534 nəfər əhalisi olan kəndin dünyaya açılan muzeyi
09.08.19 11:00
15833
Bayburtun, köhnə adı Baksı, bugünkü adı isə Bayraqdar adlanan qədim kəndində
ucalan böyük bir muzeyə səyahətimiz var.
Türkiyənin Azərbaycandakı Mədəniyyət və Tanıtım müşavirliyinin
dəstəyi ilə getdiyimiz Bayburt səfərində bu dəfə yolumuz Baksı Muzeyinə idi.
Bizi Bayburtla tanış edən Kuzeydoğu Anadolu Kalkınma Ajansının (KUDAKA)
nümayəndəsi Fatih Baltacı bu muzeyin böyük bir mədəniyyət mərkəzi olduğunu və 2014-cü
ildə Avropa Şurası tərəfindən "ən yaxşı muzey” kimi qiymətləndirildiyini demişdi.
Dediyi qədər də varmış.
Örnək
kimi hekayə
Bayburtdan bura xeyli məsafə var. Dağların arasında salınan bu muzey
bizdə qəribə bir təəssürat oyatdı. Axı sivilizasiyadan uzaq, əhalisinin sayı az
olan və günü-gündən kəndi tərk edən əhali üçün belə böyük mədəniyyət mərkəzi
nəyə lazımdır?
Ancaq burada gördüklərimiz
bir örnək hekayəsi idi.
Bayraqdar kəndində 534 nəfər yaşayır. Son 20 ildə insanlar buradan
köç etməyə başlayıb. Əvvəllər dulusçuluq, toxuma, əl işləri, dülgərlik və daş hörmə sənəti ilə məşğul olan
kənd sakinləri, öz tələbatlarını ödəyir və kiçik kəndlərində xoşbəxt şəkildə
yaşayırlarmış. Beləliklə, illər əvvəl Bayraqdar kəndinin ilk universitet məzunu
olan Hüsamettin Koçan bu kənddən çıxaraq şəhərə mühəndislik ixtisasına
yiyələnməyə yola düşür. Ancaq özünü bu sənətdə rahat hiss etmədiyinə görə, ixtisasını
dəyişərək Tətbiqi Sənətlər Məktəbinə gedir və rəsm çəkmək bacarığını inkişaf
etdirir. Sevdiyi sənət ona uğur gətirir. Çox keçmir ki, Beynəlxalq Plastik
Sənətlər Dərnəyinin prezidenti, İstanbul İncəsənət Sərgisinin qurucusu və sonralar
prezidenti, Mərmərə Universiteti gözəl sənətlər fakültəsinin dekanı, onlarla
mükafat və 44 fərdi sərgi sahibinə çevrilir. Onun əsərləri nəinki Türkiyədə,
eləcə də ölkə xaricində təqdim olunur. Bir gün tanınmış rəssam olaraq doğulduğu
kəndə geri dönür. Ancaq əvvəlki kənddən heç bir əsər-əlamət olmadığını görür. Çünki
illər keçdikcə, o qədim sənət növləri, adətlər, ənənələr öz əhəmiyyətini
itirməyə başlayıb, işsizlərin sayı çoxaldığı üçün kənd sakinləri buranı tərk
etmişdilər. Kənddəki ənənəvi memarlığın yerini isə gecəqondular almağa
başlamışdı. Hüsamettin Koçan gördüyü bu mənzərədən çox sarsılmışdı. Dağların ətəyindəki
Bayraqdar kəndinin insanların diqqətini necə çəkəcəyi haqqında düşünərkən,
burada böyük bir muzey yaratmaq qərarına gəlib, layihəni hazırladıqca yeni
ideyalar onu müşayiət edib. Yaratdığı mərkəzdə yurdunun qədim ənənələrini
yaşatmaq və onunla birlikdə bu kiçik kəndi müasir mədəniyyət mərkəzinə çevirmək
üçün çox düşünür. Keçmişlə gələcək arasında bir bağlantı qurmaq üçün Baksı
muzeyini yaratmaq arzusuna qapılır. Ənənəvi mədəniyyəti qoruyaraq gələcək
nəsillərə ötürmək üçün araşdırmalar etməyə başlayır.
İndi "Baksı” adlanan bu Mədəniyyət Evi dünyanın dörd bir yanından
gələn turistləri qarşılayır, orada bu torpaqların tarixindən bəhs edən rəsmlər sərgilənir,
qonaqlara qalmaq üçün otaqlar təklif olunur. Muzeydə bu kəndin qədim geyimləri,
məşğuliyyəti, Husamettin bəyin əsərləri əks olunur. Burada nəinki keçmişdəki
alətlər, geyimlər, o dövrü xatırladan rəsmlər sərgilənir. Muzeydə kəndin xanımları
və uşaqları üçün dərnəklər fəaliyyət göstərir. Belə ki, qadınlar burada
dizaynerlərdən öyrəndikləri üsulla müasir aksesuarlar, geyim, bəzək əşyaları hazırlayaraq satışa çıxarırlar. Uşaqlar isə mərkəzdə
tədris olunan rəsm, kino, teatr, dünya bilgiləri və sair dərslərlə daha böyük
bilgilərə sahib olma imkanı əldə edirlər.
Mərkəzin 500 kvadratmetr sərgi salonu, qadınların hazırladıqları
aksesuarların nümayişi və satışı üçün iki ayrı binası, geniş kitabxanası,
konfrans salonu, yataqxanası, qonaq otağı, deposu var. Böyük bir ərazini əhatə
edən muzey müasir standartlara uyğun şəkildə hazırlanıb. Muzeyə ilk dəfə gələn
qonaqlara isə onun yaradılış hekayəsindən bəhs edilən video çarx nümayiş olunur.
Övlad
borcu
Muzeyin yaradılış hekayəsini dinlədikcə Hüsamettin Koçan gözümdə daha
da böyüyürdü. Çünki daşı, torpağı dəlib, orda sənət və elm mərkəzi yaratmaq,
insandan böyük ürək və güc tələb edir. Muzeyi gəzdikdən sonra Hüsamettin bəylə
söhbət edib, ona suallarımı ünvanlayıram. Yaşadığı illərə o qədər təcrübə,
həyat hekayəsi, macəra sığdırıb ki... Deyir ki, eşitdiyiniz hekayə doğulduğu torpaqlardan
ona qalan bir yaşam mübarizəsidir. Arzularını həyata keçirmək üçün 2005-ci ildə
Baksı Mədəniyyət və Sənət Vəqfini qurur. Bir çox könüllülərin dəstəyi ilə bu
layihəni həyata keçirir. Muzeyin ana binasını 2010-cu ildə çox çətinliklə,
dövlətdən heç bir yardım almadan tikdirir. Muzey üçün Baksı adının seçilməsi
Baksının bu kəndin ən qədim adlarından olması və şamanların deyimində dərman və
məlhəm, qoruyucu mənasında olmasından irəli gəlir. Husamettin bəy bildirir ki,
bu kəndin itirilən ənənələrini, unudulan dəyərlərini geri qaytarmaq üçün belə
bir addım atmaq məcburiyyətində qalıb.
Ona ünvanlanacaq suallarım vardı. Məsələn, nə üçün şəhərə gedib kifayət
qədər nüfuza sahib olduqdan sonra yenidən
doğulduğu torpaqlara geri dönüb? Axı orada onu heç bir uğur gözləmirdi...
Deyir ki, insan, həyatının müəyyən bir dönəmindən sonra geriyə baxmaq istəyir,
hara gedirsən get, torpaq insanı özünə çəkir: "Ailəmdə problemlər yaranmışdı və o qayğılar məni torpaqlarıma geri dönməyə səsləyirdi. Atam zamanında bu
torpaqlardan gedib və bir daha geri dönə bilməyib. Onun ən böyük arzusu bu torpaqlara
geri dönmək olub. Atamın istəyi ilə Bayburt şəhərinə qayıdanda kəndimizdə o
köhnə adətlərdən, mədəniyyətimizdən bir
iz qalmadığını və ən acınacaqlısı,
kəndimdə kəndli olmadığını gördüm. Atam öldükdən sonra onun cənazəsini öz doğma
yurduna apardım. Və doğulduğum bu torpaqlara qayıdanda gördüm ki, insanlar
əvvəlki peşələri ilə məşğul olmur. Hamı televizora baxmağa həvəs göstərir,
orada gördükləri həyatı arzulayır. Bu, bizim kənddə mədəni həyatımızın məhv edilməsi
demək idi. Məni həyata gətirdiyinə görə, atama təşəkkür etməli idim. Özümü
borclu hesab edirdim. Atama təşəkkür etmək üçün burada onun adına böyük bir ev
tikdirərək, ruhuna minnətdarlıq etmək
istəyirdim. İnsanlar bir-birindən ayrılmışdı, kəndlilərim televizorun
qarşısında keçib keçmişini unutmuşdu. Doğulduğum evi yenidən bərpa etmək
istədim. Sonra düşündüm ki, uşaqlarla dolu bir kitabxanam olsun, ona görə də
evin kürsüsünü bir az geniş götürməyi planladım. Sonra tək kitabxana ilə də kifayətlənmək istəmədim. Arzularım getdikcə
böyüyürdü. İstəyirdim elə bir evim olsun
ki, bütün kənd camaatını ora toplayım, onları işlə təmin edim, o evdə həm kəndimizin
sahib olduğu dəyərləri qoruyub saxlayım, həm də insanları dünyaya açılsın,
inkişaf etsinlər. Nəinki yerli kənd sakinlərini, Türkiyənin dörd bir yanından
və xaricdən dostlarımı, sənətkarları o evə dəvət etmək istəyirdim. Bunun üçün
evin böyük otaqları olmalı idi. Bütün istəklər cəm halını aldıqda, gördüm ki,
xəyallarım bir ev deyil, böyük bir malikanə tikdirməyə doğru gedir. Bu düşüncə mənə Baksı Muzeyinin xəyalını
qurdurdu”.
Taleyin oyunu
Hüsamettin bəylə mərkəzin həyətinə düşüb, dörd tərəfi dağla
əhatələnmiş mənzərəni seyr edirik. Mənzərəyə baxıb sözünə davam edən müsahibim,
təbiətin özünün sənətin əsas xammalı olduğunu deyir. Qeyd edir ki, sənətçi özünü yaradıcılığa həsr etməli, özünə
sual verməli, sərhədlərini aşmalıdır. "2000-ci ildə keçmiş əsrin hekayəsini
özündə əks etdirən Baksı Muzeyi layihəsinin təməllərini qazmağa başladıq. İstəmirdim
ki, kəndimin sakinləri başqa yerdən ümid axtarsınlar. Kənd sakinlərinin ehtiyaclarını
ödəmək, onları işlə təmin etmək, məhsul
istehsal etmək və məşğulluq sahəsini artırmaq üçün buranı təkcə muzey şəklində
deyil, eyni zamanda mədəniyyət mərkəzi kimi tikdirmək qərarına gəldim. Baksı
özünü inkişaf etdirən könüllərin sayəsində
hazırlanan bir mərkəzdir. Heç zaman bura haqqında "mənim mərkəzimdir”
deyə düşünməmişəm. Mərkəzin hazır olmasında sənətçi dostlarım, könüllülər,
kəndlilərimizin özləri belə kömək oldular. Burada çalışan ustaların yeməyini
kənd camaatı hazırlayırdı. Bu mərkəz tikiləndə uşaqdan tutmuş yaşlı nəslə qədər
hər kəs sevinirdi. Əlbəttə ki, bizə inanmayan insanlar da vardı. "Bu təpədə nə
olacaq?”, "Bu təpənin heç bir yanından yol da keçmir, insanlar bura necə
gələcək?”- deyib bizi ruhdan salmağa çalışanlar da az deyildi. Hətta tikinti
gedən zaman bu gördüyünüz təpə haqqında
əfsanələr uydururdular. Kimisi deyirdi ki, guya biz burda qızıl tapmışıq, kimisi
də burda neft olduğunu uydururdu.
Anadolu insanının möhtəşəm xəyal dünyası var (gülürük). Artıq 19 il keçib. Dünya muzeyləri sırasında özünəməxsus bir yer
tutmuşuq və biz bu uğuru kəndlilərimizin sayəsində əldə etmişik”.
Muzeydə qonaq olduğumuz gün orada Nuri Bilge Ceylanın sərgisi nümayiş
olunurdu. Öyrəndik ki, "Nuri Bilge Ceylan Baksıda” adlı sərgi mayın 1-dən avqustun
25-nə qədər nümayiş olunacaq. Hüsamettin bəy deyir ki, burada məşhur insanların
əsərləri nümayiş olunur. Kəndin sakinləri və qonaqlar Türkiyənin sayılıb-seçilən
sənətçiləri ilə bu vasitəsi ilə daha yaxından tanış olmaq imkanı əldə edirlər.
Baksı Muzeyi məlum muzey metodları ilə həyat arasında əlaqə qurmağa
qərar verən bir mərkəzdir. Başqa sözlə, sənət ilə dizayn arasında, həm də
mərkəzlə onun ətrafı arasında körpülər yaratmağa çalışır. Kəndin qadınları
burada dizaynerlərdən öyrəndikləri şəkildə aksesuarlar, geyimlər hazırlayır və həmin
məhsullar da mərkəzdə satışa çıxarılır. Husamettin bəy deyir ki, gələcəkdə bu
məhsulları marka halına gətirib, dünyaya çıxarmaq niyyəti var. Hazırda isə
kəndin xanımları burada kurslara
yazılır, müasir dizaynerliyi öyrənir, eyni zamanda burada çalışaraq evlərinə
bir parça çörək aparırlar. Övladları ilə birlikdə mərkəzə gələn xanımların
uşaqları rəsm və bir çox sənətlərlə burda tanış olmaq imkanı əldə etmiş
olurlar. Hüsametyin bəy Baksı Muzeyini
bu bölgədə yaşayan insanlara hər cür şərait yaradan, uşaqlara təhsil verən, bu
torpaqlarda yaşamağı bir sevinc halına gətirmək istəyən bir mərkəz kimi təqdim
etməkdən yorulmur.
Hüsamettin bəy geriyə baxanda taleyin onun üçün gözəl bir oyun
oynadığını bildirir: "Nə yaxşı ki, burda doğulmuşam və burda böyümüşəm. Nə
yaxşı ki, burda çox nağıllar dinləmişəm.
Yaxşı ki, mənim köhnə və kiçik bir kəndim, onun da belə gözəl ənənələri var”-
deyərək gözləri yol çəkir: "Atama borcum vardı. Bu borc hissi böyüyərək belə
bir muzey oldu. Əvvəllər mənə Husamettin Koçan deyirdilər, indi Baksı Hüsamettin
deyirlər (gülürük). Atam mənə öz kəndimin adını əlavə etmiş oldu”.
Dağın təpəsində yaratmış olduğu mərkəzdən qarşıdakı dağı göstərir:
- Bax, ordakı qəbiristanlığı
görürsənmi?
- Görürəm. - Valideynlərim orda dəfn
olunub.
- Niyə məhz orda? - Muzeyin qapıları birbaşa onların uyuduğu məzarlığa açılır.
- Bunun anlamı nədir? - Valideynlərim uyuduqları
yerdən baxanda, buradakı uğurlarımı görüb, mənimlə qürur duysunlar deyə...