Özü göl, dərdi dəniz Xəzər
Xəzər dünən, bu gün, sabah. Bu mövzuda suallarımızı cavablandırmaq
üçün bir neçə gün əvvəl Azərbaycan Milli Elmlər Akademiyası H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun
direktoru, akademik, xəzərşünas alim, professor, Dövlət mükafatı laureatı Ramiz
Məmmədovla onun iş otağında görüşdük.
Çox səmimi atmosferdə keçən
söhbətin əsas məqamlarını təqdim edirik.
Xəzər - dünyanın nadir su
hövzəsi.
Xəzər - zəngin
karbohidrogen gölü.
Xəzər - nadir balıqların
vətəni.
Xəzər - suyu, qumlu
sahilləri can dərmanı, sağlamlıq mənbəyi.
Xəzər - mavi dalğaların
daim şahə qalxdığı, qasırğalı məkan.
Xəzər - üzərində dünyada
ilk şəhər salınan dəniz.
Xəzər - bu günümüzün
siyasət dənizi.
Xəzər - şairlərin ilham
qaynağı.
Xəzər - ekoloji məngənəyə
salınmış canlı.
Adi çəkiləndə ilk anda
gözlərimiz önündə böyük neft gölü, bitib-tükənmək bilməyən qaz anbarı və bir az
mübaliğə ilə desək, müxtəlif qitələrə işıq, rahatlıq, inkişaf paylayan kəmərlər
canlanır. Zəngin təbii sərvətləri ilə Xəzərin dünyaya meydan oxuduğu dövr
başlanmışdır.
Xəzər son onilliklərdə, bir növ, siyasət dənizinə çevrilib. Böyük
dövlətlərin maraq dairəsində olan Xəzərin siyasi statusu da elə bununla bağlı
düyünə düşmüşdü. Şükür ki, Azərbaycan rəhbərliyinin böyük səyi nəticəsində bu problem
həllini tapdı.
Xəzəryanı beş ölkə arasında dənizlə daha sıx təmasda olanı
Azərbaycandır. Təəssüf ki, təbii sərvətləri sürətlə istismar olunan Xəzər,
hədsiz çirklənib. İndi onun sinəsində ölü sahələr mövcuddur...
- Ramiz müəllim, istərdik ki,
söhbətə, əvvəlcə, bu dənizin tarixinə və coğrafiyasına qısa qiyabi səyahətlə
başlayaq. Alimlər bu barədə söhbət açarkən, ilk növbədə, deyirlər ki, Xəzər həm
unikaldır, həm reliktdir. Bu unikallığı və reliktliyi sübut edən göstəricilər
hansılardır?
- Əvvəlcə deyim ki, Xəzər öz
tarixi dövründə üç əsas mərhələni keçib. Birincisi, Çar Rusiyası dövründə Xəzər
dənizinin loqosu, xəritə və onun üstündə iri nərə balığı olub. Yəni nərə balığı
bu dənizin simvolu idi. Vaxt keçdi, XIX əsrin ortalarından başlayaraq, Xəzərdə
axtarışlar aparıldı, neft çıxarılmasına başlanıldı və dənizin simvolu neft
buruqları oldu. Bu, Xəzərin tarixində ikinci mərhələdir. Artıq Xəzərdə nərə
balığı çox azalıb. Neft isə hələ çoxdur. Amma bu gün Xəzər dənizi neftdən və
nərədən çox, siyasət dənizidir. Çünki fövqəldövlətlərin hamısının burada marağı
var.
İndi sizin sualınıza qayıtmaq istəyirəm. Deyirlər Xəzər dənizi həm
reliktdir, həm də unikal. Unikallığı özünü coğrafi hidroiqlim şəraiti və
biomüxtəlifliyi ilə təsdiq edir. Məsələn, Xəzər suitisi ancaq bu dənizə
məxsusdur. İkincisi, dünya nərə balıqları ehtiyatının 80 faizə qədəri Xəzər
dənizindədir. Bu iki göstərici kifayətdir ki, biz Xəzəri unikal adlandıraq.
Amma unikallığı sübut edən başqa göstəricilər də var. Məsələn, elə beş balıq
növü də var ki, ancaq Xəzər dənizindədir və sair. Bu dənizin biotası çox
zəngindir.
- Bəs reliktliyi nədədir?
- Dünyada relikt, yəni Yerin inkişafının tarixini özündə yaşadan
15-20 ərazi qalıb. Onu da deyim ki, Yerin ən cavan dövrü, yəni dördüncü
mərhələsi bizim yaşadığımız dövrdür. Bu dövrün yaşı təqribən 500 min ildir.
Üçüncü dövrə, yəni dinozavrlar yaşayan dövrə aid bitki aləmi Xəzərətrafı
ərazilərdə, dəqiq desək, Hirkan meşəsində - Astara-Lənkəran rayonları
ərazisindəki meşə, bir hissəsi İrana gedib çıxır - qalıb. Həmin meşənin
təxminən 70 milyon il yaşı var. Bu faktın özü Xəzərin reliktliyini sübut edir.
Yadımda ikən bir məqama toxunum. Mənim fikrimcə, Xəzər türk
dənizidir. Fikrin təsdiqi üçün gəlin Xəzərin ətrafında yaşayan xalqları gözdən
keçirək. Bu dəniz ətrafında yaşayanların, demək olar ki, hamısı türk və türk
kökənlidirlər.
Lev Qmılyov məşhur
passionarizm nəzəriyyəsini türklərin tarixi əsasında işləyib. Onun fikrincə,
Xəzər dənizinin səviyyəsi qalxanda türk xalqları da inkişaf edir. Bu gün
Xəzərin səviyyəsi yüksəkdir və məlum olduğu kimi, türk xalqları da
müstəqildirlər, yaxşı inkişaf edirlər. Demək, bunlar Qmılyovun passionarizm
nəzəriyyəsinin təsdiqidir.
- Xəzərin neft və qaz ehtiyatları nə qədərdir və həmin
sərvətdən Azərbaycanın qismətinə təxminən nə qədər düşür?
- Mən ancaq neft haqqında fikir söyləyə bilərəm. Ümumiyyətlə, neft
var: ehtiyat olan, təsdiq olunan və çıxarıla bilən. Bunlar ayrı-ayrı anlayışlardır.
İndi ehtiyat olanı qiymətləndirmək də çətindir. Ancaq təsdiq olunana görə,
Xəzər dənizində 10 milyard ton neft var. Bu, çox böyük rəqəmdir.
Xəzərdəki təsdiq olunan neftin 3 milyardı Azərbaycanın payına düşür.
5 milyard tonu Qazaxıstan sektorunda, 2 milyardı da Türkmənistan, Rusiya və
İran şelflərindədir.
Araşdırmalar Xəzər neftinin ehtiyatlarını yenidən qiymətləndirməyi
tələb edir. Bizdə ən dərin quyu - "Saatlı” yatağında 8 km-dir. Ola bilsin ki,
daha dərində də neft var.
Qaz barədə dəqiq göstərici
söyləmək çox çətindir. Çünki son vaxtlar bir-birindən zəngin qaz yataqları kəşf
edilib. Yəqin ki, yeniləri də tapılacaq...
- Deyilənlərə görə, Bakı,
Xəzərin ən çirkli hissəsində yerləşir. Elə isə siz yay aylarında çimmək üçün
Xəzərin hansı sahilinə gedirsiniz?
- Mən Xəzərə çimməyə getmirəm. Bir vaxtlar çimmək üçün dənizin şimal sahili, yəni Nabran tərəf
əlverişli idi. Artıq mən öz ailəmə, dostlarıma o yerlərə getməyi də rəva
bilmirəm. Son illər oralarda addımbaşı istirahət yerləri tikilib, çoxunun da
təmizləyici qurğusu yoxdur. Çirkab suları da ya dənizə, ya da meşəyə axır.
Oralar infeksiya mərkəzinə çevrilir. Bu gün Xəzərin nisbətən təmiz yerləri
Lənkəran-Astara sahilləridir.
- Məlumdur ki, Xəzəri
çirkləndirən, əsasən, çaylardır. Bu çaylar Rusiya, Ermənistan, Gürcüstan və
digər ölkələrdən keçərək Xəzərə qovuşur. Təbii ki, həmin çaylar keçdikləri
ərazilərdəki sənaye tullantılarını bu dənizə gətirir.
- Doğrudur. Öncə deyim ki, Xəzərin çirklənmə mənbələri minlərlədir.
Onlar təsnifata görə beş yerə bölünür. Çirklənmə mənbələri arasında birinci
yeri çaylar tutur. Ən böyüyü də Volqadır. Demək, Rusiya sənayesinin, eyni
zamanda əhalisinin 70 faizi Volqa çayı üzərindədir. Həmin obyektlərin, demək olar ki, heç birində müasir texnologiya
yoxdur. Bircə rəqəm deyim: Volqa ilə ildə Xəzərə 75 min ton neft məhsulları
gəlir.
Yaxşı ki, dənizin özünütəmizləmə qabiliyyəti çox yüksəkdir. O
olmasaydı, artıq biz üfunət içərisində yaşayardıq.
Xəzəri çirkləndirməkdə ikinci yeri Bakı buxtası tutur. Bakı,
ətrafında yerləşən şəhər, qəsəbə, sənaye obyektləri və neft emalı müəssisələri
çirkləndirmədə öncüldürlər.
- Xəzərin ekologiyası ilə
bağlı xeyli yerli və beynəlxalq qurumlar
fəaliyyət göstərir. Onlardan hansının işi sizi qane edir?
- Yəqin xatırlayırsınız ki, 2010-cu il ölkəmizdə "Ekologiya ili” elan
olunmuşdu. Bundan əvvəl bu mövzuda Prezident iki sərəncam vermişdi. Birincisi,
1996-2010-cu ildə Abşeron və Xəzər ətrafında ekologiyanı yaxşılaşdırmaq və
digəri, Xəzər dənizinin çirklənmədən qorunması barədə idi. Təbii ki, bir neçə
sərəncam və qərarla bu məsələni həll etmək olmaz. Amma bu, yaxşılığa doğru bir
addımdır. Yadımdadır, bu mövzuda çıxışlarının birində Prezident İlham Əliyev
belə demişdi: "Ac Afrikada ətraf mühiti mühafizə haqqında fikir söyləmək
mənasızdır...” Yəni ac adam, birinci növbədə, bir tikə çörək barədə düşünür.
Yaxud, əgər sən balası soyuqdan donan adama deyirsənsə ki, meşəni qırma, bunun
faydası olmaz. Çünki o insan hansı yolla olur-olsun, uşağını qorumaq üçün
meşəni qıracaq.
Artıq Azərbaycan bir çox problemlərini həll edib. Elə mərhələyə gəlib
çıxmışıq ki, avropalılar kimi biz də ətraf mühitin mühafizəsi barədə
fikirləşməliyik, başqa yolumuz yoxdur. Çünki davamlı inkişafın alternativi
yoxdur. Bunun da əsası təbiəti mühafizədir. Bu baxımdan Ekologiya və Təbii
Sərvətlər Nazirliyi xeyli işlər görür. Amma daha böyük işləri Milli Elmlər
Akademiyası görür. Təəssüf ki, elmin maliyyələşdirilməsi respublikamızda,
hələlik, lazımi səviyyədə deyil.
- Ramiz müəllim, indi Xəzərdə balıqçılığın vəziyyəti necədir?
- Xəzərətrafı dövlətlər
yığışıb bu dənizdən balıq tutulmasına qadağa qoyublar. Təşəbbüs də
Azərbaycandan olub. Artıq bir kiloqram da olsa nərə balığı tutmaq olmaz. Bu
təşəbbüsü ilk dəstəkləyən də Rusiya
oldu. Yalnız İran tərəfi buna razı olmayıb və indi də ovu davam etdirir. Onu da
deyim ki, bir müddət Azərbaycanın
balıqyetişdirmə zavodu olmadı. 1992-ci ildə Dünya Bankının maliyyəsi ilə Neftçala rayonu ərazisində Xıllı
Balıqyetişdirmə Zavodu fəaliyyətə başladı. Orada ildə təxminən 15-18 milyon
ədəd xırda balıq yetişdirilib dənizə tökülür. Rusiya, İran, Qazaxıstan da bu
işi görür. Buna baxmayaraq, hesab edirik ki, Xəzərdən hələ balıq tutmaq olmaz.
Çünki dənizdə balıq azdır.
- Xəzərin okeana, demək olar
ki, çıxışı yoxdur. Amma Qara dənizin var. Bəs necə olur ki, Xəzərdə təbii
sərvətlər oradan çoxdur?
- Biosərvətlərin zənginliyi okeana çıxışlarla bağlı deyil. Qara
dənizin problemi böyükdür. Onun dibində sanki bir karxana işləyir və daimi
hidrogen-sulfit istehsal edir. Bu, canlıların çoxunu öldürür.
- Bəzən Qərb mətbuatında
informasiyalar gedir ki, Azərbaycan nefti
tezliklə tükənəcək. Bu nə dərəcədə doğrudur?
- Məsləhət görürəm ki, belə məlumatları oxuduqda onun mənbəyini
öyrənin. Bu informasiyaların əksəriyyəti siyasi xarakter daşıyır. Həmin saxta
məlumatlar dünyanın Azərbaycan neftinə marağını öldürmək məqsədi daşıyır.
- Bəs satış üçün neft
ehtiyatlarımız neçə il bəs edər?
- 15-20 il. Amma özümüzə 100 ildən çox bəs edəcək neftimiz olacaq.
Fikrimcə, tarixi və milli baxımdan Xəzər dənizinin ətraf xalqlara
xeyri elə onun ətrafındakı istirahət zonaları, bağlardır. Ona görə də Xəzəri
qorumaq lazımdır. Buradakı təbii zənginlikləri məhv etmək olmaz. Yəni bu
xalqlar daimidir. Heç kəs neft
çıxarılmasının əleyhinə deyil, amma dediyim zənginlikləri də qorumalıyıq. Mən düşünürəm
ki, xalqımızın Xəzərdən gördüyü ən böyük xeyirlərdən biri daş karxanalarıdır.
Həmin daş kubiklərlə bütün ölkəni tikirik. Bu da Xəzərin böyük sərvətidir.
- Bəzən müxtəlif səbəblərdən
dənizə böyük həcmdə neft axır, Digər
tərəfdən Abşeron, Xəzər hövzəsi seysmik aktiv ərazidir. Güclü yeraltı təkanlar
baş versə və neçə il əvvəl Meksikada BP-nin başına gələnlər burada təkrarlansa,
həmin faciənin qarşısını almaq üçün lazımi hazırlıq görülübmü?
- Bu işlə məşğul olmaq Fövqəladə Hallar Nazirliyinə tapşırılıb. Amma
bununla bağlı təhlükə var. Ona görə ki, eyni texnologiyadır, eyni operatordur.
Orada da BP işləyir, burada da. Yəni orada olan qəzanın burada da təkrarlanması
ehtimalı var. Müəyyən hazırlıqlar gedir. Qısaca desəm, burada çalışan xarici
şirkətlərin qəza hallarına hazırlığı məni qane etmir. Bunu isə hökumətin
səlahiyyətli qurumları deməlidir.
- Ramiz müəllim, Xəzərin
əsas problemlərindən biri suyun səviyyəsinin dəyişməsidir. Məsələn, haçansa
Xəzərin səviyyəsi indikindən 18 metr yüksək olub. Sonralar da dəyişmələr çox
olub. Bu barədə söhbət açmağınızı istərdik.
- Obrazlı desək, Xəzərin tarixi onun qalxıb-enmə tarixidir. Bir
vaxtlar Xəzər Qara dənizlə birləşmiş olub. Sonra elə vaxt olub ki, su tamam
çəkilib - Abşeron yarımadasından yuxarıda su olmayıb, ancaq cənub hissədə olub.
Əyani olması üçün bir fakt deyim: 1978-ci ildən 1995-ci ilə kimi Xəzər
dənizinin səviyyəsi 2 metr qalxıb. Onda Azərbaycanın sosial-iqtisadi həyatına,
ətraf mühitinə birbaşa dəyən ziyan 2 milyard ABŞ dolları təşkil etdi. O vaxt
Azərbaycanın illik büdcəsi yarım milyard dollar idi. Təkcə Dərin Özüllər
Zavoduna 200 milyon dollar ziyan dəymişdi. Həqiqətən də, ekoloji problemlə
yanaşı, böyük sosial-iqtisadi problemlər əmələ gəlmişdi. Azərbaycanda çoxlu
ekoloji qaçqınlar yaranmışdı.
Bu barədə təkliflər müxtəlifdir. Birincisi, gərək biləsən ki, suyun
səviyyəsi necə dəyişəcək. Bu proqnozu vermək də çox çətindir. Çünki bu, daha
çox iqlim dəyişmələri ilə bağlıdır. Elm də bu gün iqlimin proqnozunu geniş verə
bilmir. Maksimum 6 aylıq proqnoz verilə bilir. Buna görə də, sahil zonasını
mənimsəyəndə bunu mütləq nəzərə almalısan. Sahil zonasının mənimsənilməsinin
bir strategiyası olmalıdır.
- Xəzərə tökülən çaylardan, sənaye müəssisələrində istifadə, suvarma və
digər məqsədlər üçün hər il çoxlu su götürülür. Əgər həmin sular da dənizə
tökülsəydi, nə baş verərdi?
- Xəzərin su balansı var - gəlir hissəsi və çıxar hissəsi. Gəlir
hissəsi çayların gətirdiyi sudur, bir də səthinə düşən yağıntı. Bir də yeraltı
axınlar; bunlar azdır. Çıxar hissəsi səthindən buxarlanmadır. Bunların arasında
tarazlıq pozulsa, yəni gələn su çox olsa, səviyyə qalxır, yaxud əksinə olanda
səviyyə aşağı düşür. Sizin dediyiniz məsələni də araşdırmışıq. Məlum olub ki,
sovet hökumətinin inkişaf dövründə, yəni 50-60 ildə Xəzər dənizinə axan
çaylardan ildə 50 kubkilometr su götürülüb. Əlavə edim ki, Kür çayı dənizə ildə
15 kubkilometr su verir. Belə deyək ki, təxminən üç Kürün suyu gəlib Xəzərə çatmayıb. Onu da deyim
ki, Xəzərə 4 kubkilometr su töksən, dənizin səviyyəsi bir santimetr qalxar.
Demək istədiyim odur ki, insanlar özləri də bilmədən müəyyən fəlakətin qabağını
alıblar. Yəni həmin su çaydan götürülməsəydi, səviyyə indikindən 1,5-2 metr
yuxarı olacaqdı. Bu o deməkdir ki, Bakı bulvarının bir hissəsi suyun altında
qalacaqdı.
Son illər gələn suyun həcmi götürüləndən lap çoxdur. Məsələn, elə il
olub ki, təkcə Volqa ilə ildə 300 kubkilometr su gəlib. Elə il də olub ki,
həmin göstərici cəmi 140 kubkilometr təşkil edib. Kürlə bəzən 18 kubkilometr
gəlib. Yəni gələn su, götürüləni xeyli üstələyib, ona görə də səviyyə qalxıb.
İldə Xəzər dənizinin səthindən bir metr su buxarlanır. Əgər dənizin
üstünü bağlamaq mümkün olsaydı, onda səviyyə ildə bir metr qalxardı.
- Bəs Xəzərdə çirklənmə
buxarlanmaya necə təsir edir?
- Hazırda Xəzərdə təqribən 1500-2000 kvadratkilometr ərazi daimi neft
təbəqəsi ilə örtülüdür. Həmin ərazilər, belə demək olarsa, ölü nöqtələrdir.
Xəzər dənizinin ümumi sahəsi isə 370-400 min kvadratkilometr arasında dəyişir,
1500-2000 kvadratkilometr onun qarşısında nədir ki. Yəni neft tullantılarının
buxarlanmaya təsiri azdır. Amma bir şey var: suyun özünün tərkibi dəyişəndə
buxarlanması azalır. Belə ki, təmiz su çox buxarlanır. Ancaq dənizə tökülmüş
neft ekoloji şəraitə böyük təsir göstərir.
- Eşitdiyimə görə, Abşeron
yarımadası ildə 5 millimetr yatır. Bu tərəfdən də Xəzər qalxır. Belə davam etsə, yarımadanın sabahkı taleyi
necə olar?
- Əlbəttə, Abşeronun taleyi üçün problemlər yaranır və artıq xeyli
problemlər mövcuddur. Bibiheybət nə vəziyyətdə idi? Son illər ora çoxlu torpaq
daşındı və qurunun səviyyəsi qaldırıldı. O vəziyyət yatmanın nəticəsi idi. Yəni
sizin dediyiniz 5 millimetr yeni bəlalar gətirir. Çünki bəzi yerlərdə qrunt
sularının səviyyəsi qalxır.
Onu da deyim ki, Abşeronun ildə 5 millimetr yatması qeyri-adi şey
deyil. Ümumiyyətlə, Yer kürəsində heç nə yerində stabil durmur. Məsələn, Böyük
Qafqaz ildə bir santimetr böyüyür. Cavan dağdır, arta-arta gedir.
- Qəribədir.
- Bəli, təbiət qəribəliklərlə doludur.
- Xəzərin problemlərindən
danışdıq. Bəs bu problemlərin həllinə
kömək edəcək hansı tədqiqatlar aparılır, yeni layihələr həyata keçirilir?
- Bu yaxınlarda bir araşdırma aparmışam. Nəticədə məlum oldu ki,
Xəzər dənizinə biganəlik, həqiqətən, çox olub. Ancaq o da ortaya çıxdı ki,
dünya dənizləri içərisində ən çox diqqət mərkəzində olan da Xəzər olub. Dünyanın heç bir dənizi bu qədər
tədqiq olunmayıb. Lakin bunun hamısı bizim müstəqilliyimizə qədərki dövrə, daha
çox sovetlər dövrünə aiddir. SSRİ dağılandan sonra hamı çəkildi öz qınına. Hamı
çalışır ki, neft çıxarsın, qazansın. Amma ətraf mühit haqqında heç kəs
fikirləşmir. Fikirləşirlər ki, beynəlxalq təşkilatlar gəlib kömək eləsin.
Halbuki Avropadan, Amerikadan, Fransadan gələn tədqiqatçılar qrantlarla iş
görürlər. Mənim fikrimcə, qrant qonşudan gələn bir boşqab paydır. Onunla doymaq
olmaz. Yaxşı nümunə var - Baltika dənizi. Baltika dənizinin, demək olar ki, heç
bir problemi yoxdur. Çünki ətraf ölkələr dənizin qorunmasında birgə işləyirlər.
Qara dənizdə də vəziyyət yaxşılaşıb. Amma Xəzərətrafı ölkələr status
məsələsində ortaq məxrəcə gəlsələr də, bu sahədə iş görmək istəmirlər.
- Bəs Xəzərətrafı ölkələr bu
məsələdə niyə ortaq məxrəcə gələ bilmirlər?
- 2003-cü ildə Tehranda Xəzər konvensiyası imzalanıb. Konvensiyanın
imzalanmasından görün neçə il keçib.
Hamı çəkilib oturub evində. Hələ bunlar konvensiyanın katibliyinin harada
oturacağını müəyyənləşdirə bilməyiblər. Yəqin bilirsiniz ki, bu konvensiya Xəzərin ətraf mühitinin
mühafizəsinə aiddir. Bunun status məsələsinə dəxli yoxdur. O məsələdə də
pərdəarxası söhbətlər var. Söhbət Xəzəri bölməkdə deyil ha, məqsəd kiməsə mane
olmaqdadır. Kiminsə bura gəlməsini istəməməkdədir. Hər halda, Xəzərin ətraf
mühitinin mühafizəsi ilə məşğul olmaq lazımdır.
- Sizin fikrinizcə, Xəzərin çirklənməsi azaldılsa, dəniz neçə ilə
sağlamlaşar?
- Bəzən belə deyirlər ki, Xəzəri təmizləyək. Bu, Don Kixotluqdan
başqa bir şey olmaz. O qədər ərazini necə təmizləmək olar? Bəs nə etməli? Bayaq qeyd etdik ki, dənizin
özünütəmizləmə qabiliyyəti var, o, köməyə gəlir. Əgər "sıfır tullantı” şüarı
irəli atılsa, yəni bütün çirkab mənbələri kəsilsə, Xəzərin ilkin halına
qayıtmasına təqribən 40 il lazımdır.
- Ramiz müəllim, bir neçə il
əvvəl mətbuatda Xəzərin suyunun şirinləşdirilməsi ilə bağlı bəzi işlərin
görüldüyü haqda informasiya getmişdi.
Amma sonralar nədənsə bu barədə söhbət getmədi.
- Xəzərin suyundan istifadə barədə pilot layihə var. Bu fikri də
Azərbaycan Prezidenti İlham Əliyev irəli sürüb. Məqsəd Xəzər dənizinin suyunu
şirinləşdirərək istifadə etməkdir. Amma elə fikirləşmək lazım deyil ki, həmin
suyu təmizləyib, bu gün haradasa istifadə edəcəyik. Yox. Hələ ki buna elə də
ehtiyac yoxdur. Lakin unutmayaq ki, təbiətdə gedən iqlim dəyişmələri və onun
nəticələri göstərir ki, arid, yəni quraq yerlərdə yağıntının miqdarı getdikcə
azalacaq, nəm, rütubətli yerlərdə isə yağıntının miqdarı bir qədər də artacaq.
Azərbaycan ərazisinin 60 faizi ariddir. Artıq su qıtlığı hiss olunur. Doğrudur,
səmərəli istifadə etsək, mövcud su mənbələri bəsdir. Təəssüf ki, səmərəli
istifadə etmirik. Bir də unutmayaq ki, tarixən dünyada müharibələrin çoxu su
üstündə olub. Bir ayrı fakt da var: gör sənin suyunun başında duranlar
kimlərdir? - Ermənistan, Gürcüstan, Rusiya. Deməli, problem getdikcə böyüyə
bilər. İndi Xəzərin suyunun şirinləşdirilməsi bir pilot layihədir. Sabah qara
gün olanda bu təcrübədən istifadə edib kimsəyə möhtac olmaqdan qurtarmalıyıq.
Bu layihə çox lazımlıdır.
- Bir neçə il əvvəl rəhbərlik
etdiyiniz institutun əməkdaşları
Xəzərin hidrometeoroloji atlasını
hazırlamışdılar. Onun çapına nail ola bildinizmi?
- Bəli, Dövlət Neft Şirkətinin
maliyyə vəsaiti hesabına və Kanada hökumətinin dəstəyi ilə çap etdirdik.
- Bu məsələdə Kanadanın marağı
nə idi ki?
- Onlar bizdən fərqli olaraq hər hansı ekoloji problemə qlobal
yanaşırlar. Çünki Xəzərdə, Aralda, yaxud
Baykalda baş verən hər hansı xoşagəlməz
hadisə bütün dünyaya sirayət edə bilər.
- Ramiz müəllim, bu yaxınlarda
sizinlə qısa telefon söhbətimiz oldu. Sözarası dediniz ki, Türkiyəyə səfərə
hazırlaşıram. Elmi konfransa gedirdiniz, yoxsa dincəlməyə?
- Həmin səfər də elə Xəzər dənizi ilə bağlı idi.
Bilirsiniz, indiyədək Xəzərlə
bağlı aparılan elmi araşdırmaların nəticələri informasiya bazasında
yerləşdirilməlidir ki, sonra onlardan istifadə mümkün olsun. Müasir Avropa
stilinə uyğun bir məlumat bazası yaradırıq. Bunun üçün Rusiya, Qazaxıstan,
Türkiyə, Niderlanddan da nümayəndələr çalışırlar. Türkiyə ona görə bura qatılıb
ki, onların bu işdə təcrübəsi var - Qara dəniz üçün onlar həmin bazanı
yaradıblar.
- Söhbətin əvvəlində dediniz
ki, Xəzər türk dənizidir. Bəs türkdilli
dövlətlərin alimləri niyə bu nadir su hövzəsinin ortaq coğrafiyasını yazmırlar?
Ümumiyyətlə, sizcə, Türk dünyası coğrafiyasının yazılması üçün hansı işlər
görülüb və görülməkdədir?
- Bir xəzərşünas kimi mən bu mövzuda
bir neçə kitab və çoxsaylı elmi, nəzəri məqalələr yazmışam. Şübhəsiz,
başqa alimlərimiz də Xəzərlə bağlı araşdırma və düşüncələrini çap etdiriblər.
Amma, mənim fikrimcə, Xəzər daim axtarış və elmi araşdırma obyekti olmalıdır.
Əlavə edim ki, Coğrafiya İnstitutunun səyi ilə bu yaxınlarda "Türk
dünyasının coğrafiyası və etnosu” adlı üç cildlik kitabın birinci cildi -"Fiziki
coğrafiya" işıq üzü görüb. Kitabın yazılmasında Coğrafiya İnstitutu ilə yanaşı,
AMEA Geologiya və Geofizika İnstitutunun, Bakı Dövlət Universitetinin,
Elmi-Tədqiqat Hidrometeorologiya İnstitutunun alimləri də iştirak ediblər. Kitabın bir bölməsi türk
dünyasının daxili sularına həsr edilib. Buraya Aral-Xəzər daxili hövzəsi də
daxildir.
Onu da deyim ki, keçən il Bakıda Türkiyə Coğrafiyası günləri
keçirildi. Sonra biz İzmirə getdik. Orada Azərbaycan Coğrafiyası günləri oldu.
İzmirdə Ege Universitetindəki çıxışımda Türk Dünyası Coğrafiya Vəqfinin
yaradılmasının vacibliyini irəli sürdüm. Türk alimləri bu fikri dəstəklədilər.
Amma onu deyim ki, belə bir qurumun yaradılması
tez başa gələn iş deyil. Güman edirəm ki, "Türk dünyasının coğrafiyası
və etnosu” adlı üç cildlik kitabın nəşri bu istiqamətdə atılmış ilk addımdır.
- Son sualım Xəzərlə bağlı
deyil. Amma güman edirəm ki, cavabınız oxucular üçün maraqlı olacaq. Siz
dünyanın çox ölkəsini gəzibsiniz. .Həmin ölkələrin hansında özünüzü daha rahat
hiss edibsiniz?
- Finlandiyada. O ölkəyə girəndə adam özünü çox rahat hiss edir;
əsəbləri də sakitləşir. Çəmən, göl, meşə, təmizlik, sakitlik çoxdur orada.
İnsanları da çox qayğısız kimi görünürlər.
- Ramiz müəllim, Xəzərlə bağlı
maraqlı söhbətə görə sağ olun. Sizə bundan sonra da uğurlu elmi axtarışlar,
rahatlıq və könül xoşluğu arzulayırıq.
Ümid edirəm ki, xoş günlərin birində Xəzərin sahilində görüşüb bu
mövzuda daha nikbin söhbət edəcəyik.
- İnşallah, mən də bu ümiddəyəm...
Söhbətləşdi Səməd Məlikzadə