• cümə, 26 Aprel, 05:05
  • Baku Bakı 16°C

1 tonu 250 manata taxıl

22.06.16 13:05 2449
1 tonu 250 manata taxıl
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün 2016-cı ildə ölkədə istehsal olunmuş yüksək keyfiyyətli buğdanın tədarükünü elan edib.
Nazirliyin mətbuat xidmətinin yaydığı məlumata görə, FHN-in Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün "Səngəçal Taxıl Elevatoru”, "Gəncə Taxıl Elevatoru”, "Abşeron Taxıl” MMC, "Dəvəçi-Dəyirman MMC”, "Karat-Holdinq”, "Karmen MMC”, "Gəncə-Dəyirman” MMC, "N.Quliyev adına Bakı-Taxıl” ASC, "Aveta” MMC, "Neon” firması, "EL” kiçik müəssisəsi, "Pak-Nur” Firması, "Xırman” Firması, "Rəşad” firması və "Svinks” MMC müəssisələri vasitəsilə cari ilin iyunun 21-dən sentyabrın 1-nə kimi yerli buğda istehsalçılarından qiyməti bir ton üçün 250 AZN olmaqla Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli 105 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş Dövlət Taxıl Fonduna tədarük olunan taxıl üçün qəbul edilmiş keyfiyyət göstəricilərinə cavab verən buğda qəbul edəcək. Taxıl bazarının konyunkturuna müvafiq olaraq qiymət dəyişə bilər.
Belə ki, buğda dəninin naturası, alaq otları (zibil) qarışığı, dən qarışığı, nəmlik faizi, yapışqanlıq, şüşəvarilik, iy və dad, anbar ziyanvericiləri ilə sirayətlənmə və s. bir çox göstəricilərilə bağlı müəyyən standartlar var. Tədarüklə bağlı elanda bildirilir ki, qeyd olunan keyfiyyət göstəricilərinin tələblərinə cavab verməyən və məhsulun keyfiyyət göstəriciləri barədə akkreditə olunmuş laboratoriyadan sertifikatı olmayan buğda məhsulu qəbul edilməyəcək.
"1 ton üçün 250 manat”
FHN-in Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üzrə İdarənin rəisi Zülfüqar Məmmədov ötən gün taxıl tədarükünə başlanması ilə bağlı mətbuat konfansı keçirib. APA-nın məlumatına görə, Z.Məmmədov bildirib ki, ölkə üzrə 15 qəbul məntəqəsində, "Səngəçal Taxıl Elevatoru", "Gəncə Taxıl Elevatoru" və digər elevatorlarda buğda qəbulu həyata keçirilir: "Biz bu il qəbul məntəqələrində Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin nümayəndələrinin iştirakını məqsədəmüvafiq hesab etmişik. Məntəqələr elə seçilib ki, ölkənin bütün regionları əhatə etsin və fermerlər məhsulu uzaq məsafəyə daşımadan təhvil verə bilsin".
Z.Məmmədov fermerlərdən yalnız yüksək keyfiyyətli buğda tədarük edildiyini bildirib: "Bəzən istehsalçılar yanlış olaraq taxıl biçilən kimi bu məhsulu gətirib təhvil verirlər. Yaxşı olar ki, fermerlər İqtisadiyyat Nazirliyi və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində akkreditə olunmuş laboratoriyalara müraciət etsinlər və analiz nəticələri Nazirlər Kabinetinin qərarına uyğundursa, qəbul məntəqələrinə gətirib təhvil versinlər. Laboratoriyalarda məhsulun keyfiyyətinin yoxlanılması ödənişsizdir. Bəzən bizə təklif olunan buğdaların keyfiyyət göstəriciləri Nazirlər Kabinetinin təsdiq etdiyi keyfiyyət göstəricilərinə uyğun gəlmir. Çünki bəzi hallarda fermerlər baha satmaq üçün məhsulu müəyyən müddət saxlamağa çalışır. İdeal saxlanma şəraiti olmadığına görə məhsullara xəstəlik düşür və məhsul yararsız vəziyyətə düşür".
Z.Məmmədov əlavə edib ki, iyun ayının 21-dən sentyabr ayının 1-ə kimi yerli buğda istehsalçılarından qiyməti 1 ton üçün 250 manat olmaqla Dövlət Taxıl Fonduna buğda qəbul ediləcək: "Fermerlərdən yüksək keyfiyyətli buğda həm qonşu ölkələrdən, həm də yerli bazardakı qiymətdən 20-30 manata baha alınır. Bu da yerli fermerlərin taxıl istehsalına marağını artırmaq və yerli istehsalı stimullaşdırmaq məqsədi daşıyır".
"Azərbaycanda istehsal olunan taxılın keyfiyyətində problemlər var”
Millət vəkili Vahid Əhmədov qəzetimizə açıqlamasında bildirdi ki, Azərbaycanda istehsal olunan taxılın keyfiyyətində problemlər var. O mənada ki, istehsal olunan taxılın hamısı qida üçün yararlı deyil: "Keyfiyyəti standartlara cavab vermədiyi üçün qida üçün yararlı taxıl kimi qəbul edilmir. Ona görə də Azərbaycanda təxminən 2 milyon yarım tona yaxın taxıl istehsal edilirsə, onun 1 milyona yaxını qida üçün yararlı olur. Qalan taxıl isə başqa yemlər üçün istifadə edilir”.
V.Əhmədov deyir ki, yüksək keyfiyyətdə taxıl istehsal olunması üçün lazım olan işlər aparılır: "Sahibkarlar çalışırlar ki, əkdikləri taxıl qida üçün yararlı olsun ki, sata bilsinlər. Taxıl Fondu taxılı tədarük edir. Bunun üçün qiymət də müəyyənləşdirilib. Tonu 250 manat olacaq və bunu normal qiymət hesab etmək olar. Bu, insanları daha çox qida taxılı əkməyə həvəsləndirir.
Məhsulun yüksək keyfiyyətdə olması isə daha çox əkin sahəsindən asılıdır. İmişlidə iri fermer təsərrüfatları yaradırlar. Hektardan 50-60 sentner taxıl alırlar. Amma orta hesabla Azərbaycanda 25-30 sentner taxıl əldə edilib. Məhsuldarlıqda artım əldə edilir. Məhsulun keyfiyyəti isə əkilən torpaqdan asılıdır. Burada meliorasiya işlərinə diqqət edilməlidir. Bu işlər hazırda aparılır. Ölkə başçısının tapşırığına əsasən, Azərbaycanın özünü taxıl ilə tam təmin etməsi sahəsində işlər görülür. Buna imkanımız var. Müvafiq qurumlar bu istiqamətdə müəyyən işlər aparırlar”.
Millət vəkili onu da bildirdi ki, taxılçılıq əsasən Beyləqan və İmişlidə olsa da, bütün bölgələrdə bu məhsul yetişdirilir.
Yüksək keyfiyyətli taxıl necə əldə edilməlidir?
Əkinçilik Elmi Tədqiqat İnstitutunun ümumi işlər üzrə direktor müavini, aqrar elmlər üzrə fəlsəfə doktoru Şikar Əhmədov deyir ki, məhsuldar sortlardan istifadə edilsə, eyni zamanda sortların becərmə texnologiyası düzgün aparılsa, yüksək keyfiyyətli və bol məhsul əldə etmək olar: "Azərbaycanda bərk və yumşaq növ buğdalar əkilir. Makaron, peçenye kimi məhsullarda bərk, çörək hazırlanmasında isə yumşaq buğdalardan istifadə edilir. Çörəyin keyfiyyətinin yüksək olması üçün yığımdan sonra ən azı bir ay müddətində buğdanı anbarda saxlamaq lazımdır. Bu zaman buğda tam yetişməyə doğru gedir və ondan yüksək keyfiyyətli məhsul əldə etmək olur”.
Ş.Əhmədovun sözlərinə görə, yüksək keyfiyyətli məhsul əldə edilməsi üçün iqlim şəraitinin, əkilən torpağın keyfiyyətinin və məhsul yetişdirildiyi dövrdə hava şəraitinin necə olmasının böyük rolu var: "İlk növbədə torpağın qidalanma şəraitini, aqrar kimyəvi göstəricilərini təyin etmək lazımdır. Bu zaman torpaqda nə qədər qida elementi olması müəyyənləşdirilməlidir. O göstəriciyə əsasən də taxıla qida verilməlidir. Eyni zamanda səpin normalarının, səpin müddətinin də məhsuldarlığın keyfiyyət göstəricilərinə böyük təsiri var. Bir də hər bir bölgənin torpaq, iqlim şəraitinə uyğun sortlar əkmək lazımdır. Hər sortu istənilən bölgədə əkmək olmur. Elə sort var ki, bəzi bölgələrin torpaq iqlim şəraitinə uyğun deyil deyə, orada yaxşı keyfiyyətdə məhsul vermir, amma bəzi bölgələrdə əksi olaraq yüksək keyfiyyətdə məhsul əldə edilir.
Bitkilərin məhsuldarlığına havanın necə keçməsinin də böyük təsiri var. Havalar yaxşı keçməzsə, nəmlik, yaxud quraqlıq çox olarsa, təbii ki, məhsulun keyfiyyətinə, məhsuldarlığa da təsir edə bilir. Taxıl əkilərkən yaxşı qidalandırılıbsa, becərmə texnologiyalarına düzgün riayət edilibsə, həmin bölgədə yüksək keyfiyyətli bol məhsul əldə etmək olar”.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər