• cümə axşamı, 05 dekabr, 07:56
  • Baku Bakı 6°C

COP29 başlayır

08.11.24 01:06 1533
COP29 başlayır

Bakı COP29-a tam hazırdır. Paytaxt dünyanın ali qonaqlarını və 80 minə yaxın nümayəndə heyətini ən yüksək səviyyədə qarşılamaq üçün səfərbər olub. 

COP29-a sayılı günlər qalıb. Bu mötəbər tədbirə kimlərin qatılacağı artıq dəqiqləşib. Hazırlıq prosesləri də son mərhələdədir. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına üzv olan dövlətlərin 50 prezidenti, 10 vitse-prezidenti, 20 hökumət başçısı və iki vəliəhd şahzadəsi noyabrın 12-13-də COP29 İqlim Fəaliyyəti üzrə Qlobal Liderlik Sammitinin yüksək səviyyəli seqmentində rəsmi bəyanatlarla çıxış edəcəklər. 
Sammitin ilk günündə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, Serbiya Prezidenti Aleksandr Vuçiç, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Polşa Prezidenti Andjey Duda, Qırğızıstan Prezidenti Sadır Japarov, Belarus Prezidenti Aleksandr Lukaşenko, Bolqarıstan Prezidenti Rumen Radev, Finlandiya Prezidenti Alexander Stubb və Avropa Şurasının rəhbəri Şarl Mişel və başqalarının çıxışları gözlənilir. 

Həmçinin İspaniyanın Baş naziri Pedro Sançes, Belçikanın Baş naziri Alexander De Croo və Böyük Britaniyanın Baş naziri Keir Starmer, Almaniya Kansleri Olaf Şolts və Səudiyyə Ərəbistanının vəliəhdi və Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Əl Səud bəyanatlarla çıxış edəcəklər.

Noyabrın 13-də dövlət və hökumət başçılarının çıxışları davam etdiriləcək. Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədri, Monqolustan Prezidenti, Braziliya, Tanzaniya və Anqolanın vitse-prezidentləri, Yunanıstan, Xorvatiya, Malta, İtaliya, Gürcüstan, Macarıstan, Albaniya, Pakistan, Rusiya, Niderland baş nazirləri və başqaları çıxış edəcəklər.

Beynəlxalq Aeroportun fəaliyyətində müvəqqəti dəyişiklik

Ölkəmizdə keçiriləcək COP29 beynəlxalq konfransı ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportu da sərnişinlərin rahat və təhlükəsiz səyahətini təmin etmək məqsədilə müvəqqəti dəyişikliklər tətbiq edəcək. Sərnişinlərə bu dövrdə səyahətlərini öncədən planlaşdırmaları tövsiyə olunur.

Noyabrın 10-14-də yalnız aviabileti olan sərnişinlər “Terminal 1” və “Terminal 2”yə daxil ola biləcəklər. Hava limanının qarşısındakı dayanacaq zonası yalnız xüsusi təyinatlı nəqliyyat vasitələri üçün ayrılacaq. Bu səbəbdən noyabrın 10-14-də hava limanı ərazisində nəqliyyat vasitələrinin park edilməsinə icazə verilməyəcək və yalnız sərnişinlərin düşürülməsi mümkün olacaq. 

COP29 müddətində (10-22 noyabr) H1 və H2 ekspress avtobusları sərnişinlərə hava limanına rahat çatmaq imkanı yaradacaq. H1 avtobusu 10 dəqiqəlik intervalla metronun "28 May" stansiyası, H2 isə 15 dəqiqəlik intervalla metronun "Əhmədli" stansiyası marşrutları üzrə fasiləsiz xidmət göstərəcək. Gediş ödənişsiz olacaq.

50-dən çox təcili tibbi yardım briqadası

“COP29 zamanı daha çox sərnişin axını olan “28 May”, “Elmlər Akademiyası” və “Koroğlu” stansiyalarında tibb məntəqələri fəaliyyət göstərəcək. Bunu Bakı Baş Səhiyyə Mərkəzi publik şəxsin direktoru Elçin Əmirov deyib. Onun sözlərinə görə, tibb məntəqələrinin fəaliyyət göstərmə səbəbi səhiyyə xidmətinin daha əlçatan olmasını təşkil etməkdir.

“COP29-la əlaqədar olaraq 50-dən çox təcili tibbi yardım briqadası yaradılıb. Tibb məntəqələri lazımi bütün avadanlıqla təmin olunub. Bundan başqa, təcili tibbi yardım maşınlarının COP29 zolaqları ilə hərəkəti nəzərdə tutulur”, - deyə E.Əmirov bildirib.

Bakı metrosunda qərargah fəaliyyət göstərəcək 

COP29 zamanı "Bakı Metropoliteni" QSC-də qərargah fəaliyyət göstərəcək. “Bakı Metropoliteni” QSC-nin rəis müavini Hidayət Məmmədov qeyd edib ki, Bakı metrosu paytaxtda keçirilən kütləvi tədbirlərlə əlaqədar əməliyyat planına uyğun olaraq, COP29-un xüsusiyyətləri nəzərə alınmaqla, hazırlıqları başa çatdırıb: “Qərargahın fəaliyyətində əlaqələndirmə, situasiya mərkəzlərinin işi və işçi qrupların fəaliyyəti tənzimlənəcək. Burada təşkilati, kommunikasiya və bir sıra digər məsələlərlə bağlı məsul şəxslər müəyyən edilməklə tənzimləmə mexanizmləri qurulub”.

H.Məmmədov əlavə edib ki, “Bakı Metropoliteni” QSC üzrə stansiyaların rəhbər və işçi heyətinin iş rejimi müəyyən edilib. Bununla yanaşı, müxtəlif struktur və sahələrin rəhbərlərinin daxil olduğu əlavə nəzarət cədvəlləri təyin olunub. 

 

banner

Oxşar Xəbərlər