• cümə axşamı, 05 dekabr, 08:31
  • Baku Bakı 6°C

Boyun ağrıları orqanizmdəki digər ciddi problemlərin göstəricisi ola bilər

27.05.23 09:00 6304
Boyun ağrıları orqanizmdəki digər ciddi problemlərin göstəricisi ola bilər

Boyun ağrılarının rastlaşma tezliyi artıb. Hətta azyaşlı uşaqlar arasında da bu problemdən əziyyət çəkənlər var. Çox zaman boyun ağrıları orqanizmdəki digər ciddi problemlərin göstəricisi ola bilər. Boyun nahiyəsi onurğanın ən hərəkətli hissəsidir. Gün ərzində insan başı ilə, təxminən, minə yaxın hərəkət edir və belə yüklənmənin qarşısında şikayətlərin olması gözlənilən haldır. Əsas səbəb isə əzələlərin həddən artıq gərginləşməsi və ya soyuqlama ola bilər. Xüsusilə, boyun ağrıları daha çox boyun osteoxondrozu ilə əlaqəli olur. Əzələ spazmı nəticəsində dəyişən fəqərələr sinirləri və beyinə gedən damarları sıxır. Bu zaman beyinə arterial qan axını çətinləşir, baş ağrıları yaranır.

AZƏRTAC xəbər verir ki, bunu fizioterapevt Elfanə Süleymanova deyib. Həkim boyun ağrıları nəticəsində yaranan problemlərdən danışıb: “Baş ağrıları, əllərdə hissiyyatın azalması, qulaqda küy, başgicəllənmə, yuxusuzluq boyun ağrıları səbəbindən yaranan digər problemlərdir. Boyun ağrılarının nəticəsi olaraq bir çox daxili orqanlarda, ürək-damar sistemində və qalxanvari vəzin fəaliyyətində disfunksiyalar yarana bilər. Bu şikayətlərdən ən çox rast gəlinən isə həzm sistemi ilə bağlıdır. Boyundakı sinirlərin fəaliyyətinin pisləşməsi qarında meteorizm, öd kisəsinin və bağırsaqların işində funksional pozulmalar şəklində özünü göstərir.

Boyun ağrıları xüsusilə müəllimlər, daim kompüter arxasında əyləşən ofis işçiləri, planşet və telefonlardan normadan çox istifadə edən insanlar arasında daha tez rast gəlir. Peşə və həyat vərdişləri hesabına boyun fəqərələri daimi məcburi vəziyyət alır. Hər gün təkrarlanan əzələ spazmları qan və limfa axınını pozur”.

Fizioterapevt bəzən boyun ağrılarının digər orqanların xəstəliklərilə əlaqədar olduğunu qeyd edib: “Ağciyərlər, qalxanvari vəz, yuxarı tənəffüs yolları, bronxial astma, immun sisteminin disfunksiyası, boyun limfadeniti boyun ağrılarına səbəb ola bilər. Bu zaman müalicə üçün düzgün diaqnozun qoyulması vacibdir. Müalicə boyun ağrıları zamanı ənsə nahiyəsində, boyun fəqərələri ətrafında əzələ və bağ aparatının işini balanslaşdırır. Onurğa boyunca zərif osteopatiya proseduralarından sonra qan dövranı normallaşır və onurğanın elastikliyi bərpa olunur. Proseduralar, adətən, həftədə bir dəfə təkrarlanır. Bu müalicəni bütün yaş qruplarına tətbiq etmək mümkündür. Müalicənin heç bir yan təsiri yoxdur və təhlükəsizdir. Bir neçə proseduralardan sonra boyun fəqərələri normal hərəkətliliyini bərpa edir. Boyun ağrıları aradan qalxdıqdan sonra pasiyentin həyat keyfiyyəti yaxşılaşır, yuxu rejimi normallaşır, sinir sisteminin oyanıqlığı azalır. Proseduralar hər bir pasiyentə individual olaraq seçilir”.

banner

Oxşar Xəbərlər