• cümə, 26 Aprel, 10:57
  • Baku Bakı 12°C

2 milyard manata yaxın güzəştli kredit və qeyri-neft sektoru

27.12.16 11:30 1575
2 milyard manata yaxın güzəştli kredit və qeyri-neft sektoru
Ötən 13 ildə 43 mindən çox sahibkarın iştirakı ilə 320-yə yaxın işgüzar forum keçirilib. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 32 mindən çox sahibkarlıq subyektinin ümumi dəyəri 4 milyard manat olan layihələrinin icrasına 1,9 milyard manatdan çox güzəştli kredit verilib. Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayevin "Azərbaycan” qəzetində dərc olunan məqaləsində deyilir.
Bu dövrdə müasir texnologiyalara əsaslanan 420-dən çox, o cümlədən 23 cins heyvandarlıq, 44 quşçuluq, 15 iri taxılçılıq, 60 müasir istixana, 23 intensiv bağçılıq, tingçilik, çayçılıq və 16 üzümçülük təsərrüfatları, 10 süd, 9 ət və 16 meyvə-tərəvəz emalı zavodu, 51 logistik mərkəz, 23 taxıl anbarı kompleksi, 29 çörək zavodu, 25 tikinti materialları və 9 yüngül sənaye məhsullarının istehsalı, 70-dən çox digər istehsal və emal müəssisələrinin yaradılmasına 1,2 milyard manat güzəştli kredit verilib. Son 13 ildə güzəştli kreditlər hesabına maliyyələşdirilmiş layihələr 143 minə yaxın yeni iş yerinin açılmasına imkan yaradıb.
İqtisadçı alim Vüqar Bayramov qəzetimizə açıqlamasında bildirdi ki, sahibkarlığın inkişafı üçün güzəştli kreditlərin verilməsi vacibdir: "Biz təkliflərimizdə də hər zaman güzəştli kreditlərin həcminin genişləndirilməsini və sahibkarların xüsusilə də kiçik və orta müəssisələrin kredit resurslarına çıxış imkanlarının artırılmasının vacibliyini bildirirdik. Söhbət kifayət qədər böyük məbləğdə kreditlərin verilməsindən gedir. Aydındır ki, həmin kreditlərdən faydalanan sahibkarlar var. Onu da nəzərə alaq ki, kreditlər prioritet istiqamətlər üzrə təqdim olunmuşdu”.
İqtisadçı deyir ki, kreditlərin verilməsi ilə bağlı aparılan monitorinqlər nəticəsində bir sıra məqamların diqqətə alınması və təkmilləşdirilməsinə ehtiyac olduğu ortaya çıxır. Onun sözlərinə görə, kreditləşmə ilə bağlı aparılan monitorinqlər göstərir ki, daha çox kiçik və orta deyil, orta və böyük müəssisələrin bu kreditləşmədən faydalanması qeydə alınıb: "Bu da birbaşa onunla bağlı olub ki əksər kredit xəttləri üzrə kredit məbləğləri böyük olur. Buna görə də kiçik müəssisələrin həmin kreditləri idarə etməsi praktiki olaraq mümkün deyil. Nəticədə güzəştli kreditlər orta və bəzi hallarda iri sahibkarlar üçün əlçatan olub. Kiçik sahibkarların faydalanma imkanları nisbətən məhdud olub”.
V.Bayramov bildirdi ki, kreditləşmə mexanizmində xüsusilə də girovların tətbiq edilməsi və müddətin qısa olması diqqəti cəlb edir: "Həmin kreditlərin demək olar ki, hamısında girov tələb edilib. Kiçik sahibkarların, xüsusilə sahibkarlığa yeni başlayanların girov təklif etməsi ilə bağlı çətinlikləri olurdu və yenə də var. Bu baxımdan, xüsusilə kiçik sahibkarlar üçün girovsuz kreditlərin təklif edilməsi mexanizminin tətbiq olunması vacibdir. Bu zaman dövlət kiçik sahibkarlar üçün müəyyən kreditlərə zəmanətin verilməsini öz üzərinə götürərdi və nəticə etibarilə kiçik sahibkarların girovsuz kreditdən istifadə imkanlarının yaradılmasına ehtiyac var”.
İqtisadçı onu da bildirdi ki, eyni zamanda kreditlərin verilməsində şəffaflığın gücləndirilməsinə ehtiyac var: "Son illər şəffaflığın artırılması müşahidə olunsa da, xüsusilə kreditlərin verilməsində elektron xidmətlər tətbiq olunsa belə, kreditlərin tam şəffaf şəkildə bölüşdürüldüyünü söyləmək mümkün deyil. Şəffaflığın genişləndirilməsi, hesabatlılığın artırılmasına ehtiyac var. Bu, sahibkarların hər hansı süni baryer olmadan sözügedən kreditlərdən istifadə imkanları əldə etmələrinə imkan verər. Bütövlükdə kreditləşmə mexanizminin mövcudluğu, sahibkarlara kreditlərin təklif edilməsi müsbət haldır. Amma postneft dövründə həmin kreditləşmə mexanizmlərinin təkmilləşdirilməsinə və kreditlərin daha təkmil və daha əlçatan formada sahibkarlara təklif edilməsinə ehtiyac var”.
İqtisadçı Oqtay Haqverdiyev deyir ki, sahibkarlara güzəştli kreditlərin verilməsi qeyri-neft sektorunun inkişafına bir dəstəkdir: "Sahibkarlığa Kömək Milli Fondunun kreditləri sahibkarlara yardım məqsədi daşıyır. Amma bunu bütün iqtisadiyyata yaymaq mümkün deyil. O zaman gərək bank sistemi ümumiyyətlə, işləməsin. Eyni zamanda imkan dairəsində sahibkarlara güzəştli yardım edilməsini genişləndirmək lazımdır. Bu fondun imkanı artdıqca, daha böyük layihələrə uzunmüddətli güzəştli kreditlər verilməsi məqsədəuyğun olar. O mənada ki qeyri-neft sektorunun inkişafı daha sürətlə getsin”.
O.Haqverdiyev bildirdi ki, fondun ayırdığı maliyyənin qeyri-neft sektorunda daha çox nailiyyət əldə etməyə imkan verməsi üçün yardımların istiqaməti də diqqətdə olmalıdır: "Sahibkarlara yardım deyəndə yalnız pomidorun emalı, yaxud hansısa heyvandarlıqla bağlı layihə düşünülməməlidir. Sözsüz, o sahələrə də dəstək olmalıdır. Amma elm tutumlu, nanotexnologiyaya əsaslandırılmış layihələrə diqqət daha çox olmalıdır. Düzdür, o cür layihələr çox bahalı olur, amma gələcək o sahələrdə daha yaxşıdır. Neftə alternativ olan sahələrdir. Pomidorun emalı ilə neftin gəlirlərini yanaşı tutmaq olmaz. Qeyd etdiyim sahələrin inkişafı daha çox diqqətdə olmalıdır, amma imkan çərçivəsində”.
Aygün

banner

Oxşar Xəbərlər