Palatasında kəşfiyyat komitəsinin sədridir. Əlavə edim ki, Adam Şif prezident Trampa qarşı impiçment məsələsini qaldıran komitəyə də rəhbərlik edir. Bu baxımdan da Tramp və Adam Şif arasında çox kəskin və mürəkkəb münasibət var”.
E.Nəsirov qeyd etdi ki, Türkiyənin atacağı ilk addımlar içərisində İncirlikdəki hərbi bazanın ABŞ-ın üzünə bağlanması ən çox müzakirə edilən məsələlərdəndir: "Bu bazanın ABŞ üçün strateji əhəmiyyəti var. Təbii ki, belə vəziyyətdə Türkiyə də müxtəlif təzyiq üsullarını, o cümlədən analoji maliyyə-iqtisadi sanksiyalarını tətbiq edə bilər. Nəticə etibarı ilə iki ölkənin münasibətlərdə çox mürəkkəb fazaya daxil olması gözlənilir. Bu halda isə Türkiyə-Rusiya yaxınlaşması yeni məzmunda özünü ifadə edəcək. Məhz erməni maraqları ucbatından ABŞ və NATO-nun Türkiyə kimi strateji bir dövləti itirməsinə dəyərmi? Hesab edirəm ki, rəsmi Vaşinqton və Brüssel bu barədə düşünməlidir. Bu gün hadisələr ən mürəkkəb ssenari üzrə inkişaf edə bilər. Türkiyə rəhbərliyinin bu məsələ ilə bağlı prinsipial mövqeyi ortadadır. Düşünürəm ki, Tramp özü də son anda qondarma "erməni soyqırımı”nın tanınması ilə bağlı qətnaməyə veto qoyacaq. Ən azından, bu gün bu layihələrin müəllifi kimi Trampı Ağ Evdən uzaqlaşdırmaq istəyən qüvvələr çıxış edir. Ona görə də hesab edirəm ki, indiki halda Tramp bu reallıqları nəzərə alıb Türkiyə əleyhinə olan bu addımlara qarşı öz qətiyyətli mövqeyini ortaya qoyacaq. Fikrimcə, qarşılıqlı sanksiyaların tətbiqi Türkiyə-ABŞ, Türkiyə -NATO münasibətlərində arzuolunmaz ssenariləri işə sala bilər ki, bu da nəticə etibarı ilə qərbin maraqlarının ziddir”.
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu açıqlama ilə rəsmi Vaşinqtona mesaj göndərib: "İkincisi, "erməni soyqırımı” qətnaməsinin qəbuluna qarşılıq olaraq, Türkiyə parlamenti də Amerikada hindulara qarşı həyata keçirilən soyqırımı tanıya bilər”.
E.Şahinoğlu indiki duruma toxunaraq vurğuladı ki, Amerika Türkiyəni sürətlə itirir: "ABŞ-dakı siyasi mərkəzlər hesab edirlər ki, Türkiyə "soyuq müharibə” illərində olduğu kimi Vaşinqtondan gələn bütün təlimatları qeyd-şərtsiz yerinə yetirməli, öz maraqlarını yox, birinci növbədə Amerikanın maraqlarını nəzərə almalıdır. Soyuq müharibə isə 28 ildir bitib, SSRİ yoxdur. Beləcə, Türkiyənin Amerikanın himayədarlığına ehtiyacı qalmayıb. Türkiyə bölgədə öz maraqları olan regional oyunçuya çevrilib. Amerikada bunu anlamaq istəmirlər və düşünürlər ki, sanksiyalarla, "erməni soyqırımı” qətnamələri ilə Türkiyəni sözəbaxan edəcəklər, amma tam əksi baş verir. Əlbəttə, İncirikdəki hərbi bazanı qapatmaq asan məsələ deyil. Ancaq bu gedişat Ankaraya alternativ yol qoymayıb”.

BƏXTİYAR

banner

Oxşar Xəbərlər