• cümə axşamı, 05 dekabr, 08:05
  • Baku Bakı 6°C

Hər görüş bir xatirədir - MƏKTƏBDƏ

06.04.24 02:43 6681
Hər görüş bir xatirədir - MƏKTƏBDƏ

Baba Vəziroğlu: “Tanrıya çox şükür edirəm ki, bu günləri də gördük. Mən sovet dövründə Qarabağı qarış-qarış gəzmişəm. Amma həmişə özümü orada qonaq hiss etmişəm. Son üç il yarımda biz o torpaqlara ev sahibi kimi gedirik”.

“İllər öncə fikirləşirdim ki, televiziya, radio görüşləri, efirdə çıxışlar şairin öz oxucuları və auditoriyası ilə görüşünü əvəz edir. Amma son zamanlar düşünürəm ki, canlı görüşlər başqa aləmdir”. 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə “Kaspi” qəzetinin birgə reallaşdırdığı “Məktəbdə” layihəsində qonaq olan nəğməkar şair, nasir və tərcüməçi Baba Vəziroğlu bu fikirləri 239 nömrəli tam orta məktəbdə şagirdlərlə görüşündə söylədi. Bakının əksər orta məktəblərində və bütün ali təhsil müəssisələrində görüşlərdə iştirak etdiyini deyən qonaq “belə görüşlərdə müsbət və mənfi reaksiyaları dərhal hiss edirsən. Müsbət reaksiyadan təbii ki, ilhama gəlirsən, mənən qidalanırsan. Mənfi reaksiyalar da normaldır. Çünki təbiətin yaratdığı rənglərin spektri çox zəngindir. Orada bütün hissiyyatlar var. Ona görə indi televiziya və radiolara dəvət aldığım görüşlərdən imtina etməyə cəsarət edirəm, amma canlı görüşlərdən qaça bilmirəm”, - deyə bildirdi. 

Xoşbəxt məmləkətin xoşbəxt ziyalısı 

B.Vəziroğlu son üç ildə tamam ayrı epoxada yaşadığımızı qeyd etdi: “Biz xoşbəxt insanlarıq. Həm sovet dövrünü, həm 30 illik zilləti yaşadıq. Tanrıya çox şükür edirəm ki, bu günləri də gördük. Mən sovet dövründə Qarabağı qarış-qarış gəzmişəm, Şuşada olmuşam. Amma həmişə özümü orada qonaq hiss etmişəm. Son üç il yarımda biz o torpaqlara ev sahibi kimi gedirik. Biz orada özümüz qonaq qarşılayırıq. Bu hissiyyatı yaşamaq hər bir vətəndaş, xüsusən hər bir ziyalı və qələm adamı üçün dünyanın ən böyük bəxtəvərliyidir. Mən artıq azad Şuşaya yeddi dəfə səfər etmişəm. Prezidentin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində getmişəm. O hissləri qələmə alıram, amma düşünürəm ki, o hissiyyatlar hələ çox-çox sonralar qələmə gələcək. Çünki onları həzm eləmək, sonuna qədər dərk eləmək lazımdır. Azad olmuş ərazilərə daxil olanda, o ucsuz-bucaqsız çəmənlikləri, şəlalələri, dağları görüb “məgər bu boyda böyük bir dünya 30 il bizdə olmayıb?” - deyə düşünürsən. Sonra “indi doğurdan bunlar hamısı böyük Vətənə qovuşmuş Azərbaycanın bir hissəsidir?”- deyə cavab axtarırsan.

Adam bunu sona qədər dərk edə bilmir. İndi biz eyforiyadayıq. Amma o dərk məqamı bizə çox sonralar çatacaq və bu mövzuda ən böyük və dərin əsərlər də o zaman yazılacaq. Mən cənab Prezidentə 2003-cü ildən bəri təşəkkürümü bildirirəm. Çünki gündən-günə çiçəklənən Azərbaycanı görürəm. Zəfərin təməli üç il əvvəl yox, illər öncə qoyulmuşdu. Ulu öndər Heydər Əliyev “Əsrin müqaviləsi”ni imzalayanda o zəfərin təməli qoyulmuşdu. Məmləkətimizin keçilən yolu həm də hər bir fərdin keçdiyi yol deməkdir. Özümü xoşbəxt bir məmləkətin xoşbəxt bir ziyalısı hesab edirəm. Mənim ulu öndərlə də görüşlərim çox olub. Bu görüşlər bəstəkar Kamalla “Sən elə bir zirvəsən” mahnısının yaranmasına gətirib çıxardı. Bu, bir günlük və ya bir aylıq düşüncənin məhsulu deyildi. Bir liderə olan uzun illərin sevgisi, hörməti himnə çevrildi. Sonra Prezident İlham Əliyevlə Şuşada “Vaqif Poeziya günləri”ndə iştirak edəndə ilk dəfə “Cənab Ali Baş Komandan” şeirini oxudum. Bu şeir Zəfərdən qabaq yazılmışdı. Çünki bizdə Zəfərin mütləq bizimlə olacağına böyük inam vardı. Mən bu gün qalib məmləkətin ziyalısıyam”. 

“Özümüz uydurduğumuz nağıllara inanmaq istəmişik” 

B.Vəziroğlu məktəbdə qonaq olmasından məmnunluğunu ifadə etdi: “Mən hər gün özümü tələbə hiss edirəm. Hər gün öyrənirəm. Bəlkə yeni bir söz və ya məlumat eşitdim. Hətta balaca bağça uşaqlarına da müəllim kimi baxıram. Onlardan da nəyisə öyrənməyə çalışıram”.
“İlk məktəbiniz haqqında yadınızda nə qalıb?”- deyə maraqlanan şagirdin sualı qonağı uşaqlıq illərinə qaytardı: “Bizim hamımız üçün bir “ilk” sözü var. İnsan “ilklər” haqqında həmişə nağıllar uydurur: ilk məktəb, ilk müəllim, ilk dost, ilk səfər, ilk sevgi, ilk məhəbbət məktubu... Bunların hamısı gözəl nağıllardır. İnsanı başqa canlılardan fərqləndirən elə budur. O “ilk”lərin reallıqla heç bir əlaqəsi yoxdur. Mən hamını düşündürən “ilk məhəbbət” haqqında yazmışam.

Qeyd etmişəm ki, “ilk məhəbbət” deyəndə gözümüzün önünə reallıqla əlaqəsi olan bir mənzərə gəlmir. Amma “ilk məhəbbət unudulmur” deyə ömür boyu ondan yazırıq, onu xatırladırıq. Mən ilk məhəbbət deyəndə İsmayıllı rayonunun Mollaisaqlı kəndindəki uçuq-sökük məktəbimizi, darısqal sinif otağımızı xatırlayıram. İlin on ayı qış olurdu. Sinifdə odun sobası qalanırdı, uşaqlar da soyuqdan dona-dona məktəbə gəlirdilər. İlk məhəbbət deyəndə qarşımdakı partada bir qızın şaxtadan çatlamış, mürəkkəbə bulaşmış qırmızı əllərini görürəm. Heç onun siması xəyalıma gəlmir. Hətta mənə elə gəlir ki, “İlk məhəbbət” deyilən naməni də o barmaqlar yazıb və “Ana dili” kitabının arasına qoyaraq guya mənə verib. Əslində o məktub varsa da orada sevgiyə aid  heç nə yoxdur: “Dünən qoyunlarınız itmişdi, tapıldımı?”, “atan sənə acıqlandımı?” və s . kimi sözlər vardı. Amma biz bunu  nağıllaşdırmışıq. Və nə yaxşı ki, nağıllaşdırmışıq. Nə yaxşı ki, özümüz uydurduğumuz nağıllara inanmaq istəmişik. Onda həyat maraqlı və gözəl olur. Yoxsa, robot kimi yaşa, heç bir nağıla inanma, yalnız gündəlik qayğılarla məşğul ol - bu, insan həyatı deyil”. Şair ilk şeirlərini də məktəbə həsr etdiyini dedi: “Bizim məktəb dünyanın ən gözəl məktəbidir. Bizim kənd dünyanın ən böyük və gözəl kəndidir. İlk müəllimim dünyanın bütün akademiklərindən daha biliklidir, daha müdrikdir. Biz belə düşünürdük və buna şeirlər yazırdıq. Nə yaxşı ki, o zaman belə düşünmüşük, onları belə müqəddəsləşdirmişik. Bu gün biz keçmişə qayıdanda o məktəb, o müəllimlər üçün darıxmırıq ki... Biz ömrümüzün o çağı üçün darıxırıq: dünyaya belə heyrətlə baxmışıq, hər şeyin gözəl olacağına inanmışıq. Bu inam bizi yaşadıb. Təəssüf ki, o inam hissi yavaş-yavaş azalıb. 

Bir gün o ucqar kənd yolundan, bir süzülmüş köynəklə “alabaş” avtobusla, daha sonra xeyli piyada yol gəlib asfalt yola çıxdım. Ondan sonra Bakıda institutda oxuyan, Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunu, Bolqarıstanda Ədəbiyyat və ali tərcümə kurslarını bitirən adamam. Amma harada olsaq köhnə şeylərdən bəhrələnməliyik. Bu mənada köhnə məktəbim mənim üçün dünyanın əbədi nağıllarından biridir. Dünyanın ən müasir məktəblərinə gedirəm, amma o məktəb həmişə gözümün qabağındadır. Çünki həyat yolumun başlanğıcıdır”.    

“Hər bir Azərbaycan əsgəri kimi mən də...” 

“Qarabağ zəfəri, azad Şuşa bir çox ədəbiyyat adamları üçün ilham qaynağı olub. Bəs sizin yaradıcılığınız üçün bu mövzunun hansı əhəmiyyəti var?” - deyə auditoriyadan ünvanlanan sualı qonaq “bu artıq yaradıcılıq deyil, həyat tərzimizdir”, - deyə cavablandırdı: “Ola bilər, bu gün başqa bir şeir yazıram, amma başımda o havadır. Hamımız o ovqatayıq. Hiss olunur ki, bu, qalib bir ölkə insanının yazdığı əsərdir. Şükür ki, o qələbəni özümüz qazandıq. Bunu bayram etməyə haqqımız var. Mən hər bir vətəndaş kimi 44 günlük müharibə zamanı Vətənə öz töhfəmi vermişəm. O vaxt 30-dan çox əsər yazdım və demək olar ki, onların hamısı mahnıya çevrildi. Bu gün özümü ona görə bir qədər rahat hiss edirəm ki, hər bir Azərbaycan əsgəri kimi mən də o böyük Zəfərə kiçik də olsa öz töhfəmi verə bildim”.

“Böyüyən nəsildə vətənpərvərlik hissini təbliğ etmək üçün yalnız ədəbi əsərlər kifayətdirmi?” - deyə soruşan şagirdin sualına B.Vəziroğlu ətraflı cavab verdi: “İncəsənətin növləri çoxdur. Kinonun, musiqinin də ədəbiyyat qədər rolu var. Bəşər yaranandan sənət yaranıb. Bir var birinə “Mən səni sevirəm” sözünü dillə deyəsən, bunun effekti az olur. Bir də var, bunu poeziyanın gücü ilə deyəsən. Bu etiraf daha təsirlidir. Burada sənətin gücü var. Bu mənada bədii ədəbiyyat sənətindən və peşəsindən asılı olmayaraq, hər adamın stolüstü kitabı olmalıdır”.

“Kitabxanalarda olan bütün kitabları oxudum” 

“Kitabla nə vaxtdan dostluq edirsiniz? Bizə hansı kitabları oxumağı məsləhət görürsünüz?” - deyə məktəblilərdən biri maraqlandı: “Mən birinci sinfə qədər artıq yazıb oxuyurdum. Birinci sinifdə Viktor Hüqonun “Səfillər”ini oxumuşdum. Sonra mütaliə mənim üçün vərdişə çevrildi. Məktəb kitabxanasında hansı kitabın harada olduğunu əzbər bilirdim. Daha sonra   qonşu kəndlərin və rayonun kitabxanalarında olan bütün kitabları oxudum. Bir gün kitabxanaçı xəstələndi. Məktəbin direktoru mənə - altıncı sinifdə oxuyan şagirdə kitabxananın rəhbərliyini həvalə etdi. Yeddinci sinifdə oxuyanda şeirlərim rayon qəzetində çap olundu. Rəhmətlik Musa Yaqub o qəzetdə işləyirdi. Mənə üç manat qonorar yazıldı. Rayon mərkəzinə gedib qonorarımı aldım və bir kisə kitab alıb çətinliklə kəndə gətirib çıxardım. Kitaba əbədi məhəbbətim bəlkə də o gündən başladı: əziyyətlə aldığım kitabları böyük əziyyətlə kəndə gətirdiyim gündən...”. B.Vəziroğlu mütaliənin insan həyatında böyük rol oynadığını bildirdi: “Siz də seçdiyiniz ixtisasdan asılı olmayaraq mütaliə edin. Bu, sizi formalaşdıracaq, dünyagörüşünüzü zənginləşdirəcək, hisslərinizi tərbiyə edəcək. Klassik ədəbiyyatdan Nizaminin, Cavidin, Cəlil Məmmədquluzadənin, Sabirin əsərlərini, müasir ədəbiyyatımızdan Ramiz Rövşənin, Anarın, Elçinin əsərlərini oxuyun. Dünyada Dostoyevski, Çexov, Tolstoy var. İnsan həyatının müəyyən dövründə əlinə nə keçirsə onu oxuyur, amma sonradan seçim yaranır. Sənin öz şairin, yazıçın, janrın olur”. 
“Sizin üçün ağıl, yoxsa hisslər önəmlidir?” - deyə soruşan məktəblinin sualını şair çox maraqlı cavalandırdı: ”Lazım olsaydı, tanrı insana ağıl verməzdi. Ağıl insanı idarə edir. Bütün uğurlara ağlın gücü ilə nail olursan. Düzdür, bəzi insanda biri var, biri yox. İnsan vəziyyətə, şəraitə uyğun olaraq ikisi ilə də hərəkət etməlidir. Onda məqsədə çatmaq daha asan olar”.

“Şairliyi arı effektinə bənzədirəm” 

“Çox adam şeir yazır. Amma hamı şair ola bilmir. Şairliyin xüsusi bir meyarı varmı?” - deyə auditoriyadan növbəti sual səsləndi: “Şairlik də bir azardır. Hamı bu azara tutulur, çoxu sağalsa da, bəziləri sağalmır. Mən həmişə deyirəm: şair doğulmaq asandır, tanrı sənə qabiliyyət verir, amma şair olmaq çətindir. Şair olmaq üçün gərək çox oxuyasan və oxuduğunu dərk edəsən. Gərək çoxlu gəzəsən, gördüyünü içindən keçirəsən. Bunlar bir gün əsərə çevrilir. Poeziyanın qidalandığı konkret mənbə yoxdur. Gördüyün bir mənzərə səni sarsıdırsa, sənə toxunursa, poeziyaya çevrilir. Mən şairliyi arı effektinə bənzədirəm. Arı milyonlarla çiçəkdən bal yığıb onu nektara çevirdiyi kimi, şair də gördüklərini təxəyyülündən keçirib şeirə çevirir”.

Görüşdə məktəblilər şairin şeirlərini səsləndirdlər. “Hər görüş bir xatirədir” deyən Baba Vəziroğlu məktəbin kollektivi ilə sağollaşıb “mən heç bir görüşün sonunda “əlvida” demirəm, “hələlik” deyirəm” deyərək “Xatirədir” şeirini oxudu.

Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər