Azərbaycanın yeni ixrac trendləri

Son illərdə qeyri-ənənəvi qida məhsullarının ixracında artım müşahidə edilir. Çeşidlərin sayı da artmaqdadır. Bununla belə, ekspertlər sözügedən sahədə ekosistemin qorunmasının vacibliyini də önə çəkirlər.
Azərbaycan son illər ənənəvi məhsullarla yanaşı, qeyri-ənənəvi qida məhsullarının da ixracını artırmağa başlayıb. Qida Təhlükəsizliyi Agentliyinin məlumatına görə, təkcə bu ilin avqust ayında İtaliya və Fransaya 3,6 ton qurbağa ayağı ixrac edilib. Bununla yanaşı, ABŞ-yə dörd milyon 320 min, Birləşmiş Ərəb Əmirliklərinə isə bir milyon 158 min ədəd ərzaqlıq yumurta göndərilib. Avstraliya, Albaniya və Kanadaya 42 kiloqram balıq kürüsü, İsrailə isə 18 ton dondurma məhsulu ixrac olunub. Bundan öncə isə Azərbaycan Çinə toyuq ayağı ixrac etməyə başlayıb. Bütün bunlar ölkənin ixrac coğrafiyasının və məhsul çeşidinin getdikcə zənginləşdiyini göstərir.
Maraqlıdır, görəsən, bu sahənin perspektivi varmı? Qeyri-ənənəvi məhsulların ixrac potensialını genişləndirmək üçün hansı addımlar atıla bilər?
“Risklər olsa da, gəlirlər cəlbedicidir”
Logistika məsələləri üzrə ekspert Təmraz Həmidov qeyd edir ki, bu sahənin perspektivləri kifayət qədər genişdir: “Ənənəvi məhsullarla yanaşı, qeyri-ənənəvi məhsulların ixracı həm yeni iş yerlərinin yaradılması, həm də ixrac imkanlarının şaxələndirilməsi baxımından olduqca əhəmiyyətlidir. Bu sahə ölkəyə müəyyən qədər valyuta gətirə bilər. Amma risklər də mövcuddur. Çünki spesifik sahədir, cəmiyyətdə bununla bağlı məlumatlar çox deyil, təcrübə azdır. Lakin ümumilikdə rəqabət az olduğuna görə gəlirlilik baxımından daha cəlbedicidir”.
Ekspertin sözlərinə görə, sahibkarlar qeyri-ənənəvi məhsulların ixracı istiqamətində addım atmazdan əvvəl mütləq olaraq bazarı araşdırmalı, logistika və sertifikatlaşdırma ilə bağlı tələbləri nəzərə almalıdırlar. “Həm tranzit, həm də məhsulun ixrac olunduğu ölkələrin öz tələbləri var. Bizim ölkədə bu sahədə məlumat çatışmazlığı var”, – deyə ekspert bildirir.
Mexanizmlərin təkmilləşdirilməsinə ehtiyac var
Qeyri-ənənəvi ixracın stimullaşdırılması məsələsinə toxunan Təmraz Həmidov hesab edir ki, dövlətin dəstəyi burada fərqli formada həyata keçirilməlidir. Onun fikrincə, ənənəvi kənd təsərrüfatı məhsulları üçün tətbiq edilən subsidiya mexanizmləri burada effektli olmaya bilər: “İstiqamət yeni olduğundan burada ənənəvi təşviqdən söhbət getmir. Qeyri-ənənəvi sahələrdə təşviq modeli də fərqli olmalıdır. Necə ki, startaplara dəstək olmağa çalışılır, bu sahəyə də dəstək olmaq lazımdır ki, sahibkarlar ölkədə yeni məhsulları sınaya bilsinlər. Bu proses ilkin mərhələdə geniş miqyaslı ixrac olmasa belə, sınaq şəraitində nümunələrin hazırlanması ilə başlaya bilər. Həmin məhsulların beynəlxalq bazarlara çıxarılması üçün sənədləşmə prosesləri sürətləndirilməli, şəffaflığı artırılmalı və əməliyyat xərcləri azaldılmalıdır. Çünki ölkədə həm daşınma, həm də sənədləşmə ilə bağlı müəyyən çətinliklər mövcuddur”.
“İqlim şəraiti Azərbaycana üstünlük verir”
İqtisadçı-ekspert Akif Nəsirlinin fikrincə, hələlik qeyri-ənənəvi sahələrdən valyuta gəlirləri çox böyük həcmdə olmasa da, bu istiqamətdə atılan addımlar mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, pilot layihə kimi həyata keçirilən ixrac təşəbbüsləri gələcəkdə böyük imkanların əsasını qoya bilər. Ekspert bildirir ki, ixrac bazarlarında belə məhsullara tələbat mövcuddur. Azərbaycanın yerləşdiyi coğrafi mövqe və iqlim şəraiti bu məhsulların istehsalı üçün əlverişli imkan yaradır. Ekspertin sözlərinə görə, bəzi Avropa ölkələrində bu cür heyvanların sənaye üsulu ilə artırılması əlavə xərclərlə müşayiət olunur, çünki soyuq iqlim şəraiti səbəbindən ilboyu süni istilik təmin edilməlidir. Azərbaycanda isə isti günlərin sayı daha çoxdur və bu, istehsalı daha ucuz başa gətirir. Bu üstünlük ölkədə belə məhsulların daha rentabelli istehsalına şərait yaradır.
“Dövlət dəstəyi vacibdir”
Akif Nəsirli onu da bildirir ki, sahibkarlar bu istiqamətdə kütləvi istehsala başlasalar, yüksək gəlir əldə edə bilərlər. Lakin ilkin mərhələdə dövlət dəstəyinin vacibliyini də vurğulayır. Onun fikrincə, hər bir yeni sahədə olduğu kimi bu sahənin inkişafında da dövlət yardımına ehtiyac olacaq. Müəyyən mərhələdən sonra isə istehsal rentabelli olduqda sahibkarlar artıq dövlətə vergi ödəməklə iqtisadiyyata töhfə verəcəklər.
“Valyuta gətirən hər sahə perspektivlidir”
Kənd təsərrüfatı məsələləri üzrə ekspert Mircavid Həsənov isə ölkəyə valyuta gətirən hər sahəni perspektivli sayır. Amma mütəxəssis deyir ki, bu prosesdə ekoloji tarazlıq məsələləri mütləq nəzərə alınmalıdır. Onun sözlərinə görə, Azərbaycanda qeyri-ənənəvi məhsullar istehsal edən təsərrüfatların sayı azdır. “Masallıda kənd camaatı təbiətdən qurbağaları tutub müəyyən təhvil məntəqələrinə verirlər, onlar da ixrac edirlər. Təkcə qurbağa deyil, zəli də ixrac olunan məhsullardandır. Lakin bu sahədə ekoloji məsələlər diqqətdən kənarda qalmamalıdır. Xaric bizdən tələb edir, biz isə sadəcə təbiətdən toplayıb daşıyırıq. Halbuki bunun təsərrüfatları qurulmalıdır. Sahibkar pul qazanmaq istəyirsə, bu bizneslə etik formada məşğul olmalıdır” - deyə o qeyd edir.
“Kortəbii fəaliyyət ekosistemə ziyan vurur”
Mircavid Həsənovun fikrincə, kortəbii fəaliyyət təbiətə ziyan vurur: “Artıq böyük gölməçələrdə nə zəli, nə də qurbağa tapılır, onların kökü kəsilmək üzrədir. Halbuki xaricdə istehsal üçün bu canlıların yaxşı sortları mövcuddur. Onları gətirib burada yetişdirərək ixrac etmək mümkündür. Təbiətə ziyan vurulmadan daha savadlı şəkildə bu bizneslə məşğul olsalar, həm əla nəticə əldə edilər, həm də valyuta qazanılar”.
Ekspert vurğulayır ki, bu sahənin inkişafı üçün ölkədə kifayət qədər potensial mövcuddur. Azərbaycanın su hövzələri bu baxımdan geniş imkanlar yaradır: “Sarısu su anbarı, Qızılağac qoruğu və digər ərazilər hazır vəziyyətdədir, lakin boş qalıb. Sahibkar müvafiq icra orqanlarından həmin əraziləri icarəyə götürərək təsərrüfat yarada bilər. Göl də var, qamışlıq da var, bataqlıq da”.
Sevinc Abbasova
