Zənginlər sənətkarlıq nümunələrinə az maraq göstərirlər - MÜSAHİBƏ
Şəkidə yaşayan sənətkar:
"İtiqovan” adlı pilotsuz uçuş aparatının suvenirlərini düzəltmişdim, 3-5 gün ərzində hamısı satılıb
qurtardı”
Kiş kəndində yerləşən Alban məbədi Şəkiyə gələn həm yerli,
həm də əcnəbi turistlərin ən çox ziyarət etdiyi məkanlardandır. Mən də bura
qədər gəlib çıxmışkən Kiş məbədini görməmiş getməmək qərarına gəldim. Məbədə
gedərkən bir nəfərin evinin darvazası önündə oyma və yandırma üsulları ilə
taxtadan hazırladığı suvenirlər diqqətimi çəkdi. Qərara gəldim ki, məbədə
gedənləri "yolundan edən” sənətkarla
söhbət edim.Burada at, dəvə, ayı, canavar, bayquş fiqurları,
taxta bıçaqlar, müştük, əsa, təsbeh və sair suvenirlər gözə dəyirdi. Bütün
əşyalardan daha çox isə sənətkarın oyma oymaqdan deşilmiş, əzilmiş, qaralmış
barmaqları danışırdı. Bu barmaqlara, əllərə baxmaq bəs edirdi ki, qiymət barədə
artıq söhbət etməyəsən, deyilənlə razılaşasan və aldığının necə böyük zəhmət
bahasına başa gəldiyini görəsən. Kiş kəndinin sakini, sənətkar Azər Xasməmmədov
bədii ağac işləmə sahəsində çalışır,
ağac üzərində oyma işləri görür. Təvazökar, çəkingən bir insandır. Yəqin,
istəyir ki, onun yerinə gördüyü işlər danışsın. Amma o suvenirlərin, oyma
işlərinin öz dili olsa da, biz sənətkarın dediklərinə də yer vermək qərarına
gəldik.
Heç biri
bir-birinə bənzəmir
– Azər bəy, suvenirləri nə zamandan hazırlamağa başlayıbsınız?
– Bu işlə iki
ildir ki, ardıcıl şəkildə məşğul oluram. Amma uzun illərdir ki, rəsm əsərləri
çəkirdim. Sonra koronavirus pandemiyası başladı, hər tərəfdə iş yerləri
bağlandı, hər kəs evə qapandı, beləliklə, düşünmək və işləmək üçün xeyli vaxt
imkanı yarandı. Mən də bu fürsətdən istifadə edərək əvvəlcə sadə fiqurların
eskizlərin çəkib düzəltməyə başladım, gördüm ki, yaxşı alınır, ona görə də,
davam etmək qərarına gəldim. Şükür ki,
alıcılar əl işlərimdən razıdırlar, fərqli üslubum olduğunu deyirlər.
– Burada onlarla fiqurlar, suvenirlər var. Bilmək istərdim ki,
onların hansını düzəltmək daha çətindir və
alıcılar daha çox necə suvenirlərə meyil göstərirlər?
– Qu quşları,
dəvə, şir, bayquş, məbəd fiqurları, mücrülər, məscid suvenirləri alıcılar
tərəfindən çox alınır. İnsanların inancları fərqli olduğuna görə meyil
göstərdikləri suvenirlər də müxtəlifdir. Amma
hansının hazırlanmasının daha çətin olduğuna gəldikdə isə hər bir əl işi
özünə görə çətindir. Asan oyma işi, demək olar ki, yoxdur. Hər bir suvenir,
oyma işi əl əməyi, göz nuru hesabına başa gəlir. Xüsusən isə ev formasında
hazırladığım suvenirlər, bəzən on günlərlə vaxtımı alır. Mən heç bir qəlibdən
istifadə etmirəm, ona görə də, əl işlərimin heç biri bir-birinə bənzəmir. Sadəcə
onu deyə bilərəm ki, heyvanlar aləminə böyük marağım olduğuna görə onlarla
bağlı fiqurları düzəltmək mənim üçün həm maraqlı, həm də asandır.
"Sənətkarı yaşadan orta
təbəqədir”
– Taxta
suvenirlər hazırlamaq üçün əksərən hansı ağaclardan istifadə edirsiniz?
– Cökə, palıd, yasəmən ağaclarından daha
çox istifadə edirəm. Çünki onlar daha uzunömürlü və möhkəm olurlar.
– Bu
fiqurları hazırlayarkən internet portallarında hansısa videoları isləyirsiniz?
– Bu sənətə təzə-təzə başlayanda bir müddət baxdım, hardasa 4-5 ay, amma
sonra əlim işə öyrəşdi deyə daha o tipli videolara baxmağa ehtiyacım qalmadı.
– Yaşlı alıcılarla gənc alıcıların suvenirlərə
maraq baxımından zövq fərqləri necə təzahür edir?
– Gənclər tar-kaman fiqurları, təsbehlər, yaşlılar
isə dəvə suvenirləri alırlar.
– Əl ağaclarını
necə hazırlayırsınız?
– Bilirəm o sualı nəyə görə verirsiniz, görürəm ki,
bu işə nabələd deyilsiniz. Yəqin fikirləşirsiniz ki, əl ağaclarını, əsaları
hazır ağacdan düzəldirəm, yoxsa onları
ağacın içindən çıxarıram, hə?
– Bəli, sadəcə
birbaşa sual vermək istəmədim...
– Ağacın içindən kəsib çıxarıram.
– Suvenirlərin
qiyməti neçə manatdan başlayır?
– Qiymətlər 10-150 manat arası dəyişir.
– Müharibə ilə
bağlı top, tüfəng suvenirləri hazırlayıbsınız. II Qarabağ Savaşı vətəndaşların bu cür suvenirlərə marağının
artmasına təsir edibmi?
– Bəli, qismən edib. Məsələn, "İtiqovan” adlı
pilotsuz uçuş aparatının suvenirini düzəltmişdim 3-5 gün ərzində hamısı satılıb
qurtardı.
– İnsanlarda
alıcılıq qabiliyyəti necədir, alverinizdən razısınızmı?
– Yaxşıdır, narazı deyiləm. Sənətkarı yaşadan həmişə
orta təbəqədir, zənginlər sənətkarlıq nümunələrinə az maraq göstərirlər.
"Sənətkarlığa meyl azalıb”
– Yaradıcılıq
prosesiniz barədə nə deyə bilərsiniz?
– Əvvəlcə yaradacağım fiquru uzun müddət düşünürəm.
Ağacdan qopan hər tilişkənin ölçüsü belə beynimdə canlanır. Ağaca baxanda onun
içindən çıxacaq fiquru görürəm.
– Qiymət
söhbəti edənlər, suvenirləri daha ucuz almaq istəyənlər çoxdur?
– Vallah, bu işi görmək – bədii ağacişləmə ilə məşğul
olmaq zülmdür. Bu fiqurların şəklini çəkmək belə asan deyil, nəinki taxtadan suvenirlər,
cürbəcür fiqurlar düzəldəsən. Əllərim yaradır. Taxtaları hazırlayandan sonra
rəngləmək üçün yanma metodundan istifadə edirəm, Bəzən barmaqlarım da yanır. Boyadan yararlanmıram, lakı isə ancaq
lazım olanda vururam.
– Yaxın ərazidə
sizdən başqa bədii ağacişləmə ilə məşğul olan varmı?
– Xeyr. Çünki indi sənətkarlığa meyil azalıb. Ona
görə də insanlar həyatını bu cür işlərə sərf etmək istəmirlər.
Söhbətləşdi:
Fərid Hüseyn