• cümə axşamı, 05 dekabr, 07:35
  • Baku Bakı 6°C

“Yol əhvalatı”nın unudulan rejissoru  - ANIM

21.09.24 02:37 4515
“Yol əhvalatı”nın unudulan rejissoru  - ANIM

Rejissor Teymur Bəkirzadə əsasən sənədli filmlər ustası kimi tanınıb. Sonradan bədii filmlər də çəkməyə başlayıb. Həmkarları onu işlədiyi aktyorlara verdiyi sərbəstliklə xatırlayırlar. 

“Teymur Bəkirzadə əsasən sənədli filmlər ustası idi. Onun kino yaradıcılığında bədii filmlər çox azdır. Amma “Yol əhvalatı” filmi ilə Azərbaycan kinosuna tamaşaçıların hər zaman maraqla izlədiyi və üzlərində təbəssüm yaratdığı bir inci bəxş edib. Bu, kino əsəri onlarla filmə bərabərdir”. 

Rejissor Teymur Bəkirzadə haqqında söhbət düşəndə onu belə xatırlayırlar. Sentyabrın 21-i xatirə günündə sənət dostları mərhum rejissor haqqında “o, hələ çox belə uğurlu filmlər çəkə bilərdi”, - deyə xatirələrini bölüşdülər.

“Aktyora imkan yaradırdı ki, bacardığını eləsin”

Xalq artisti Hacı İsmayılov xatırlayır: “O zaman “Azərbaycan” kinostudiyasının tamam fərqli dövrü idi. Orada iki min adam işləyirdi. Operatorlar, rəssamlar, bəstəkarlar o nəhəng studiyada çalışırdı. Çəkilən filmlər də Azərbaycan kinosunun inciləri sayılırdı. O vaxt film çəkmək də çətin idi. Çünki korifey rejissorlar vardı. Amma istedadlı cavanlar da yetişirdi. Onlardan biri də Teymur Bəkirzadə idi. O, yaxşı sənədli filmlər çəkirdi. Onun atletlərə həsr olunan “Dissonans” filmi bir çox beynəlxalq festivallarda mükafatlar qazandı. Artıq Teymur özünü bir rejissor kimi sübut etmişdi. O, bədii film çəkməyə hazır idi. Kinostudiyada hamı ona hörmət edirdi və “Tima” çağırırdı. Peşəkar insan idi”. H.İsmayılov mərhum rejissorun çəkdiyi “Yol əhvalatı” filmində rol almasını xatırlayır: “Asim Cəlilovun ssenarisi əsasında “Yol əhvalatı” filminin çəkilişləri Teymur Bəkirzadəyə həvalə olundu. Belə bir komediyanı çəkməyin məsuliyyəti böyük idi. Amma Teymur bunun öhdəsindən uğurla gəldi. O, filmə tanınmış aktyorları dəvət etdi. Filmin uğuru həm də həmin məşhur aktyorlarla bağlı idi. Mən də həmin filmdə yer alan aktyorların sırasında olmağıma görə sevinirəm. Biz filmdə dördlük idik. Siyavuş Aslan başda olmaqla Yaşar Nuri, Kamil Məhərrəmov və mən cinayətkar dəstənin üzvləri idik. Film yəhudilərin qəbiristanlığının yanında, Neapol dairəsində və s. xüsusi seçilmiş yerlərdə çəkilirdi. Siyavuş, Yaşar improvizələrdən istədikləri qədər istifadə edirdilər. Teymur da yaxşı alındığını görüb etiraz etmirdi. O, aktyora imkan yaradırdı ki, bacardığını eləsin. Filmdə çətin çəkilən epizodlar vardı. Aeroport səhnəsi də onlardan biri idi. Rəhmətlik Ceyhun Mirzəyev orada aeroport əməkdaşı rolunu oynayırdı. Filmin uğuru böyük oldu. Orada işlədilən kəlamlar indi də adamların dilindədir. Hər dəfə də yada düşəndə gülürlər. Çox təəssüf ki, Teymur dünyasını tez dəyişdi. Yaşasaydı çox belə uğurlu filmlər çəkəcəkdi... İndi o filmi xatırlayanda “bir aktyor kimi bəxtim gətirib ki, Teymur Bəkirzadənin filmində çəkilmişəm” deyirəm”.

Fərid roluna təsadüfi çəkiliş 

“Mən Teymur Bəkirzadənin iki filmində - "Buludlar çətirimizdir” və “Yol əhvalatı” filmlərində çəkilmişəm. Teymur istedadlı rejissor idi. Aktyorlara azadlıq verməyi xoşlayırdı. Ətrafındakıları dəqiq seçmək bacarığı vardı”, - deyə “Yol əhvalatı” filmində Fərid rolunun ifaçısı -  aktyor, rejissor Yusif Əlizadə xatırlayır: “Mən həm də filmdə rejissorun assistenti idim. Aktyor kimi filmə təsadüfən çəkildim. Fərid roluna dəvət etdiyim müğənni Elxan Əhədzadə səhər tezdən qastrol səfərinə getmişdi, bizə də xəbər etməmişdi. Filmin ikinci rejissoru Rafiq Dadaşov da ”qoy bu rola elə Yusif özü çəkilsin”, - deyə Teymur Bəkirzadəyə təklif etdi. O da gülə-gülə “dostu gəlmədiyinə görə sən Yusifi cərimələyirsən”, - deyib razılıq verdi. Beləcə mən Fərid roluna çəkildim. Ssenarini əzbər bildiyim üçün heç bir çətinlik də yaşamadım”. Y.Əlizadə deyir ki, “Yol əhvalatı”nın film kimi sevilməsində tanınmış aktyorlar Siyavuş Aslan, Yaşar Nuri, Kamil Məhərrəmov, Eldəniz Rəsulov və Hacı İsmayılovun böyük əməyi olub:

“Teymur Bəkirzadənin yarım kəlməsi, bircə mimikası onlara bəs edirdi. O saat rejissorun nə demək istədiyini tuturdular. Teymur Bəkirzadə istedadlı insan idi, onu başa düşmək çətin deyildi”. Y.Əlizadə xatırlayır: “Mustafa rolunun ifaçısı Gürcüstandan dəvət olunmuşdu. Teymur Bəkirzadənin istəyi ilə ”İlk baxışdan məhəbbət” filmində baş rolu oynayan Vaxtanq Pançiludzeni şəxsən Gürcüstana gedərək yuxudan oyadıb filmə dəvət etmişəm. Vaxtanqın boyu Həmidə Ömərovadan qısa idi. Çəkiliş zamanı boy fərqinin hiss olunmaması üçün bəzi yerlərdə onun ayağının altına mişar daşı qoyurduq. Onun ayağının altına daş qoyanda Həmidəni gülmək tuturdu. Teymur müəllim də deyirdi ki, kameraları söndürün, qoy Həmidə gülüb qurtarsın, sonra davam edərik. Həmidə də güldüyünə görə hər dəfə üzr istəyirdi”. Y.Əlizadə deyir ki, film ekranlara çıxandan sonra böyük uğur qazanıb: “Yol əhvalatı” ən uğurlu komediya filmi oldu”.

“Filmi başa çatdırmağa az qalmış Teymur xəstələndi”

  Y.Əlizadə də xatırlayır ki, həmkarı “Yol əhvalatı”na kimi sənədli filmlər rejissoru kimi tanınıb: “Teymur əsasən sənədli filmlər çəkirdi. O, bacarıqlı rejissor idi. Yaradıcılığı boyunca müxtəlif janrlara müraciət etməklə fərqli rejissor yozumunu da ortaya qoyurdu. “Buludlar çətirimizdir” filmini qardaşı Nicatla çəkdi. Sonuncu filmi 1997-ci ildə Amin Novruzovla birgə çəkdiyi “Ləqəbi “İKA”dır” bədii filmi oldu. Film SSRİ Dövlət Təhlükəsizlik Komitəsi əməkdaşlarının fəaliyyətindən, 1990-cı il yanvarın 20-də Bakıda baş vermiş faciəli hadisələrin təşkilində bu komitənin bilavasitə iştirakından bəhs edir. Filmi başa çatdırmağa az qalmış Teymur xəstələndi. O, filmi bitirə bilmədi. “Filmi sən başa çatdır”, - deyə mənə təklif etdilər. Mən razılaşmadım. Çünki Teymurla dostluq edirdim. İstəmədim filmdə mənim adım yazılsın. Amil Novruzov filmi tamamladı. Film festivallarda da uğur qazanıb”.

Təranə Məhərrəmova

 

banner

Oxşar Xəbərlər