• çərşənbə axşamı, 09 iyun, 08:28
  • Baku Bakı 22°C

Zəka yönümlü cəmiyyətə keçid strateji seçimdir - MÜSAHİBƏ

31.01.26 03:07 635
Zəka yönümlü cəmiyyətə keçid strateji seçimdir - MÜSAHİBƏ

Vasif Eyvazzadə: “Hazırda güc artıq yalnız təbii sərvətlərdə deyil. Əsas resurs insan beynidir, düşünmə qabiliyyətidir və ideyadan dəyər yaratmaq potensialıdır”.

“İnkişaf etmiş ölkələrin bugünkü yüksək səviyyəyə çatmasının əsas səbəbi onların zəngin təbii ehtiyatlara malik olması deyil, məhz zəka, ağıl, təhsil və elmin gücünə verdikləri dəyərdir”. Bu sözləri Prezident İlham Əliyev jurnalistlərə son müsahibəsində qeyd edib. Prezidentin sözlərinə görə, tarix göstərir ki, insan kapitalına yatırım edən dövlətlər davamlı və dayanıqlı inkişaf yolunu seçmiş olurlar.

XXI əsrdə güc artıq yalnız təbii sərvətlərdə deyil, insan beynində və ideyadan dəyər yaratmaq potensialındadır. Bu baxışdan çıxış edərək, Azərbaycanda zəka yönümlü cəmiyyət modelinə keçidin perspektivlərini öyrənmək üçün Vasif Eyvazzadə ilə söhbət etdik. O, ABŞ-də “Chartered Culture and Education Institute”nin (CCEI – Mədəniyyət və Təhsil İnstitutu) təsisçisi və rəhbəridir. Bu institut zəka yönümlü cəmiyyətin formalaşmasına xidmət edən düşüncə və təhsil platformasıdır.

“Biz nə bilirik?” yox, “bildiyimizlə nə yarada bilirik?” 

- Vasif bəy, bu gün tez-tez səslənən “zəka yönümlü cəmiyyət” anlayışı nədir? Zəka yönümlü cəmiyyət dedikdə, nə nəzərdə tutulur?

- Zəka yönümlü cəmiyyət diplomların sayının çoxluğu və ya formal təhsilin genişlənməsi demək deyil. Bu anlayış düşünmə mədəniyyətinin institusionallaşdığı bir inkişaf modelini ifadə edir. Belə cəmiyyətlərdə əsas diqqət informasiyanın ötürülməsinə deyil, analitik düşünmə, sistemli yanaşma, qərarvermə, problem həll etmə və intellektual məhsullardan real dəyişiklik yarada biləcək dəyərin istehsalına yönəlir. Burada əsas sual “biz nə bilirik?” yox, “bildiyimizlə nə yarada bilirik?” olur. Yəni bilik passiv resursdan aktiv istehsal vasitəsinə çevrilir. Sürətlə dəyişən və qeyri-müəyyənliklərlə dolu qlobal mühitdə düşünmə qabiliyyəti strateji kapital kimi dəyərləndirilir.

- Maraqlıdır, süni intellektin bir çox funksiyanı insanın əlindən aldığı bir dövrdə, zəka yönümlü cəmiyyət insanı hansı bacarıqları ilə önə çıxarmalıdır?

- Bu, çox kritik və strateji sualdır. Süni intellekt insanın texniki və rutin funksiyalarını sürətlə əvəz edir. Lakin insanı dəyərli edən əsas üstünlük məhz texniki bilik deyil. Zəka yönümlü cəmiyyət insanı bir sıra fundamental bacarıqlarla, yəni kritik və analitik düşünmə, kompleks problemləri dərk etmə, etik qərarvermə, empati və mədəni konteksti oxuma qabiliyyəti, yaradıcı yanaşma və mənanı formalaşdırmaq bacarığı kimi səriştələrlə önə çıxartmalıdır. Süni intellekt alətləri, məlumatı emal edə bilər, lakin “niyə”, “necə” və “nə üçün indi” suallarını dərin məna səviyyəsində yalnız insan verə bilir. Bu mənada, gələcəyin liderləri texnologiyanı idarə edən yox, texnologiya ilə düşünməyi bacaran insanlardır. Bu səbəbdən zəka yönümlü cəmiyyət insanı bilik daşıyıcısı kimi yox, düşüncə memarı kimi yetişdirməlidir. Ötən il Vaşinqtonda keçirilən beynəlxalq tədbirlərdən birində dünyanın ən yüksək bazar dəyərinə malik texnologiya şirkətlərindən biri olan NVIDIA-nın təsisçisi və rəhbəri Jensen Huangın çıxışında səsləndirdiyi bir fikir məni dərindən düşündürdü. O qeyd edirdi ki, gələcəyin əmək bazarında əsas rəqabət süni intellektlə insan arasında deyil, süni intellekti effektiv şəkildə istifadə edə bilənlə bunu bacarmayan insanlar arasında olacaq. Bu yanaşma əslində süni intellekt dövrünün mahiyyətini çox dəqiq ifadə edir. 

Konseptual yanaşmanın transformasiyası

- Prezident İlham Əliyevin müsahibəsində təhsil və elm mövzusuna xüsusi yer ayrıldı. Bu, ölkəmizdə zəka yönümlü cəmiyyət modelinə keçid baxımından hansı mesajı verir?

- Bu müsahibəni strateji baxımdan dönüş nöqtəsi kimi qiymətləndirirəm. Prezident İlham Əliyev təhsil və elmi ölkənin gələcək inkişaf modelinin əsas dayağı kimi təqdim etdi. Bu, sadəcə ritorik mövqe deyil, konseptual yanaşmanın transformasiyasıdır. Xüsusilə vurğulamaq istərdim ki, hazırda güc artıq yalnız təbii sərvətlərdə deyil. Əsas resurs insan beynidir, düşünmə qabiliyyətidir və ideyadan dəyər yaratmaq potensialıdır. 

Top universitetlərin fərqi

- Siz ABŞ-də dünyanın aparıcı universitetlərindən biri olan Johns Hopkins Universitetində qlobal menecer kimi çalışmısınız. “Bildiyimizlə nə yarada bilirik?” sualı dünyanın top universitetlərində necə tətbiq olunur?

- Dünyanın aparıcı universitetlərində ortaq fəlsəfə görürük. Məsələn, Harvard, Stanford və Johns Hopkins universitetlərində təhsil yalnız ixtisas bilikləri üzərində qurulmur. “Harvard Kennedy School”da tələbələr real dövlət problemləri üzərində işləyirlər. Onlar siyasət, iqtisadiyyat, etik çərçivələr və sosial təsirləri eyni anda təhlil etməyə məcbur olurlar. Burada məqsəd tələbəni “düzgün cavab tapmağa” deyil, mürəkkəb, çoxsəviyyəli və ziddiyyətli qərar mühitində düşünməyə hazırlamaqdır. Bu yanaşma klassik akademik tədrisdən köklü şəkildə fərqlənir.

Stanford Universiteti isə dizayn düşüncəsi və innovasiya yanaşması ilə seçilir. “Stanford d.school” modeli göstərir ki, problem ilk növbədə insan prizmasından başa düşülməlidir. Empati, ideya generasiyası, prototipləşdirmə və test mərhələləri düşünmənin mərkəzinə yerləşdirilir. Bu yanaşma yalnız texnologiya və biznes üçün deyil, dövlət və şəhər idarəetməsi üçün də tətbiq olunur. Johns Hopkins Universiteti xüsusilə səhiyyə, elm və tədqiqatın idarəedilməsi, eləcə də xarici siyasət sahəsində çox güclüdür. Burada təhsil sübutlara əsaslanan qərarvermə üzərində qurulub. Bu model göstərir ki, elm sadəcə istehsal edilmir, idarə olunur, ölçülür və strateji qərarvermənin bir hissəsinə çevrilir. Elmin idarəedilməsi artıq ayrıca bir peşə sahəsidir və xüsusi düşünmə bacarıqları tələb edir. MIT-də texnologiya sadəcə məqsəd deyil, o inkişaf və dəyişiklik üçün bir alətdir. Əsas fokus sistem düşüncəsi, kompleks problemlərin modelləşdirilməsi və texnologiyanın sosial təsirinin ölçülməsidir. Bu yanaşma ağıllı şəhərlər, rəqəmsal hökumət və data-əsaslı dövlət idarəetməsi üçün xüsusilə aktualdır.

- Bu qlobal yanaşmalar sizin rəhbərlik etdiyiniz CCEI-nin fəaliyyətinə necə inteqrasiya olunur?

- Biz CCEI-də bu modelləri mexaniki şəkildə fəaliyyətimizə inteqrə etmirik. Onları regional reallıqlara, institusional mədəniyyətə və yerli ehtiyaclara uyğunlaşdıraraq inteqrativ yanaşma qururuq. Dövlət və şəhər idarəetməsi, təhsil və elmin idarəedilməsi, mədəniyyət və irsin idarəedilməsi üzrə proqramlarımız yalnız sahəvi biliklərlə məhdudlaşmır. Biz paralel olaraq onları adaptiv və yaradıcı liderlik, strateji və institusional düşünmə, dizayn düşüncəsi, kommunikasiya və təsir bacarıqları, həyat və karyera dizaynı, qlobal əmək bazarında rəqabət qabiliyyəti proqramları kimi komponentlərlə birlikdə təqdim edirik. Eyni zamanda dünyada bir ilk olan Dünya Mədəniyyət İndeksi üzərində işləyirik. Bu indeks mədəniyyəti statik irs kimi deyil, dinamik inkişaf və öyrənmə resursu kimi ölçür, əsas meyarlardan biri də fərqli mədəniyyətlərdə düşünmə çevikliyi və dəyər yaratma potensialıdır.

“Bu biliklər hər bir azərbaycanlı üçün ana dilində əlçatandır”

- Bəs bu proqramların Azərbaycan auditoriyası üçün əhəmiyyəti nədən ibarətdir?

-  Azərbaycanın qarşısında duran əsas çağırış insan kapitalının keyfiyyətcə transformasiyasıdır. Bu transformasiya yalnız universitetlərin sayını artırmaqla mümkün deyil. Əsas məsələ təfəkkür dəyişikliyidir. Bu səbəbdən proqramlarımızın böyük hissəsi artıq Azərbaycan dilində platformaya yerləşdirilib və tam lokalizasiya prosesi davam edir. Dünyanın aparıcı universitetlərinin təqdim etdiyi bilik və çərçivələri hər bir azərbaycanlı üçün yaşadığı kənddən və ya şəhərdən asılı olmayaraq, ana dilində əlçatan edirik.

– Süni intellekt (Aİ) zəka yönümlü cəmiyyətə keçid modelində hansı rolu oynayır?

- Süni intellekt bu müzakirənin mərkəzində dayanmalıdır. Süni intellekt sadəcə texnoloji alət deyil, düşünmə və qərarvermə mədəniyyətini köklü şəkildə dəyişdirən transformativ qüvvədir. Zəka yönümlü cəmiyyətlər bundan düşünməni gücləndirən alət kimi istifadə edir, insan və süni intellekt arasında sinerji yaradılır. Bu isə data savadlılığı, etik qərarvermə, sistem düşüncəsi, kritik analiz və mədəni kontekstin düzgün oxunması kimi yeni nəsil bacarıqlar tələb edir. CCEI-də məqsəd insanı Aİ ilə əvəz etmək deyil, Aİ ilə daha strateji düşünən insan yetişdirməkdir.

“Digər risk etik boşluqdur”

- Bu gün süni intellektdən geniş istifadə edən, amma hələ də düşünmə mədəniyyətini formalaşdıra bilməyən cəmiyyətlər üçün əsas risklər nələrdir?

- Burada əsas risk texnologiyanın sürətinin düşünmənin dərinliyini üstələməsidir. Belə cəmiyyətlərdə informasiya bolluğu olsa da, strateji mühakimə zəifləyir. İnsanlar qərarları analiz etmədən, səbəb-nəticə əlaqəsini qurmadan alqoritmlərə etibar etməyə başlayırlar. Bu isə intellektual asılılıq yaradır. Digər risk etik boşluqdur. Düşünmə mədəniyyəti olmayan yerdə süni intellekt yanlış qərarları daha sürətli və daha geniş miqyasda yayır. Yaradıcılıq azalır, çünki insanlar hazır cavablarla yaşamağa öyrəşir. Uzunmüddətli perspektivdə isə belə cəmiyyətlər texnologiya istehsalçısı yox, texnologiya istehlakçısı olaraq qalırlar. Zəka yönümlü cəmiyyət üçün əsas məsələ süni intellekt alətlərindən istifadə etmək deyil, onları hansı düşüncə fəlsəfəsi ilə istifadə etməkdir.

- 2025-ci ilin oktyabr və dekabr aylarında Bakıya səfərlər etdiniz. Bu səfərlər çərçivəsində əsasən nələr müzakirə olundu?

- Bu səfərlərin əsas məqsədi ölkədəki universitetlərin administrativ heyəti, müəllimləri və tələbələri üçün ABŞ universitetlərində tətbiq olunan daxili öyrənmə və inkişaf (L&D) modelləri barədə məlumatlandırma aparmaq idi. Müzakirələri klassik “nəyi bilirik?” sualı üzərindən deyil, daha dərin və strateji bir yanaşma ilə “nəyi bilmədiyimizi bilirikmi?” sualı ətrafında qurduq. Səfər çərçivəsində 10-dan çox universitetin rəhbərliyi və komandaları, eləcə də birbaşa tələbələrlə görüşlər keçirdik. Mesajımız aydın idi: universitetlər yalnız bilik ötürən institutlar deyil, düşünmə, dəyər yaratma və liderlik ekosistemləri olmalıdır. Tələbələr isə təkcə gələcək iş axtaranlar kimi deyil, iş yaradan və cəmiyyətə töhfə verən aktorlar kimi yetişdirilməlidirlər. Bunun üçün isə dizayn düşüncəsi və sistem düşüncəsi kimi sahələrdə dərin bilik və təcrübələr əldə edilməlidir. Müxtəlif dövlət qurumları ilə də məzmunlu və perspektivli müzakirələr apardıq. Bizim əsas strateji hədəflərimizdən biri Azərbaycan universitetlərindən birində Elm və Texnologiya Diplomatiyası Hub-unun yaradılmasıdır. Bu Hub elm, texnologiya və diplomatiya sahəsində fəaliyyət göstərən mütəxəssisləri bir araya gətirərək beynəlxalq və regional səviyyədə elmi–texnoloji əməkdaşlıq və bilik mübadiləsi üçün dayanıqlı platforma rolunu oynaya bilər. Bu sahədə Johns Hopkins Universitetində əldə etdiyim praktiki təcrübəyə əsaslanaraq, həmin təşəbbüsə həm institusional, həm də ekspert səviyyəsində dəstək verməyə tam hazırıq.

- CCEI-də bu yanaşmalar konkret olaraq hansı metodoloji model üzərində qurulub?

– CCEI-də bütün proqram və təşəbbüslərimiz özümüzün INSIGHT – “Integrated & Strategic Growth through Human Intelligence & Transformative Learning” (İnsan Zəkası və Transformativ Öyrənmə vasitəsilə İnteqrativ və Strateji İnkişaf) Modeli üzərində qurulub. Bu model öyrənməni təsadüfi proses kimi deyil, məqsədli, ölçülə bilən və adaptiv inkişaf mexanizmi kimi dizayn edir. INSIGHT insan zəkasını mədəni kontekst, institusional mühit və strateji ehtiyaclarla birlikdə nəzərdən keçirir. Burada öyrənmə bilik toplamaqdan daha çox, bilikdən real təsir və dəyər yaratmağa keçid deməkdir. Model fərdi inkişafı institusional dəyərə bağlayan, süni intellekt dövrünə uyğun davamlı öyrənmə arxitekturası yaradır.

- Gələcəyi resurslarla yox, düşünən insanlarla qurmaq seçimi Azərbaycan üçün nə qədər strateji əhəmiyyət daşıyır?

– Dünyanın aparıcı ölkələri artıq bu seçimi ediblər və Azərbaycan da bu istiqamətdə mühüm addımlar atır. Təhsil, elm və süni intellekt sahəsində verilən hər strateji qərar ölkənin 20-30 illik inkişaf trayektoriyasını müəyyən edir. Zəka yönümlü cəmiyyət təsadüfən yaranmır, o, ardıcıl, sistemli və düşünülmüş siyasətin nəticəsidir. Hesab edirəm ki, hazırda Azərbaycanda bir sıra özəl və dövlət qurumları - Təhsil Nazirliyi, Rəqəmsal inkişaf və Nəqliyyat Nazirliyi, İqtisadiyyat Nazirliyi, ASAN xidmətə məsul qurum, Mədəniyyət Nazirliyi, PAŞA Holding və digərləri bu istiqamətdə ciddi addımlar atırlar. Mənim təhsil üzrə doktorluq istiqamətim insan və təşkilati biliklər sahəsini əhatə edir. Bu səbəbdən həm CCEİ rəhbəri, həm də bir azərbaycanlı olaraq ölkəmizin bu sahədə inkişafına töhfə verməyə nəinki hazırıq, biz artıq bu prosesə başlamışıq.

Aygün ƏZİZ

 

banner

Oxşar Xəbərlər