Rəssamlar İttifaqının üzvü, tanınmış rəssam Günay Mehdizadə yaradıcılığının
20 illiyi münasibətilə yeni layihəsini təqdim etdi.
Bu məqsədlə təşkil edilən tədbirdə rəssam bir çox məqamları açıqladı.
Əl işlərini təkcə Azərbaycanda deyil, xarici ölkələrdə də uğurla nümayiş
etdirən Günay Mehdizadə, Azərbaycan mədəniyyətinin, milli-mənəvi dəyərlərimizin
təbliği üçün bir neçə layihə gerçəkləşdirdiyini dedi. Rəsm, əsərlərinin
beynəlxalq məkanda müxtəlif ölkələrin sənətşünasları və bu sahənin təmsilçiləri
tərəfindən maraqla qarşılanmasının, onun üçün böyük sevinc olduğunu bildirdi:
"İnanıram ki, Azərbaycan mədəniyyəti adına daha böyük uğurları vətənimə və
xalqıma bəxş edə biləcəyəm. Burada yubiley tədbirindən ziyadə yığışmağımızın
məqsədi həm də odur ki, aprelin 14-də Azərbaycanın nüfuzlu şəxslərdən ibarət nümayəndə heyəti Türkiyədə keçiriləcək
beynəlxalq teatr müsabiqəsində iştirak edəcək. Azərbaycanı tərtibatçı-rəssam
qismində mən təmsil edəcəyəm. Bu, məktəblərarası beynəlxalq teatr festivalı
olacaq. Biz bu festivala Azərbaycan Milli Konservatoriyası yanında İncəsənət
Gimnaziyasının şagirdləri ilə qatılacağıq”.
Tədbirdə çıxış edən Azərbaycan Milli Konservatoriyası yanında
İncəsənət Gimnaziyasının Teatr şöbəsinin müdiri Hicran Sadıqzadə Günay
Mehdizadənin yaradıcılığından, onun müasir Azərbaycan rəssamlıq sənətində
özünəməxsus yerindən söz açdı: "Günay Mehdizadə müasir rəssamlar içərisində
özünəməxsus üslubu, dəsti-xətti olan, geniş yaradıcılıq imkanlarına malik, çox
istedadlı bir rəssamdır. Onun Rusiyada, Almaniyada, İspaniyada, dəfələrlə
Türkiyədə fərdi sərgiləri yüksək şəkildə nümayiş etdirilib. Bir azərbaycanlı
olaraq, bu, bizim üçün çox böyük fəxr hissidir ki, Günay xanımın 2014-cü ildə
hazırladığı Mustafa Kamal Atatürkün portreti hazırda Ankarada, onun ev
muzeyində sərgilənir, eyni zamanda, Türkiyə Cümhuriyyətinin milli sərvəti elan
olunub. Ən sevindirici hallardan biri budur ki, Günay Mehdizadə çoxşaxəli
yaradıcılıq diapazonuna malik rəssamdır. O, həm modern, avanqard, həm klassik,
həm portret, həm də miniatür janrında rəsmlər çəkir. Bu o deməkdir ki, onun
xüsusi baxışı, xüsusi tərzi var. Onun bir sıra əsərləri Türkiyənin ayrı-ayrı
muzeylərində sərgilənir. Onun "Xocalı” əsəri olduqca dəyərlidir. O, xalqımızın
bu faciəsinə özünəməxsus tərzdə yanaşıb. Əsərdə sanki bizim qələbəmiz öz əksini
tapır. Personajları çox olan bu əsərdə Azərbaycan bayrağı yüksəkliyə sancılıb.
Bu o deməkdir ki, biz gec-tez o bayrağı o torpaqlara sancacağıq. Rəssam özü
buna inanır və tamaşaçısını da inandırır. Günay Mehdizadənin 2012-ci ildə
"Tarix və şəxsiyyət” kitabına daxil edilən "Novruz” əsəri də xalqımızın milli
bayramına bir rəssamdan əlavə, bir xanımın, vətənini və onun keçmişini,
adət-ənənələrini sevən, onları öz fırçasında yaşadan vətəndaşın baxışıdır.
Orada Azərbaycan ab-havasını hiss etdirən rəng çalarları var. Bu, heç də
təsadüfi deyil ki, Günay Mehdizadə həm Azərbaycanın, həm də Türkiyənin rəssamı
elan olunub. Biz inanırıq ki, vaxt gələcək o, bütün dünyanı öz fırçası ilə fəth
edəcək”.
O qeyd edib ki, Günay Mehdizadənin İzmirdə "Azərbaycan qardaşlıq və
iş birliyi dərnəyi”nin fəxri üzvü seçilməsi, onun sənət uğurları ilə yanaşı,
həm də son illərdə Türkiyə və Azərbaycan arasında "mənəvi körpü” rolunu
oynamasının dəyərləndirilməsi kimi qəbul olunur. Onun Türkiyənin qurucusu
Atatürkə həsr etdiyi portretin bu gün görkəmli dövlət xadiminin Ankaradakı
ev-muzeyində sərgilənən yeganə rəssamlıq əsəri olması da, ilk növbədə
azərbaycanlı yaradıcının istedadına olan rəğbətin ifadəsidir.
Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət müşaviri İrfan
Çiftçi bildirib ki, Günay Mehdizadənin əsərləri fərqli ölkələrdəki sərgilərdə
özəlliyi ilə dünyaya açıldı və bu da böyük diqqət çəkdi. Çünki ortada universal
əsərlər var. Mövzular gerçək tərzi ilə orijinaldır. Bu əsərlərdə miniatürdən
gələn rəng, xətlər, xalq rəsmi texnikası, həqiqi tərz müşahidə olunur. Onun
sözlərinə görə, Günay Mehdizadə öz üslubu, yaradıcılıq potensialı və
müraciət etdiyi mövzuları ilə təkcə Azərbaycanda deyil, Türkiyədə də çox
sevilir: "Günay xanım həqiqətən də modern Azərbaycan rəssamlığında özünəməxsus,
çox incə, zərif milliliyi və universal tərzi olan rəssamdır. Həm texniki, həm
də tematik baxımdan rəsmləri cəlbedicidir. Onun avanqard, modern, klassik və
milli əsərləri diqqətdən kənarda qala bilməz. Bu çərçivədə bunlar hələ
yeni-yeni gün işığına çıxır. Onun bu üslubu çox dərin və peşəkar mənbədən
qidalanır. Günay xanımın müəllimi, Azərbaycan rəssamlıq sənətində öz adını
tarixə yazdıran Bəyimxanım Hacıyevanın tərzini onun əsərlərində görmək
mümkündür. Onlarla yanaşı, Günay xanımın əsas müəllimlərindən biri də Sara
Oğuzdur. Ondan gələn sufi temalar da var ki, bu, onun əsərlərinə başqa bir hava
verir. Ona görə də Günay xanımın əsərlərinə baxanda həm Qərbin, həm də Şərqin
cizgilərini görmək mümkündür. Günay xanım müasir fikirləri olan bir sənətçidir,
buna görə də ondan mədəniyyət sahəsində daha böyük, yaradıcı işlər
gözləyirik”.
Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan
Əliyev qeyd edib ki, Günay Mehdizadənin yaradıcılıq bioqrafiyasında önəmli
hadisələrdən biri rəssamın "Atatürkün portreti” əsəri Ankarada fəaliyyət
göstərən "Atatürk evi” muzeyinin daimi ekspozisiyasında nümayiş üçün qəbul
olunmasıdır: "Günay Mehdizadənin "Atatürkün portreti” əsəri ekspozisiyada yeni
və ilk bədii nümunədir. Kətan üzərində yağlı boya ilə 2014-cü ildə
çəkilmiş portret 80x60 sm ölçüsündədir. Kompozisiyanı Atatürkün obrazı və onun
adı ilə bağlı müxtəlif tikililərin təsvirləri təşkil edir. Rəngli portret
ağ-qara cizgilərlə çəkilmiş memarlıq abidələrinin fonunda cəlbedici və təsirli
baxılır. Əsərdə realizm ənənələrinin geniş bədii ümumiləşdirmələrlə qovşağı çox
təsirli və duyğulandırıcıdır. Azərbaycan Rəssamlar İttifaqının üzvü olan Günay
Mehdizadə yaradıcılığı maraqla izlənən gənclərdən biridir. Rəssamın müxtəlif
sərgilərdə nümayiş olunan əsərlərinə tamaşaçı marağı da bunu təsdiqləyir.
2013-cü ildə gənc Azərbaycan rəssamlarının Milanda (İtaliya) keçirilən
sərgisində iştirakı və 2014-cü ildə Konyada (Türkiyə) təşkil olunan beynəlxalq
simpoziuma dəvət olunması onun yaradıcılığına olan marağın ifadəsidir”.
O deyib ki, mövzu seçimindən tutmuş, onların bədii şərhinə kimi milli
dəyərlərimizə tapındığını sərgiləməkdə davam edən Günay Mehdizadəni müxtəlif
ovqatlı bu əsərlərində - yığcam detallardan təşkil olunmuş kompozisiyalarında
koloritli adət-ənənələrimizin, zəngin etnoqrafiyamızın və geyim
mədəniyyətimizin bilicisi kimi görürük. İstedadlı fırça ustasının rənglərin
harmoniyasını uğurla ovqat ifadəsinə yönəldə bilməsini də onun qədim ənənələrə
yaradıcı münasibətinin nəticəsi saymaq olar.
"YARAT” Müasir İncəsənət Mərkəzinin ictimaiyyətlə əlaqələr
departamentinin direktoru Hökümə Kərimova isə vurğulayıb ki, Günay Mehdizadənin
əsərlərində Azərbaycan koloritləri, mentaliteti açıq-aydın hiss olunur: "Qədim
miniatürlərlə anım yaradacaq əsərlər yaratmaq hər bir rəssamdan milli
bədii-fəlsəfi dəyərlərimizə, Şərq və müsəlman mədəniyyətinə dərin bələdçilik
tələb edir. İndiki durumda Günay Mehdizadənin müxtəlif mövzulu əsərlərində
həmin əski ənənələrə yaxınlıq, onların müasir təfsirinə meyl duyulur”.