• cümə axşamı, 05 dekabr, 07:56
  • Baku Bakı 6°C

Öz həyatını oynayan aktrisa - ANIM

27.07.24 02:10 9892
Öz həyatını oynayan aktrisa - ANIM

Nəcibə Məlikovanın qayınanası xan nəslindən olan hökmlü qadın imiş, ona zülm edirmiş. “Ögey ana” filmi o hadisədən yaranıb. Adil İsgəndərov bu hadisəni rejissor Həbib İsmayılova danışaraq, “gözəl ssenaridir, bunu çək” deyib. Beləcə, “Ögey ana” filmi çəkilib.

“Nəcibə Məlikova 32 ildir, haqq dünyasındadır. Amma teatrda həmişə yeri görünür. O, uşaq vaxtından ayaq basdığı səhnəyə ömrünün axırına qədər eyni məhəbbətlə çıxdı. Bütün rollarına ürəyinin sevgisini və istisini verdi. Tamaşaçılar da onu eyni məhəbbətlə sevdilər…” 


Milli Dram Teatrının qocaman aktyoru, Xalq artisti Rafiq Əzimovun mərhum aktrisa haqqında söylədiyi bu fikirlər Nəcibə Məlikovanı səhnədə canlı görməyən insanlar üçün onun əsl portretini yaradır: “Nəcibə xanım müharibənin qızğın vaxtlarında sənətin sirlərini Fatma Qədridən öyrənmiş, hələ tələbəlik illərindən səhnəyə çıxmışdı. Ömrünün sonuna qədər Milli Dram Teatrında çalışıb. Müxtəlif filmlərə çəkilib. Oynadığı obrazlar - Nərgiz xala, Dilarə, Aygün, Cahan xala rolları tamaşaçıların yaddaşına ömürlük yazılıb. Rolları ilə fədakar, geniş ürəkli, sevməyi və bağışlamağı bacaran, eşqinə vəfalı obrazlar yaradıb. O, həyatda da belə idi. Sevinirəm ki, mən də belə bir görkəmli aktrisa və gözəl  insanla bir çox tamaşada tərəf-müqabil olmuşam. Hər il 27 iyulda – Nəcibə xanımın anım günündə onu böyük sevgi hissi və ehtiramla anırıq…” 

“Söhbətlərdən sonra mən bu qadına heyran oldum”

Əməkdar mədəniyyət işçisi, kinoşünas Aydın Kazımzadə xatırlayır: “Nəcibə xanım çox sadə və səmimi insan idi. Ünsiyyətdə olduğu adamla çox tez doğmalaşırdı. Mən onun evinə gedib-gəlirdim. “Ögey ana” ilə bağlı söhbətlərimiz olurdu. O söhbətlərdən sonra mən bu qadına lap heyran oldum. O, gözəl aktrisa, həm də böyük insan idi. Gəncə teatrında işləyərkən şəhərin tanınmış adamlarından olan Nəsrəddin adlı şəxslə tanış olmuşdu. O, Nəcibə xanımın oynadığı bütün tamaşalara gəlirmiş. Nəsrəddinin əvvəlki evliliyindən Fuad adlı oğlu da vardı. Nəcibə xanım Nəsrəddinlə ailə qurur və bu nikahdan Saqib adlı övladı dünyaya gəlir. Aktrisa hər iki uşağa eyni sevgi ilə yanaşır. Nəsrəddin bir neçə ildən sonra Nəcibə xanımla ayrılanda uşağını da onun öhdəsində qoyub gedir. Nəcibə xanım həmin uşağa doğma övladı kimi baxır. Qayınanası da xan nəslindən olan hökmlü qadın imiş. Nəcibə xanıma zülm edirmiş. “Ögey ana” filmi də o hadisədən yaranıb. Adil İsgəndərov bu hadisəni rejissor Həbib İsmayılova danışaraq, “gözəl ssenaridir, bunu çək” deyib. Beləcə, “Ögey ana” filmi çəkilib. Nəcibə xanım filmdə öz həyatını oynayıb”. 

Ögey oğlunu da öz övladı qədər sevirdi

A.Kazımzadə danışır ki, filmlə bağlı Nəcibə xanım çoxlu məktublar alırmış: “Nələr yox idi o məktublarda? SSRİ-nin hər yerindən tamaşaçılar yazır, öz sevgilərini və heyranlıqlarını bildirirdilər”. A.Kazımzadə deyir ki, aktrisa “Fəryad” filmində də çəkilməli imiş: “Filmdə Ceyhunun anası rolunu oynamalı idi. Ceyhun Moskvada bu haqda mənə danışdı. Təəssüf ki, film çəkilməyə başlayanda Nəcibə xanım xəstələndi. Ceyhunun anası rolunu Elmira Şabanova oynadı”. A.Kazımzadə Nəcibə xanımın övladlarına olan sevgisindən heyranlıqla danışır: “Nəcibə xanım ögey oğlunu da öz övladı qədər sevir, onları bir-birindən ayırmırdı. Ögey oğlu mənə danışırdı ki, anam hara gedirdisə, məni də özü ilə aparır, qardaşımı evdə qoyurdu. Oğluna “bu, sənin böyük qardaşındır, nə desə, ona qulaq as” deyirdi. Nəcibə xanım iki ögey qardaş arasında sevgi yaratmışdı. Doğma oğlu həyatdan erkən köçdü. Bu, Nəcibə xanıma pis təsir etdi. O, ögey ana olduğu halda layiqli övladlar tərbiyə etməyin mümkünlüyünü sübut etdi. “Mən onların tərbiyəsi ilə gecə-gündüz məşğul olmuşam. İşdən gəlib dərslərini yoxlamışam, gedəndə tapşırıqlar vermişəm. Onları heç vaxt nəzarətsiz qoymamışam” deyirdi. Sonralar ögey oğlu mənə deyirdi: “Nəcibə xanımı doğma ana kimi sevmişəm. O, heç vaxt ögey ana olmayıb”. A.Kazımzadə xatırlayır ki, Nəcibə Məlikova gözəl olduğundan tərifli sözlərə də biganə olmayıb: “Bir dəfə zarafatla “Leyla Bədirbəyli haqqında bilirsiniz nə deyirlər? Deyirlər ki, “Leyla xanım Azərbaycan gözəlidir” dedim. Üzü bir az tutuldu. Dərhal sözümü dəyişdim: “Bilirsiniz sizin haqqınızda nə deyirlər?” deyəndə acıqla üzümə baxdı: “Nə deyirlər?”. “Leyla xanım Azərbaycan gözəlidirsə, Nəcibə xanım dünya gözəlidir” deyirlər. Bu sözdən üzünə sanki günəş doğdu. Nəcibə xanım həqiqətən gözəl idi. O, xəstə olanda belə təbii gözəlliyini itirməmişdi”. 

Film ona görə məşhur oldu ki…

“Ögey ana” filmində Cəmilə rolunun ifaçısı Sevinc Axundova Nəcibə Məlikova ilə ailəvi dost olduqlarını bildirir: “Biz ailəvi dost olmuşuq. Ad günlərində o bizə gəlirdi, biz də onlara gedirdik. Nəcibə xanım həm gözəl qadın idi, həm də mənəviyyatı zəngin idi. Yadımdadır, çəkilişlər zamanı Nəcibə xanımı “Aygün” filminə də dəvət etmişdilər. Çəkilişlərə gedəndə oğlunu bizə həvalə edirdi. Onun oğulluğu vardı, onu doğma övladı kimi sevirdi. “Ögey ana” filmi də ona görə məşhur oldu. Nəcibə xanım filmdə öz həyatını oynayıb”. S.Axundova deyir ki, filmin çəkilişləri zamanı yaradıcı heyət onlara çox dəstək olub: “Filmin çəkilişi bir ildən artıq çəkdi. Çəkilişlər İsmayıllıda, Qubada və Dilicanda baş tutdu. Mənim suya yıxıldığım səhnə İsmayıllıda, sudan çıxdığımız səhnə Dilicanda çəkildi. Bir dəfə də İsmayılın dalınca qaçan səhnədə Nəcibə xanım yıxıldı. O, çox dözümlü qadın idi. Ayağı əzilsə də, çəkilişə davam etdi”. S.Axundova xatırlayır ki, sonralar da onu filmlərə çəkilməyə dəvət ediblər: “Doqquzuncu sinifdə oxuyurdum. Adil İsgəndərov “Əhməd haradadır” filmini çəkirdi. Nəcibə xanım zəng edib məni kinostudiyaya çağırdı. O, mənim Ceyran rolunda çəkilməyimi istəyirdi. Amma onda konservatoriyaya hazırlaşırdım, musiqiçi olmağa qərar vermişdim. Ona görə Ceyran roluna gürcü aktrisa çəkildi. Biz Nəcibə xanımla sonralar da görüşürdük. Film bizi doğmalaşdırmışdı”.

Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər