• cümə axşamı, 05 dekabr, 08:18
  • Baku Bakı 6°C

Sağlam həyat tərzi insult ehtimalını minimuma endirə bilər

27.05.23 08:15 6076
Sağlam həyat tərzi insult ehtimalını minimuma endirə bilər

İnsult beyin qan dövranının kəskin pozulması nəticəsində baş-beyində ocaqlı zədələnmənin yaranması ilə xarakterizə olunur. İşemik və ya hemorragik xarakter daşıya bilər. İnsult əksər hallarda bədənin sağ və ya sol yarısında ətraflarda qəfil zəiflik, üzün asimmetriyası, huşun, nitq və görmənin pozulması, başgicəllənmə ilə təzahür edir. Diaqnoz klinik, laborator, tomoqrafik və damar müayinələrinin nəticələri əsasında qoyulur.

Bunu AZƏRTAC-a mütəxəssis-kardioloq Fəridə Xudaverdiyeva deyib. Mütəxəssis hər il dünyada 16-17 milyon insanın insult keçirdiyini deyib: “İnsultla bağlı ölüm halları 30-35 faiz, ümumi ölüm sayının isə 11 faizini təşkil edir. Beyin insultu ömürlük əlilliyə səbəb olacaq xəstəlik kimi dünyada birinci yerdədir. Belə ki, insult keçirən xəstələrin 31 faizi kənar şəxslərin köməyinə möhtac qalır, 20 faizdə hələ ki, funksiya bərpa olunmur, yalnız 8-10 faiz insanlar əvvəlki işinə və həyat tərzinə qayıda bilir”.

F.Xudaverdiyeva insultun müalicəsi barədə danışıb: “Müalicə orqanizmin həyat fəaliyyətinin təminindən, ürək, tənəffüs və metabolik pozuntuların korreksiyasından, serebral ödemlə mübarizədən, spesifik patogenetik, neyroprotektor və simptomatik terapiyadan, ağırlaşmaların qarşısının alınmasından ibarətdir. Bu problemin insandan asılı olan və olmayan səbəbləri var. Təbii ki, insan yaşını, cinsini, irsiyyətini dəyişə bilmədiyinə görə özünü nə qədər qorusa da, insulta tutulma ehtimalı olur. Lakin sağlam həyat tərzinə diqqət edilsə, bu ehtimal minimuma endirilə bilər. Belə ki, insan sağlam qidalanmalı, çəkiyə diqqət etməli, aktiv həyat tərzi aparmalı, zərərli vərdişlərdən uzaq olmalıdır. Əgər xəstədə qan təzyiqi, şəkər, qanda xolesterin səviyyəsi, laxtalanma, ürək-damar problemləri kimi risk faktorları varsa, onları mütləq şəkildə kontrol altında saxlamalı, vaxtlı-vaxtında müayinələrdən keçməlidir”.

banner

Oxşar Xəbərlər