• cümə axşamı, 28 mart, 20:53
  • Baku Bakı 13°C

ABŞ-la Çin arasındakı ticarət müharibəsinin qorxunc nəticələri

26.08.19 15:07 5384
ABŞ-la Çin arasındakı ticarət müharibəsinin qorxunc nəticələri
Çin və ABŞ arasında ticarət savaşı davam etməkdədir. Zaman-zaman müəyyən razılaşmalar və güzəştlər əldə olunsa da, iki ölkə arasında olan ticari münasibətlər heç cür qaydasına düşmür. İki nəhəng ölkə arasında gedən bu mübarizə ciddi narahatlıq doğurmaqdadır. Axı gərgin münasibətlərin dünya iqtisadiyyatına ciddi neqativ təsirləri var. Maraqlıdır, bu ticarət savaşı Azərbaycan iqtisadiyyatına necə təsir edə bilər?

İqtisadçı ekspert Pərviz Heydərovdeyir ki, yaxın gələcəkdə ticarət müharibəsi daha da qızışa bilər: "Dünyanın iqtisadi cəhətdən aparıcı ölkələrinin qarşılıqlı ticarət mübahisələri və münaqişələri artıq, xeyli müddətdir ki, davam edir və bu, ümumən bütün tərəflər üçün ciddi mənfi nəticələr doğurur, doğurmaqda da davam edəcəkdir. Bunu dünya iqtisadiyyatındakı göstəricilər də sübut edir. Belə ki, artım templərində əvvəlki dinamika yoxdur və hətta getdikcə zəifləmə müşahidə edilməkdədir. Çin və ABŞ əvvəlcə bir-birilərini idxal və ixrac rüsumları ilə təhdid edir və münaqişə aparmağa çalışırdılarsa, bunun effektsiz olduğunu görüb, artıq, milli valyutalarının dəyərini aşağı salmaq kursu götürüblər. Çünki ticarət zəifləyir, avtomatik olaraq istehsalda durğunluq ortaya çıxmağa başlayır. Nəticədə isə dünya iqtisadiyyatı zəifləyir. Azərbaycan iqtisadiyyatına gəldikdə, biz xammal ixracından asılı ölkəyik. Dövlət gəlirlərimiz neftin dünya bazarlarındakı satış qiymətindən asılıdır. Bu sahədə isə ara-sıra xırda dəyişikliklərə baxmayaraq, sabit vəziyyət hökm sürməkdədir. İqtisadiyyatımızın neft 40 ABŞ dollarına enməyənədək heç bir ticarət münaqişəsindən ciddi təzyiq görmək və yaxud zərbə almaq təhlükəsi yoxdur. Hesab edirəm ki, dünyadakı ticarət müharibəsi getdikcə daha çox qızışa bilər. Amma bu, sonsuz şəkildə dərinə getməyəcək. Əsas, ABŞ iqtisadiyyatıdır, hər hansı ciddi qlobal böhran məhz buradan başlaya bilər. Belə bir təhlükə isə hələ ki, gözləmirəm”.


İqtisad elmləri doktoru, professor Fikrət Yusifovbildirdi ki, ABŞ ilə Çin arasında aylarla davam edən ticarət müharibəsi özünün yeni, daha gərgin olacaq növbəti mərhələsinə daxil olmağa hazırlaşır: "Dünya üzrə ümumdaxili məhsulun 40 faizə yaxınını istehsal edən bu iki nəhəng ölkə arasında gedən və getdikcə daha da dərinləşən ticarət müharibəsi beynəlxalq iqtisadiyyata ciddi zərbə vurmaqdadır. Bu ilin sentyabr ayından ABŞ-ın Çin məhsullarının idxalına tətbiq etməyə hazırlaşdığı yeni sanksiyalar isə dünya iqtisadiyyatına daha ciddi zərbə vura bilər. Bu gün dünya bazarlarında neftin qiymətlərinin 60 dollar səviyyəsindən aşağı düşməsi vəziyyətin nə qədər ciddi olduğundan xəbər verir. İki nəhəng arasında ticarət müharibəsinin yeni mərhələsinin bu ilin sentyabr ayından başlayacağına baxmayaraq, dünya iqtisadiyyatı inkişaf templərinin aşağı düşəcəyinin qaçılmaz olacağına indidən öz münasibətini bu şəkildə bildirir. Bu templər aşağı düşəcəksə, deməli, iqtisadiyyatın nüvəsi olan neftə tələbat da azalacaq. Bu səbəbdən də neftin qiymətlərinin azalacağı daha çox inandırıcı görünür. Neftin qiymətlərinin aşağı düşməsi neft hasil edən ölkələr üçün yaxşı heç nə vəd etmir”.


İqtisadçı-eskpert Rəşad Həsənov qeyd etdi ki, Çinlə ABŞ arasındakı ticarət müharibəsi hazırda dünyan iqtisadiyyatının inkişaf tempinə birbaşa təsir edən faktorlar arasında ilk üçlükdə yer alır: "Bu müharibə Dünya Bankının və Beynəlxalq Valyuta Fondunun hesabatlarında dünya iqtisadiyyatında təsir edən faktorlar arasında ilk yerlərdə qərarlaşıb. Dünya iqtisadiyyatının 40 faizinə nəzarət edən iki ölkə arasında ticarət savaşı və ticarətin liberallaşmasına qaşı müvafiq mövqenin dünya iqtisadiyyatına ciddi təsirləri var. Bunun nəticəsi olaraq BVF 2019-cu il üçün dünya iqtisadiyyatının artım tempinin daha da zəifləyəcəyi ilə bağlı proqnozlar açıqladı. Həmçinin, bu fakt Avropa Mərkəzi Bankı və digər qlobal maliyyə institutları tərəfindən də qəbul edilir və hesabatlarda öz əksini tapır. Bəzi hesablamalarda sözügedən ölkələr arasında gedən ticarət savaşının dünya iqtisadiyyatının artım tempinə təsiri -0,7 faiz bəndi ətrafında müəyyən edilir. Bu müharibə maliyyə münasibətlərinə, qiymətlər kağızlar, əmtəə bazarlarına da öz təsirini göstərməkdədir. Məsələn, bir neçə gün bundan əvvəl neftin qiymətində ucuzlaşma tempi müşahidə edildi. Son dövrlərdə neft qiymətləri üzərində əsas təzyiq məhz bu faktordan qaynaqlanır. Bu günlərdə qiymətlərin aşağı düşməsi ticarət savaşının daha da gərgin dövrə daxil olması ilə əlaqələndirilir. Bu kontekstdən yanaşsaq, ticarət müharibəsinin Azərbaycan iqtisadiyyatına da təsiri qaçılmazdır. Azərbaycanın valyuta gəlirlərinin təqribən 91 faizi məhz neft və neft məhsulları, o cümlədən qaz ixracından formalaşır. Dünya bazarında bu məhsullara tələbatın azalması qiymətləri aşağı çəkir. Bu isə öz növbəsində valyuta gəlirlərimizin azalmasına səbəb olur. Bu fakt isə uzun müddətli dövr ərzində Azərbaycan iqtisadiyyatı üçün risklər formalaşdırır. Hökumət bu məqamları öz inkişaf strategiyasında nəzərə alıb. 2019-cu il büdcəsi hazırlanarkən, həmçinin, bir sıra dövlət proqramlarında müvafiq məqamlar diqqətdə saxlanılıb. Amma buna baxmayaraq, bu ticarət müharibəsinin Azərbaycan iqtisadiyyatı üçün riskləri tam olaraq proqnoz edilə bilməz. Çünki növbəti dövrlər üçün neftin qiymətinin kəskin azalması müşahidə edilə bilər. Bu isə manatın məzənnəsinə və ölkə iqtisadiyyatının bütün seqmentlərinə domino effekti ilə öz mənfi təsirini göstərə bilər. Yəni bu müharibə gözləniləndən daha ağır risk mənbəyi hesab olunur”.

Ekspert bildirir ki, ABŞ administrasiyası öz şərtlərini diktə etməyə çalışır. Çin hökuməti isə bu istiqamətdə adekvat mövqe ortaya qoyub: "Bu müharibə Çin tərəfindən ABŞ-a ixrac olunan beş yüz milyardlıq, eyni zamanda ABŞ-dan Çinə ixrac olunan 250 milyardlıq ticarət dövriyyəsinin bazasında gedir. Bu savaşın həllini proqnozlaşdırmaq çox çətindir. İlin əvvəli ilə müqayisədə vəziyyət daha da gərginləşib. Məsələni iqtisadi güc kontekstindən qiymətləndirsək Avropa Birliyi, Çin, ABŞ dünya iqtisadiyyatının 65 faizindən artıq bir hissəsinə nəzarət edir. Avropa Birliyi bu məsələyə nisbətən daha liberal münasibət ortaya qoymağa çalışır və müəyyən məqamda Çinlə eyni tərəfdədir. Çünki bənzər məsələlər bir sıra məqamlarda ABŞ administrasiyası tərəfindən Avropa Birliyinə də qarşı qaldırılıb. Yəni iqtisadi güclər prosesin içində olan iştirakçılardır. İndiki halda ümumi qiymətləndirmə aparsaq, "böyük səkkizliy”ə daxil olan ölkələrin əksəriyyəti hesab edir ki, ticarət savaşları qlobal iqtisadiyyatın liberallaşmasına, məhdud resurslarından səmərəli istifadəyə öz neqativ təsirini göstərə bilər. Buna baxmayaraq, ABŞ administrasiyasının özünün əsasları var və hesab edir ki, mövcud şərtlər ölkədə real iqtisadiyyatın əsaslarını sarsıdır və uzun müddətli dövr ərzində ABŞ iqtisadiyyatına ciddi neqativ təsir göstərə bilər. Əslində hər iki tərəfin özünə uyğun güclü arqumentləri var. Amma məsələyə "böyük səkkizlik” kontekstindən baxsaq, əksər ölkələr ortaya qoyulan mövqeyin qlobal iqtisadiyyatın liberallaşmasına risklər yaratdığı qənaətindədir”.
Şəbnəm Mehdizadə

banner

Oxşar Xəbərlər