Yeni islahatlar paketinin başlanğıcı - ŞƏRH

Ekspertlər
deyirlər ki, 2022-ci maliyyə ili üçün dayanıqlı iqtisadi təminatlar yaranıb. Cənab
Prezident tərəfindən imzalanmış sərəncamlar sosial paketin mühüm tərkib hissəsidir.
Dövlətin əsas
funksiyalarından biri əhalinin sosial müdafiəsinin təşkili və daxili siyasətin
sosial yönümlü olmasının ön planda saxlanılmasıdır. Azərbaycanda dövlət siyasətinin
mərkəzində də məhz vətəndaş və onun rifahı dayanır. Dünyanın əksər ölkələri
yeni növ koronavirus (COVID-19) pandemiyasının mənfi təsirlərindən hələ də özünə
gələ bilmədiyi bir vaxtda, Azərbaycanda minimum əməkhaqqının və müxtəlif sahələrdə
çalışanların əmək haqlarının artırılması bunu sübut edir.Məlum olduğu kimi, bu
günlərdə Prezident İlham Əliyev minimum əməkhaqqı və dövlət büdcəsindən maliyyələşən
bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncamlar
imzalayıb. Bu sərəncamlarla əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud
uşaqlarla yanaşı, digər bir sıra kateqoriyalara yönələn müavinətlər də əhəmiyyətli
şəkildə artırılıb.

Yeni islahatlar
paketinin başlanğıcı
Milli Məclisin
Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevbildirir ki, Prezidentin sonuncu sərəncamları yeni islahatlar paketinin
başlanğıcıdır: "Dövlət başçısı Azərbaycanın sosialyönümlü dövlət olduğunu həmişə
deyir və onun daxili siyasətinin mərkəzində vətəndaşların sosial rifahının
qorunması dayanır. Ölkədə 2018-ci ildə dərin sosial islahatlara başlanılıb və həmin
dövrdə 4,1 milyon əhalinin sosial vəziyyətini gücləndirən iki sosial paket qəbul
olunub. Bununla əlaqədar dövlət başçısı 30-a yaxın fərman və sərəncam verib,
dövlət büdcəsindən əlavə olaraq 3 milyard manat vəsait ayırıb. Sonrakı illərdə
də hər il əməkhaqqı və pensiyalar müəyyən məbləğdə artırılıb. Növbəti il üçün nəzərdə
tutulan artımlar 2018-ci ildəkinə oxşar dərin islahatlardır və burada sosial
sıçrayış xarakterli artımlardan söhbət gedir”.
Sosial vəziyyətin
dayanıqlı olmasına çalışmaq
Ölkəmizdə dövlət siyasətinin
əsasında vətəndaşın həyat şəraitinin yaxşılaşdırılmasının dayandığını deyən
komitə sədri bildirib: "İnflyasiya kimi xarici təsirlərə baxmayaraq, dövlət vətəndaşın sosial vəziyyətinin dayanıqlı olmasına və
təzyiqlərə tab gətirməsinə çalışır. Reallıqlar nəzərə alınaraq, həmin sahədə
müxtəlif tədbirlər həyata keçirilib. İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft
sektorunun inkişafı, rəqəmsal texnologiyaların tətbiqi ilə əlaqədar yeni
istehsalat və xidmət sahələrinin yaradılması və müəyyən sektorlarda məhsuldarlığın
artırılması üçün uzunmüddətli kreditlərin aşağı faizlə verilməsi sahibkarlığı
stimullaşdırmaq, həm də vətəndaşların əməkhaqlarının daha da yüksəlməsini təmin
etmək məqsədi daşıyır”.

Çətinliklərin neytrallaşdırılmasına
müsbət təsir
Deputat Elnur
Allahverdiyev bildirir ki, prezidentin fərman və sərəncamları, dövlət başçısının əhalinin
geniş spektrinin qayğılarını daim diqqətdə saxlamasının növbəti əyani göstəricisidir:
"Hər birimiz bilirik ki, hazırda dünya iqtisadiyyatı, qlobal maliyyə sistemi
çox ağır mərhələdən keçir. İki ildir davam edən pandemiya, dünya bazarlarındakı
seysmik vəziyyət, qiymətlərin artma-azalma trayektoriyasındakı ziqzaqlar,
enerji daşıyıcılarının qiymətlərindəki qeyri-sabitlik və s. bu kimi obyektiv səbəblər
milli iqtisadiyyatımıza təsirini göstərir. Bu təsir isə təbii ki, əhalinin
sosial durumu, güzəranında əks olunmaya bilməz. Tək qazın qiymətinin qalxması
faktı, məncə, yetərlidir. Bu baxımdan, cənab Prezidentin imzaladığı fərman və sərəncamlardan
irəli gələn yeniliklər bu obyektiv çətinliklərin
yumşaldılmasına, neytrallaşdırılmasına müsbət təsirini göstərəcək”.
"İrimiqyaslı
sosial siyasət göstəricisidir”
Deputat vurğulayır ki,
artımlar üçün nəzərdə tutulan vəsait olduqca böyükdür: "Bizim, dünyada baş verən
obyektiv proseslərdən savayı 2020-ci ildə baş verən müharibə, bu müharibədən
doğan bir sıra problemlər, həmin problemlərin çözümünə sərf olunan vəsaitlər
kimi subyektiv səbəblərimiz də var. Müharibə çox ağır xərclər tələb edən
prosesdir. Onun tək maddi deyil, mənəvi dağıntıları dövlətə külli miqdarda
maliyyəyə başa gəlir. İşğaldan azad olunmuş ərazilərin bərpası, insanlarımızın
doğma yurdlarına köçürülməsi, bu köçürülmə üçün bütün lazımi infrastrukturun
yaradılması və s. bu kimi ağır dövlət tədbirləri də pulsuz başa gəlmir. Və belə
bir reallıqda müavinət və təqaüdlərin fərqli kateqoriyaları təmsil edən vətəndaşlarımız
üçün tətbiqi irimiqyaslı sosial siyasət göstəricisidir. 732 min nəfəri əhatə edəcək
bu artımlar üçün 200 milyon manat sərf olunacaq. Bu,
olduqca böyük rəqəmdir”.

"Azərbaycan
post-pandemiya dövrünü yaşayır”
Milli Məclisin
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov da Azərbaycan
iqtisadiyyatının artıq post-pandemiya mərhələsinə daxil olduğunu vurğulayır: "İqtisadi
fəallığın artması ölkəmizin maliyyə-iqtisadi göstəricilərinin də yaxşılaşmasına
səbəb olmaqdadır. Bütün bunların nəticəsində davamlı inkişaf, 2022-ci maliyyə
ili üçün dayanıqlı iqtisadi təminatlar yaranıb. Həmin maliyyə təminatı isə ilk
növbədə minimum əməkhaqqının, pensiya və maaşların, müavinət və təqaüdlərin
artırılmasına yönəldilir. Cənab Prezident tərəfindən imzalanmış sərəncamlar
sosial paketin mühüm tərkib hissəsidir”.
Dövlət büdcəsində
kifayət qədər imkanlar var
İqtisadi
İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı"Kaspi”yə açıqlamasında bildirib ki, milli iqtisadiyyat
quruculuğunda əsas məqsəd vətəndaşın rifahı və layiqli həyatıdır: "2019-cu ildə
inqilabi sosial paket və pandemiya dövründə sosial müdafiə tədbirlərindən sonra
2022-ci ildən iki milyona yaxın vətəndaşımızın əməkhaqqı, pensiya, müavinət və
təqaüdləri artırılacaq. Bunun üçün dövlət büdcəsində kifayət qədər imkanlar
var. 2022-ci ildən iqtisadi islahatların yeni mərhələsi başlayacaq”.

Qeyd edək ki, dövlət
başçısının yeni fərman və sərəncamları əlilliyi olan şəxslər və digər
kateqoriyalardan ibarət, ümumilikdə 732 min şəxsin, o cümlədən 132 min
doktorant və tələbəni əhatə edərək müavinət və təqaüd formasında onlara yönələn
sosial ödənişlərin gələn ilin əvvəlindən artırılmasını təmin edir.
Aygün ƏZİZ
