• cümə, 03 May, 14:12
  • Baku Bakı 20°C

Qazaxın 4 kəndi Azərbaycana qaytarılır - Ədalətin təntənəsi 

20.04.24 06:25 2110
Qazaxın 4 kəndi Azərbaycana qaytarılır - Ədalətin təntənəsi 

Azərbaycan danışıqlar yolu ilə Ermənistanı işğalda saxladığı Qazax rayonunun dörd kəndini geri qaytarmağa razı saldı. Ciddi xarici təzyiqlərə, təxribat cəhdlərinə baxmayaraq, əldə edilən bu nəticə Azərbaycanın və Prezident İlham Əliyevin növbəti qələbəsidir.

Azərbaycan ərazilərinin işğal faktı anlayışı artıq rəsmən sıradan çıxmaq üzrədir. Uzun zamandır haqqında danışılan Ermənistan tərəfindən hələ də işğal altında saxlanılan dörd kəndimizin qaytarılması ilə bağlı Azərbaycan və Ermənistan arasında mühüm razılıq əldə edilib. 

Razılaşmada nələr var? 

2024-cü il aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəddə müvafiq komissiyaların səkkizinci görüşü keçirilib. Görüş zamanı komissiyalar aşağıdakılar barədə razılığa gəliblər:

• Delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanis Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrimli (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.

• Qərara alınıb ki, sərhəd xəttinin bu hissələrinin təsviri koordinatları yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirilməsi nəzərə alınmaqla tərtib edilsin və bu, tərəflər arasında 15 may 2024-cü il müddətinədək müvafiq Protokol-təsvirlə sənədləşdirilərək razılaşdırılmalı və imzalanmalıdır.

• Razılaşdırılıb ki, tərəflər sərhəd xəttinin razılaşdırılmış hissələrində öz sərhəd xidmətlərinin eyni vaxtda və paralel yerləşdirilməsi üçün tədbirlər görmək məqsədilə öz hökumətlərinə müraciət edəcəklər. Həmçinin razılaşdırılıb ki, delimitasiya prosesi tam başa çatana qədər protokol-təsvirdə göstərilən sərhəd xəttinin hissələri delimitasiya edilmiş hesab olunsun.

• Paralel olaraq, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi üzrə Komissiyanın Birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırılması üzrə işin 1 iyul 2024-cü il müddətinədək başa çatdırılması və dövlətdaxili razılaşdırmalar prosesinə və müvafiq qaydada tərəflərin dövlətlərinin qanunvericiliyinin tələblərinə uyğun olaraq Əsasnamənin təsdiqinə başlamaq barədə razılığa gəlinib.

• Tərəflər razılaşıblar ki, onlar delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaqlar. Tərəflər, həmçinin həmin baza prinsipini Əsasnamə layihəsində təsbit etmək barədə razılığa gəliblər (əgər gələcəkdə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişdə başqa cür qərara gəlinərsə, o zaman Əsasnamənin müvafiq bəndi bu Sazişlə müəyyənləşdirilmiş prinsiplərə uyğunlaşdırılacaq).

• Tərəflər Əsasnaməni təsdiq etdikdən sonra növbəliliyi razılaşdırmaq və sərhədin bütün digər hissələrinin, o cümlədən anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər.

Görüşün nəticəsində protokol imzalanıb. Növbəti görüşün keçirilməsi tarixinin və yerinin işçı qaydada razılaşdırılması qərara alınıb.

Heç bir güllə atılmadan...

Qeyd edək ki, bu kəndlərin qan tökülmədən, heç bir güllə atılmadan geri qaytarılması hələ 2020-ci ilin 10 noyabrında kapitulyasiyaya imza atmaq məcburiyyətində qalan Ermənistanın qoşunlarını Ağdam, Laçın və Kəlbəcərdən eyni şərtlər daxilində çıxartması ilə başlayan siyasətin, qalib Prezident İlham Əliyevin, Azərbaycan dövlətinin növbəti qələbəsidir.

 

banner

Oxşar Xəbərlər