• şənbə, 07 Iyun, 02:08
  • Baku Bakı 22°C

Klublarımızdan avrokubok gözləntiləri 

06.06.25 02:22 161
Klublarımızdan avrokubok gözləntiləri 

"Qarabağ"ın əsas hədəfi Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanmaq olacaq. “Sabah”ı Avropa Liqasında çətin rəqiblər gözləyir. "Araz-Naxçıvan"ın işi asan olmayacaq. “Zirə”dən gözləntilər böyükdür. 

Azərbaycanda futbol mövsümünə mayın 31-də yekun vuruldu. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan ölkə kubokunun final matçı ilə. Həlledici qarşılaşmada Premyer Liqanı zirvədə tamamlayan "Qarabağ"la "finiş xətti"ni beşinci keçən "Sabah" üz-üzə gəldi. Gözlənilmədən "köhlən atlar"a 3:2 hesabı ilə qalib gələn "bayquşlar" qitə kuboklarına sonuncu vəsiqəyə sahib çıxdı. Vasili Berezutskinin rəhbərlik etdiyi kollektiv Avropa Liqasında şansını yoxlayacaq. Premyer Liqanı dördüncü pillədə bitirən, ümidini "Qarabağ"ın Azərbaycan Kubokunu qazanmasına bağlayan "Turan Tovuz" isə növbəti mövsümü gözləməli olacaq.

"Qarabağ" Çempionlar Liqasında

Qurban Qurbanovun rəhbərlik etdiyi komanda Avropanın ən nüfuzlu klub turnirinə vəsiqə qazanmaqda çətinlik çəkmədi. Ağdam təmsilçisi yenə sona bir neçə tur qalmış çempionluğu təmin etdi. Bununla belə, komandanın əvvəlki əzəmətindən xeyli uzaq düşdüyü aşkar görünür. Düzdür, "köhlən atlar" Çempionlar Liqasında mübarizəyə birbaşa II təsnifat mərhələsindən start verəcək. Özü də Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv püşkatmada səpələnmişlərdən olacaq. Bu səbəbdən təmsilçimizin mümkün rəqibləri I təsnifat mərhələsindən gələcək zəif komandalar olacaq. Onu da əlavə edək ki, I təsnifat mərhələsinin püşkatması iyunun 17-də, II təsnifat mərhələsinin püşkü isə ertəsi gün atılacaq.

Təbii olaraq "Qarabağ"ın əsas hədəfi Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanmaq olacaq. Bu çətin missiyanın öhdəsindən gəlmək üçün isə heyət mütləq gücləndirilməlidir. Xüsusilə Olavio Juninyonun "Flamenqo"ya transferindən sonra hücum xəttində yaranan boşluq aradan qaldırılmalıdır. Müdafiə və yarımmüdafiə bölgələrinə də "yeni qan" tələb olunur. Qurban Qurbanov və klub rəhbərliyi də bunun fərqindədir və lazımi transferləri gerçəkləşdirməkdə israrlıdırlar. Belə olarsa, Ağdam təmsilçisini üç turnirdən birinin Liqa mərhələsində görə bilərik. Əks halda, uğursuzluq qaçılmaz olacaq.

“Sabah” yaxşı transferlər etməlidir 

Son anda, daha doğrusu, mayın 31-də özünü "Avropa qatarına atan" "Sabah" yay transfer dönəmindən ciddi faydalanmağa məhkumdur. Premyer Liqada qeyri-sabit çıxış bunu deməyə əsas verir. Kollektivin qarşısına həmişə yüksək hədəflər qoyan rəhbərliyin, çox güman ki, mövcud problemlərin həlli istiqamətində "yol xəritəsi" var. Onu da qeyd edək ki, "Sabah" Avropa Liqasının birinci təsnifat mərhələsindən mübarizəyə başlayacaq. Üstəlik, "bayquşlar"  püşkatma zamanı səpələnməmişlər sırasında yer alacaq ki, bu da güclü rəqiblərlə qarşılaşmaq anlamına gəlir. Konkret desək, potensial rəqiblər “Şaxtyor” (Donetsk/Ukrayna), “Legiya” (Varşava/Polşa), “Partizan” (Serbiya), “Şerif” (Moldova), “ÇFR Kluj” (Rumıniya), “Hapoel” (Beer-Şeva, İsrail), “Selye” (Sloveniya), “Spartak” (Trnava/Slovakiya) klublarından biri ola bilər. Onu da qeyd edək ki, püşkatma iyunun 17-də, oyunlar isə iyulun 10-17-də keçiriləcək.

"Zirə" və "Araz-Naxçıvan"ı nə gözləyir?

Azərbaycan təmsilçiləri Konfrans Liqasına II təsnifat mərhələsindən başlayacaqlar. "Araz-Naxçıvan"dan fərqli "Zirə"nin durumu daha ürəkaçandır. Birincisi, baş məşqçi Rəşad Sadıqov artıq oturuşmuş heyət formalaşdırıb və mövsümü gümüş medalla başa vuran kollektiv işlək mexanizmi xatırladır. İkincisi, paytaxt təmsilçisi yetərli avrokubok təcrübəsinə malikdir. Müəyyən əlavələrlə komandada rəqabəti daha da artırmaq mümkündür ki, klub rəhbərliyi də məhz bu yöndə əməli fəaliyyətə başlayıb. Hər şey plan üzrə gedərsə və püşkdə münasib rəqiblər düşərsə, "Zirə"ni turnirin Liqa mərhələsində görə bilərik. 

"Araz-Naxçıvan"ın işi isə asan görünmür. Düzdür, komanda son mövsümdə tarixi uğurlara imza atdı. Elmar Baxşıyevin rəhbərlik etdiyi kollektiv Naxçıvan futbolu tarixində ilk dəfə Premyer Liqada bürünc medal qazanmaqla yanaşı, avrokuboklarda oynamaq imkanı əldə etdi. Özü də komanda bu nəticəyə ev oyunlarını doğma məkandan kənarda - Mərdəkanda keçirməklə imza atdı. Amma heyətin və maliyyə imkanlarının yetərsizliyi Avropada ciddi uğur qazanmaq ehtimalını azaldır. Düzdür, klub rəhbərliyi mövsüm bitən kimi heyətdə köklü dəyişikliyin anonsunu verdi. Amma bu məqamın özü də, demək olar ki, yenidən formalaşdırılacaq kollektivin bir müddət oyun planında "axsayacağına", meydanda anlaşma baxımından çətinlik çəkəcəyinə səbəb olacaq. Ümid edək ki, "Araz-Naxçıvan" bu problemlərlə üzləşməyəcək və debüt mövsümündə azarkeşlərinə sevincli anlar yaşadacaq. 

Sonda onu da xatırladaq ki,  Konfrans Liqasında I təsnifat mərhələsinin püşkatması iyunun 17-də baş tutacaq. II təsnifat mərhələsinin püşkü isə ertəsi gün atılacaq.

banner

Oxşar Xəbərlər