• cümə, 26 Aprel, 08:17
  • Baku Bakı 12°C

Bələdiyyədən quyu, dövlətdən isə kartofu xilas etmək üçün yardım istədilər

03.11.14 14:44 1352
Bələdiyyədən quyu, dövlətdən isə kartofu xilas etmək üçün yardım istədilər
“Bizim kəndin bələdiyyəsi ölkənin ən bacarıqlı bələdiyyələrindən biridir”. Bu fikri Tovuz rayonu Əyyublu kənd sakinləri bələdiyyə seçkilərinə həsr olunmuş görüşdə səsləndiriblər. İnkişafa Doğru İnteqrasiya İctimai Birliyinin təşkil etdiyi görüşdə bələdiyyə seçkilərinə hazırlıq, bu qurumların əhəmiyyəti və digər məsələlərdən söz açılıb.
Görüşdə iştirak edən Əyyublu kənd bələdiyyəsi sədrinin müavini Cəlal Əhmədov rəhbərlik etdiyi qurumun gördüyü işlər, üzləşdiyi problemlər haqqında danışıb. Onun sözlərinə görə, kəndin 12 minə yaxın əhalisi var, bələdiyyə daim onların müraciətlərinin həllinə çalışır: “Bələdiyyələr əhali ilə sıx işləyir, hər dərdlərinə şərik olmağa çalışırıq. İcra nümayəndəsi ilə də əməkdaşlığımız var. Sadəcə, bəzən edilən müraciətləri həll etməyə maliyyə vəsaiti və səlahiyyətimiz çatmır”.
Görüşdə qeyd olunub ki, yaxın vaxtlarda Milli Məclisdə bələdiyyələrin səlahiyyətlərinin artırılması məsələsinə baxılacaq və müvafiq qərarın qəbul edilməsi bu şəbəkənin daha aktiv işləməsinə təkan verəcək.
Əyyublu kənd sakinləri bələdiyyənin görə biləcəyi işlər sırasında ilk növbədə artezian su quyusunun qazılmasının vacibliyini önə çəkiblər. Əsasən əkinçiliklə dolanan kənd camaatı suvarma suyunun çatışmazlığının çox ciddi problemlərə səbəb olduğunu bildiriblər. Bələdiyyənin həm də zibilyığan maşına ehtiyacı olduğunu açıqlayıblar. Digər məsələ isə Əyyublu kəndində əkilən kartof məhsulunu məhv edən kəpənək xəstəliyi ilə bağlı olub. Kənd sakinləri bu məsələdə dövlət səviyyəsində yardımın zəruri olduğunu bildiriblər.
Qeyd edək ki, bələdiyyə seçkiləri ilə bağlı görüş İnkişafa Doğru İnteqrasiya İctimai Birliyinin icra etdiyi “bələdiyyə seçkiləri” layihəsi çərçivəsində icra olunur. Layihə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşir. 3 ay davam edən layihə boyunca ölkənin bir sıra bölgələrində seçkilərlə bağlı maarifləndirmə görüşləri, təlimlər keçirilib, bukletlər nəşr olunub.

banner

Oxşar Xəbərlər