• cümə axşamı, 28 mart, 19:10
  • Baku Bakı 13°C

Yeni islahatlar paketinin başlanğıcı - ŞƏRH

25.12.21 11:00 2561
Yeni islahatlar paketinin başlanğıcı - ŞƏRH
Ekspertlər deyirlər ki, 2022-ci maliyyə ili üçün dayanıqlı iqtisadi təminatlar yaranıb. Cənab Prezident tərəfindən imzalanmış sərəncamlar sosial paketin mühüm tərkib hissəsidir.
Dövlətin əsas funksiyalarından biri əhalinin sosial müdafiəsinin təşkili və daxili siyasətin sosial yönümlü olmasının ön planda saxlanılmasıdır. Azərbaycanda dövlət siyasətinin mərkəzində də məhz vətəndaş və onun rifahı dayanır. Dünyanın əksər ölkələri yeni növ koronavirus (COVID-19) pandemiyasının mənfi təsirlərindən hələ də özünə gələ bilmədiyi bir vaxtda, Azərbaycanda minimum əməkhaqqının və müxtəlif sahələrdə çalışanların əmək haqlarının artırılması bunu sübut edir.Məlum olduğu kimi, bu günlərdə Prezident İlham Əliyev minimum əməkhaqqı və dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncamlar imzalayıb. Bu sərəncamlarla əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlarla yanaşı, digər bir sıra kateqoriyalara yönələn müavinətlər də əhəmiyyətli şəkildə artırılıb.

Yeni islahatlar paketinin başlanğıcı
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevbildirir ki, Prezidentin sonuncu sərəncamları yeni islahatlar paketinin başlanğıcıdır: "Dövlət başçısı Azərbaycanın sosialyönümlü dövlət olduğunu həmişə deyir və onun daxili siyasətinin mərkəzində vətəndaşların sosial rifahının qorunması dayanır. Ölkədə 2018-ci ildə dərin sosial islahatlara başlanılıb və həmin dövrdə 4,1 milyon əhalinin sosial vəziyyətini gücləndirən iki sosial paket qəbul olunub. Bununla əlaqədar dövlət başçısı 30-a yaxın fərman və sərəncam verib, dövlət büdcəsindən əlavə olaraq 3 milyard manat vəsait ayırıb. Sonrakı illərdə də hər il əməkhaqqı və pensiyalar müəyyən məbləğdə artırılıb. Növbəti il üçün nəzərdə tutulan artımlar 2018-ci ildəkinə oxşar dərin islahatlardır və burada sosial sıçrayış xarakterli artımlardan söhbət gedir”.
Sosial vəziyyətin dayanıqlı olmasına çalışmaq
Ölkəmizdə dövlət siyasətinin əsasında vətəndaşın həyat şəraitinin yaxşılaşdırılmasının dayandığını deyən komitə sədri bildirib: "İnflyasiya kimi xarici təsirlərə baxmayaraq, dövlət vətəndaşın sosial vəziyyətinin dayanıqlı olmasına və təzyiqlərə tab gətirməsinə çalışır. Reallıqlar nəzərə alınaraq, həmin sahədə müxtəlif tədbirlər həyata keçirilib. İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, rəqəmsal texnologiyaların tətbiqi ilə əlaqədar yeni istehsalat və xidmət sahələrinin yaradılması və müəyyən sektorlarda məhsuldarlığın artırılması üçün uzunmüddətli kreditlərin aşağı faizlə verilməsi sahibkarlığı stimullaşdırmaq, həm də vətəndaşların əməkhaqlarının daha da yüksəlməsini təmin etmək məqsədi daşıyır”.

Çətinliklərin neytrallaşdırılmasına müsbət təsir
Deputat Elnur Allahverdiyev bildirir ki, prezidentin fərman və sərəncamları, dövlət başçısının əhalinin geniş spektrinin qayğılarını daim diqqətdə saxlamasının növbəti əyani göstəricisidir: "Hər birimiz bilirik ki, hazırda dünya iqtisadiyyatı, qlobal maliyyə sistemi çox ağır mərhələdən keçir. İki ildir davam edən pandemiya, dünya bazarlarındakı seysmik vəziyyət, qiymətlərin artma-azalma trayektoriyasındakı ziqzaqlar, enerji daşıyıcılarının qiymətlərindəki qeyri-sabitlik və s. bu kimi obyektiv səbəblər milli iqtisadiyyatımıza təsirini göstərir. Bu təsir isə təbii ki, əhalinin sosial durumu, güzəranında əks olunmaya bilməz. Tək qazın qiymətinin qalxması faktı, məncə, yetərlidir. Bu baxımdan, cənab Prezidentin imzaladığı fərman və sərəncamlardan irəli gələn yeniliklər bu obyektiv çətinliklərin yumşaldılmasına, neytrallaşdırılmasına müsbət təsirini göstərəcək”.
"İrimiqyaslı sosial siyasət göstəricisidir”
Deputat vurğulayır ki, artımlar üçün nəzərdə tutulan vəsait olduqca böyükdür: "Bizim, dünyada baş verən obyektiv proseslərdən savayı 2020-ci ildə baş verən müharibə, bu müharibədən doğan bir sıra problemlər, həmin problemlərin çözümünə sərf olunan vəsaitlər kimi subyektiv səbəblərimiz də var. Müharibə çox ağır xərclər tələb edən prosesdir. Onun tək maddi deyil, mənəvi dağıntıları dövlətə külli miqdarda maliyyəyə başa gəlir. İşğaldan azad olunmuş ərazilərin bərpası, insanlarımızın doğma yurdlarına köçürülməsi, bu köçürülmə üçün bütün lazımi infrastrukturun yaradılması və s. bu kimi ağır dövlət tədbirləri də pulsuz başa gəlmir. Və belə bir reallıqda müavinət və təqaüdlərin fərqli kateqoriyaları təmsil edən vətəndaşlarımız üçün tətbiqi irimiqyaslı sosial siyasət göstəricisidir. 732 min nəfəri əhatə edəcək bu artımlar üçün 200 milyon manat sərf olunacaq. Bu, olduqca böyük rəqəmdir”.

"Azərbaycan post-pandemiya dövrünü yaşayır”
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov da Azərbaycan iqtisadiyyatının artıq post-pandemiya mərhələsinə daxil olduğunu vurğulayır: "İqtisadi fəallığın artması ölkəmizin maliyyə-iqtisadi göstəricilərinin də yaxşılaşmasına səbəb olmaqdadır. Bütün bunların nəticəsində davamlı inkişaf, 2022-ci maliyyə ili üçün dayanıqlı iqtisadi təminatlar yaranıb. Həmin maliyyə təminatı isə ilk növbədə minimum əməkhaqqının, pensiya və maaşların, müavinət və təqaüdlərin artırılmasına yönəldilir. Cənab Prezident tərəfindən imzalanmış sərəncamlar sosial paketin mühüm tərkib hissəsidir”.
Dövlət büdcəsində kifayət qədər imkanlar var
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı"Kaspi”yə açıqlamasında bildirib ki, milli iqtisadiyyat quruculuğunda əsas məqsəd vətəndaşın rifahı və layiqli həyatıdır: "2019-cu ildə inqilabi sosial paket və pandemiya dövründə sosial müdafiə tədbirlərindən sonra 2022-ci ildən iki milyona yaxın vətəndaşımızın əməkhaqqı, pensiya, müavinət və təqaüdləri artırılacaq. Bunun üçün dövlət büdcəsində kifayət qədər imkanlar var. 2022-ci ildən iqtisadi islahatların yeni mərhələsi başlayacaq”.


Qeyd edək ki, dövlət başçısının yeni fərman və sərəncamları əlilliyi olan şəxslər və digər kateqoriyalardan ibarət, ümumilikdə 732 min şəxsin, o cümlədən 132 min doktorant və tələbəni əhatə edərək müavinət və təqaüd formasında onlara yönələn sosial ödənişlərin gələn ilin əvvəlindən artırılmasını təmin edir.

Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər