• cümə, 19 Aprel, 06:11
  • Baku Bakı 13°C

ABŞ-ın İrana qarşı hərbi müdaxiləsi mümkündürmü?

20.09.19 19:14 667
ABŞ-ın İrana qarşı hərbi müdaxiləsi mümkündürmü?
Səudiyyə Ərəbistanında neft emalı zavodlarına pilotsuz uçuş aparatları (PUA) ilə edilən hücumlar bölgədə vəziyyəti gərginləşdirib. Belə ki, İranla Səudiyyə Ərəbistanı və ABŞ arasında qarşılıqlı ittihamlar regionda müharibə ehtimalını artırır. Belə ki, Səudiyyə Ərəbistanı neft emalı zavodlarına hücum zamanı istifadə edilən PUA-ların İran məxsus olduğunu açıqlayıb və cavab tədbirlərinin olacağı qeyd edilib. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif isə buna cavab olaraq verdiyi bəyanatında deyib ki, ABŞ və ya Səudiyyə Ərəbistanı tərəfindən İrana hücum olacağı təqdirdə genişmiqyaslı müharibənin başlaması qaçılmazdır. Nazir "ABŞ və ya Səudiyyə Ərəbistanı tərəfindən hücum olarsa, İran hansı addımı atacaq” sualına cavab olaraq qeyd edib: "Böyük müharibə başlayacaq. Heç şübhəsiz ki, İran öz ərazisinin müdafiəsinə qalxacaq”.
Hər iki tərəfin verdiyi bəyanatlar bölgədə gərginliyin artdığını göstərir. Bəs İran rəsmisinin qeyd etdiyi kimi böyük müharibə ehtimalı varmı?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, Səudiyyə Ərəbistanı ilə İran faktiki olaraq Yəməndə bir-biriləri ilə savaşırlar: "İran husilərə, Səudiyyə Ərəbistanı isə oradakı hökumətə dəstək verir. Səudiyyə Ərəbistanının iki neft zavodunun vurulması da bu savaşın tərkib hissəsidir. İran prezidenti Həsən Ruhani Ankarada keçirilən üçtərəfli görüş zamanı jurnalistlərin sualına cavabında bildirdi ki, Səudiyyə Ərəbistanının Yəməni bombalaması nəticəsində mülki insanlar qətlə yetirilir, əks tərəf isə cavab haqqından istifadə edir. Faktiki olaraq, İran prezidenti neft emalı zavodunun partladılmasına haqq qazandırdı. Düşünürəm ki, Səudiyyə Ərəbistanı bunu cavabsız qoymayacaq. Onlar böyük ehtimalla buna hazırlaşırlar. Çünki pilotsuz uçuş aparatlarını mediaya nümayiş etdirərək, onların İrana məxsus olduğunu vurğuladılar. İran isə iddia edir ki, belə bir hücum həyata keçirməyib. Amma fakt ondan ibarətdir ki, Yəməndə savaş gedir və maraqlar toqquşur. Eyni zamanda prosesin içində ABŞ da var. Nə qədər ki, bu gərginlik var hər an lokal toqquşma ehtimalı qalır. Lokal toqquşmalar böyük müharibəyə gətirib çıxara bilər. Onsuz da körfəzdə gəmilər həbs olunur, Yəməndə savaş gedir, Suriyada vəziyyət gərgindir. Yəni, bir qığılcım həqiqətən də böyük bir müharibənin olmasına gətirib çıxara bilər. Çox təəssüflər olsun ki, İran, Səudiyyə Ərəbistanı və ABŞ ayrı-ayrılıqda geri addım atmaq istəmir. Bu isə müharibənin başlanması ehtimalını daha da artırır”.
E.Şahinoğlu qeyd etdi ki, indiki halda müharibə heç bir tərəfə sərf etmir: "Çünki bu, böyük dağıntı, fəlakət gətirə bilər. ABŞ İranı vursa, İranın gücü çatmasa belə, ABŞ-ın bölgədəki müxtəlif silahlı qruplarına zərbələr endirəcək. Fikrimcə, ABŞ prezidenti Donald Tramp müharibə istəmir və bunu özü də bir neçə dəfə qeyd edib. Lakin ABŞ indiki halda İrana qarşı sanksiyaları sərtləşdirir. Təəssüflər olsun ki, bölgədə münaqişə yarada biləcək amillərin sayı artır. Körfəzdə gəmilər saxlanılması, Yəməndə Səudiyyə Ərəbistanı ilə İranın maraqları kəsişməsi, iki neft emalı zavodunun partladılması kimi faktorlar var. Bundan sonra əlavə hadisələr baş verərsə, həqiqətən də toqquşma ehtimalı artacaq. Gərginliyin azalması üçün aparılacaq danışıqlara da zəmin yoxdur. BMT Baş Assambleyası bir neçə gündür işə başlayıb. Bir neçə ay bundan öncə ehtimal olunurdu ki, ABŞ və İran prezidentləri assambleya çərçivəsində görüşəcək, amma indiki vəziyyətdə bu görüş alınmayacaq. Dialoq baş tutsaydı, bunun hamı üçün xeyri olacaqdı. Azərbaycan da bu gərginliyin azalmasında maraqlıdır. Çünki adı çəkilən dövlətlər bizim tərəfdaşlarımızdır və ölkəmiz öz tərəfdaşları arasında müharibənin, gərginliyin olmasını istəmir”.
Politoloq Nəzakət Məmmədova bildirdi ki, proseslərin İrana qarşı birbaşa hərbi əməliyyatlar mərhələsinədək çatacağı inandırıcı görünmür: "ABŞ və bölgədəki müttəfiqləri - xüsusilə, İsrail və Səudiyyə Ərəbistanı İrana qarşı birbaşa quru və aviasiya, eləcə də dənizdən hücumların çox riskli olduğunu yaxşı dərk edir. Odur ki, onların İrana birbaşa hücum etməsi inandırıcı deyil. Əslində, İsrail və ABŞ, eləcə də Səudiyyə Ərəbistanı İranı Yaxın Şərqdəki regional ambisiyalarından çəkindirməyə çalışır. İrana qarşı birbaşa hərbi əməliyyatların nə ilə nəticələnəcəyini demək çətindir. Lakin əminliklə demək lazımdır ki, region böyük xaosa sürüklənə bilər. İranla nüvə sazişi beynəlxalq təhlükəsizliyin əsas təminat sənədlərindən biri idi. ABŞ-ın sazişdən çıxması və İranın qarşılığında uranı zənginləşdirməyə davam etməsi beynəlxalq və regional təhlükəsizliyə böyük təhdid oldu. Həmin müqavilə bir şərtlə imzalanmışdı ki, İran həm də ballistik raket istehsalı ilə məşğul olmaqdan imtina etsin. İndi isə Tehran uranı təhlükəli həddə zənginləşdirməklə yanaşı, ballistik raket texnologiyalarını da inkişaf etdirməyə çalışır”.
N.Məmmədovanın sözlərinə görə, İran və ABŞ-İsrail-Səudiyyə koalisiyası arasındakı münaqişə qeyd edildiyi kimi üçüncü ölkələrin ərazisində hərbi, kəşfiyyat qarşıdurması ilə müşayiət olunmaqda davam edəcək: "Eləcə də Səudiyyə Ərəbistanı və İsrail İrana bağlı müxtəlif silahlı birliklər tərəfindən birbaşa hücumlara məruz qalmaqda davam edəcəkdir. İran özü isə sanksiyalarla yanaşı, ərazisində terror-təxribat, kəşfiyyat-pozuculuq amilləri ilə üzləşə bilər. Lakin İran və ABŞ arasında İranın öz sərhədləri daxilində müharibə ehtimalı sıfıra bərabərdir. Müharibə üçüncü ölkələrin - şiə hilalına daxil olan ölkələrin, eləcə də İsrail və Səudiyyənin ərazisində getdikcə daha geniş vüsət alacaq. Lakin İraq və Əfqanıstan bataqlığında ilişib qalmış ABŞ-ın birbaşa İrana hücum etməsi mümkün deyil. Prezident Tramp Yaxın Şərqdə altı trilyon dollar xərcləndiyini, lakin indiyədək istənilən hədəflərə nail olunmadığını etiraf edib. İranla müharibə ABŞ-a olduqca baha başa gələn, lakin heç bir geosiyasi məqsədə nail olunması mümkün olmayan mənasız avantüra olardı. Trampın müharibə tərəfdarı Boltonu istefaya göndərərək "qırğılar”la vidalaşması da İranla ABŞ arasındakı hərbi əməliyyatlar versiyasını minimuma endirir”.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər