• cümə, 19 Aprel, 10:38
  • Baku Bakı 13°C

Zəfər yoluna çıxdığımız gün

25.09.21 09:00 1003
Zəfər yoluna çıxdığımız gün
Bir sıra tanınmış ekspertlər də açıq şəkildə bildirdilər ki, biz Azərbaycanı dövlət olaraq az-çox tanıyırdıq, Azərbaycan Ordusu haqqında yetərincə məlumatlı idik, amma bu savaşda gördük ki, biz Azərbaycan xalqını tanımamışıq
Azərbaycan 30 ilə yaxın bir müddətdə davam edən Qarabağ problemini 44 günlük müharibə ilə başa çatdırdı. Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və siyasi iradəsi ilə Azərbaycan Ordusu uzun illər davam edən işğalı qələbə ilə yekunlaşdırdı. 90-cı illərin ağır şərtləri çərçivəsində itirilmiş torpaqların azad edilməsi heç də təsadüfi deyil. Hərbi sahədə aparılan islahatlar xarici siyasətlə vəhdət təşkil etdi. Dövlət başçısı hər il ordu quruculuğuna, hərbiçilərin peşəkarlığının artırılmasına, o cümlədən yeni texnologiyalara əsaslanan hərbi texnikanın həm alınmasına, həm də ölkə daxilində istehsalına mütəmadi olaraq vəsait ayırdı. Nüfuzlu beynəlxalq təşkilatlarda - BMT-də, Avropa İttifaqında, Avropa Şurasında, AŞPA-da və digər qurumlarda Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və Ermənistanın işğala son qoymasının tələb edən sənədlər qəbul edildi.
Məqsəd və məram bəlli idi
Ayrı-ayrı ölkələrlə birlikdə təşkil edilən hərbi təlimlər zamanı Azərbaycan Ordusu yeni döyüş metodlarını mənimsədi və bundan irəli gələn təcrübəyə sahib oldu. Təbii ki, zamanla görülən bu işlərin məqsədi və məramı düşmənə - Ermənistan hakimiyyətinə, Qarabağdakı separatçı rejimə və onları dəstəkləyən xarici qüvvələrə bəlli idi. Sadəcə dünyada, regionda baş verənləri düzgün qiymətləndirmək və ona uyğun addımlar atmaq - hərbi əməliyyatları başlamaq zamana bağlı məsələ idi. Nəhayət, 27 sentyabr 2020-ci il tarixi zəfərə başlanan yol oldu. 44 günlük II Qarabağ müharibəsi isə torpaqlarımızın işğaldan azad olunmasına, qələbəmizə vəsilə oldu. Bundan sonra məğlubiyyətə məhkum olan Ermənistanda isə hələ də siyasi gərginlik, iqtisadi tənəzzül, demoqrafik problemlər qalmaqdadır. Ermənistan hakimiyyəti hələ də hansı addımlar atacağını bilmir. Paşinyan isə Qərblə Rusiya arasında seçim etmək üçün var-gəl edir. Heç şübhəsiz ki, Azərbaycanın bu tarixi qələbəsi təkcə torpaqların işğaldan azad edilməsi ilə bitmədi. Zəfər dolu ötən bir il ərzində regionda da nələrsə dəyişdi.

"Azərbaycan xalqına münasibət dəyişdi”
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev bildirdi ki, birincisi, Qarabağın özü dəyişdi: "İşğal zamanı altı üstünə çevrilən torpaqlarımız indi böyük quruculuq işlərinin getdiyi nəhəng tikinti meydançasına bənzəyir. Əgər münasibət dəyişməsindən söhbət gedirsə, dəyişmənin dərəcəsinə görə sıralamalı olsaq, Azərbaycan xalqına münasibət dəyişdi. Azərbaycan Ordusuna münasibət dəyişdi və Azərbaycan dövlətinə münasibət dəyişdi. Açığı, heç kim, hətta biz özümüz də bilmirdik ki, Azərbaycan xalqı bu qədər birlik göstərərmiş. Bu qədər öz ordusunun, dövlətinin arxasında durmağı bacararmış. Onun qadınları, qızları doğmasını itirəndə bu qədər mərdanə davranaraq, köksünü qabardaraq cənazəsinə özü girərmiş. Bütövlükdə biz bu qədər monolit bir güc olduğumuzu sərgiləyə bilərmişik. Siz fikir verin, monoetnik Ermənistan ordusundan, elə savaşın ilk on günündə on mindən artıq fərari oldu. Ondan artıq xalqın və etnik qrupun təmsilçisinin sıralarında vuruşduğu Azərbaycan ordusunda bir nəfər belə fərariyə rast gəlinmədi. Bir sıra tanınmış ekspertlər də açıq şəkildə dilə gətirdilər ki, biz Azərbaycanı dövlət olaraq az-çox tanıyırdıq. Azərbaycan Ordusu haqqında yetərincə məlumatlı idik, amma bu savaşda gördük ki, biz Azərbaycan xalqını tanımamışıq”.
"Ali Baş Komandan İlham Əliyevin rolu danılmazdır”
S.Alıyev qeyd etdi ki, 44 günlük müharibədən sonra Azərbaycan Ordusuna yanaşma dəyişdi: "Yəni hər kəs bilirdi ki, Azərbaycanda ordu quruculuğuna böyük vəsait ayrılır. Hər kəs bilirdi ki, Azərbaycan ardıcıl olaraq təlimlər keçirir. Amma heç kəs fərqində deyildi ki, Azərbaycan bu regionda təkcə işğalçı Ermənistandan deyil, ondan qat-qat böyük dövlətlərdən, ona silah-sursat ötürənlərdən üstün bir hərbi performans sərgiləyəcək. Hərbi texniki üstünlüyü ilə yanaşı, hərbi mütəxəssislərinin peşəkarlığını, həm də əsgərlərinin daha cəsur, qorxmaz, mərd olduğunu ortaya qoyacaq. Birmənalı şəkildə deyə bilərik ki, NATO-da da, Rusiyada da, digər yerlərdə də Azərbaycan Ordusunun qırx dörd günlük savaş zamanı sərgilədiyi peşəkarlıq öyrənilir. Yəni II Qarabağ savaşının nəticələrinə əsasən qabaqcıl hərbi texnikadan necə ustalıqla faydalanmağın sirləri mənimsənilir”.

"Hər kəs onu da gördü ki...”
Politoloq qeyd etdi ki, 44 günlük müharibə zamanı Azərbaycan dövlətinə yanaşma da dəyişdi: "Bəli, Azərbaycanın regionda lider dövlət olduğunu artıq hər kəs görürdü. Amma hər kəs onu da gördü ki, bütün böyük dövlətlərin istəyinə rəğmən, Azərbaycan deyəndə həm də öz torpaqlarını savaş yolu ilə azad etməyi bacaran bir dövlətdən söhbət gedir. Bir daha vurğulayıram ki, Azərbaycan bütün böyük dövlətlərin istəyinə rəğmən, savaş yolu ilə öz torpaqlarını azad etməyi bacarmaqla bir dövlət olaraq daha böyük olduğunu, daha qüdrətli olduğunu ortaya qoydu. Heç şübhəsiz ki, burada dövlətimizin başında duran Prezidentimiz, Ali Baş Komandanımız, cənab İlham Əliyevin rolu danılmazdır”.

Bəxtiyar Məmmədli

banner

Oxşar Xəbərlər