• şənbə, 28 Noyabr, 02:50
  • Baku Bakı 9°C

Xalça sənayesində maraqlı ilmələr

28.11.26 01:53 27
Xalça sənayesində maraqlı ilmələr

Xalça istehsalında kəskin artım qeydə alınıb. İlin ilk doqquz ayında istehsal ötən ilin eyni dövrü ilə müqayisədə 61,1 dəfə yüksəlib. Artımın səbəbləri arasında yeni istehsal gücləri, texnoloji yenilənmə göstərilir.

Xalça istehsalında bu ilin ilk doqquz ayında kəskin artım qeydə alınıb. 2026-cı ilin yanvar-sentyabr aylarında ölkədə 152,7 min kvadratmetr xalça və xalça məmulatları istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 61,1 dəfə çoxdur. İlin ilk rübündə də istehsal 15,1 min kvadratmetr təşkil edib. Bu göstərici illik müqayisədə 21,6 dəfə artım deməkdir. 2025-ci ilin bütün ili ərzində Azərbaycanda cəmi 3,6 min kvadratmetr xalça istehsal olunmuşdu. Bəs istehsaldakı bu sıçrayışın arxasında hansı amillər dayanır? 

“Yerli istehsal rəqabət qabiliyyətli olmalıdır”

İqtisadçı Günay Hüseynovanın sözlərinə görə, xalça istehsalında ötən illə müqayisədə 61,1 dəfə artımın, idxalın isə 2,7 faiz azalmasının müsbət tendensiya kimi qiymətləndirilməsi mümkündür: “Bununla belə, istehsal həcmindəki kəskin artımın səbəblərini müəyyənləşdirmək üçün əvvəlki illərin göstəricilərini də nəzərə almaq lazımdır. Artım aşağı müqayisə bazası, yerli istehsalda müasir texnologiyaların tətbiqi və ya ixracın genişlənməsi ilə əlaqəli ola bilər. Yerli istehsalın rəqabət qabiliyyətli olması üçün məhsulun maya dəyəri xarici istehsalçılarla müqayisədə münasib olmalı və orta qiymət seqmentinin tələblərinə cavab verməlidir. Çin və Türkiyə kimi ölkələrdə müasir istehsal texnologiyalarından istifadə edilməsi yerli istehsalçılar üçün də texnoloji yenilənmənin əhəmiyyətini artırır. Azərbaycan xalçaları, xüsusilə əl işi nümunələri ornament və dizayn xüsusiyyətlərinə görə fərqlənir. Bu üstünlüklər ixrac imkanları yaratsa da, xarici bazarlardakı tələbatı və əsas ixracatçı ölkələrin mövqeyini nəzərə almaq lazımdır. Yeni müəssisələrin fəaliyyətə başlaması, mövcud müəssisələrin istehsal gücünü artırması və texnoloji yenilənmə istehsalın genişlənməsinə səbəb ola bilər. Lakin məhsula kifayət qədər tələb yoxdursa, belə kəskin artımın iqtisadi əsasları sual doğurur”.

G.Hüseynova bildirdi ki, yerli istehsalın artması özlüyündə idxaldan asılılığın azalmasına zəmanət vermir: “İdxaldan asılılığın azalması üçün yerli məhsullar qiymət və keyfiyyət baxımından xarici məhsullarla rəqabət aparmalı, eyni zamanda istehlakçıların tələblərinə cavab verməlidir”.

“Əhəmiyyətli dönüş yarada bilər”

İqtisadçının fikrincə, 2026-cı ilin ilk doqquz ayında xalça və digər toxunma döşəmə örtüklərinin ixracının 4,1 dəfə artaraq 252,6 min dollara çatması müsbət göstəricidir: “Bununla belə, idxalın dəyəri ixracın dəyərindən təxminən 58 dəfə çoxdur. Bu fərq yerli istehsalın genişlənməsi ilə yanaşı, xarici bazarlarda mövqelərin gücləndirilməsinin də vacibliyini göstərir. İstehsal artımı real sifarişlərə, satışlara, yeni iş yerlərinə və davamlı ixrac müqavilələrinə əsaslanarsa, bu, xalça sənayesinin inkişafında əhəmiyyətli dönüş yarada bilər. Əsas məsələ istehsal artımının davamlı iqtisadi nəticələrə çevrilməsidir”.

Keyfiyyət, dizayn və qiymət

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli isə bildirdi ki, xalça istehsalının artması diqqətçəkən göstəricidir. Lakin bu artımı yalnız xalçaçılıq sənayesində real istehsal genişlənməsi kimi qiymətləndirmək düzgün olmazdı: “Ötən ilin bütün dövründə cəmi 3,6 min kvadratmetr xalça istehsal edildiyi halda, bu ilin doqquz ayında göstəricinin 152,7 min kvadratmetrə çatması kəskin fərq yaradır. Belə sıçrayışın arxasında yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması, mövcud müəssisələrin istehsal güclərinin artırılması və ya statistik uçotda dəyişikliklər dayana bilər. Əgər artım real istehsal genişlənməsi ilə bağlıdırsa, bu, yerli xalçaçılıq sənayesi üçün yeni imkanlar deməkdir. Müasir texnologiyaların tətbiqi, toxuculuq müəssisələrinin fəaliyyətinin genişləndirilməsi və ənənəvi xalçaçılıq məktəblərinin sənaye istehsalı ilə əlaqələndirilməsi bu baxımdan əhəmiyyətlidir. Bununla belə, istehsalın artması ilə yanaşı, məhsulun keyfiyyəti, dizaynı, maya dəyəri və bazar tələbatı da nəzərə alınmalıdır”.

A.Nəsirlinin sözlərinə görə, yerli istehsalın artması idxaldan asılılığın azalmasına kömək edə bilər: “Bunun üçün Azərbaycan istehsalçıları qiymət və keyfiyyət baxımından xarici məhsullarla rəqabət aparmalıdırlar. Xüsusilə ucuz, kütləvi istehsal olunan xalçalarla rəqabət çətin olsa da, Azərbaycan xalçalarının milli naxışları, ənənəvi toxuculuq texnikası və özünəməxsus dizaynı üstünlük yarada bilər. Eyni zamanda, yerli xammaldan istifadənin genişləndirilməsi və peşəkar kadr hazırlığının gücləndirilməsi də vacibdir. İstehsal artımının ixracın genişlənməsinə çevrilməsi isə ayrıca şərtlər tələb edir. Xarici bazarlara çıxış, beynəlxalq sertifikatlaşdırma, marketinq fəaliyyətinin gücləndirilməsi və etibarlı satış şəbəkələrinin qurulması bu istiqamətdə mühüm əhəmiyyət daşıyır. Azərbaycan xalçalarının xarici alıcılara tanıdılması yalnız məhsulun ənənəvi xüsusiyyətlərini vurğulamaqla məhdudlaşmamalı, eyni zamanda keyfiyyət, dizayn və qiymət baxımından rəqabət üstünlükləri göstərilməlidir”.

“Uzunmüddətli tendensiya olmaya bilər”

İqtisadçının fikrincə, istehsal artımının davamlılığını qiymətləndirmək üçün qarşıdakı dövrlərin göstəriciləri də izlənilməlidir: “Əgər sıçrayış yalnız bir neçə müəssisənin fəaliyyətə başlaması və ya əvvəlki dövrlərdə uçota alınmayan istehsalın statistikaya daxil edilməsi ilə bağlıdırsa, bu, uzunmüddətli tendensiya olmaya bilər. Əsas məsələ istehsalın davamlılığını təmin etməklə yanaşı, daxili bazarda satış imkanlarını və ixrac potensialını genişləndirməkdir. Bunun üçün müəssisələrin istehsal gücü ilə yanaşı, xammal təminatı, kadr potensialı və bazar tələbatı arasında uyğunluq qorunmalıdır”.

Zərif Salmanlı

banner

Oxşar Xəbərlər