• cümə, 26 Aprel, 11:29
  • Baku Bakı 12°C

2016-cı ildə neftin qiyməti 50 dollardan baha olmayacaq

11.05.16 12:15 1500
2016-cı ildə neftin qiyməti 50 dollardan baha olmayacaq
Ötən ayın əvvəllərindən başlayaraq neftin qiymətinin 48 dollaradək artmasına baxmayaraq, son günlərdə "qara qızıl”ın məzənnəsinin sürətlə azalması müşahidə edilir. Belə ki, Londonun "ICE Futures" birjasında "Brent" markalı neftin qiyməti 4,21% azalaraq 43,46 dollara qədər enib. Hələlik neftin qiymətin enməsi tendensiyası davam etməkdədir. Bəs ümumiyyətlə, neftin qiymətinin aşağı düşməsinə hansı amillər təsir etdi? Yaxın gələcək üçün neftin qiymətləri ilə bağlı hansı proqnozlar gözlənilir?
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban qəzetimizə verdiyi açıqlamada bildirdi ki, ucuzlaşmaya səbəb olan əsas amil Amerikanın neft ehtiyatlarının artmasıdır: "Amerika Enerji Agentliyinin bu günlərdə növbəti hesabatı açıqlanacaq və bu hesabatla bağlı gözləntilər onu göstərir ki, Amerika bazarında ehtiyat artımı olacaq. Məhz bu səbəbdən treyderlər bazarda daha çox neftin satılması əməliyyatına start veriblər. Buna görə də neftin qiymətinin ucuzlaşması prosesi müşahidə edilir. Digər tərəfdən, Kanadanın Alberta ştatında baş verən meşə yanğınları neft hasil edilən ərazilərə təhlükə törətdi. Nəticədə bir müddət neft ixracında problem yarandı. Bu səbəbdən qiymətlər bahalaşdı. İndi həmin yanğın söndürülür və bu da qiymətin əvvəlki səviyyəyə qayıtmasına təsir edir”.
Ekspertin sözlərinə görə, iyunda OPEC ölkələrinin nəzərdə tutulan görüşü neftin qiymətinə müəyyən qədər təsir edəcək. O qeyd etdi ki, OPEC ölkələri bu görüşdə yeni kvotalar müəyyənləşdirəcək: "Yeni kvotaların elan edilməsi bazara sözsüz ki, təsirsiz ötüşməyəcək. Bazar iştirakçıları bu təsirin azalma fonunda baş verəcəyini ehtimal edir. Burada söhbət OPEC ölkələrinin hasilatı azaltmaq haqqında qərar qəbul etməsindən gedir. Bütün bu proseslərin fonunda isə ilin ikinci yarısında bazarda neftin qiymətinin artması istiqamətində bir proses başlamalıdır. Bazar iştirakçılarının gözləntiləri də məhz bundan ibarətdir. Bazarda qiymətin dəyişməsi üçün fundamental əsas, tələb və təklifin necə olmasından asılıdır”.
İ.Şabanın sözlərinə görə, hazırda ABŞ-da, Latın Amerikası ölkələrinin ən böyük neft hasilatçısı olan Meksika və Venesuelada, Afrikanın ən böyük hasilatçısı olan Nigeriyada və Liviyada neft hasilatının azalması müşahidə edilir. Digər tərəfdən, İran sanksiyalardan əvvəlki səviyyəyə nail olduqdan sonra hasilatın dondurulması təklifinə müsbət yanaşacağını açıqlayıb: "Yəni, İranın 4 milyon barel həddini keçməmək və 2,3 milyon barel civarında ixrac həcminin saxlamaq arzusu bazar üçün müsbət siqnaldır. Bundan başqa, Rusiyada neft hasilatının ilin ikinci yarısında azalmağa başlayacağı proqnoz edilir. Bu tendensiyaya baxdıqda, proqnoz etmək olar ki, təqribən sentyabr ayında neftin qiymətləri artmağa başlayacaq”.
İqtisadçı alim Vüqar Bayramov da qiymətlərdəki dəyişikliklərin neft ixrac edən ölkələrdə baş verən proseslərlə bağlı olduğunu qeyd etdi: "Aprel ayında baş tutan Doha görüşündən sonra neftin qiymətinin azalacağı ehtimal olunsa da, bunun əksi müşahidə olundu. Qiymətlərə təsir edən amillərdən biri də Küveytdə baş verən tətil ilə bağlı olaraq hasilatın azaldılması oldu. Həmçinin, Amerikada da neft hasilatında azalmalar oldu ki, bu da birbaşa bazara çıxarılan neftin həcminin azalmasına gətirib çıxardı”.
İqtisadçının sözlərinə görə, son ucuzlaşmaya təsir edən amillərdən biri də Səudiyyə Ərəbistanının neft nazirinin ölkəsinin hasilatı azaltmayacağı barədə verdiyi açıqlama olub. Belə ki, bu açıqlama bazara psixoloji olaraq təsir göstərib: "Lakin hələlik hasilat artmayıb və bu, yenidən qiymətlərin bərpa olunmasına səbəb oldu. Buna baxmayaraq, İraq, İran kimi ölkələrdə hasilatın artımı müşahidə olunur ki, bu da qiymətlərin dəyişməsinə səbəb olur”.
İlin ikinci yarısı üçün qiymətlərin necə olması barədə proqnoz verməyin çətin olduğunu deyən ekspertin sözlərinə görə, neftin qiyməti 2016-cı ildə təxminən 45-50 dollar arasında dəyişəcək: "İran və Səudiyyə Ərəbistanı arasında olan konflikt birbaşa bazara öz təsirini göstərir. BP və Beynəlxalq Enerji Akademiyasının proqnozlarına görə, neftin qiyməti 2016-cı il üçün ümumilikdə 45-50 dollar arasında dəyişəcək. Amma yenə də qeyd etmək lazımdır ki, sözügedən ölkələr arasında olan konflikt qiymət dəyişiminə ciddi şəkildə öz təsirini göstərir. İyun ayında keçiriləcək görüşün hansı nəticə verəcəyi də məhz bu iki ölkənin münasibətlərindən asılıdır. Doha görüşü zamanı razılığın əldə olunmaması da məhz bu faktorla bağlı idi. Ümumilikdə isə bu konfliktin davam etdiyi müddətdə OPEC-in hər hansı bir razılığa gəlməsi o qədər də real görünmür”.
Sonda V.Bayramov onu da bildirdi ki, Azərbaycan üçün neftin qiymətinin stabilləşməsi daha məqsədəuyğundur. Belə ki, bu stabilləşmə imkan verəcək ki, ölkənin gəlirliliyi stabil şəkildə təmin olunsun.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər