• cümə axşamı, 05 dekabr, 07:32
  • Baku Bakı 6°C

“Kaspi”nin əməkdaşı beynəlxalq festivalın münsiflər heyətinin üzvü seçilib

12.09.24 11:41 2273
“Kaspi”nin əməkdaşı beynəlxalq festivalın münsiflər heyətinin üzvü seçilib

 Vyanada Beynəlxalq Turizm Filmləri Festivalı (CİFFT) işə başlayıb. Təşkilat 36-cı buraxılışında ilk dəfə olaraq dünya səyahətçi jurnalistlərinin səyahət videolarını qiymətləndirmək üçün müsabiqə elan edib.

Müsabiqənin qalibi yeni “Turizm Mətbuat Mükafatı”na layiq görüləcək. Xüsusi mükafat noyabrın 26-dan 28-dək İspaniyanın Valensiya şəhərində keçiriləcək “Dünya Turizm Filmləri Festivalı (World Tourism Film Awards) mərasimində təqdim olunacaq. Final mərasimində mükafatların təqdimatı ilə yanaşı, dünyanın ən yaxşı turizm filmlərinin nümayişi də keçiriləcək.

Müsabiqəyə 23 ölkədən 66 səyahət videosu təqdim edilib. Səyahət videolarının qiymətləndirmə prosesinə sentyabrın 10-da start verilib. Proses sentyabr-oktyabr aylarını əhatə edən turlar çərçivəsində onlayn olaraq həyata keçiriləcək.

Mükafatın qalibi Beynəlxalq Səyahət Jurnalistlərindən ibarət münsiflər heyəti tərəfindən müəyyənləşdiriləcək.

Festival komitəsinin direktoru Alexander V. Kammel bildirib ki, mükafat turizm və media arasındakı güclü qarşılıqlı əlaqələri vurğulayır: "Bu təşəbbüs CIFFT tarixində əhəmiyyətli bir mərhələni qeyd edir. Biz jurnalist ictimaiyyəti ilə audiovizual cəmiyyət arasında unikal uyğunlaşma yaradaraq turizmi təşviq edirik”.

Audiovizual məhsulların qiymətləndirilməsində dünyanın aparıcı media orqanlarından 80-dən çox səyahət jurnalistindən ibarət münsiflər heyəti iştirak edəcək.

Global Media Group-a daxil olan “Kaspi” qəzetinin əməkdaşı Təranə Məhərrəmova da Azərbaycandan seçilən münsiflər heyətinin üç üzvü sırasında yer alıb.

Xatırladaq ki, festival Avropa Turizm Komissiyası (ETC), Mərkəzi Amerika Turizm Agentliyi (CATA) tərəfindən dəstəklənir. Bakı Beynəlxalq Turizm Filmləri Festivalı Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsinin (CIFFT) üzvüdür.

#CIFFT 

banner

Oxşar Xəbərlər