2020-ci ildə elm xərcləri bütövlükdə 193,7 milyon manat təşkil edəcək

2020-ci ildə elm xərcləri bütövlükdə 193,7 milyon manat təşkil edəcək

Cəmiyyət
13 Noyabr 2019, 15:53 380
Müzakirəyə təqdim olunan "2020-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsi yetərincə təkmil, bütün parametrlər üzrə büdcə sistemi haqqında qanuna müvafiq şəkildə hazırlanmış ciddi sənəddir.
Trend-in məlumatına görə, bunu millət vəkili, akademik Gövhər Baxşəliyeva Milli Məclisin (MM) iclasında çıxışı zamanı deyib.
Millət vəkili bildirib: "İlk dəfə olaraq icmal büdcənin gəlirləri 27 milyard 533 milyon manat, xərcləri 29 milyard 488 milyon təşkil edəcək ki, bu da cari illə müqayisədə 7,7 % çoxdur. Önəmlidir ki, neft gəlirlərinin xüsusi çəkisi azaldılaraq, qeyri-neft gəlirləri artıb. Digər önəmli məsələ - ölkədə biznes mühitinin yaxşılaşdırılması, sahibkarlıq sahəsində yoxlamaların dayandırılması və s. addımlardır. Büdcə sosialyönümlüdür. Bu isə o deməkdir ki, əhaliyə ödənişlərin məbləği artacaq, müxtəlif proqramlar həyata keçiriləcək, o cümlədən özünüməşğulluq daha da genişlənəcək. Təqdirəlayiqdir ki, ölkədə manatın dayanıqlığı diqqət mərkəzindədir, son üç ildə manatın xarici valyutaya nisbəti sabitdir. Elmə ayrılan vəsait. 2020-ci ildə elm xərcləri bütövlükdə 193,7 milyon manat təşkil edəcək ki, bu da 2019-cu illə müqayisədə 57,4 milyon manat yaxud 42,1 faiz çoxdur. Prezidentimizin akademik Akif Əlizadə ilə görüşündə dediyi sözlər elmi ictimaiyyət arasında böyük ruh yüksəkliyi yaratmışdır. Konkret olaraq 2020-2023-cü illər üzrə sosial-iqtisadi inkişafın ortamüddətli prioritetləri haqda danışmaq istərdim. Humanitar və ictimai elmlər sahəsində nəzərdə tutulan üç müddəa aşağıdakı kimi ifadə edilib: Azərbaycan dövlətinin aparıcı ideologiyası olan, əsası ümummilli lider Heydər Əliyev tərəfındən qoyulmuş azərbaycançılığın strateji istıqamət kimi multidıssıplinar səviyyədə tədqiqinin təşkili; Mədəni, iqtisadi və arxeoloji elmi irsin qorunması və tədqiqi: aşkarlanması, sistemləşdirilməsi, elmi təsviri, bərpası və konservasiyası; Azərbaycan əhalisinin müxtəlif qruplarının etnogenezinin, etnomədəni simasının, müasir etnik proseslərin, Qafqazda qarşılıqlı tarixi-mədəni əlaqələrin kompleks tədqiqatları. İkinci müddəa ilə bağlı demək istədiklərim aşağıdakılardır:
Azərbaycan xalqı çox qədim və zəngin mədəniyyətə malikdir. Və əgər anadilli şifahi ədəbiyyatımız qədim əfsanə, dastan, bayatı, epos və sairədən ibarətdirsə, yazılı şeirimiz İzzəddin Həsənoğludan, yəni XIII əsrdən etibarən zəmanəmizə gəlib çatıb. Amma anadilli yazılı abidələrindən qat-qat əvvəl, hələ VIII əsrdən başlayaraq azərbaycan türkləri xilafətin aparıcı dili-ərəb dilində əsərlər yazmağa başladılar. Bu əsərlər nəsr, şeir, habelə o vaxtkı elmin bir çox sahələrini əhatə etmişdir. Beləliklə, əslən azərbaycanlı olan ədib, şair və alimlər öncə ərəb dilində, daha sonra fars dilində minlərlə çox dəyərli əsərlər yaratmışlar və bununla da günümüzdə islam sivilizasiyası adlanan müştərək müsəlman mədəniyyətinə minlərlə əvəzsiz töhfələr vermişlər. Təəssüf ki, əsrlərlə xalqımızın milli müstəqilliyi olmadığı üçün bu əvəzsiz mədəni sərvət yadelli işğalçılar tərəfindən talan edilmiş, dağıdılmış, yandırılmış, salamat qalan nüsxələr isə işğalçı dövlətlərə daşınmışdır. Bu gün xalqımızın əvəzolunmaz sərvəti olan o əlyazmalar bir çox Qərb və Şərq ölkələrinin kitabxana, arxiv, əlyazmalar fondu və muzeylərinin bəzəyidir. Düşünürəm ki, xalqımızın müstəsna sərvəti olan həmin əlyazmaları ölkəmizə qaytarmalıyıq. Aydındır ki, bu əsərlərin əslini əldə etmək müşkül məsələdir. Belə olan halda, onların surətləri Azərbaycana gətirilərək, vahid mərkəzdə toplanmalıdır. Bunu etdikdə biz xalqımızın çoxəsrlik mədəni irsini bundan sonra da dağıdılmasının qarşısını alarıq və onların hərtərəfli tədqiqi üçün şərait yaradırıq…”.