• cümə, 20 Iyun, 10:25
  • Baku Bakı 20°C

Yumşalma “virus bitdi” demək deyil

21.07.20 20:35 1043
Yumşalma “virus bitdi” demək deyil
İnsanlar yumşalmadan sonra da çox ehtiyatlı olmalıdırlar

Avqustun 5-dən sonra karantin Azərbaycanda rejiminin yumşaldılması gözlənilir. Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında bildirib ki, kafe, mağaza və restoranlar tədricən açılacaq. Dövlət rəsmisinin sözlərinə görə, yumşalmalardan sonra ən böyük rol vətəndaşların üzərinə düşəcək: "Açıq havada kafelərdə risklər azalır. Bunların hamısı nəzərə alınacaq. Növbəti yumşalmalar avqustun 5-dən sonra baş verməlidir. Kafe, mağaza və restoranların açılması da tədricən olacaq, bu, qaçılmazdır. Biz bunu tədricən etməliyik ki, yenidən sərt karantinə getməyək. Burada ən böyük rol vətəndaşların üzərinə düşəcək. Sadə qaydalara riayət etməklə açılmaları tezləşdirə bilərik”.
Sərt karantin rejiminin bitməsi və yumşalma xəbəri bizi sevindirir. Lakin biz bundan öncəki yumşalmalarda gördük ki, insanlar bu vəziyyəti sanki epidemiyanın tam bitməsi hesab edir və virusdan qorunmaq üçün ehtiyat tədbirlərinə əməl etmirlər. Yumşalmaların olması koronavirusun bitməsi demək deyil. Kafelərdəki sıxlıq, maskadan istifadə edilməməsi bizi yenidən sərt karantin rejiminə geri döndərdi. Necə deyərlər, sürətlə qaçmaq istəyəndə, yerimizdə belə saymadıq, geri döndük...
Bu da həqiqətdir ki, dünyanın bir çox ölkələrində karantin rejimi qüvvədə qalır. Hətta bəziləri ikinci dəfə karantinə gedir və Azərbaycan da bu sıradadır. Yaponiya və Honkonq kimi ölkələrdə də yenidən yoluxma xəbərləri gəlir. İsrail də çimərlikləri açmışdı, yoluxma artdığı üçün karantinə gedir...
Bəs bu dəfə necə olacaq? "Başına gələn başmaqçı olar” prinsipi ilə hərəkət edəcəyik, yoxsa, virusu yenidən bitmiş hesab edəcəyik?
Deputat Elman Nəsirov bizimlə söhbətində bildirdi ki, yenidən sərtləşmə insanların yumşalma prosesinə düzgün qiymət verməməsinin nəticəsində olub: "Karantin rejiminin şəraitə uyğun olaraq, həm sərtləşdirilməsi, həm də yumşaldılması prosesi bir-birini əvəzləməkdədir. Bu əvəzləmə üçün əsas təsiredici faktor odur ki, yoluxanların sayı sağalanların sayını üstələməyə başladıqda və üstələmə faizi kəskin şəkildə artıqda avtomatik olaraq, sərtləşmə tədbirləri işə salınır, əksinə olduqda isə yumşalma tədbirlərinə start verilir. Biz bu halların şahidi olmuşuq. Hesab edirəm ki, yenidən sərtləşmə insanların yumşalma prosesinə düzgün qiymət verməməsinin nəticəsi olub. İlk növbədə 3 sadə prinsip var: Maska taxılmalı, sosial məsafə saxlanılmalı və dezinfeksiyaedici vasitələrdən istifadə edilməlidir. İnsanlar bəzən bu yumşalma prosesini sanki həm maska taxmaqdan, həm məsafə saxlamaqdan, həm də dezinfeksiya vasitələrindən istifadə etməkdən imtina kimi qarşılayırlar. Yumşalmanı yanlış anlayırlar. Bu da nəticə etibarilə yenidən bu xəstəliyin yayılmasına gətirib çıxarır. Ona görə də ilk növbədə olduqca məsuliyyətli olmaq lazımdır. Artıq bizim təcrübəmiz var. Biz sərt karantini də, yumşalma mərhələsini də yaşamışıq. Biz yumşalma prosesində ehtiyatsızlığın ağır nəticələrini gördüyümüz üçün bundan dərs çıxarmalıyıq”.
Deputat hesab edir ki, karantin rejiminin yumşaldılmasına keçid baş veribsə, deməli, bu sahədə mövcud tələbələrə daha ciddi əməl etmək lazımdır ki, yenidən sərtləşməyə qayıtmayaq: "Sərtləşdirmə rejiminə qayıtmamağın yeganə yolu insanların müvafiq tələblərə əməl etməsidir. Bir dəfə yumşalmaya keçdik, sonra nəticə çıxarmadıq, yoluxma kəskin artdı. Bu səhvi təkrarlamamalıyıq. Əgər bundan nəticə çıxarmasaq, yenidən sərt karantin rejiminə keçmək məcburiyyətində qalacağıq”.
İnfeksionist Vüqar Cavadzadə "Kaspi”yə açıqlamasında bildirdi ki, əgər yumşalma müddətində xəstələrin sayı artarsa, onda karantinin yumşalmasını saxlamaq olar, xəstələrin sayı artarsa, yenidən sərt karantinə keçid qaçılmazdır: "İnsanlar sərt karantin ləğv olunandan sonra da bu məsələyə məsuliyyətli yanaşmalı, mütləq maskadan istifadə edilməlidir. Sərt karantin tədricən yumşaldılmalıdır. Əgər yumşalma müddətində xəstələrin sayı artarsa, onda karantinin yumşalmasını saxlamaq olar. Belədə yenidən sərt karantinə keçid qaçılmazdır. İnsanların səhvi odur ki, yumşalma olduqda, onlar elə bilir ki, bu xəstəlik artıq bitib. Amma virus hələ ki, ölkəmizdədir və biz ona qalib gəlməmişik”.
İnfeksionist vurğuladı ki, insanlar qaydalara riayət etmək istəmir: "Dəfələrlə deyilib, bu gün də təkrar edirik. Koronavirus infeksiyasının başladığı zaman sərt qaydalar, karantin rejimi tətbiq olundu. Lakin karantin rejimi yumşaldıqdan sonra əhali qətiyyən qaydalara riayət etmək istəmir. Əhalidən xahiş edirəm ki, göstərilən bütün gigiyenik normativlərə əməl etsin. İlk növbədə, istər böyük, istər kiçik marketlərdə, "mall”lara, digər ticarət mərkəzlərinə, ictimai iaşə müəssisələrinə girdikdə maskalardan mütləq istifadə olunmalıdır. İnsanlar kütləvi toplantıdan çəkinsinlər. Ara məsafəsi mütləq gözlənilməlidir. Karantin rejiminin yumşadılması o demək deyil ki, xəstəlik tamamilə bitib, yoluxma ola bilməz. Yoluxma ehtimalı yüksəkdir. Buna da səbəbkar yalnız və yalnız insanlardır. Dövlət tərəfindən aparılan bütün tədbirlər əhalinin sağlamlığı üçündür”.
"Ölkənin taleyi onlardan asılıdır”
Həkim Uğur Ağamalıyev isə deyir ki, hazırkı vəziyyətdə qadağaların yumşaldılmasından danışmaq tezdir: "Çünki Azərbaycanda yeni yoluxan xəstələrin sayı hələ də yüksək həddədir. Bundan əlavə, xəstələrin 15 faizə qədəri bu xəstəliyi simptomsuz keçirirlər. Təəssüf ki, digər ölkələrdə olduğu kimi, bizdə də COVİD-19 xəstəliyi ciddiyə alınmır və bəzi insanlar tərəfindən hansısa siyasətin bir parçası kimi düşünülür. Ona görə də cəmiyyətin bu qismi və xəstəliyi simptomsuz keçirən insanlar qadağalar yumşaldılandan sonra da müvafiq qaydalara əməl etməsələr, bu, daha çox yoluxma deməkdir. Bu səbəbdən insanlar yumşalmadan sonra da çox ehtiyatlı olmalı, anlamlıdırlar ki, ölkənin taleyi onlardan asılıdır”.
Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər