İntensiv yağıntıların fəsadları aradan qaldırılır

Son günlərdə müşahidə edilən kəskin yağışlı hava şəraitində ölkə üzrə 800-ə yaxın sığorta hadisəsi qeydə alınıb. İntensiv yağıntılar səbəbindən Quba, Ağsu, Şamaxı və İsmayıllı rayonları ərazisində ekzogen-geoloji proseslərin nisbi aktivliyi müşahidə edilir.
Aprelin 15 və 16-da ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi çoxsaylı fəsadlara yol açıb. Bakıda və Abşeron yarımadasında leysan, regionlarda intensiv yağış, dağlıq rayonlarda qar yağıb. Çaylarda sululuq artıb, sel keçib.
800-ə yaxın sığorta hadisəsi qeydə alınıb
"Azərbaycan Sığortaçılar Assosiasiyası" İctimai Birliyindən verilən məlumata görə, bu həftə ərzində müşahidə edilən kəskin yağışlı hava şəraitində ölkə üzrə 800-ə yaxın sığorta hadisəsi qeydə alınıb. Sözügedən hadisələr nəticəsində sığortalanmış avtonəqliyyat vasitələrinə, o cümlədən daşınar və daşınmaz əmlaklara zərər dəyib. Yerli sığorta bazarı iştirakçılarından alınan məlumatlara görə, baş vermiş hadisələrlə bağlı səkkiz sığorta şirkətinə ümumilikdə 769 müraciət daxil olub. Bu müraciətlərin 512-si “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü, 157-si “Daşınmaz əmlakın icbari sığortası” növü, 77-si “Kasko” sığorta növü, 21-i “Əmlakın yanğından və digər risklərdən sığortası” növü üzrə baş vermiş hadisələrlə əlaqədar olub. Bundan əlavə, “Fərdi qəza sığortası” və “Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası” növlərinin hər biri üzrə isə bir hadisə qeydə alınıb.
Ümumi zərər məbləği bir milyon manatı ötəcək
Qurumdan bildirilib ki, 294 hadisə üzrə ehtimal olunan zərər məbləği 241 min 30 manat müəyyən olunub. Qalan 475 hadisə üzrə isə zərər qiymətləndirməsi prosesi davam edir. Hazırda daxil olmuş bütün müraciətlərə dair hadisələr tənzimləmə və zərər qiymətləndirilməsi mərhələsindədir və sığorta hadisəsi kimi tanınan hər bir hadisə üzrə sığorta ödənişlərinin həyata keçirilməsi nəzərdə tutulur. Bütün hadisələr üzrə qiymətləndirmə prosesi yekunlaşdıqdan sonra ümumi zərər məbləği həcminin bir milyon manatı ötəcəyi ehtimal edilir.
Hesabat dövrü ərzində sığorta şirkətlərinə daxil olmuş müraciətlər üzrə hadisələrin 70%-i paytaxt Bakıda, 30%-i isə respublikanın digər bölgələrində qeydə alınıb.
Ekzogen-geoloji proseslərin dinamikası artıb
Kəskin hava şəraiti bəzi sürüşmə zonalarında da aktivliyə səbəb olub. Geoloji Kəşfiyyat Agentliyinin sədri Əli Əliyev Oxu.Az-a bildirib ki, son günlər ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitindən sonra bəzi ərazilərdə ekzogen-geoloji proseslərin dinamikasında nisbi aktivlik müşahidə olunsa da, bu proseslərin ümumi fonu stabil xarakterlidir". Onun sözlərinə görə, son günlər intensiv yağıntılar səbəbindən Quba, Ağsu, Şamaxı və İsmayıllı rayonları ərazisində ekzogen-geoloji proseslərin nisbi aktivliyi qeydə alınıb ki, bu da bilavasitə mövsümi xarakterli iqlim faktorları ilə əlaqəlidir. Hazırda Geoloji Kəşfiyyat Agentliyinin mütəxəssisləri ilə birgə aidiyyəti qurumlar proseslərin inkişaf dinamikasını qiymətləndirirlər.
Fəsadlar aradan qaldırılır
Müvafiq qurumlar da yaranan çətinliklərin aradan qaldırılması istiqamətində fəaliyyətlərini davam etdirirlər. Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, görülən zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində bir çox ərazilərdə su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması işləri yekunlaşıb. Hazırda bəzi istiqamətlərdə su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi davam etdirilir. Əməliyyat nəticəsində su basmış yerlərdə köməksiz vəziyyətdə qalmış 33-ü uşaq olmaqla ümumilikdə 135 nəfər təxliyə olunub. Qeyd edək ki, yaranan fəsadların aradan qaldırılması tədbirlərinə Fövqəladə Hallar Nazirliyinin 450 nəfərə yaxın şəxsi heyəti və 150-yə yaxın texnikası cəlb edilib.
Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq təcili tibbi yardıma müraciət edənlərin sayı da açıqlanıb. TƏBİB-dən bildirilib ki, ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 60-dan çox müraciət daxil olub.
F.Abasoğlu
