Kriptomanatın yaradılmasını aktuallaşdıran amillər
"Blokçeyn
və kriptovalyutalar kimi müasir texnologiyalardan imtina və onların tamamilə
qadağan olunması mənfi nəticələrə səbəb ola bilər”. Bunu Trend-ə "eTORO”
şirkətinin Rusiya və MDB ölkələri üzrə icraçı direktoru Georgi Verbeçki deyib. O
qeyd edib ki, öz bazarlarını kriptovalyutalara açan və onlarla işləməyi bacaran
ölkələr xeyli mənfəət əldə ediblər: "Buna misal olaraq Yaponiyanı göstərmək
olar. Son aylar ərzində Yaponiyanın kriptovalyuta bazarı əhəmiyyətli dərəcədə
artıb, lakin bu, Çinin maynerlərlə bağlı tələbləri sərtləşdirməsi və nəticədə
onların Yaponiyaya köçməsi səbəbindən baş verib”. G.Verbeçkinin sözlərinə görə,
dövlətlər bitkoin və digər kriptovalyutalarla bağlı nəzarət oluna bilməyən
risklərlə qarşılaşmaq istəmirlər, lakin bu vəziyyətdə çıxış yolu rolunu mərkəzi
banklar tərəfindən buraxılan milli kriptovalyutaların yaradılması oynaya bilər:
"Bu addım ölkənin bölgədə və dünyada rəqabətqabiliyyətliliyini xeyli artıra
bilər. Təsəvvür edin ki, Azərbaycan Mərkəzi Bankı tərəfindən blokçeyn
texnologiyası əsasında buraxılan, real ehtiyatlarla təmin edilən kriptomanat
yaradılır. Bu, sadəcə blokçeyn əsasında yaradılıb, şəffafdır və bütün
tranzaksiyalar göz qabağındadır. Emissiya mərkəzləşdirilmiş şəkildə həyata
keçirilə bilər və hansısa dövlət xidmətlərinə görə, əhalini bu kriptomanatdan istifadəyə təşviq
etməklə, ödəniş müəyyən güzəştlə kriptomanatla edilə bilər”.
İcraçı
direktor bildirib ki, bu addımın açıq-aşkar müsbət tərəfləri var: "Pul çap
etməyə, buna vəsait xərcləməyə ehtiyac qalmır. Hər şey elektron şəkildə, böyük
sürətlə baş verir. Yəni biz texnologiyanı götürürük, lakin mərkəzləşdirməni
saxlayırıq. Bəli, əhali tərəfindən emissiyaya etimadsızlıq qalacaq, çünki
bitkoinlə bağlı olduğu kimi, desentralizasiya həyata keçirilməyib. Lakin bir
addım irəli atıb, tamamilə qlobal bazara istiqamətlənmiş valyuta yaratmaq olar.
Bu, azad şəkildə konvertasiya edilə biləcək və dollardan asılılığı azalda
biləcək milli kritpovalyuta ola bilərdi. Bundan əlavə, bu hələ ki, boş qalan
sahəni tutmağa kömək edə bilərdi”. Xatırladaq ki, bir müddət əvvəl Bakıda
"Maliyyə texnologiyalarında yeni trendlər: blokçeyn, kriptovalyutalar və
təhlükəsizlik” mövzusunda keçirilmiş konfransda maliyyə texnologiyaları,
blokçeyn, kriptovalyutalar və bazardakı digər yeniliklər, həmçinin onların
tətbiqi ilə bağlı mümkün risklər müzakirə edilib.
Milli
kriptovalyutanın yaradılmasının nə qədər real olduğunu və bunun nə kimi
üstünlükləri olacağını öyrənməyə çalışdıq.
İqtisadçı Rəşad Həsənov deyir ki, bu halda həm
beynəlxalq mənzərəyə baxmaq, həm də yerli situasiyanı düzgün qiymətləndirmək
lazımdır: "Hazırda beynəlxalq sferada bəzi ölkələrin mərkəzi bankları milli
kriptovalyutanın yaradılması ilə bağlı məsələləri müzakirə edir. Hətta bu
istiqamətdə bir sıra addımlar atılıb. O cümlədən Rusiya və Belarusda MDB
ölkələri çərçivəsində yerli kriptovalyutanın yaradılması işləri aparılır. Böyük
ehtimalla, gələcəkdə əksər ölkələrin milli kriptovalyutası olacaq. Amma bununla
paralel olaraq, təbii ki, bitkoin və digər beynəlxalq kriptovalyutalardan da istifadə
ediləcək. Çünki hazırda bu ödəniş
vasitələri qlobal tədavüldə kifayət qədər özünə yer tapıb. Bu, həm milli, həm
də beynəlxalq kriptovalyutaların inkişafına şərait yaradacaqdır. Ümumiyyətlə
növbəti on il kriptovalyutanın təkmilləşməsi, onlara nəzarət mexanizminin
işlənib hazırlanması və onun rəsmi tədavülə daxil olması dövrü olacaqdır.
Düşünürəm ki, Azərbaycan da bu cür qlobal proseslərdən geri qalmamalıdır”.
Ekspert
qeyd edir ki, müəyyən araşdırmaların aparılmasına və kriptovalyutanın
öyrənilməsi ilə bağlı komissiyanın yaradılmasına start verilib: "Mərkəzi bank
da bu məsələ ilə bağlı öz mövqeyini ortaya qoyub. Bildiyim qədər ilə ölkəmizdə
milli kriptovalyutanın yaradılması üçün müəyyən işlər gedir. Amma burada
əhəmiyyətli məqamlardan biri də dövriyyə məsələsidir. Belə ki, Azərbaycanda tədavüldə
innovativ vasitələrin istifadəsinə faktiki olaraq meyillik cəmiyyətdə aşağı
səviyyədədir. Bəzi korporativ şirkətlər bu istiqamətdə işlər görürlər. Məsələn,
BP bir neçə ay bundan əvvəl açıqlama vermişdi ki, 2019-2020-ci illərdən etibarən
kriptovalyutanı ödəniş vasitəsi olaraq təsdiq etməyə başlayacaq”.
Bu
ödəniş vasitəsinin üstünlüyündən danışan iqtisadçı bildirir ki, kriptovalyuta
ilə ödəniş proseslərini çox sürətli həyata keçirmək, xərcləri minimuma endirmək
mümkündür: "Burada şirkətlər üçün imkan yaranır ki, işçi xərclərini azalda
bilsinlər. Bu baxımdan da düşünürəm ki, növbəti mərhələdə bir çox böyük şirkətlər
bu bazara daxil olacaq. Belə bir məqamda Azərbaycanın bu cür qlobal trendlərdən kənarda qalması
doğru olmazdı. Amma cəmiyyətin bunu hansı səviyyədə qəbul etməsi və yerli
kriptovalyuta yarandığı təqdirdə, onun
dövriyyəsinin necə olması hazırda
müəyyən qədər müzakirə mövzusu ola bilər. Çünki ölkəmizdə nağdsız ödəniş
sisteminin formalaşması çox çətin baş verir. Ümumi dövriyyənin 1 faizdən az bir
hissəsi nağdsız şəkildə həyat keçirilir. Amma məsələyə qlobal yanaşsaq, dünyada
bu proses yaxın gələcəkdə baş tutacaq. Yəni trendləri önləyə bilməyən mərkəzi banklar
milli kriptovalyutaları yaradacaq. Hətta bu istiqamətdə federal ehtiyat
sistemində, Avropa mərkəzi bankında da işlər görülməyə başlanılıb”.
Günel
Azadə