• cümə axşamı, 05 dekabr, 08:01
  • Baku Bakı 6°C

Sülh yolundakı konstitusiya əngəli - TƏHLİL

08.11.24 04:07 1702
Sülh yolundakı konstitusiya əngəli - TƏHLİL

İrəvandan göndərilən 11-ci təkliflər paketinə Bakıdan verilən reaksiyanın məzmunu və xarakterindən asılı olmayaraq, bir faktor xüsusi maraq kəsb edir - Ermənistanda konstitusiya dəyişikliyi. Bu problemlə bağlı İrəvandan gələn impulslar hələ də pozitiv deyil.

Ermənistan və Azərbaycan XİN-ləri arasında yekun sülh müqaviləsinin layihəsinə dair 11-ci təkliflər paketinin mübadiləsi əvvəlkilərdən fərqli olaraq çox vaxt aparmadı. Noyabrın 5-i səhər saatlarında Ermənistanın xarici siyasət idarəsi layihə ilə bağlı növbəti təkliflərini Bakıya göndərdiklərini açıqladı. Gün başa çatmamış, cəmi bir neçə saat sonra isə Azərbaycan XİN-i Ermənistanın təklifləri ilə bağlı cavabını İrəvana ünvanladıqlarını bildirdi. Prosesin olduqca qısa zaman kəsiyinə başa gəlməsi tərəflərin mübahisəli məqamları aşıb finiş xəttinə çatdıqlarına dəlalət edə bilərmi?

Konsensus varmı?

Danışıqların pozitiv məcrada irəliləməsi və tərəflərin yekun sülhün imzalanması anına çatdıqlarına işarə edən dəlillər az deyil. Kazanda, BRICS-in sammiti çərçivəsində liderlərin ətraflı fikir mübadiləsi aparmaları, daha sonra isə problemlə birbaşa məşğul olan heyətlərlə əvvəlcədən elan edilməyən müzakirələrin keçirilməsi gündəmdə yekun dəqiqləşdirmələrin olduğu təsəvvürünü yaratdı. Hətta sammitin gedişində XİN rəhbərlərinin dövlət başçılarının yanına gəlmələri, onlardan alınan tapşırıqları qeyd etmələri də buna dəlalət edirdi. Artıq heyətlərlə keçirilən müzakirələrdə sülh müqaviləsinə hazırlıq prosesinin intensivləşdirilməsi göstərişinin verilməsi və noyabrın 1-də sərhəddə delimitasiya və demarkasiya prosesinə məsul işçi qruplarının bir araya gəlmələri Kazanda əldə edilən razılaşmanın icra mərhələsində olduğunu nümayiş etdirdi.

Şübhəsiz ki, sülh prosesinin sürətlənməsinə stimul olan bir sıra ciddi amillər var və onlardan ən əsası Bakıda keçiriləcək COP29-dur. Tam yəqinləşməyən informasiyaya görə, sammitdə Ermənistanı XİN başçısı Ararat Mirzoyan təmsil edəcək. Həm beynəlxalq birliyin göstərdiyi dəstək, həm də yerdəki reallıq Bakıda tərəflərin hansısa nailiyyəti anons edəcək çərçivə anlaşmasının imzalanmasını labüd edir. Xatırladaq ki, BRICS-in sammiti ərəfəsində ABŞ-nin mövcud Prezidenti Co Bayden hər iki liderə xüsusi məktubla müraciət edərək sülh prosesini yekunlaşdırmağa səsləmişdi. Kazanda isə Rusiya Prezidenti Vladimir Putin Bakı ilə İrəvan arasında əldə edilmiş nailiyyətləri salamladıqlarını bəyan etdi.

Danışıqların gedişindən əksər hallarda narazı kimi görünən Mirzoyan bir neçə gün öncə kifayət qədər optimist məzmunlu açıqlama verdi: “Dəqiqləşdiriləsi 1-2 məqam var və onların da öhdəsindən gələcəyik”. 11-ci təkliflər paketinin belə tez bir zamanda İrəvan-Bakı və əks marşrutla mübadilə obyekti olması ehtimal ki, tərəflərin həmin “dəqiqləşdiriləsi 1-2 məqam” ətrafında konsensusa gəldiklərini göstərir. 

Kosmetik düzəlişlər 

Bununla belə, pozitiv bəyanatlara və baş verən hadisələrə rəğmən əks ssenari də istisna edilməməlidir. Yəni rəsmi Bakının çox qısa zamanda İrəvandan gələn təklifləri geri qaytarması tək razılıq əlaməti deyil, rədd göstəricisi də ola bilər. Azərbaycanın tələsən yeri yoxdur və bişməmiş sülh müqaviləsini imzalamağı da məqbul saymır. Rəsmi Bakı ərazi bütövlüyünü təmin, sərhədlərini və tam suverenliyini bərpa edib. Sülh sazişinin imzalanması ilə kağızda deyil, reallıqda əlaqəli olan bir sıra proseslərin isə alternativ həll variantları mövcuddur. Məsələn, götürək regional logistika problemini. Zəngəzur dəhlizi yoxdur, ancaq illərin sınağından çıxmış Gürcüstan marşrutu var. Ermənistan öz ərazisini vermək istəmir, əvəzində Araz çayı boyunca İrandan yeni yol çəkilir. Başqa sözlə, yekun sülh sazişinin bir hədəfi iki ölkə arasında üç onilliyi əhatə edən problemli münasibətləri sabitləşdirmək, sivil müstəviyə daşımaqdırsa, digər və İrəvan üçün heç də az önəmli olmayan missiyası Ermənistan cəmiyyətini təcriddən, iqtisadiyyatını isə tənəzzüldən çıxarmaqdır. 

Yeri gəlmişkən, sülhün tezləşdirilməsi Paşinyan hökuməti üçün tək geosiyasi və iqtisadi məzmunlu məqsəd deyil. Təqribən ilyarımdan sonra Ermənistanda yeni parlament seçkiləri kampaniyasına start veriləcək. Hazırki sorğuların nəticələrinə görə, əhalinin Paşinyana rəğbət göstərməyən qismi böyük fərqlə olmasa da, hər halda onu dəstəkləyənlərdən çoxdur. Narazı kontingenti heç bir halda aqressiv və revanşist müxalifətlə dəyişik salmaq olmaz, çünki hakimiyyətin Azərbaycanla danışıqlar siyasətinə qarşı çıxanların kütləvi aksiyalarının sönük keçdiyi və nəticəsiz qaldığı faktdır. Narazıların sırasında revanşistlərlə yanaşı, Paşinyanın uzun müddət keçməsinə baxmayaraq, hələ də nəyəsə nail ola bilməməsindən razı qalmayanlar da var. Bu baxımdan, İrəvanın Bakı ilə sülhə gəlməsi, müharibə təhlükəsinin neytrallaşdırılması, Azərbaycan və Türkiyə ilə sərhədlərin açılması, iqtisadi münasibətlərə start verilməsi kimi proseslər Paşinyan üçün növbəti seçkilərdə təbliğat platformasının əsasını təşkil edə bilər.

Konstitusiya əngəli

İrəvandan göndərilən 11-ci təkliflər paketinə Bakıdan verilən reaksiyanın məzmunu və xarakterindən asılı olmayaraq, bir faktor xüsusi maraq kəsb edir - Ermənistanda konstitusiya dəyişikliyi. Bu problemlə bağlı İrəvandan gələn impulslar heç də pozitiv deyil. Paşinyanın komandasında hesab edirlər ki, konstitusiyanı dəyişmək üçün ən azı iki il vaxt lazımdır. O ki qaldı əsas qanunda Azərbaycana qarşı ərazi iddialarına, bu məsələni bu yaxınlarda Konstitusiya Məhkəməsinin xüsusi qərarı ilə qanundan kənar elan ediblər. Təbii ki, İrəvanda bu yolla əngəlin aradan qalxdığını, yaxud ən azı ertələndiyini düşünə bilərlər. Ancaq xüsusilə müharibənin yekunu olacaq dövlətlərarası saziş hakimiyyətlər deyil, dövlətlər və xalqlar arasında imzalanır. Konstitusiya Məhkəməsinin qərarı bu nöqteyi-nəzərdən əsaslı təminat rolunda çıxış edə bilməz, ələlxüsus da Ermənistan kimi yetkin olmayan ölkələrdə və cəmiyyətlərdə. Görünür ki, əgər tərəflər layihə mübadiləsinin 11-ci mərhələsində hansısa razılığa gəliblərsə, deməli, bu problemin tam çözülməsini təmin edə biləcək sabit çərçivə anlaşmasına dair çıxış yolu tapıblar. Hər halda, Bakının tez cavab verməsinin məzmunca müsbət və ya mənfi olduğunu bilmək üçün çox gözləmək lazım gəlməyəcək: COP29-un start götürməsinə sayılı günlər qalıb.

Rüstəm Qaraxanlı

banner

Oxşar Xəbərlər