• cümə axşamı, 05 dekabr, 07:34
  • Baku Bakı 6°C

İstedadı və səxavəti ilə əbədiləşən Səxavət - ANIM

28.09.24 01:17 3942
İstedadı və səxavəti ilə əbədiləşən Səxavət - ANIM

“Səxavət Məmmədov səxavətli adam idi. Dosta əl tutan idi. El şənliklərində bəzən qazandığı pulu paylayırdı, özünə heç nə qalmırdı. Sənətini heç vaxt pula satmırdı”.

Bu dünyadan bir Səxavət keçdi. Təkrarolunmaz səsi və əvəzolunmaz insanlığı ilə ürəklərdə dərin izlər buraxdı. Yeri hər yanda görünür. Oxuduğu mahnılar həmişə qulaqlarda səslənir... 

Sentyabrın 30-u - xanəndənin xatirə günü ərəfəsində sənət dostları ilə Səxavət Məmmədovu xatırladıq.

Səxavət yeganə xanəndədir ki...

“Səxavətin ömrü mənimlə bir yerdə keçib. 15 yaşında Asəf Zeynallı adına Musiqi Məktəbində oxumuşuq, dostluq etmişik. Əvvəl tələbə yoldaşı, sonra sənət yoldaşı, daha sonra ailəvi dost olmuşuq”, - deyə Xalq artisti Möhlət Müslümov xatırlayır:

“Xarici ölkələrdə qastrolda, saysız-hesabsız el şənliklərində birgə iştirak etmişik. 23 illik yol gəlmişik. Bu illər ərzində yüz ilin işini görmüşük”. M.Müslümov deyir ki, Səxavət həm də yüksək insani keyfiyyətlərə malik olub: “Böyük sənətkarlar çoxdur, amma həm gözəl sənətkar, həm də yaxşı insan olmaq hər xanəndəyə nəsib olmur. Səxavət belə sənətkar idi. Özündən çox dostunu, ailəsini düşünən idi. O, özünə qulluq etmirdi, ətrafındakı insanlara əl tutur, kömək edirdi. O dərəcədə imkanı olmurdu, amma yenə yardım etməkdən qalmırdı. Görəndə ki, birinin yoxudur, gedib ona əyin-baş alıb gətirirdi. Mən Səxavəti belə görmüşəm”. M.Müslümov deyir ki, Səxavətin sənətinin özəlliyi heç kimi yamsılamaması idi: “O, sənətə özü kimi gəldi, səhnəyə çıxdığı ilk gündən öz dəst-xətti oldu. İndi də cavanlar onu yamsılayırlar. Amma onun öz yolu vardı. Bəzən xanəndələr “soyuq su içmirəm, istiotlu yemək yemirəm, yaxşı yatmamışam, ona görə oxuya bilmərəm” deyirlər. Amma Səxavət yuxusuz da, xəstə də olanda oxuyurdu. Yadımdadır, aprel ayında Nikaraquaya getmişdik. Elə isti havada buzlu su içib oxuyurdu. Səxavət cəmi 38 il yaşadı, amma bu ömür 100 yaşında sənətkarın ömrünə bərabər oldu. Gərək 100 il yaşayasan ki, onun musiqidə etdiklərini edəsən”.

“Toyda yığılan pulu da toya yazdırdı”

Tarzən deyir ki, Səxavəti həm sənətinə, həm insaniyyətliyinə görə el şənliklərinə çox dəvət edirdilər: “Görürdü ki, biri övladının toyunda oxumasını arzulayır, amma kasıbdır, “Get, heç nə lazım deyil, gələcəyəm” deyirdi. Sözünü həmişə yerinə yetirirdi. Bir dəfə kəndlərin birində kasıb bir qadın Səxavəti oğlunun toyunda oxumasını arzuladığını deyəndə onu lağa qoyub gülmüşdülər. O da Səxavətin yanına gəlib danışdı. Səxavət qadına “Get, gələcəyəm” dedi. Biz toya getdik. Səxavət toyda yığılan pulu da toya yazdırdı. Sonra Bakıya qayıdıb evdən pul götürdü, özü ilə apardığı musiqiçilərə verdi. İndi varmı belə adam? Səxavət yeganə xanəndədir ki, sağlığında onu necə sevmişdilərsə, yoxluğunda da elə sevirlər. Onu təkcə ölkəmizdə deyil, başqa ölkələrdə də tanıyır və sevirdilər. Cənubi Azərbaycanda hər evdə onun lent yazısı var. İndi də gedəndə “onun haqqında xatirələrini danış” deyə əl çəkmirlər. M.Müslümov sənət dostunun faciəli ölümünü unuda bilmədiyini deyir: “Səxavətin ölümü bizim qəlbimizdə bir yaradır. Elə gün yoxdur ki, onu xatırlamayım...”

İndi ruhu şaddır ki...

Xalq artisti Mənsum İbrahimov mərhum xanəndəni əvəzolunmaz hesab edir: “Səxavət Məmmədov unudulmaz sənətkardır. Onun oxuduğu  muğamlar, xalq və bəstəkar mahnıları həmişə xalqımızın yaddaşındadır. Hər dəfə onun ifası eşidiləndə belə bir xanəndəni itirdiyimizə görə heyifsilənirik. Çünki o, xalqın sevdiyi xanəndə idi. İndi ruhu şaddır ki, doğulduğu Ağdam torpağı azaddır...” 

Sənəti yetim qoyub getdi... 

“Səxavətlə 1976-cı ildən tanışam. Həbib Bayramov, Səxavət və mən “Kubinka”da el şənliyində iştirak edərkən tanış olduq. Sonra da ömrünün sonuna qədər onu müşayiət etdim”, - deyə kamança ifaçısı, Xalq artisti Fəxrəddin Dadaşov xatırlayır: “Səxavətin sənəti də özü kimi böyük idi. Onun dostluğu da əvəzolunmaz idi. Səxavət çox ürəkli oxuyan idi. Səhnədə oxuyanda ona arxayın olurdun, bilirdin ki, sənəti yüksəyə qaldıracaq. 1986-cı ildə Nikaraquada səfərdə olduq. Səxavət hədsiz istiyə görə sərinləmək üçün buz yeyirdi. “Səsin korlanacaq” deyəndə, “O səs ki buzla korlandı, mənə lazım deyil” cavab verirdi. O, buzu yeyəndən sonra elə oxuyurdu ki, zal onu ayaq üstdə alqışlayırdı. Adamlar gəlib “bu səs haradan çağlayır”, - deyə onun boğazına baxırdılar. Sonra Hindistanda, Fransada, İsraildə uzunmüddətli qastrollarda olduq. İsraildə oxuyandan sonra adamlar gəlib onun əlindən öpür, sənəti qarşısında baş əyirdilər. Mən orada Səxavətin sənətinə olan böyük sevginin şahidi oldum”. 

“Oxuduğu bütün mahnılar gözəl və yaddaqalan idi”

F.Dadaşov xanəndəyə olan el sevgisini də xatırlayır: “Səxavət səxavətli adam idi. Dosta əl tutan idi. El şənliklərində bəzən qazandığı pulu paylayırdı, özünə heç nə qalmırdı. Sənətini heç vaxt pula satmırdı. Mənlə Möhlət onunla o qədər Qarabağ toylarına gedirdik ki, bizi də ağdamlı kimi tanıyırdılar. Paxıl adam deyildi. Dostlarına heç həsəd aparmazdı. Səxavətin oxuduğu bütün mahnılar dillər əzbəri idi. “Külək” mahnısını Əlibaba Məmmədovun ansamblında yazdırdıq. Mahnının əvvəlini də, ortasını da mən müşayiət etmişəm. Onun oxuduğu bütün mahnılar gözəl və yaddaqalan idi. İndi də o mahnılar insanların yaddaşındadır. O mahnılar efirdən də səslənir, el şənliklərində də. Səxavət o mahnıların möhürünü vurmuşdu. O, öz xırdalıqları, öz yolu ilə oxuyurdu. “Azad bir quşdum...” mahnısını elə şövqlə oxuyurdu ki... Dünyanı da eləcə tərk elədi. O sənəti yetim qoyub getdi...” 

Azad bir quş kimi...

Oktyabrın 24-də Heydər Əliyev Sarayında Səxavət Məmmədovun xatirəsinə həsr olunan muğam gecəsi keçiriləcək. Həmin gün sənət dostları, gənc xanəndələr səhnəyə çıxacaq, Səxavət Məmmədov haqqında danışacaq, mahnılarını ifa edəcəklər.  Sarayın geniş salonunda Səxavətin şövqlə və təkrarsız səslə oxuduğu “Külək” də, “Ay Çiçək” də, “Yar bizə qonaq gələcək” də, “Uca dağlar” da səslənəcək. Xanəndənin ruhu bu mahnılarla təskinlik tapacaq. Azad bir quş kimi pərvazlanıb doğma Qarabağ torpağına, doğulduğu Ağdama qovuşacaq... 

Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər