Yüksək rəqabətlilik şəraitində keçən seçki
Namizədlərin irəli sürülməsi, qeydiyyatı və təşviqat
mərhələlərinin təhlili onu deməyə əsas verir ki, seçkilərin demokratikliyinə, şəffaflılığına
xələl gətirə biləcək tendensiya müşahidə olunmur
Azərbaycanda növbədənkənar parlament seçkiləri
fevralın 9-a təyin olunub. Bu barədə qərar mediada ictimailəşdirildikdən sonra
qanunla müəyyən olunmuş vaxt ərzində namizədliyin irəli sürülməsi prosesinə
başlanılıb. Ali təhsili olan və olmayan, partiya təmsilçisi, yaxud bitərəf olub-olmamasından
asılı olmayaraq çoxsaylı vətəndaş bu prosesə qoşulub. Nəticədə indiyə qədər
keçirilən parlament seçkilərində müşahidə edilməyən bir mənzərə yaranıb. Rekord
sayda şəxsin deputatlığa namizədliyi irəli sürülüb. Budəfəki seçkidə 20-dən
artıq siyasi partiyanın iştirak etməsi, yüzlərlə tərəfdarını namizəd olaraq irəli
sürməsi də növbədənkənar parlament seçkisinə olan diqqətin göstəricisidir. İstər
namizədliyin irəli sürülməsində, imza vərəqlərinin götürülməsi və təhvil verilməsində,
istərsə də namizədliyin qeydə alınmasında və təbliğat-təşviqat işinin gedişində
hər hansı ciddi qanun pozuntusuna rast gəlinməyib. Namizədlərə bərabər imkanlar
yaradılıb, demokratik prinsiplərə maksimum səviyyədə riayət olunmasına
çalışılır.
Ola bilsin haradasa nə vaxtsa xırda nöqsanlar
olsun. Lakin əsas məsələ pozuntuların sistem xarakteri daşımaması, kütləvi hal
almaması və seçkilərin nəticəsinə təsir göstərməməsidir. Hazırda Azərbaycanda
keçirilən parlament seçkilərinin namizədliyin irəli sürülməsi, qeydiyyatı və təşviqat
mərhələlərinin təhlili onu deməyə əsas verir ki, seçkilərin demokratikliyinə, şəffaflılığına,
bərabərlik və ədalət prinsiplərinin təmin edilməsinə xələl gətirə biləcək
tendensiya müşahidə olunmur. Statistik rəqəmlərə nəzər salsaq görərik ki,
seçkilərdə iştirak üçün 2431 nəfər müraciət edib, seçkilərdə qeydiyyata alınan
namizədlərin sayı 1374 nəfərdir, onlardan 248 nəfəri 19 siyasi partiyanın nümayəndəsidir.
Bu, parlament seçkilərinə cəmiyyətdə böyük maraq olduğunu, rekord sayda namizədlərin
seçki prosesinə qatıldığını göstərir.
Bütün yaşayış məntəqələrində seçicilərlə görüş üçün
ən münasib yerlər ayrılıb, namizədlər öz seçiciləri ilə görüşmək imkanına
malikdirlər və bu imkanlardan yetərincə yararlanırlar. Namizədlər hər bir
yaşayış məntəqəsində xüsusi ayrılmış yerlərdə təşviqat materiallarını yerləşdirirlər.
Bununla yanaşı, 40-dan artıq media orqanı ödənişli təşviqatda iştirak etmək
üçün MSK-ya müraciət edib. Hazırda mediada namizədlərin intensiv təşviqat
materiallarının getdiyini açıq müşahidə etmək olar. Budəfəki seçkini 41 beynəlxalq
qurumdan, 44 ölkənin vətəndaşlarından ibarət 409 nəfər beynəlxalq müşahidəçi
izləyəcək. Yerli müşahidəçilərin sayı 54 min 292 nəfərdir. Bu, seçkilərə həm
beynəlxalq aləmin, həm ictimaiyyətin böyük marağının olduğunu göstərməklə
yanaşı, həm də ciddi ictimai nəzarət mexanizminin təmin edildiyini təsdiqləyir.
KİV-lərin və sosial medianın hətta səthi monitorinqi onu deməyə əsas verir ki,
namizədlər fəal təşviqat kampaniyası aparırlar.
Reallıq bundan ibarətdir ki, 1374 namizəddən yalnız
125 nəfər xalq tərəfindən millət vəkili seçiləcək. Bu səbəbdən rəqabət çox
güclüdür. Belə bir mühitdə bəzi namizədlərin öz rəqiblərinə qarşı qeyri-qanuni
üsullardan istifadə etməsi faktları da mümkündür. Hətta bəzi hallarda
plakatların cırılması hallarına da rast gəlinə bilər. Belə bir hal ilə üzləşən
istənilən namizədin seçki orqanlarına müraciət etmək hüququ var. Mərkəzi Seçki
Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, hər hansı neqativ halla bağlı
MSK-ya müraciət daxil olsa, buna baxılacaq, ciddi qanun pozuntusu aşkar
edildiyi halda buna yol verən şəxsin namizədliyi ləğv olunacaq. Birmənalı
olaraq bu da qeyd olunub ki, seçicilərin hansısa yolla ələ alınması
qanunvericiliyə ziddir və buna heç cür imkan verilməyəcək. Onu da vurğulamaq
yerinə düşər ki, yüksək rəqabətlilik şəraitində keçən bu seçkidə iştirak edən
namizədlər öz potensiallarını nümayiş etdirirlər. Heç şübhəsiz, Azərbaycan dövləti
Milli Məclisə seçkilərə qatılmış namizədlərin bu potensialını yüksək qiymətləndirir.
Böyük ehtimalla onları ehtiyat kadr bankı hesab edir və qarşıdan gələn dövrdə
ictimai rəydə özlərini təsdiq etmiş, lakin Milli Məclisə üzv seçilə bilməmiş bu
insanların imkanlarından yararlanmaq niyyəti ortaya qoyulacaq.
Lakin əfsuslar olsun ki, qaraguruhçuluğu özünə həyat
tərzi seçən radikal müxalifət hər zaman olduğu kimi indi də seçkinin
demokratikliyinə, şəffaflığına kölgə salmaq niyyəti ilə dəridən qabıqdan çıxır.
Parlament seçkilərə qatılan bəzi siyasi partiyalar, xüsusən də Müsavat və REAL
partiyası təmsilçiləri təbliğat-təşviqat mərhələsində bir sıra pozuntuların
olmasını iddia edirlər. Bu iddialar sırasına bərabərlik prinsipinin pozulması,
görüşlərin təşkilində inzibati resurslardan istifadə olunması, seçicilərlə
görüşlərə maneçilik törədilməsi, plakatların cırılması, seçicilərin ələ
alınması və sair iddialar daxildir. Ancaq bəzi siyasi partiyaların və namizədlərin
seçki pozuntuları, xüsusilə də hakimiyyət orqanlarının seçki prosesinə müdaxiləsi
barədə iddiaları heç bir faktlara əsaslanmır, sadəcə, mümkün məğlubiyyətdən
sığortalanmaq məqsədi güdür. Bir qədər əvvəl vurğuladığımız kimi, belə faktlar
müəyyən olunarsa, qanunvericiliyə uyğun şəkildə seçki orqanına müraciət etmək
problemin aradan qaldırılması üçün ən optimal variantdır.
Digər tərəfdən, bu da bir reallıqdır ki, heç bir
ölkədə seçki prosesi qüsursuz olmur, bu və ya digər şəkildə namizədlər tərəfindən
prosedur qaydalarının pozulması, müxtəlif qeyri-qanuni üsullardan istifadə
olunması və digər pozuntular və neqativ hallar müşahidə olunur. Hətta ən
inkişaf etdmiş, demokratiyanın beşiyi hesab edilən ölkələrdə belə, bu kimi
faktlar kifayət qədərdir. İnternet resurslardan yararlanıb kiçik bir axtarış
etsək, bu barədə yüzlərlə materiala, fakta rast gəlmək mümkündür. Bütün bunları
nəzərə alsaq əminliklə deyə bilərik ki, Azərbaycanda seçkiqabağı vəziyyət qənaətbəxşdir.
Cəmiyyət, o cümlədən siyasi partiyalar, namizədlər, ekspertlər və politoloqlar
tərəfindən bu, müsbət qiymətləndirilir. Qaraguruhçular istisna olmaqla, vətəndaşlar
tərəfindən seçkinin yüksək fəallıq, rəqabət şəraitində, bərabər imkanlar, azad
və sərbəst mühit təmin olunmaqla keçirildiyi xüsusi vurğulanır.
Siyasi şərhçi Sahib
Alıyev "Kaspi” qəzetinə
açıqlamasında bildirib ki, inzibati resurslardan istifadə olunması, hakimiyyətin
guya seçicilərlə görüşə maneəçilik törətməsi barədə iddialar tamamilə əsassızdır.
Onun sözlərinə görə, plakatların cırılması hallarına bəzi hallarda rast gəlinə
bilər və bu halla hakim partiyadan olan namizədlər də qarşılaşa bilərlər.
Siyasi şərhçi deyib ki, bütün hallarda qanunsuzluqlara rast gəldikdə dairə
seçki komissiyası, mərkəzi seçki komissiyasına müraciətlər edilməli, müvafiq tədbirlər
görülməlidir: "Mən Tərtər rayonundan deputatlığa namizədəm və indiyə qədər belə
hallarla rastlaşmamışam. Ancaq ehtimal ki, başqa yerlərdə buna bənzər hallar
olsun. Bu, arzuolunan hal deyil. Seçicilərin ələ alınması məsələsinə gəlincə,
ola bilsin hansısa namizəd bu yola əl atsın, lakin həmin namizədlər arasında da
müxtəlif şəxslər ola bilər. Bunu birmənalı olaraq hansısa partiya və təşkilatın
ayağına yazmaq düzgün yanaşma deyil. Bu barədə konkret fakta rast gəlmədiyim
üçün birmənalı fikir bildirmək qeyri-mümkündür. Buna baxmayaraq, bütün bu
iradların nədən qaynaqlandığını müəyyənləşdirmək mümkündür. Seçicilərlə görüşdə
onların reaksiyasından bu siyasi qurumların təmsilçiləri, yəni namizədlər artıq
vəziyyətin hansı həddə olduğunu görürlər. Onlar qələbə qazanmaq üçün
şanslarının minimum həddə olduğunu görürlər. Əslində bəzi xoşagəlməz bəyanatların
səsləndirilməsi də buradan qaynaqlanır. Onlar uduzacaqlarını təxmin etdikləri
üçün bir növ cığallıq edirlər. Buna bənzər bir situasiya ilə mən də
qarşılaşmışam. Deputatlığa namizədlərdən üçü mənim əhali ilə görüşlərimə gələrək
maneəçilik törətməyə çalışırdılar. Bu, etik normaları pozmaqla bərabər, seçki
qanunvericiliyinə də zidd hərəkətdir. Həmin namizədlərdən biri yenə də seçki
kampaniyama müdaxilə cəhdində bulunmaqda, açıq təxribatlara əl atmaqdadır.
Lakin mən onun emosional, təxribatçı və etik normaları açıq şəkildə pozmaq cəhdinə
əhəmiyyət vermirəm. Hətta onlar bəzi hallarda təxribatçı suallar verirlər ki,
onu da obyektiv şəkildə cavablandırmağa çalışıram”.
Alpər İSMAYIL