• şənbə, 13 Iyun, 17:49
  • Baku Bakı 26°C

Regionların iqtisadi inkişafına mühüm töhfə

13.06.26 02:09 43
Regionların iqtisadi inkişafına mühüm töhfə

Prezident İlham Əliyevin imzaladığı fərman və dövlət dəstəyi mexanizmləri sahibkarlıq sektorunun inkişafı üçün mühüm baza və ciddi stimul yaradır. Bu məsələdə əsas diqqət aqrar sahəyə yönələcək.

Prezident İlham Əliyevin imzaladığı “Sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə təminat və faiz subsidiyası mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərman sahibkarlıq layihələrinə yeni yanaşma gətirir. Fərmana əsasən, 2030-cu ilin sonuna qədər biznes kreditlərinə dövlət dəstəyi pilot layihə kimi Bakı şəhəri və Abşeron rayonu istisna olmaqla ölkənin digər ərazilərində tətbiq ediləcək. 

Bəs yeni qaydalar bölgələrdə biznes mühitinin və kənd təsərrüfatının inkişafına necə təsir göstərəcək?

Girov və emal problemi

İqtisadçı-ekspert Cəfər İbrahimli deyir ki, sahibkarların kreditləri üzrə dövlət təminatı mexanizmi bir neçə ildir İpoteka və Kredit Zəmanət Fondu vasitəsilə həyata keçirilirdi. Yeni Fərmanla bu mexanizmin icrası Azərbaycan Biznesin İnkişafı Fonduna həvalə edilir: “2026-2030-cu illəri əhatə edən kənd təsərrüfatı üzrə dövlət proqramı var. Bu proqram çərçivəsində aqrar sektor üçün yeni yanaşmalar nəzərdə tutulur. Xüsusilə fermerlərin banklardan götürdüyü konversiya kreditləri üzrə subsidiyaların tətbiqi planlaşdırılır. Eyni zamanda birillik əkinlər üzrə yaranan qısamüddətli maliyyə ehtiyaclarının daha operativ şəkildə qarşılanması məqsədilə dövlət tərəfindən subsidiyanın bir hissəsinin ödənilməsi nəzərdə tutulur. Bu mexanizm fermerlərin maliyyə xərclərinin azaldılmasına, nəticə etibarilə isə ümumi istehsal xərclərinin optimallaşdırılmasına xidmət edəcək”.

C. İbrahimli vurğulayır ki, bu dəyişikliklər regionlardakı şirkətlərin, biznes subyektlərinin və kənd təsərrüfatı sektorunun dəstəklənməsinə yönəldiyi üçün burada iki əsas məqam diqqət çəkir: “Birincisi, kənd təsərrüfatında uzun illərdir mövcud olan girov problemi ilə bağlıdır. Bu sahədə girov mexanizmlərinin təkmilləşdirilməsinə ehtiyac var. Fermerlərin müqavilələr, torpaq sənədləri və reyestr çıxarışları əsasında əldə etdikləri hüquqların girov kimi daha çevik qəbul olunması kreditlərə çıxışı asanlaşdıra bilər. Bu isə həm banklar, həm də fermerlər üçün maliyyələşmənin daha sürətli və əlçatan olmasına şərait yaradar. İkinci mühüm məqam bu islahatların regionlarda emal sənayesinin inkişafına təsiri ilə bağlıdır. Bu addımların kənd təsərrüfatı ilə paralel olaraq emal sənayesini də gücləndirəcəyi gözlənilir. Çünki emal imkanları olmadan məhsulların satışı və realizasiyasında çətinliklər yaranır, bu da fermerlərin risklərini artırır”.

“Bu, strateji əhəmiyyət daşıyır”

Kənd təsərrüfatı üzrə ekspert Xaliq Məmmədov bildirdi ki, regionların iqtisadi potensialının gücləndirilməsi strateji əhəmiyyət daşıyır: “Azərbaycanda müşahidə olunan urbanizasiya prosesi kənd təsərrüfatının inkişafı üçün risklər yaradır. Aqrar fəaliyyətlə məşğul olan əhalinin kəndləri tərk etməsi istehsalla yanaşı, qeyri-neft sektorunun inkişafına da mənfi təsir göstərir. Regionlarda investisiya və sahibkarlığın təşviq edilməsi həmin tendensiyanın zəiflədilməsi baxımından mühüm addımdır”.

“Aqrar sektorda vəziyyət ciddi müdaxilə tələb edir”

Mütəxəssisin qənaətincə, son illərin rəsmi statistikası göstərir ki, aqrar sektorda vəziyyət ciddi müdaxilə tələb edir: “Məsələn, vaxtilə Azərbaycanda 8,5 milyondan çox xırda və iribuynuzlu mal-qara olduğu halda, hazırda rəsmi məlumatlara əsasən xırdabuynuzlu heyvanların sayında 1,3-2 milyon baş arasında azalma müşahidə olunur. Bu isə bazarda ən çox istehlak olunan qida məhsullarından biri olan ətin qiymətinə birbaşa təsir göstərir. Əkinçilik sahəsində də vəziyyət ürəkaçan deyil. Azərbaycanda ərzaqlıq buğda istehsalı daxili tələbatın təxminən 52 faizini qarşılayır, qalan hissə isə idxal hesabına təmin edilir. Ölkə hər il neft-qaz sektorundan əldə olunan yüz milyonlarla vəsaiti müxtəlif ərzaq məhsullarının idxalına yönəltmək məcburiyyətində qalır. Bu baxımdan, Prezident İlham Əliyevin imzaladığı fərman və aqrar sektorun inkişafı istiqamətində nəzərdə tutulan yeni dövlət dəstəyi tədbirləri xüsusi əhəmiyyət daşıyır”.

Diqqət yalnız subsidiyaların əldə edilməsinə yönələrsə...

X.Məmmədovun sözlərinə görə, bu gün Azərbaycanda aqrar sahənin dəstəklənməsi üçün kifayət qədər subsidiya mexanizmləri mövcuddur: “Azərbaycan kənd təsərrüfatına dövlət dəstəyinin səviyyəsinə görə dünyada ön sıralarda yer alan ölkələrdəndir. Lakin əsas məsələ bu imkanlardan necə istifadə edilməsidir. Burada dövlət qurumlarının, sahibkarların, fermerlərin, bankların və sahə üzrə fəaliyyət göstərən assosiasiyaların üzərinə ciddi vəzifələr düşür. İlk növbədə məhsuldarlığın artırılmasına nail olmaq lazımdır. Bitkiçilikdə bunun üçün aqrotexniki qaydalara düzgün əməl olunmalı, torpaqların münbitliyi yaxşılaşdırılmalı, su təminatı gücləndirilməlidir. Eyni zamanda toxumçuluğun inkişafı, gübrə və digər istehsal vasitələrindən elmi əsaslarla və səmərəli istifadə vacibdir. Heyvandarlıqda isə əsas diqqət məhsuldar cins heyvanların sayının artırılmasına yönəldilməlidir. Əgər diqqət yalnız subsidiyaların əldə edilməsinə yönələrsə və istehsalın əsasını təşkil edən məsələlər elmi yanaşma ilə həll olunmazsa, gözlənilən nəticələri əldə etmək çətin olacaq”.

Mütəxəssis bildirir ki, kreditlərin verilmə mexanizmi də əhəmiyyətlidir: “İri məbləğli maliyyələşmə zamanı yalnız biznes-plan deyil, həm də müraciət edən şəxsin sahə üzrə təcrübəsi, idarəetmə bacarığı, komandası və təsərrüfatın mövcud infrastrukturu ciddi şəkildə qiymətləndirilməlidir. Eyni zamanda, bəzi hallarda girov təminatı yetərli olmadıqda dövlətin zəmanət mexanizmləri də işə düşür. Məsələn, bir milyon manatlıq kredit üçün tələb olunan girovun yarısı çatışmadıqda, həmin hissənin dövlət tərəfindən zəmanət altına alınması fermerin maliyyə resurslarına çıxışını asanlaşdırır. Bununla yanaşı, subsidiya sisteminin icrası ilə bağlı bəzi problemlər də mövcuddur. Xüsusilə yanacaq, gübrə və dərman vasitələrinə ayrılan subsidiyaların vaxtında çatdırılması və bu prosesdə monitorinq mexanizmlərinin təkmilləşdirilməsi vacib məsələlərdəndir”.

Aygün Əziz

banner

Oxşar Xəbərlər