• cümə axşamı, 05 dekabr, 01:23
  • Baku Bakı 7°C

Neomüstəmləkiçilərin Bakı qorxusu - TƏHLİL

17.11.24 05:21 1417
Neomüstəmləkiçilərin Bakı qorxusu - TƏHLİL

Prezident İlham Əliyevin COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitindəki çıxışı ciddi əks-sədaya səbəb olub. Çünki dövlət başçısının toxunduğu faktlar real tarixə və hazırki gerçəkliyə əsaslanır.

Bakıda uğurla davam edən COP29 kiçik dövlətlər üçün həm bəşəriyyətin gündəmində duran ən vacib problemlərdən biri - iqlim dəyişilməsi kontekstində, həm də ümumən siyasi müstəvidə dəstək üçün əlverişli fürsətdir. COP29 çərçivəsində keçirilən inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitinin dünya mediasında doğurduğu əks-səda tədbirin hədəfə hansı səviyyədə vardığının bariz göstəricisidir. Azərbaycan bir neçə ildir ki, hələ də fövqəldövlətlərin müstəmləkəsi olan kiçik ada ölkələrinə dünyanın diqqətini cəlb etmək üçün effektiv platforma rolunda çıxış edir. Prezident İlham Əliyevin COP29-da inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitindəki iştirakı və çıxışı bunun növbəti sübutudur.

Təlaşa düşmüş neokolonizm 

XXI yüzillikdə hələ də müstəmləkə şəraitində yaşayan xalqların olması insanlıq tarixi baxımından üzücü haldır. Belə ərazilərin və xalqların mütləq əksəriyyəti Qərbin aparıcı dövlətlərinin əsarətindədirlər. Bu dövlətlər özlərinə tabe etdirdikləri xalqları istismar etməklə yanaşı, dünyanın qalan hissəsinə insan hüquqları, siyasi etika barədə mühazirə oxumaqdan da çəkinmirlər. Öz gözlərində tiri görməyib, özgələrdə çöp axtaran müstəmləkəçi dövlətləri səciyyələndirən daha bir xüsusiyyət isə ondan ibarətdir ki, tənqidə çox dözümsüzdürlər.


Fransa, Niderland kimi dövlətlər özlərini dünya jandarmı kimi aparırlar. Qeyri-bərabər mübarizə şəraitində qüvvələr və imkanlar nisbəti onlar tərəfində olsa belə, kiçik tənqidə qarşı səbirsizlik nümayiş etdirirlər ki, bunun da səbəbi məlumdur: müstəmləkəçi statusları. 
Fransanın rəhbərliyi ilə Aİ-nın bir sıra üzv dövlətlərinin də qoşulduğu kampaniyanın əsas məqsədi kiçik dövlətləri və xalqları qaralamaq, gözdən salmaqdır. Nə Parisdə, nə Brüsseldə, nə də Amsterdamda anlamaq istəmirlər ki, şüşə evdə oturub qonşunu daşa basmaq olmaz. Birincisi, şüşə evi zədələmək olar, ikincisi də qonşunun əks zərbələrinə məruz qala bilərsən. Bu gün qitənin ümumi diktəyə baş əyməyən ölkələrinə qarşı elan edilməmiş təbliğati müharibənin önündə olan Fransanın və Niderlandın düşdüyü acınacaqlı durum aqressiv sahibi olan şüşə evin reallığına bənzəyir. 

Müstəmləkəçiliyin acı üzü 

Prezident İlham Əliyevin COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitindəki çıxışı zamanı Paris və Amsterdamın həm müstəmləkələrinə, həm də müstəqil siyasət yürütmək istəyən dövlətlərə qarşı dözümsüzlük siyasətini tənqid etməsi tək Fransa və Niderlanda deyil, bütün Qərbdə ciddi əks-sədaya səbəb olub. Neokolonizmin simvoluna çevrilmiş Paris və Amsterdamın siyasətinə toxunan dövlət başçısı deyib: “Fransa və Niderlandın xüsusən də Karib dənizi və Sakit Okean regionundakı dırnaqarası dəniz əraziləri iqlim dəyişmələrinin ən ciddi təsirinə məruz qalanlar sırasındadır. Artan dəniz səviyyəsi, kəskin hava şəraiti və biomüxtəlifliyin pozulması həmin regionlara ciddi təhlükə yaradır. Həmin icmaların səsi bir çox hallarda onların metropoliyalarındakı rejimləri tərəfindən susdurulur... Yeni Kaledoniya, Fransa Polineziyası, Mayot, Vallis və Futuna, Korsika, Reunion, Qvadelupa, Martinika, Fransa Qvianası, Sen-Pyer və Mikelon, Sent-Mert və Sent Varfolomey kimi Fransa müstəmləkələrinin xalqları, eləcə də Niderlandın Aruba, Kurasao, Sənt-Maarten, Boneyr, Sent Yefstaxiy və Saba kimi müstəmləkələrinin xalqları, - gəlin, həmin ərazidəki xalqları alqışlayaq, – bu gün XXI əsrdə də müstəmləkə hakimiyyətindən əziyyət çəkirlər. Hazırda Fransa Polineziyası və Yeni Kaledoniya 1946-1947-ci illərdə BMT tərəfindən qeyri-özünü idarə edən ərazilər kimi tanınır. Bununla belə, onların dekolonizasiya prosesi hələ də yubanır”.

Gözlənildiyi kimi, Azərbaycan liderinin çıxışı Qərbdə, o cümlədən tənqidin əsas hədəfləri olan Fransa və Niderlandda böyük siyasi təlaşa səbəb olub. Niderland krallığının XİN-i və Fransanın ayrı-ayrı rəsmiləri tələsik və kasad arqumentli bəyanatlar verməyə çalışıblar. Ancaq bu qıcıq dolu reaksiyanın Prezident İlham Əliyevin söylədiyi tutarlı dəlillərə qarşı hansısa effekt verəcəyini düşünmək sadəlövhlük olardı. İlk növbədə ona görə ki, dövlət başçısının toxunduğu bütün faktlar real tarixə və hazırki gerçəkliyə əsaslanır. Məsələn, Fransa dünya okeanında həyata keçirdiyi nüvə sınaqları nəticəsində biomüxtəlifliyə vurduğu cinayətkar zərəri necə inkar edə bilər? Yaxud internet reallığında, dünyanın gözləri qarşısında Yeni Kaledoniyada əhalinin haqlı narazılığının hərb maşını ilə boğulmasından necə yaxa qurtaracaq? 

İkili standartın bumeranqı 

1940-cı ildə faşist Almaniyasının hücumuna məruz qalan Niderland cəmi beş günə ağ bayraq qaldırmaq məcburiyyətində qalıb. Öz müstəqilliyini cəmi dörd gün qoruya bilmiş, tələsik təslim olub beş il ərzində faşist rejimin boyunduruğu altında yaşayan Niderland başqalarının hesabına işğaldan qurtulan kimi uzaq İndoneziyaya hücum etmək qərarına gəlib. Səbəb - XVII əsrin əvvəllərindən müstəmləkəsi olmuş, sonra isə nəzarətindən çıxmış İndoneziyanı yenidən işğal etmək idi. Xoşbəxtlikdən niyyətinə çata bilməyən Niderland dünyaya baxış fəlsəfəsini hələ də dəyişə bilməyib. Bu dövlət aqressiv separatçılıqla mübarizə aparan Azərbaycana qarşı çamuratma kampaniyasının iştirakçısı olmağa da macal tapır. Bir tərəfdən yüzlərlə azərbaycanlının qətlində günahkar olan hərbi caniləri “əsir” sayıb, onlara “azadlıq” tələb edir, digər tərəfdən isə yüzillərdir əsir saxladığı bütöv xalqlara Azərbaycanın dəstəyindən təlaşa düşür. 
Bu kontekstdə Fransadan heç danışmağa dəyməz. Birincisi, Fransanın neokolonial, Azərbaycanafob və antitürk mahiyyəti barədə çox danışılıb. İkincisi isə cəmi 30 illik müstəqillik tarixi olan Azərbaycanın müstəmləkəlikdən can qurtarmaq istəyən ada dövlətlərinə mənəvi dəstəyindən Fransanın kimyasının pozulması sarkastik təbəssüm doğurur. 

Rüstəm Qaraxanlı

banner

Oxşar Xəbərlər