• şənbə, 20 Aprel, 16:41
  • Baku Bakı 23°C

Yeni turizm növlərinin tətbiqi bu sahənin inkişafına müəyyən töhfələr verə bilər

11.09.20 18:50 1977
Yeni turizm növlərinin tətbiqi bu sahənin inkişafına müəyyən töhfələr verə bilər
Postpandemiya dövründə insanlar səyahətlərə tərəddüdlə yanaşacaq, təhlükəsizlik məsələlərinə daha çox diqqət yetirəcəklər

"Biz postpandemiya dövründə rəqabətə daha da hazır olmaq üçün rəqəmsallaşma istiqamətində yeni turizm məhsullarının yaradılmasını istəyirik”. Bunu Trend-ə Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə deyib. Onun sözlərinə görə, artıq sentyabrın 8-dən gəlmə turizmlə məşğul olan turizm şirkətləri Azərbaycan və onun turizm imkanları haqqında məlumatların onlayn rejimdə rəqəmsal platformalarda yerləşdirilməsini təmin edən layihələrini Dövlət Turizm Agentliyinə təqdim edə bilərlər.
Agentlik rəsmisi bildirib ki, postpandemiya dövründə Azərbaycan turizminin rəqabət qabiliyyətinin artırılması əsas məqsədlərdəndir: "Bu layihələr postpandemiya dövrü üçün nəzərdə tutulacaq. Postpandemiya dövründə fərqli turizm şəraiti olacaq. İnsanların həm psixoloji durumu fərqlənəcək, həm onların səyahətlərdən çəkinməsi halları olacaq, həm də təhlükəsizlik məsələlərinə daha çox diqqət yetirəcəklər. Turizmi inkişaf etdirən ölkələr bu sahəni daha da gücləndirəcəklər. Biz bu rəqabətə daha da hazır olmaq üçün rəqəmsallaşdırma istiqamətində yeni turizm məhsullarının yaradılmasını istəyirik. Gəlmə turizmlə məşğul olan turizm şirkətlərinin bizə təqdim edəcəkləri layihələr hesabına turizmdə rəqabət qabiliyyətini artırmağı nəzərdə tuturuq”.
Bəs postpandemiya dövründə rəqabətə hazır olmaq üçün hansı addımlar atılmalıdır? Yeni turizm məhsulları deyərkən nə nəzərdə tutulur?

Qatar, çadır turizmi...

Azərbaycan Turizm Assosiasiyasının sədri Əhməd Qurbanov bizimlə söhbətində bildirdi ki, yeni turizm məhsulları dedikdə, biz bu vaxta qədər öyrəşdiyimiz turizm məhsullarından fərqli üsulları nəzərdə tuturuq. Ekspertin sözlərinə görə, yeni dövr turizmi daha çox onlayn sistemlərdə müşahidə edilir: "Bu məhsullar əsasən onlayn platformalar üzərindən satışlar həyata keçirən müxtəlif layihələrdən ibarət olmalıdır. Buna görə də həm turizm şirkətləri, həm oteller, həm də turizm məhsulları hazırlayan qurumlar əsasən onlayn platformalara yönəlir və onlayn sistemləri daha çox araşdırıb öz işlərinə inteqrasiya etməyə çalışırlar. İlk növbədə biz yeni məhsullar dedikdə, bunu nəzərdə tuturuq”.
Həmsöhbətimiz vurğuladı ki, Azərbaycanda turizm potensialı yüksəkdir və buna görə də xüsusilə, postpandemiya dövründə ölkəmizdə yeni fərqli turizm marşrutları, yeni turizm növlərinin araşdırılması və tapılmasından söhbət gedir: "Yeni turizm növləri dedikdə, ölkəmizdə hazırda fəaliyyət göstərməyən və tətbiq olunmayan turizm növlərini nəzərdə tuturuq. Bunlardan qatar turizmini, çadır turizmini misal gətirə bilərik. Hansı ki, indiki vaxtda ən çox sərfəli olan turizm növlərindən biridir. Belə ki, infrastruktura ehtiyac olmadan, özünə infrastruktur yaradaraq, istirahəti yüksək səviyyədə təmin etmək olar. Qatar turizmi dedikdə isə, Azərbaycanda qatar vasitəsilə turizm əvvəllər mövcud idi. Qatar həm çox sayda turist daşıya bildiyindən, həm də turistlərə müxtəlif yerlərə ekskursiya imkanı verdiyindən onu ölkəmizdə inkişaf etdirmək sərfəlidir. Yeni turizm növlərinin tətbiqi və yeni növ məhsullar gələcək üçün artıq turizmin inkişafına daha böyük töhfələr verə biləcək”.

Ucuz və əyləncəli istirahət

Ucuz və əyləncəli istirahət hər kəsin arzusudur. Bu, çadır turizmi sayəsində mümkündür. Turizmin bu növü həm iqtisadi baxımdan sərfəlidir, həm də istədiyiniz yerdə istirahət etmək hüququ verir. Turizm eksperti Müzəffər Ağakərimov deyir ki, Azərbaycanda sovet dövründə çadır turizmi mövcud idi: "Çadır turizminin inkişafı daxili turizmin də inkişafını şərtləndirən addımlardandır. Bu, ümumi turizmin inkişafı baxımından müsbət haldır. Bundan başqa, bəzi insanlar istirahətini dörd divar arasında keçirmək istəmir. Çadır turizmi iki cür - kütləvi və fərdi formada ola bilər. Kütləvi olması üçün bir ərazidə müasir imkanları olan çadırlar qurulur. Onun ətrafında biotualetlər qurulur, sanitar-gigiyenik normalara əməl edilməsi, təmizliyin təmin edilməsi üçün imkan yaradılır. Digər üsul isə əvvəl olduğu kimi, bir ailənin özünün təşkil etdiyi çadırda qalmasıdır. Tələbələr, gənclər, aztəminatlı insanlar həftəsonu ucuz qiymətə çadırda dincələ bilərlər. Turizmin bu növündə həm xərclər azdır, həm də təbiətin qoynunda istirahətin dadı bir başqadır”.

3 gün qalana 1 gün hədiyyə, qonağa pulsuz şam yeməyi...

Turizm eksperti Ceyhun Aşurov deyir ki, dünyada hazırda daha çox bərpa proseslərinə üstünlük verilir. Müsahibimiz vurğulayır ki, otellər bunun üçün müxtəlif endirim və güzəştli kampaniyalar təşkil edirlər: "Hətta onlayn rezervasiya portalları belə öz fərqlərini azaldıb istehlakçının, yəni turistin xeyrinə müəyyən güzəştlər tətbiq edirlər. Məsələn, 3 gün qalana 1 gün hədiyyə, qonağa pulsuz şam yeməyi və digər bu tipli məhsullar təklif olunur. Hazırda daxili turizm növünün aktivləşməsi ehtimal olunur, yəni insanlar səyahət edərkən daha çox tanıdıqları və əmin olduqları yaxın ərazilərə getməyə üstünlük verirlər. Bizdə də yaranmış vəziyyətlə əlaqədar olaraq müəyyən nəticələr götürüldü və bunun sayəsində artıq regionlara səfərlər bir balaca intensivləşib”.

"Otellər endirim kampaniyaları həyata keçirməlidir”

Ekspertin sözlərinə görə, regiondakı otellərin hamısı bu intensivləşməyə hazır deyildi: "Bəzi otellər hələ da bağlıdır və açılmağı düşünür. Lakin otellər var ki, hətta pandemiya dövründə da fəaliyyət göstərirdi və ezamiyyə hüququ olan insanlar müəyyən şərtlər çərçivəsində həmin otellərdə qalırdılar. Qeyd etmək lazımdır ki, otellər sanitar-gigiyenik normalara riayət olunması, qida təhlükəsizliyi ilə bağlı Nazirlər Kabinetinin son qərarında əks olunan şərtlərə mütləq şəkildə əməl etməlidirlər. Həmçinin otellər özləri daha çox turistin cəlb olunası üçün endirim kampaniyaları həyata keçirməlidir. Məsələn, həftəiçi günlər bir qiymət, həftə sonları isə başqa qiymət təklif olunur və yaxud qonaqlar uşaqla gəlirsə, uşaqların pulsuz yerləşdirilməsi, otağın qiymətinə səhər və ya axşam yeməyinin daxil edilməsi və s. kimi fürsətlər təqdim edilməlidir. Yəni otel daxilində təklif olunan müxtəlif məhsul və xidmətlər otağın qiymətinə daxil edilir və ya müəyyən güzəştlər təqdim olunur ki, turistlərin qiyməti salmadan eyni qiymətə daha çox xidmətdən yararlanmaq imkanı olsun. Təbii ki, bunlar da öz müsbət nəticəsini göstərir. Düşünürəm ki, məhdudiyyətlər aradan qaldırıldıqdan sonra turistlərin regionlara səfərləri aktivləşəcək. Lakin artıq sentyabrın 15-də dərslər başlayır və insanlar daha çox həftə sonlarında və qeyri-iş günlərində regionlara səfər etməyə üstünlük verəcəklər. Təəssüflər olsun ki, yay mövsümü artıq sona çatıb və turizm üçün tam uyğun bir vaxtda otellərin hazır olmasını ifadə etməsinə baxmayaraq, mövcud epidemioloji vəziyyət, xəstəliyin yayılması məhdudiyyətlərin tam aradan qaldırılmasına imkan vermədi. Lakin bu son fürsətlər da otelçilər tərəfindən dəyərləndirilib və onlar çalışmalıdırlar ki, otellər bu dövrdə müəyyən kampaniyalar həyata keçirərək turistləri cəlb edib müəyyən gəlir da əldə etsinlər. Bunun üçün güzəşt kampaniyaları təşkil etmələri mütləqdir”.

Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər