• şənbə, 20 Aprel, 10:16
  • Baku Bakı 14°C

“Özümüzdən ağıllı insanlarla oturub durmalıyıq” - GÖR-GÖTÜR

18.12.21 10:00 771
“Özümüzdən ağıllı insanlarla oturub durmalıyıq” - GÖR-GÖTÜR
Şəhriyar Nəsirov: "Artıq dünyada diplom faktoru rolunu itirib. Şirkətlər sənin magistr, doktorantura diplomuna yox, işi necə gördüyünə, bilik və bacarığına baxır”
İnsan bəzən fikirləşir ki, "Filan işi edə bilərəm, amma pulum yoxdur”. O isə düşünür ki, hər şeyi pula bağlamaq olmaz. Çox şey istəkdən, bacarıqdan və ideyadan asılıdır. Yəni yaxşı ideyan olsa, ona pul da tapılır.Ən önəmli məqamlardan birinin isə problemləri görmək bacarığı olduğunu düşünür. Problemi, boşluğu görəndə, həll yolu haqqında düşünürsən və ortaya yeni ideyalar çıxır. "Problemlərin həllinə yönəlik ideyalar daha uğurlu olur. Harada problem varsa, imkan var” deyən müsahibimiz Çilinin Adolfo İbanez Universitetinin Elm və Mühəndislik fakültəsinin professoru və həmin universitetdə bərpa olunan enerji texnologiyaları və idarəetmə üzrə İcraçı MBA proqramının qurucusu və akademik direktoru olan həmyerlimiz Şəhriyar Nəsirovdur.

Ş.Nəsirov eyni zamanda Çili dövlətinin maliyyələşdirdiyi Günəş Enerji Tədqiqat Mərkəzinin baş elmi işçisidir. 2017-ci ildə Çilidə "İlin ən yaxşı gənc tədqiqatçısı - mühəndislik və texnologiya” mükafatına layiq görülüb. Bundan başqa, Çili və Azərbaycan arasında iqtisadiyyat sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsini təşviq edən Çili-Azərbaycan Biznes Şurasının qurucularından biri və icraçı direktorudur. Ş.Nəsirov 2021-ci ildə İspaniyanın nüfuzlu "Maria Zambrano” qrantına layiq görülüb.


Qeyd edək ki, Ş.Nəsirov 2001-ci ildə Bakıda İqtisad Universitetində beynəlxalq iqtisadi münasibətlər fakültəsinə daxil olur. Bakalavr təhsilini başa vurandan sonra Xəzər Universitetində MBA proqramında oxumağa başlayır. Təhsilini bitirməmiş müraciət etdiyi Gürcüstan Beynəlxalq İqtisad Məktəbində təhsil imkanı qazanan 5 azərbaycanlı gəncdən biri olur. Azərbaycandakı təhsilini yarımçıq qoyub Gürcüstana gedir. Bir ildən sonra - 2007-ci ildə İspaniyanın Pais Vasco Universitetində təqaüdlü magistratura və doktorantura təhsili qazanır və bu ölkəyə köçür. İspaniyada təhsil aldığı müddətdə Asiya İnkişaf Bankında beynəlxalq müsabiqənin qaliblərindən biri olur. 6 ay Filippinin paytaxtı Manilada beynəlxalq təşkilatda analitik kimi çalışır. İspaniyada doktoranturanı bitirdikdən sonra 3 il Çili hökuməti tərəfindən maliyyələşdirilən Günəş Enerjisi Tədqiqat Mərkəzində postdoktorantura edir. 2016-cı ildən bəri həmin mərkəzin aparıcı tədqiqatçısıdır.


- Şəhriyar bəy, ali təhsil alacağınız istiqaməti seçəndə bir gün Çilidə elmi fəaliyyətlə məşğul olacaq qədər uzaq məqsədlər, arzular var idi?
- Xeyr, yox idi. Universitet illərində məndə xaricdə təhsil almaq istəyi yarandı. İqtisad Universitetində Xüsusi İstedadlar Qrupunda təhsil almışam. Bu qruplarda tədrisi xaricdə təhsil alıb gələn müəllimlər aparırdılar. 2001-2002-ci illərdən söhbət gedir. O vaxt xaricdə təhsil alıb gələnlər barmaqla sayılacaq dərəcədə az idi. Xarici ölkələrin birində təhsil almaq istiqamətində marağımın yaranmasında o qrupun, oradakı müəllimlərin çox böyük köməyi oldu. Elmi fəaliyyətlə məşğul olmaq istəyi isə universiteti bitirdikdən sonrakı illərdə yarandı. Düşündüm ki, bu, mənə uyğun olacaq sahədir.


- Hansı uyğunluqdan söhbət gedir?
- Adam var ki, özəl sektorda çox uğurludur, amma elmi sahə onun üçün elə də maraqlı deyil. Akademik həyat üçün uyğunluğun ən önəmli faktorlarından biri araşdırmaya, öyrətməyə marağın çox olmasıdır. Hansısa mövzunun dərinliyinə getməyə üstünlük verilir. Digər tərəfdən, akademik sahə səbir tələb edir. Çünki doktorantura təhsili 5-6 illik uzun yoldur. Təhsil alırsan, ancaq baxırsan ki, səninlə eyni vaxtda universiteti bitirən yoldaşlar hansısa işlər görürlər, karyerada irəliləyişlər əldə edirlər. Ona görə gərək akademik karyera yolunda səbirli olasan. Çox adamın 5-6 il gözləməyə səbri çatmır. Düzü, bu zamanı sərf etməyin özü də riskdir.


- Sırf elmi istiqamətdə davam etmək üçün həm də maliyyən olmalıdır.
- Bəli, 5-6 il sərf etməyin maliyyə tərəfi var. Doktorantura oxuyub bu sahədə davam etmək maliyyəsiz çətin məsələdir. Bir az pul yığıb 1-2 illik magistr təhsili ala bilərsiniz, ancaq doktorantura təhsili təxminən 6 ildir. Buna görə, əksər ölkələrdə doktorantura tələbələri təqaüdlə oxuyurlar. Təbii ki, təqaüdlə varlanmaq şansın olmur, amma aylıq yaşayış xərclərini ödəyir. Mənim o cəhətdən bəxtim gətirdi ki, İspaniya dövlətinin təqaüdünü qazandım və 6 il ərzində təhsilimi maliyyələşdirdilər.

- Həmin təqaüd kimlərə verilirdi?
- Həmin təqaüd universitetdə hər il təxminən 18 nəfərə verilirdi. Onlardan biri də mən oldum. O təqaüdü qazananların içərisində ən gənci mən idim. 22 yaşım var idi. Doktoranturanı 28 yaşımda bitirdim. Normalda doktoranturaya çox vaxt 26-27, hətta 30-35 yaşlarda başlayırlar. Ən gənc olmağımın çətinlikləri də var idi, üstünlükləri də.


- Üstünlüklər və çətinlikləri nələrdir?
- Əsas üstünlüyü təbii ki, zamandır. Həm də akademik karyera olduğundan, aldığın biliklərin üstündən çox zaman ötmür.Çətinliyə gəlincə, 22 yaşında universiteti bitirən tələbələrin çoxu hansı sahədə işləmək istədiyinə qərar verə bilmir. Müəyyən yerlərdə özünü sınayır, nəticədə qərar verir. 22 yaşlı birinin hansı mövzunun elmi araşdırmasını seçməsi isə çox çətindir. Hansı mövzunu araşdıracağımla bağlı beynimdə nə isə yox idi. O məsələ mənim üçün doktoranturada çətinlik yaratdı. Bir neçə aylıq götür-qoydan sonra seçimim alternativ enerji mənbələri və yenilənə bilən yeni enerji bazarının dizaynının qurulması oldu.

- Bəs tələbəlik dövründə biznes müəssisəsində çalışmaq istəyi var idi, yoxsa artıq elmi istiqamət sizi özünə cəlb etmişdi?
- Həyatda özünü fərqli istiqamətlərdə sınamağı bacarmalısan. Hansısa sahələrdə özünü sınamasan, deyə bilməzsən ki, bu, xoşuna gəlir, yoxsa yox. Bakalavr təhsilimdən sonra Xəzər Universitetində MBA təhsilinə başladım. Həmin müddətdə Mərkəzi Bankda təcrübə keçirdim. Orda da işlər bir az akademik, araşdırma tipli olsa da, iş dünyası idi. Məni orda işə təcrübəçi kimi götürmüşdülər, sonradan qalıb daimi işçi olmaq şansım var idi. Sadəcə, təcrübəçidən daimi işçi olmaq üçün əmrin çıxması ləngiyirdi. Həmin ərəfədə Gürcüstanda təhsil imkanı qazandım, ona görə həm Xəzər Universitetindəki təhsili yarımçıq qoydum, həm də işdən imtina etdim. Gürcüstana getdim, ondan sonra da İspaniyaya. Sonra artıq yol elmi istiqamətdə davam etdi. Böyük şirkətlərdə çalışan tanışlara, qrup yoldaşlarıma baxıram, onların da işi yaxşıdır. Amma həyatın da sənin üçün qurduğu planlar var, xəbərin olmur (Gülür).


- Sizinlə eyni vaxtda təhsil alıb biznes istiqamətinə gedənlər, bir də siz elmi tərəfə yönələn. Hazırda hansınız daha çox qazanırsınız?
- Mən hazırda alternativ enerji sektorundayam. Ola bilsin ki bəzilərindən çox, digərlərindən az qazanıram. Onlar məndən 10-15 il tez pul qazanmağa başlayıblar. Onlar 20 yaşlarından pul qazanırlar, mən 32-33-dən sonra. Həm də məsələ pulda da yox, hansı sektorda olursa-olsun, özünü doğrultmağında, özünə əminliyinin olmasındadır. Ümumiyyətlə, akademik sahə pul qazanmaq üçün deyil. Kimsə akademik sahədə milyoner olacağını düşünürsə, bu, mümkün deyil. Amma burda rahat həyatın olur.

- Rahat həyatı izah edə bilərsiniz?
- (Gülür) Daha çox ölkələri gəzmək, konfranslara getmək imkanın olur. Professional iş həyatındakı kimi qalstuk taxmaq, yaxud səhər 8-də işdə olmaq məcburiyyətin yoxdur. Yatıb-durmaq saatını özün tənzimləyirsən. Həftədə 2 dəfə dərs keçirəm, həmin günlər vaxtında gedirəm. Ancaq qeyri vaxtlarda ofisə istədiyim vaxt gedirəm. Bəzən gecələr işləyirəm, bəzən gündüzlər. Vaxtla bağlı üzərində təzyiq yoxdur, özünə vaxt ayırmağı bacarırsan. İnsan özünə vaxt ayırmasa, araşdırma edə bilməz. Akademik həyatın önəmli qaydasından biri də budur.

- Bizdə belə bir yanaşmada olanlar hələ də var. Bakalavrdan sonra magistratura, hətta doktorantura da oxuyublar, ancaq heç bir elmi fəaliyyət olmur. Elmi istiqamətdə fəaliyyət göstərilməyəcəksə, magistr və doktorantura təhsili bizə nə qatır?
- Bu, sovet dövrünün bizdə yaratdığı təfəkkürdür. Nə olur olsun, adının qarşısında doktor deyilsin deyə bunu edirdilər. Son illər bu yanaşma azalsa da, hələ də mövcuddur. Dünya başqa istiqamətə gedir. Məsələn, Çilidə və yaxud İspaniyada kiməsə hörmət doktorantura təhsili var deyə qoyulmur. Bu, sırf iş məsələsidir. Bir sıra ölkələrdə heç universitet oxumağa ehtiyac görməyənlər də çoxdur. Əsas məsələ universitet yox, hansısa sahədə mütəxəssis olmağında universitetin sənə nə verməsindədir.Nəinki doktorantura, elə magistr təhsili alırlar, amma bilmirlər ki, bu magistr ona nə verəcək? Yaxud düşünürlər ki, magistr təhsilini bitirəndə şirkətlər qapılarını açıb gözləyir. Amma şirkətlər sənin magistr, doktorantura diplomuna yox, işi necə gördüyünə, bilik və bacarığına baxır.Artıq dünyada diplom faktoru rolunu itirib. Əsas olan təhsilin sənə qazandırdığıdır.

- "Hədəf nə qədər uzaq olarsa, həyatın o qədər maraqlı və mənalı olar” demisiniz. Fikirlərinizdə hədəf qoymağa xüsusi yanaşdığınız hiss olunur. Ancaq bəzən insanlar dərslər, gündəlik qayğılar fonunda hədəfləri unuda bilirlər.
- Böyük dəyişikliklərə nail olmaq istəyiriksə, həyatımızda çox kiçik dəyişikliklər etməklə buna başlaya bilərik. İnsanın hədəfi müəyyənləşəndən sonra həyatı məqsədli olur. Buna görə hədəf qoymağa önəm verirəm. Hər gün 15 dəqiqə, yarım saat vaxt ayırmaqla hədəfə çatmaq mümkündür. Məsələn, bəzən adam artıq çəkili olur, deyir ki, məşq etməyə vaxtım yoxdur. Əslində, ona 15-20 dəqiqə ayırmağa həmişə vaxt tapılır. Məqsəd olduqdan sonra artıq vaxtı daha yaxşı dəyərləndirirsən.Bir də məqsədinizə doğru getməkdə ətrafınızın motivasiyası, sizi daha da irəli çəkməsi önəmlidir. Özümüzdən ağıllı insanlarla oturub durmalıyıq. Ətrafınızdakılar pessimistdirlərsə, sizin özünüzü doğrultmağınız qeyri-mümkündür. Yol uzun olduğu üçün sizi motivasiya edəcək adamlar lazımdır. İrəli gedəcək gücə sahib əhatə qurmalısan.

- Çilidə universitetdə MBA proqramının qurucusu və direktorusunuz. Necə oldu ki, bu proqramın qurulması sizə həvalə edildi?
- 5 il öncə Fransanın ən məşhur universitetinin nümayəndələri mən çalışdığım universitetə alternativ enerji sahəsi üzrə MBA proqramını qurmaq təklifi ilə gəlmişdilər. Mən də universitetdə energetika sahəsində çalışdığımdan rektor məni çağırıb tapşırıq verdi ki, onlarla bir yerdə bu proqramı yaradaq. Onların sistemləri hazır idi. Şərtlərindən biri o idi ki, 75 faiz gəliri özləri götürəcəkdilər. Universitetimizin rektoruna dedim ki, biz bu proqramı özümüz də qura bilərik. Ona qəribə gəldi, çünki proqramı qurmaq üçün təcrübəmi o qədər də uyğun görmürdü. Ancaq "yox” da demədi. Mən iki il ərzində fərqli ölkələrlə əlaqə qurdum, bu proqramla bağlı təcrübələrini öyrəndim. Araşdırmalarımı, təcrübələrimi rektorla bölüşürdüm. Nəticədə bu iş mənə həvalə edildi. Bizim universitetin daxilində ən uğurlu proqramlardan oldu. Birinci il 40 tələbə qəbulu oldu. Təhsil haqqı 20 min dollardan yuxarıdır.

- Proqramın uğurlu alınacağına əmin idiniz?
- Oxuduğum magistr proqramı var idi. Həmin təhsili analiz edirdim və fikrimdə nəzərə alınacaq önəmli meyarlar da var idi. Uğurlu olması üçün əlimdən gələn hər şeyi etmişdim. Yeni bazara yeni məhsul çıxaranda əsas məsələ odur ki, bu məhsul maraq yarada biləcək, ya yox. Buna hansısa səviyyədə əminliyim olsa da, tam deyildi. Şansım da gətirdi ki, uğurlu oldu. İnsan uğursuzluğa öyrəşməlidir. Gərək bir işin üstünə çox gedəsən. Yenə uğursuz olacağını gözlədiyin bir anda uğur gəlir. Bir dostum var, onun xaricdə ali məktəbə qəbul olması üzərində işləyirdik. Bir gün gördüm ki, kefsizdir. Dedi ki, məni universitetə qəbul etmədilər. Dedim neçə universitetə müraciət etmişdin? Dedi ki, 2 yerə. Dedim ki, mən xaricdə təhsil üçün 40-50 universitetə müraciət etmişdim. Birinə qəbul etmişdilər.

- Hazırda Çilidəsiniz. Bundan sonra da burda davam etmək fikrindəsiniz?
- Çilidəyəm, amma əməkdaşlıq etdiyim başqa ölkələr də var. Elə dövrdür ki, harada olmağın fərq etmir, dünya ölkələri üçün də işləyə bilirsən.Ən sevdiyim şeylərdən biri də periodik olaraq yeni işlər və layihələrlə maraqlanmaqdır. İndi burdayam, amma həmişə yeni işlərə müraciət edirəm. Başqa ölkələrdə olan işlərə baxıram, müsahibələrdə iştirak edirəm. Daim hərəkətdə olmaq lazımdır. Bəzən həmin işlərə getməsəm belə, bir ayağımın iş bazarında (job market) olması mənim özümü inkişaf etdirməyim üçün önəmli rola malikdir. Hansısa işə başlayırsansa, düşünməlisən ki, bu işdən nə kimi gözləntilərin var. Heç bir iş sənin üçün daimi olmamalıdır. İnsan bir işə girib ömürlük orda qalacağını düşünürsə, inkişaf edə bilməz.
Aygün Asimqızı

banner

Oxşar Xəbərlər