• şənbə, 28 Iyun, 11:40
  • Baku Bakı 19°C

Kontakt linzalar, onun növləri və taxılma qaydası

02.06.22 18:00 709
Kontakt linzalar, onun növləri və taxılma qaydası

Son zamanlar kontakt linzalar əksər insanların həyatının bir parçasına çevrilib. Zaman keçdikcə onun orqanizmə vurduğu zərərlər də ortaya çıxır. Kor-koranə istifadə edilən bir sıra linzalar göz xəstəliklərinə səbəb olur. Bundan başqa zəif görənlər həkim məsləhəti olmadan linza seçməməlidirlər.

AZƏRTAC xəbər verir ki, həkim-oftolmoloq Aynurə Əliyeva deyib: “Kontakt linzalar gözün buynuz qişası üzərinə oturduğu üçün baxdığımız obyektin fokusu tamamilə gözdə olduğu kimi qəbul olunur. Eynək korreksiyası zamanı isə eynək şüşəsi ilə göz arasında hava qalır və bu da özünün sındırıcı qüvvəsinə malikdir. Buna görə müəyyən görmə qüsurları və miopiya zamanı müəyyən rəqəmlərdən sonra linza yarım nömrə aşağı yazılır. Ona görə də özbaşına linza seçimi etmək məsləhət görülmür”.

Linza göz səthinə birbaşa təmas göstərdiyi üçün diqqətsiz istifadə edilməsi infeksiyaya, göz səthinin cızılmasına səbəb ola bilər. Həkim-oftalmoloqun dediyinə görə, linzanın gözdə yaratdığı fəsadlar əsasən gigiyenik qaydalara əməl etmədikdə yaranır: Bundan başqa linza seçərkən diqqətli olmaq tələb olunur: “Linza seçərkən onun hazırlandığı materiala əks göstəriş olub-olmadığına fikir vermək lazımdır. Xüsusilə bir dəfə üçün nəzərdə tutulan linzalar daha çox məsləhət görülür və daha təhlükəsiz sayılır. Bununla yanaşı bir, üç və altı aylıq, həmçinin sərt linzalar da var”.

“Linzaları vaxtında çıxarmaq lazımdır. Rəngli linzaların istifadə müddəti adətən 7 saat olur. Onu həmin müddətdən artıq taxmaq və ya gözdən çıxarmadan yatmaq olmaz. Linzaları çıxarandan sonra xüsusi məhlul əlavə olunmuş qabına qoymaq lazımdır. Bununla yanaşı linzaların suyu hər gün dəyişdirilməli, təmizlənmə qaydasına düzgün riayət olunmalıdır.

Onu səhər taxandan sonra iş gününün axırında mütləq çıxarmaq lazımdır. Həftədə bir dəfə mütləq eynək korreksiyası aparılmalı və yaxud gözə istirahət verilməlidir. Linzalarla yatmaq və yaxud hər hansı gözdə qıcıq, qızartı yarananda ona əhəmiyyət vermədən istifadəyə davam etmək təhlükəlidir. Hamam qəbul etmək, əl-üzü yumaq olar, lakin xlorlu su ilə hovuza və dənizə girmək məsləhət deyil”, - deyə həkim-oftalmoloq bildirib.

Qeyd etmək lazımdır ki, kəskin infeksiyalar və patologiyalar zamanı linzadan istifadə tövsiyə olunmur. Başqasının linzasını isə gözə taxmaq qəti qadağandır, çünki bu zaman müxtəlif infeksion xəstəliklərə yoluxmaq mümkündür.

banner

Oxşar Xəbərlər