“İnsanın emosional bacarıqları artırılmalıdır” - MÜSAHİBƏ
Sonabəyim Hüseynzadə: “İnsanlar robotla həssas məlumatlarını paylaşdıqda, etik və təhlükəsizlik baxımından risklər yarana bilər. Çünki onlar unudurlar ki, robotun arxasında insan dayanır və məlumatlar başqa şəxslərə ötürülə bilər”.
Azərbaycan mühəndisləri beynəlxalq səviyyədə getdikcə daha çox tanınır və ölkəmizi mühüm elmi platformalarda uğurla təmsil edirlər. Belə tədbirlərdən biri də Avropada yaşayan azərbaycanlı mühəndislərin ikinci forumudur. Forumda çıxış edən yeganə qadın mühəndis isə robototexnika və koqnitiv sistemlər üzrə tədqiqatçı, Almaniyanın Siegen Universiteti və Yaponiyanın Tohoku Universiteti (Sendai) ilə AIST mərkəzində (Tokio) insanoid robotlar üzrə tədqiqatçı, həmçinin "IEEE Women in Engineering" Azərbaycan bölməsinin sədri Sonabəyim Hüseynzadə olub. Həmsöhbətimizlə forumdakı təcrübəsi və tədqiqatları barədə söhbət apardıq.
“Elə bil ki, ömürlük tələbəyəm”
- Sonabəyim xanım, Azərbaycanı beynəlxalq miqyaslı mühəndislik tədbirində təmsil etmək necə hissdir?
- Bu, mənim üçün həm məsuliyyət, həm də şərəf idi. Çıxışımın əvvəlində Azərbaycan qadın mühəndis və alimlərinin yüksələn mövqeyindən danışdım və vurğuladım ki, texnoloji sahədə qadınların rolunun gücləndirilməsi həm yerli, həm də qlobal səviyyədə innovativ gələcək qurmaq üçün vacibdir. Eyni zamanda, Tohoku Universitetində apardığım tədqiqat işlərinin nəticələrini təqdim edərkən gənc mühəndislərin göstərdiyi maraq və təşəbbüskarlıq məni xüsusilə ilhamlandırdı.
- Tədqiqatçı olmaqla yanaşı, bir neçə beynəlxalq və elmi təşkilatlarda da fəaliyyət göstərirsiniz. Hətta gecə-gündüz çalışdığınızı deyirsiniz. Məqsədiniz nədir?
- Robototexnika sahəsində təhlükəsizlik və etik sistemlər demək olar ki, mövcud deyil. Çalışıram ki, bu sahədə töhfəmi verim, bu isə əlavə iş deməkdir. Bəzən az yatmalı, istirahətimdən güzəştə getməli oluram. Son 5-6 ildə demək olar ki, istirahət günüm olmayıb. Hər məqalə əlavə informasiya və diqqət tələb edir. Elə bil ki, ömürlük tələbəyəm, daim öyrənir, araşdırıram. Məsələn, noyabr ayında bir neçə beynəlxalq konfransda çıxış etdim. İtaliyada keçirilən “TechDefense 2025” konfransında robot sistemlərinin cəmiyyətdə və dövlət təhlükəsizlik sistemində rolu haqqında müzakirələr apardım. Konfrans boyu İtaliyanın Hava Qüvvələrinin sədri Luca Goretti, Amerikanın Hava Qüvvələri üzrə mütəxəssis kolonel Jeffrey Newcamp və Bolqarıstanın general-leytenantı Emil Lyutskanovla robotların diplomatiya sahəsində gələcəyi barədə söhbətlər etdik. Daha sonra Bolqarıstanda keçirilən Beynəlxalq Əlaqələrin Qlobal Transformasiyası konfransında UN üzvü Florian Baalcke ilə koqnitiv sistemlərin diplomatiyaya təsirini müzakirə etdim. Hər bir konfrans və elmi yığıncaq mənə özümə sual verməyə imkan yaradır: Mən elm sahəsində hansı yeniliyi təqdim edə bilərəm?
“Məlumatlar başqa şəxslərə ötürülə bilər”
- Yaponiya və Almaniyada insanabənzər robotlarla bağlı aparılan tədqiqatlarda iştirak edirdiniz. Nəticə necə oldu və tədqiqatlar robototexnikanın gələcəyi barədə sizə nə göstərdi?
- Tədqiqatın baş mühəndisi olaraq Tohoku Universitetində məqsədim laboratoriyada aparılan simulyasiyaları gündəlik həyata daha yaxından tətbiq etmək idi. Bunun üçün iştirakçılara müzakirə zamanı rahat, istədikləri mövzu ilə bağlı danışmaq imkanı yaratdıq. Nəticələr gözlənilməz və çox maraqlı oldu. İnsanlar robotla ilk dəfə qarşılaşdıqları halda şəxsi mövzular barədə açıq danışırdılar. Yalnız 20 dəqiqə ərzində robotla çox rahat ünsiyyətdə olub həssas məlumatlarını paylaşırdılar. Bu, bizim üçün sürpriz idi, çünki Yaponiyada insanların adətən yaxın münasibət qurmaları üçün uzun müddət tələb edilir. İştirakçılar bizə bildirdilər ki, robotla danışanda qınanmayacaqlarını hiss edirlər və sadəcə qulaq asıldığını görürlər. Lakin bu vəziyyət etik və təhlükəsizlik baxımından problemlər yaradır, çünki robotun arxasında insanın olduğunu unutmaq olmaz. Məlumatların başqa şəxslərə ötürülmə ehtimalı mövcuddur. Müşahidələr göstərdi ki, süni intellekt və robototexnika sistemləri artıq terapiya və sosial ünsiyyət kimi istifadə olunur. Bu səbəbdən yalnız mühəndislik kifayət etmir. Həm robotun texniki təkmilləşdirilməsi, həm də insanların emosional bağlılığının nəzərə alınması vacibdir. Biz bu tip robotlar üçün təhlükəsizlik modellərinin yaradılmasının zəruri olduğunu gördük və ümid edirik ki, yaxın 2-3 ildə insanabənzər robotlarla gündəlik ünsiyyətimiz daha geniş olacaq.
“İnsanın emosional bacarıqları artırılmalıdır”
- Hazırkı vəziyyət etik və təhlükəsizlik baxımından problemlər yaradır deyirsiniz. Maraqlıdır, süni intellektin etik çərçivədə inkişafı üçün əsas şərt nədir?
- Ən böyük şərt odur ki, insanın emosional bacarıqları artırılmalıdır. Hazırda cəmiyyət olaraq daha çox intellektə güvənirik. Düşünürük ki, insan zəka sahibi olduğu halda hər şey kifayətdir. Lakin təcrübə göstərir ki, emosional intellekt süni intellektlə qarşılıqlı əlaqədə həlledici rol oynayır. Əgər insanda emosional intellekt yoxdursa, ən etik proqramlaşdırılmış robotlara belə bağlılıq və manipulyasiya riski yarana bilər. İnsanlar bilməlidir ki, belə sistemlər onlara qarşı dizayn oluna bilər. Buna görə də özlərini qorumağı bacarmalıdırlar. Bundan əlavə, adi intellektlə yanaşı emosional intellekti inkişaf etdirmək vacibdir ki, insanlar robotlarla qarşılıqlı əlaqədə daha məsuliyyətli olsunlar. Təəssüf ki, bu istiqamətdə hazırda təhsil sahəsində geridəyik. Məsələn, Çin məktəblərində süni intellekt texnologiyaları artıq dərslik proqramına inteqrasiya olunub. Amma bir çox ölkələrdə bu sadəcə gələcək plandadır. İkinci vacib məsələ isə robotların insana bənzərliyinin idarə olunmasıdır. İnsanla razılaşmaq və ya razılaşmamaq kimi sxemlər robot dizaynında nəzərə alınmalıdır, çünki hazırda biznesdə belə problemlər yaranır. Məsələn, şirkət ödəmədiyi xidməti robot vasitəsilə “razılaşdıra” bilər, bu isə etik və təhlükəsizlik baxımından ciddi məsələdir.
“İnsanın ideyası tükənmir, amma robotun düşüncəsi məhduddur”
- Əvvəllər “sən robot kimisən” ifadəsi kompliment sayılırdı, amma indi “bu, müsbət söz deyil”, - deyirsiniz. Sizcə, nə üçün?
- Əvvəllər “sən robot kimisən” ifadəsi insanın dəqiqliyini, metodik və sistemli düşüncəsini vurğulayan bir kompliment idi. İnsan robot kimi ardıcıllıq və dəqiqlik nümayiş etdirəndə bunu müsbət qəbul edirdik. Amma indi vəziyyət dəyişib. Süni intellekt və robototexnika o qədər inkişaf edib ki, yalnız texniki bacarıq artıq fərq yaratmır. Hazırda bizə yalnız bacarıqlı deyil, həm də emosional intellektə, yaradıcı düşüncəyə və sosial bacarıqlara malik insanlar lazımdır.
- Uzun müddətdir bu sahəni araşdıran tədqiqatçı kimi gənclərə nə demək istərdiniz?
- Yeni başlayan gənclərə məsləhətim odur ki, “bu sistemdə nəyi fərqli edə bilərəm, nəyi dəyişə bilərəm?” sualını özlərinə versinlər. Artıq yalnız bilik sahibi olmaq kifayət etmir. Sosial bacarıqlar, empatiya və yaradıcı yanaşma insanı robotdan fərqləndirir. Unutmasınlar, insanın ideyası tükənmir, amma robotun düşüncəsi məhduddur. Hər kəs ədəbiyyat oxumalı, yaşlı, təcrübəli insanlarla söhbət etməli və müxtəlif təcrübələrdən ilham almalıdır. Ən əsası isə birinci addımı atmaqdan qorxmamalıdırlar. İlklər çox önəmlidir. İlk addımı atan şəxs yolu açır və gələcəkdə bu cəsarətinə görə gənclər ona təşəkkür edəcək.
Aygün Əziz