• cümə, 26 Aprel, 12:05
  • Baku Bakı 23°C

Zəfər yolunun əvvəli var, sonu yoxdur - ŞUŞADAN REPORTAJ

04.09.21 10:30 728
Zəfər yolunun əvvəli var, sonu yoxdur - ŞUŞADAN REPORTAJ
Vaqifin gözəl günləri...
Yol yoldaşlarımdan biri kövrəlir, biri ağlayır, kiminin gözündə ağrılı xatirələrin izi görünür. Şuşalı söz, sənət adamları, kitabxana işçiləri göz yaşlarını saxlaya bilmirlər.
Yarəb, bu yuxunu,
Qaytarma, atma,
Allah, bu yuxudan
məni oyatma.

Bu misraları 2018-ci ildə Amerikanın İndianapolis şəhərində Xalq şairi Fikrət Qoca yazıb. Mərhum şair dünyanın o başında – Amerikada əziz Şuşanı yuxuda görür və elə yuxudaca anlayır ki, gördükləri reallıq deyil, röyadır. Ona görə də, o yuxudan ayılmaq istəmir. Və üz tutur Tanrıya ki, İlahi, bu yuxunu ya əbədi elə, ya da çin. Deməli, 2018-ci ilə Şuşaya yuxu qədər uzaq olmuşuq. Amma 2020-ci ildə yuxularımız çin, dualarımız müstəcab oldu. İndi isə röyaların ağuşuna atılmaq arzusunda deyilik, sadəcə, gözlərimiz çimir almadan eləcə Şuşaya, azad olunmuş digər torpaqlarımıza doya-doya baxmaq istəyirik...

Təlaş üstünə təlaş...
Və gözlənən gün gəlib yetişdi... O günlə birgə yaddaşımı Məhəmməd Füzulinin bu misraları haqlayır:
Sənsiz mən idim şikəstəxatir;
Yüz şükr, sənə yetişdim axir.
Şikəstəxatir – incik, qəlbi qırılmış deməkdir. Biz də Şuşasız şikəstəxatir idik, amma şükürlər ki, Şuşalı günlərə, sınıq qəlblərin abad olduğu günə gəlib "yetişdik axir”.
Deyilənlər gəldi başa...
28 avqustda "Respublika” otelində koronavirusla bağlı test verən şairlərin, yazıçıların hər biri həyəcanlı idi. Çoxu ehtiyat edirdi ki, bəxt üzümüzə kəc baxar, qəfil bizdə virus aşkar edilər və arzusunda olduğumuz anlara yetişməyə bircə gün qalmış bu müqəddəs səfər arzusu ürəyimizdə qalar. Amma bu qorxu tərs kimi II Qarabağ müharibəsinin iştirakçısı, gənc şair Emin Pirinin başına gəldi. Emin isə qədəri ilə barışaraq yazırdı: "Görünür, mənə o torpaqlara şair kimi yox, zabit kimi getmək qismətdi”.

Yolçu yolunda gərək...
29 avqustda Azərbaycan Dövlət Akademik Filarmoniyasının həyətindən avtobuslarla yola düşdük. Yol boyunca həmkarlarımızla Vətən haqqında söhbətlər edə-edə, şeir oxuya-oxuya İmişlidə, Füzulidə qısa fasilələrlə dincələ-dincələ gəlib Şuşaya yetişdik. Adamlara baxıram; biri kövrəlir, biri ağlayır, kiminin gözündə ağrılı xatirələrin izi görünür. Bizlə səfərə şuşalı söz, sənət adamları, kitabxana işçiləri də gəlib, onlar da göz yaşlarını saxlaya bilmirlər. Kövrəlirəm və ətrafımdakı həssas insanlara baxa-baxa yadıma Molla Vəli Vidadinin əsrlər öncə Molla Pənah Vaqiflə deyişəndə dediyi bu misralar düşür:

Ağlamaq ki, vardır, məhəbbətdəndir,
Şikəstəxatirlik mərhəmətdəndir,
Əsil bunlar cümlə mürüvvətdəndir,
Оlsa ürəyində, bеtər, ağlarsan!
Doğrudan da, sinəsində qəlb daşıyan biri Şuşanı görüb necə ağlamasın, necə heyrətlənməsin, necə kövrəlməsin ki...
İnşaat "ordusu”
Yol boyunca işğaldan azad olunan yerlərdə gedən quruculuq işlərinə baxdıqca fəxr duyurdum. Sanki Qarabağa "ikinci ordumuz” – "inşaat ordusu” daxil olub və gecə-gündüz "döyüşlər gedir” – qurub-yaradırlar. Yolun sağı və solundakı saysız texnikalar, hər yanda gözə dəyən işçi heyəti... Hələliksə buralar daha çox açıq səma altında ermənilərin əl işi olan vandalizm muzeyi, vəhşilik abidələri sayıla bilər.

Vaqif Poeziya Günlərinin açılışı...
Tədbir prezident İlham Əliyevin çıxışı ilə başladı. Yazımın əvvəlində Vaqif Poeziya Günlərinin açılışı barədə ona görə məlumat vermədim ki, cənab İlham Əliyevin çıxışı zamanı tarixə ekskursu, 39 il öncə Vaqifin məqbərəsinin açılışı ilə bağlı fikirləri həmin tarixin daha dolğun şərhidir: "Bildiyiniz kimi, Molla Pənah Vaqifin məqbərəsinin Şuşada ucaldılması qərarını ulu öndər Heydər Əliyev vermişdir. Onun təşəbbüsü ilə 1982-ci il yanvarın 14-də burada qarlı, şaxtalı havada bu məqbərənin açılışı olmuşdur. Bu, sıradan olan hadisə deyildi. Çünki o vaxt Şuşa Dağlıq Qarabağ Muxtar Vilayətinin bir hissəsi idi. Bildiyiniz kimi, uzun illər ermənilər Şuşaya iddia edirdilər, Şuşanı erməni şəhəri kimi qələmə verməyə çalışırdılar. Halbuki, bunun üçün heç bir tarixi, mədəni əsas yox idi. Onu da nəzərə almalıyıq ki, Molla Pənah Vaqif təkcə şair yox, eyni zamanda, Qarabağ xanının vəziri idi. Sovet dövründə sovet ideologiyası, sovet hökumətinin tarixlə bağlı yanaşması belə idi ki, xanlıqlar tarixin qara ləkəsi kimi qələmə verilirdi. Bütün bunlara baxmayaraq, Ulu Öndərin iradəsi və qətiyyəti nəticəsində bu məqbərə ucaldılmışdır və bir daha Şuşanın Azərbaycan şəhəri kimi təsdiqi öz yerini tapmışdır”. Daha sonra dövlət başçısı 59 yaşın rəmzi mənası ilə bağlı maraqlı faktı dilə gətirdi: "Əziz dostlar, təxminən 40 il bundan əvvəl, bax, bu yerdə atam durmuşdu, mən isə o tərəfdə durmuşdum. Şaxtalı-qarlı havada Vaqifin məqbərəsinin açılışı idi. Ondan sonra 1982-ci il iyulun 29-da atamla bərabər ikinci dəfə Şuşaya gəlmişdim. O vaxt Vaqif Poeziya Günləri keçirilirdi. Bu gün isə ikinci dəfə Vaqifin məqbərəsinin açılışını biz qeyd edirik. Vaqif Poeziya Günləri keçirilərkən atamın 59 yaşı var idi. Bu gün mənim 59 yaşım var. Bəziləri hesab edə bilər ki, bu, təsadüfdür. Ancaq mən hesab edirəm ki, burada böyük rəmzi məna var, tarix təkrarlanır. Azərbaycan tarixinin qara səhifəsi artıq arxada qaldı və biz yenidən nəfəs almağa başlamışıq”.
"Bundan sonra Şuşada əbədi yaşayacağıq”
Ölkə başçısının təsirli çıxışında bir neçə dəfə gurultulu alqışlar fasilə yaratdı və cənab prezidentin nitqindəki bu həssas cümlələr ürəklərə su səpdi: "İşğal dövründə bir çoxlarımız - həm keçmiş məcburi köçkünlər, həm bütün Azərbaycan xalqı, o cümlədən də mən dəfələrlə fikirləşirdik ki, dünyada ədalət yoxdur. Çünki ədalət olsaydı, biz bu vəziyyətə düşməzdik. Mən də o cümlədən belə fikirdə idim. Ancaq həyat göstərdi ki, ədalət var, sadəcə, dözümlü olmaq lazımdır, səbirli olmaq lazımdır, ədalətə inanmaq lazımdır və ədalətə nail olmaq üçün çalışmaq lazımdır, hədəfə doğru getmək lazımdır. Ədaləti bərpa etmək üçün fədakarlıq göstərmək lazımdır. Bu gün biz hamımız ürəyimizdə deyirik və açıq deyirik ki, bəli, ədalət var, ədalət bərpa edildi, biz bu gün Şuşadayıq və bundan sonra Şuşada əbədi yaşayacağıq”.

"Bu yolun əvvəli var, amma sonu yoxdur”
Daha sonra Xalq yazıçısı Anar müəllimə söz verildi. Xalq yazıçısının nitqinin sonluğu lap yaddaqalan oldu: "Biz buraya Zəfər yolu ilə gəldik. Bu yolun əvvəli var, amma sonu yoxdur. Bu yol uzandıqca uzanacaq. Bu Zəfər yolu Azərbaycanın hərbi gücünün yoludur, siyasi gücünün yoludur, iqtisadi gücünün yoludur və möhtəşəm Azərbaycan mədəniyyətinin, Azərbaycan ədəbiyyatının Zəfər yoludur!”
Sonra söz şeirə verildi: Xalq şairi Nəriman Həsənzadə, AYB-nin katibi İlqar Fəhmi, gənc şairlər Günel Şamilqızı, Şəhriyar del Gerani şeirlərini oxudular.

Şuşa sevinci
Xalq yazıçısı Elçin isə çıxışı zamanı fikrinin sonunu həm mistik inancla, həm də şux bir zarafatla tamamladı: "44 günlük zəfər real sevinci, real fərəhi, real qüruru ilə bərabər, mənim içimdə mistik bir reallıq da yaradıb. Mən inanıram, qətiyyən şübhə etmirəm ki, Ulu Öndər də, bu gün burada yeri görünən o yazıçı və şairlər də elə bu dəm yuxarıdan bizə baxırlar və hər şeyi görürlər. Şuşa sevinci, Qarabağ sevinci o ali məqamda onlarla bir yerdədir. Qarabağ Azərbaycandır! Əziz dostlar, bu sözləri oxuya-oxuya bir söz də yadıma düşdü və onu demədən düşmək istəmirəm: "Nə oldu, Paşinyan?”

Ruh oxşayan muğam
Tədbirdə ruh oxşayan muğam sənəti nümunələri də səsləndi. Vaqif Poeziya Günlərinin ilk günü beləcə tamamlandı.

Tədbirin ikinci günü isə tamamilə poeziyaya həsr olundu. Sabir Rüstəmxanlı, Nigar Həsənzadə, İbrahim İlyaslı, Vaqif Bəhmənli, Əkbər Qoşalı, Xəyal Rza, Asim Yadigar, Arif Buzovnalı və mən şeirlərimizi oxuduq. İkinci günün tədbirində xanəndələr Nisbət Sədrayeva və Xəyal Hüseynovun ifaları da könül oxşadı. Daha sonra "Nizamidən Vaqifə” adlı poetik kompozisiyasi zamanı Xalq artisti Mehriban Zəki, Pərviz Məmmədrzayev, Əməkdar artist Gülzar Qurbanova, Elşən Rüstəmovun çıxışları alqışlarla mükafatlandırıldı. Vaqif Poeziya Günləri "Ədəbi müstəvidə Qarabağın dünəni və bu günü" adlı simpoziumla başa çatdı.

Tədbirlərdən kənar
29 avqustda tədbir olmadığına görə asudə vaxtımız vardı. Şəhəri gəzməyə çıxdıq. İlk gəldiyimiz yer Üzeyir Hacıbəyov, Bülbül və Xurşidbanu Natəvanın güllələnmiş heykəlləri oldu. Natəvan bulağında əl-üzümüzü yuyandan, doyunca su içəndən sonra Aşağı Gövhərağa məscidinə gedib ibadət etdik. Yolda Şuşada yenicə tikilən çörək sexinə baş çəkib bir neçə çörək aldıq. Çörək o qədər dadlı, ətirli idi ki, əvvəlcə yol yoldaşlarıma təklif edəndə xala xətrin qalmasın ədasıyla bir qırağından xırdaca kəsənlər sonra "çörək hanı?”, "o çörəkdən gətirin” deyə məni axtarırdılar. Çörəkçinin dediyi sözlərsə yadımdan çıxmır: "Şuşaya ordudan dərhal sonra biz gəlmişik”. Hətta satıcılar çörəyin pulunu belə götürmək istəmirdilər. Görünür, Şuşanın yaratdığı mənəvi qardaşlıq bağı maddi düşüncələrin üstündən xətt çəkmişdi.

Bizim dəstə
"525-ci qəzet”in baş redaktor müavini Yusif Rzayev, "Şuşa” qəzetinin baş redaktoru Vasif Quliyev, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının əməkdaşı Akif Cabbarlı, "Azərbaycan” jurnalının məsul katibi Vüsal Nuru, gənc şair Ramil Əhməd və mən səfərin ilk günündə birgə gəzirdik. Şəhərə gözəl bələd olan Vasif Quliyev isə Şuşanın tarixini addım-addım, il-il yüksək peşəkarlıqla danışırdı.

Şuşa dağıdılıb, evlər ya 30 il öncəki halındadır, ya tam sıradan çıxıb, ya da burada ən əlacsız ermənilərin sığınacağı olduğu aydın görünür. Şuşanın bu ağrılı mənzərəsi, doğrudan da, ürək qanadır, insanın ruhunu incidir. Görünür, ermənilər üçün tarix ancaq sovet qalıqlarıdır, başqa heç nə.

Sonrakı dəstə...
İkinci gün dəstəmizin üzvləri dəyişmişdi: "Dünya ədəbiyyatı” jurnalının baş redaktoru Seyfəddin Hüseynli, AMEA-nın Ədəbiyyat İnstitutunun direktor müavini Aygün Bağırlı, Xocavənd rayon Mədəniyyət Şöbəsinin nümayəndəsi Ramil Əhməd, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin mətbuat xidmətinin rəhbəri Şahanə Müşfiq, ARB-24 telekanalının redaktoru Günel Şamilqızı, AMEA-nın İqtisadiyyat İnstitutunun elmi katibi Rəsmiyyə Sabir, Dünya Gənc Türk Yazarlar Birliyin sədri İntiqam Yaşar, jurnalist Günel Musa və mən qərara gəldik ki, Aşağı və Yuxarı Gövhərağa məscidlərini, Saatlı mədrəsəsini ziyarət edək. Ramil Əhməd isə əlində tutduğu foto ilə ata-anasının tanış olduğu Şuşa Texnikumunu axtarırdı. Sonda isə Cıdır düzünə gedəcəkdik. Yolda Ramil texnikumu tapdı, amma araya ayrılıq düşdü. Bir də gördük, dostlardan bir neçəsi yanımızda yoxdur. Dörd nəfər qalsaq da, qərara gəldik ki, bir gün öncə təntənəli açılış olmuş Bülbülün ev muzeyinə də gedək. Yolda Ramil, Günel, İntiqam və mən azdıq, ha axtarsaq da, muzeyi tapa bilmədik. Qəfil rastımıza bir maşın çıxdı və sürücüsü axtardığımız yeri soruşub bizi muzeyə apardı. Muzey açıq olmasa da, həyətində gəzdik, eyvanında şəkil çəkdirdik. Muzeyin həyətində Bülbülün həm dağıdılmış, həm də yeni qoyulmuş büstü var. Həyətdə isə tarixi bir tut ağacı var, onun qarşısındakı lövhədən bu sözləri oxuyuruq: "Ağac 1871-ci ildə əkilib. Uşaq ikən Murtuza bu ağacda cəh-cəh vuraraq, böyük məharətlə quşların səsini təqlid etdiyi üçün xalq ona Bülbül adını vermişdir”.

Zarafatımızdan qalmırıq...
Bülbülün evini tapana qədər xeyli yorulduq. Yolda rastımıza çıxan adamlardan birindən dayandığımız yerdən Cıdır düzünə qədər neçə dəqiqəlik yol olduğunu soruşduq. O da yanındakı adamdan soruşdu ki, bayaq Cıdır düzünə neçə dəqiqəyə getdin? Dörd dəqiqə dedi. Söhbət zamanı məlum oldu ki, o boyda yolu 4 dəqiqəyə gedən adam Xüsusi Təyinatlı əsgərdir. Bunu biləndə dilim dinc durmadı. Dedim, "ay qardaş, o xüsusi təyinatlıdır deyə dörd dəqiqəyə gedir e, biz o yolu bir saata gedə bilmərik. Sıldırımları aşanlarla dikdə təngnəfəs olanları tən qoyursan?” Hamını gülmək tutdu. Əsgər isə daha ürəkdən qəhqəhə çəkdi. Qəhqəhənin şuxluğundan hələ xeyli yolumuz olduğunu bəllədim.


Yolumuza davam etdik. Tamam haldan düşdük. Qəfil yanımızdan qapısı açıq mini avtobus keçəndə şuxluq naminə çığırdım: "İsmi-pünhan xatirinə, Şahi-mərdan xatirinə, bizi də aparın”. Bir də gördük ki, bizdən xeyli aralanmış maşın saxlayıb geri qayıdır. Hamımızı gülmək tutdu, gəlib gördük ki, avtobusdakılar da gülür. Və sağ olsunlar, bizi Cıdır düzünə apardılar. Mən də bir az əvvəl yol qırağındakı heyva ağacından min bir zülmlə dərdiyim bir torba heyvadan bir neçəsini onlara bağışladım. Yol pulumuzu "heyvayla ödəyib” sağollaşdıq...

Şuşada evinə qayıdan ilk sakin
Gəlib Cıdır düzünə yetişdik. Bütün iştirakçılar buradadırlar. Şəkil çəkdirən kim, deyib-gülən kim, ağlayan kim, kövrələn kim, heyrətdən yerində donub qalan kim, dağlara baxıb Şuşanın tarixindən danışan kim... şair Şəhriyar del Gerani Bülbülün həyətindən torpaq götürən dostlarımızı görəndə zarafatından qalmadı: "A bala, camaat min bir zülmlə torpaq alıb, niyə onu yığıb Bakıya daşıyırsız?” Yenə də qəhqəhə səsləri havada oynadı. Bir azdan dəstədən ayrı düşən Seyfəddin Hüseynli, Aygün Bağırlı, Rəsmiyyə Sabirlə görüşdük. Niyə dəstədən ayrı düşdüklərini soruşanda məlum oldu ki, Şuşada işləyən bir nəfər yolda yorulan dostlarımızı görüb onları evinə çağırıb sərin böyürtkən kompotuna, həyətinin meyvələrinə qonaq edib. Yaşadığı ev isə atasının evi imiş. Həmin adam Şuşada öz evinə qayıdan ilk sakindir. Artıq Şuşanın qonaqpərvərliyi dövrü başlayıb. Şükür Allahın bu gününə.

Bakıya dönüş
İki günlük Vaqif Poeziya Günlərindən sonra Bakıya qayıdırıq artıq, yolda fasiləyə dayanmışıq. Yenə sözümüz-söhbətimiz Şuşadır. Xalq artisti Mehriban Zəki ilə söhbət edirik. Mehriban xanım deyir ki, yol gələ-gələ şair olmadığıma görə heyfislənirəm. Düşünürəm ki, şair olsaydım dağıdılmış evlərdə bitən ağaclara şeir yazardım. O ağaclar sanki həmin evlərin sakinləridirlər, orada həyatın davam etməsinin nişanələridirlər, həm də təbiət vəhşi ermənilərin əlindən qaçıb o dağılmış evlərə sığınıb. Mehriban xanımın sözlərindən çox təsirlənirəm. Yol boyunca ermənilər tərəfindən dağıdılmış həmin evlərə sığınan ağaclar gözümün önündən getmir. Kim bilir, bəlkə də, o ağaclara dağıdılmış evlərdəki ruhlar qulluq edir, suyunu verir, dibini belləyir, əziyyətini çəkirlər...
Fərid Hüseyn
Bakı-Şuşa-Bakı

banner

Oxşar Xəbərlər