Qızıl Orda - Şərqlə Qərbin körpüsü
Astanada Qızıl Ordanın irsinə həsr olunan beynəlxalq simpozium keçirilib. Tədbirə dünyanın 20 ölkəsindən 350-dən çox tarixçi-alim və tədqiqatçılar qatılıb.
"Tarixi varisliyin qorunması məsələsi son dərəcə aktualdır. Aydındır ki, bunsuz heç bir tərəqqi mümkün deyil. Əgər biz keçmişə hörmətlə yanaşmasaq, işıqlı gələcəyə doğru irəliləyiş də çətin olacaq. Məhz buna görə biz mütərəqqi bir millət kimi yalnız irəliyə doğru gedəcəyik".
Qazaxıstanın paytaxtı Astanada keçirilən “Qızıl Orda çöl sivilizasiyasının modeli kimi: tarix, arxeologiya, mədəniyyət, identiklik” adlı beynəlxalq simpoziumda səslənən bu fikirlər diqqəti ölkənin qədim tarixinə, yeni tədqiqatlara olan ehtiyaca yönəldib.
Dünyanın 20 ölkəsindən 350-dən çox tarixçi-alim və tədqiqatçının iştirak etdiyi simpoziumun əsas məqsədi dünya elmi ictimaiyyəti ilə əlaqələri gücləndirmək və bu mövzunu sistemli, hərtərəfli şəkildə araşdırmaqdır.
Qızıl Orda irsinin qorunması
Plenar iclasın moderatoru Qazaxıstanın elm və ali təhsil naziri Sayasat Nurbek qeyd edib ki, bu simpozium tarixi irsin yenidən qiymətləndirilməsi və elmi tədqiqatların inkişafı baxımından strateji əhəmiyyət daşıyır.
Tədbirdə UNESCO-nun Ümumdünya İrs Mərkəzinin direktoru Lazare Eloundou Assamo təşkilatın Qızıl Orda irsinin qorunması, tədqiqi və beynəlxalq səviyyədə təşviqini dəstəkləməyə davam edəcəyini bildirib: "Qızıl Orda irsinin öyrənilməsi yalnız regional deyil, qlobal əhəmiyyət daşıyır və bu, sivilizasiyalararası dialoqun gücləndirilməsinə xidmət edir".
Ortaq maraqlara cavab verən əməkdaşlıq
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib ki, bu gün heç bir tarixçi Qızıl Ordanın - Böyük Çöldə hökmranlıq etmiş və Avrasiyanın sonsuz ərazilərini əhatə etmiş imperiyanın qüdrətini şübhə altına almır: "Bu, tarixi faktdır. Qərblə Şərqi birləşdirən, müxtəlif sivilizasiyaların inkişafına və dövlətlərin formalaşmasına ciddi təsir göstərən bu imperiya öz dövrünün ən böyük siyasi qurumu idi. Məhz buna görə Qızıl Ordanın tarixi çoxsaylı dərin elmi araşdırmaların mövzusudur. Mövzu bu gün də aktuallığını qoruyur və fikrimcə, heç vaxt əhəmiyyətini itirməyəcək. Bu, ölkəmizin və bütövlükdə bəşəriyyətin tarixində ən mühüm səhifələrdən biridir".
Prezident bildirib ki, UNESCO-nun dəstəyi ilə Qazaxıstan bir çox mühüm təşəbbüs həyata keçirib: "Bu əməkdaşlığın bariz nəticəsi olaraq Xoca Əhməd Yasəvi məqbərəsi, Tamqalı petroqlifləri və bir sıra qədim şəhər yerləri UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilib. Qazaxıstanın qeyri-maddi mədəni irsinin qorunması və təbliği istiqamətində də genişmiqyaslı işlər görülüb. Məsələn, 2025-ci ildə “Xanların şəcərəsi” adlı unikal əlyazmanın beynəlxalq səviyyədə tanınması mühüm hadisə oldu. Bu qiymətli sənəd ölkə hökmdarları haqqında məlumatları, o cümlədən Qızıl Orda dövrünü əhatə edir. Buna görə də ortaq maraqlarımıza cavab verən və böyük əhəmiyyət daşıyan tərəfdaşlığımızın daha da genişlənməsində maraqlıyıq".
Tarixi “yol ayrıcı”
Qazaxıstan rəhbəri qeyd edib ki, hazırkı son dərəcə mürəkkəb və gərgin geosiyasi şəraitdə bəşəriyyət tarixində sülhyaradıcı quruluşların formalaşdırılması və dialoq platformalarının yaradılması ilə bağlı inandırıcı, ruhlandırıcı nümunələri tapmağı bacarmaq vacibdir: "Bununla yanaşı, yalnız müharibələrin qaranlıq xronologiyası ilə məhdudlaşmamaq lazımdır. Başa düşürəm ki, bu, asan məsələ deyil. Çünki dünya salnaməsi qədim dövrlərdən bu günə qədər əsasən müharibələrin və silahlı münaqişələrin ətraflı təsviri ilə zəngindir. Bunun səbəbi tam aydındır: sonsuz qarşıdurma potensialına malik müharibələr sülh şəraitində gedən monoton quruculuq proseslərindən daha asan təsvir olunurdu. Yeri gəlmişkən, Lev Tolstoyun məşhur "Hərb və sülh" romanı da sülhdən daha çox müharibənin fenomenal və fundamental təsviridir". Dövlət başçısı qeyd edib ki, məhz indi, dünya birliyi tarixi “yol ayrıcı”na gəlib çatdığı bir vaxtda nüfuzlu və peşəkar alimlərin səylərini birləşdirmək lazımdır:
“Tarixi yalnız güclülər yaradır və onu qaliblər yazır” prinsipi, etiraf etmək lazımdır ki, anti-elmi xarakter daşıyır".
Mənəvi və tarixi sərvət
Prezident ölkəsinin son illərdə genişmiqyaslı siyasi və iqtisadi islahatlar həyata keçirdiyinə də diqqət yönəldib: "Şübhəsiz ki, bu, ölkəmiz üçün son dərəcə mühüm və məsuliyyətli addımdır. Bununla əlaqədar olaraq, tarixi varisliyin qorunması son dərəcə aktualdır. Aydındır ki, bunsuz heç bir tərəqqi mümkün deyil. Əgər biz keçmişə hörmətlə yanaşmasaq, işıqlı gələcəyə doğru irəliləyiş də çətin olacaq. Məhz buna görə biz mütərəqqi bir millət kimi yalnız irəliyə doğru gedəcəyik. Qızıl Ordanın irsi sonsuzdur. Biz bu nəhəng mənəvi və tarixi sərvəti XXI əsrin tələblərinə uyğunlaşdırmaq və modernləşdirmək üçün sistemli səylər göstəririk. Lakin Qızıl Ordanın tarixi fenomeninin hərtərəfli öyrənilməsi və tanıdılması sahəsində həqiqi sıçrayış əldə etmək üçün prinsipial olaraq yeni, qlobal səviyyəyə çıxmaq lazımdır".
Ənənələrlə innovasiyaların birləşməsi
Prezident rəqəmsallaşmaya da diqqət çəkib: "Müasir texnologiyalar artıq həyatın bütün sahələrinə sürətlə nüfuz edir və bu proses bəşəriyyətin gələcəyini müəyyənləşdirir. Süni intellekt və digər qabaqcıl texnologiyalar böyük sürətlə inkişaf edir və bu, XXI əsrin əsas reallığıdır. Qazaxıstan bu dəyişiklikləri nəzərə alaraq gənc nəslin yeni şəraitə uyğun hazırlanmasına xüsusi önəm verir. Bu məqsədlə artıq süni intellektin təhsil sisteminə tətbiqi ilə bağlı addımlar atılıb.
Yeni rəqəmsal və nəqliyyat dəhlizləri, eləcə də məlumat saxlama mərkəzləri yaradılır. Bu layihələr Böyük İpək Yolunun müasir - rəqəmsal formatda yenidən formalaşmasına imkan yaradır. Bütün bu addımlar ənənələrlə innovasiyaların birləşdiyi yeni inkişaf mərhələsinin formalaşmasına xidmət edir. Buna görə də əcdadlarımızın zəngin irsini mütərəqqi dəyərlər və qabaqcıl texnologiyalarla uzlaşdırmaq vacibdir".
Prezident Qızıl Orda irsinin araşdırılması ilə bağlı qarşıda görüləcək işlərə də toxunub: "Qızıl Orda üzrə xarici mütəxəssislərin cəlb edilməsi ilə genişmiqyaslı nəşriyyat layihəsinə başlanmalıdır. Əminəm ki, ədalətə, açıqlığa və mədəniyyətlərarası dialoqa əsaslanan çöl dövlətçiliyi ənənələrinin kompleks şəkildə öyrənilməsi bütün Mərkəzi Avrasiyanın uzunmüddətli tərəqqisinə töhfə verəcəkdir. Öz köklərimizi dərk etməklə milli inkişafın üfüqlərini genişləndirmək lazımdır".
Türk dövlətləri arasında əməkdaşlıq
Prezident türk dövlətləri arasında əməkdaşlığı da fəal şəkildə inkişaf etdirdiklərini bildirib: "Qazaxıstan bütövlükdə Avrasiya məkanında kompleks qarşılıqlı fəaliyyət ideyasını irəli sürərək region ölkələrinin iqtisadi və texnoloji potensialının gücləndirilməsinə töhfə verir".
Simpoziumda çıxış edən Qazaxıstan, Türkiyə, Rusiya və Azərbaycan alimləri Qızıl Ordanın Avrasiya tarixində mühüm rol oynadığını vurğulayıblar. Onlar dövlətin inkişaf etmiş idarəçilik sistemi, Şərqlə Qərb arasında körpü rolunu və zəngin multikultural irsini xüsusi qeyd ediblər.
Simpozium çərçivəsində “Astana Bəyannaməsi” qəbul edilib. Bu sənəd beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi və müxtəlif ölkələrin tədqiqat mərkəzləri arasında əlaqələrin möhkəmləndirilməsinə xidmət edir.
Təranə Məhərrəmova
Bakı-Astana-Bakı